AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

Aktın növü: MİLLİ MƏCLİSİN QƏRARI
Qəbul edildiyi tarix: 30.12.2011
Qeydiyyat nömrəsi: 290-IVQR
Adı: Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciətinin təsdiq edilməsi haqqında
Rəsmi dərc edildiyi mənbə:
Qüvvəyə minmə tarixi: 05.01.2012
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu: 010.290.000
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi: 31201112300290
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix: 05.01.2012


Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciəti təsdiq edilsin.

 

 

Azərbaycan Respublikası

 

   Milli Məclisinin Sədri

O.Əsədov

 

 

 


Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN

MÜRACİƏTİ

 

Əziz soydaşlar, dəyərli həmvətənlər!

Böyük və qüdrətli Azərbaycan xalqının övladlarını dil, əqidə və əməl birliyinə söykənən milli-mənəvi bütövləşməyə çağırış günündə hər birinizi hörmətlə salamlayırıq. Ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə iyirmi il əvvəl 31 dekabrın dünya azərbaycanlılarının həmrəyliyi günü elan edilməsi ən yeni tariximizin mühüm siyasi hadisələrindən biri olmuşdur. Dövlət müstəqilliyimizlə yaşıd olan bu prosesin başlanğıcı xalqımızın tarixi müqəddəratında köklü dəyişikliklərin baş verdiyi bir dövrə təsadüf etmişdir. Ümummilli məqsədlərimizin həyata keçirilməsi naminə xalqımızın bütün gücünü bir yerə toplamaq arzusunu və əzmini təcəssüm etdirən bu gün bir-birindən ayrı düşən soydaşlarımızın milli mənlik şüuru əsasında sıx birləşməsi prosesinin başlanğıcını qoymuşdur. Bu proses sonrakı dövrdə daha geniş vüsət almış, dünya azərbaycanlıları ilə əlaqələrin inkişaf etdirilməsi, xarici ölkələrdə diaspor təşkilatlarının formalaşmasına kömək göstərilməsi, soydaşlarımızın tarixi Vətənlə bağlarının gücləndirilməsi Azərbaycanda dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Milli-mənəvi bütövlüyümüzün, dil, əqidə, əməl birliyimizin yaradılması istiqamətində görülən işlər Azərbaycançılıq ideyasını soydaşlarımızın şüurlarına və qəlblərinə hakim etmişdir.

Müasir dünyada cərəyan edən siyasi proseslər sübut edir ki, öz qüvvələrini birləşdirib həmrəyliyə nail ola bilməyən xalqlar milli mənafelərini qorumaq imkanlarından məhrum olur və etnik-siyasi hüquqlarını itirmək təhlükəsi ilə üzləşirlər. Bəşər sivilizasiyasının inkişafına dəyərli töhfələr vermiş Azərbaycan xalqının bundan sonrakı yüksəlişinin yolu on milyonlarca soydaşımızın və həmvətənimizin mütəşəkkil qüvvə kimi formalaşmasından keçir.

Tarixin gedişi və taleyin hökmü ilə dünyanın dörd bir yanına səpələnmiş soydaşlarımız ümummilli məqsədlərimizin gerçəkləşməsi naminə dünya azərbaycanlılarının yekdilliyinin misilsiz əhəmiyyət daşıdığını bu gün daha dərindən dərk edirlər. Şübhə yoxdur ki, güclü və möhtəşəm Azərbaycan milli-mənəvi bütövlüyün sarsılmaz və möhkəm təməli üzərində yüksəlməlidir.

Heydər Əliyev yolunu davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə bu il dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünü yüksəliş şəraitində qeyd edən Azərbaycan Respublikası Cənubi Qafqaz bölgəsinin lider dövləti və bütün dünya azərbaycanlılarının qürur yeridir. Ölkə iqtisadiyyatı dinamik inkişaf edir, əhalinin güzəranının daha da yaxşılaşdırılması üçün ardıcıl tədbirlər görülür. Hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu davam etdirilir, ölkəmizin siyasi, iqtisadi, sosial və mədəni həyatında əsaslı islahatlar aparılır. Dövlətimizin təşəbbüsü və fəal iştirakı ilə həyata keçirilən nəhəng transmilli layihələr Azərbaycanın siyasi-iqtisadi sanbalını və nüfuzunu daha da artırır.

Dünyanın müxtəlif guşələrində yaşayan soydaşlarımız dövlətimizin milli mənafelərə uyğun olan müstəqil siyasət yeritməsindən, dünya birliyində mövqelərini daha da möhkəmləndirməsindən, tarixdə ilk dəfə olaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsindən məmnunluq duyurlar. Onlar qazanılmış nailiyyətlərə sevindikləri kimi, Vətənimizin taleyüklü problemlərinin həll ediləcəyi günü də həsrətlə gözləyirlər. Qarabağ düyününün açılması, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi, qaçqın və köçkün soydaşlarımızın doğma yurdlarına qaytarılması xalqımızın ümummilli vəzifələrindən biridir. Müstəqil dövlətimizin inkişafı yolunda mövcud olan bu maneənin aradan qaldırılmasına elliklə kömək göstərmək Yer kürəsinin hansı guşəsində yaşayıb-işləməsindən asılı olmayaraq bütün azərbaycanlıların Vətən qarşısında övladlıq borcudur.

Xalqımızın zəngin mədəniyyətinin təbliğ edilməsi sahəsində də görüləsi işlər çoxdur. Soydaşlarımızın bir vəzifəsi də yaşadıqları ölkələrin ictimai-siyasi həyatına inteqrasiya etməklə bərabər, dilimizi, adət-ənənələrimizi uca tutmaq, milli hüquqlarımızı qorumaqdır.

Əziz soydaşlarımız, dəyərli həmvətənlərimiz!

Sizi ümummilli məqsədlərimizin gerçəkləşməsi, xalqımızın mənafelərinin qorunması naminə birliyə çağırırıq. Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə hamınızı ürəkdən təbrik edir, hər birinizə möhkəm can sağlığı, ailə səadəti, doğma Azərbaycanımıza işıqlı gələcək arzulayırıq!

 

Hörmətlə,

 

 

Azərbaycan Respublikasının Milli Məclisi

 

 

(Müraciət Azərbaycan Respublikası Milli Məclisinin

2011-ci il 30 dekabr tarixli iclasında qəbul edilmişdir.)