AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

Aktın növü: KONSTİTUSİYA MƏHKƏMƏSİNİN QƏRARI
Qəbul edildiyi tarix: 28.02.2012
Qeydiyyat nömrəsi:
Adı: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair
Rəsmi dərc edildiyi mənbə: “Respublika” qəzeti №61
Qüvvəyə minmə tarixi: 16.03.2012
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu: 040.010.000
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi: 21201202280014
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix: 19.03.2012


Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Fikrət Babayev, Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev (məruzəçi-hakim), Rafael Qvaladze (məruzəçi-hakim), İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Zaur Quliyevin,

maraqlı subyektlərin nümayəndələri Bakı Apellyasiya Məhkəməsinin hakimləri Xəqani Məmmədov və Məmməd Məmmədovun, Azərbaycan Respublikası Milli Məclisi Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin baş məsləhətçisi Fuad Məmmədovun,

mütəxəssis Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Bağır Əsədovun iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı üzrə açıq məhkəmə iclasında Bakı Apellyasiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair müraciəti əsasında konstitusiya işinə baxdı.

İş üzrə hakimlər C.Qaracayev və R.Qvaladzenin məruzələrini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssisin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN ETDİ:

 

Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) ünvanladığı müraciətdə göstərmişdir ki, icraatında olan L.Rəsulzadə və Ü.Rəsulzadənin iddialarına dair iş üzrə miras əmlakdakı məcburi paylarının tanınması və iddiaçılara verilməsi barədə tələb irəli sürülmədiyi, müvafiq olaraq birinci və apellyasiya instansiyası məhkəmələrində bununla bağlı araşdırma aparılmadığı halda, kassasiya instansiyası məhkəməsi (bundan sonra – kassasiya məhkəməsi) apellyasiya instansiyası məhkəməsinin (bundan sonra – apellyasiya məhkəməsi) qətnaməsini ləğv edərək iddiaçıların miras əmlaka münasibətdə məcburi pay hüquqları ilə bağlı məsələnin həllinə dair göstəriş vermişdir.

Müraciət edən məhkəmə qeyd etmişdir ki, iddia tələbində göstərilməməsinə və birinci instansiya məhkəməsində araşdırılmamasına baxmayaraq, sözügedən mübahisəyə baxılması ilə əlaqədar apellyasiya məhkəməsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 420-ci maddəsinin müddəalarından və kassasiya məhkəməsinin göstərişindən irəli gəldiyi üçün iddiaçıların miras əmlakdakı məcburi payları ilə bağlı məsələni müzakirə və həll edib-etməməli olduğuna aydınlıq gətirilməlidir.

Bu səbəbdən, Bakı Apellyasiya Məhkəməsi vahid məhkəmə təcrübəsinin formalaşması məqsədilə kassasiya məhkəməsinin konstitusiya statusu və səlahiyyətləri nəzərə alınmaqla, onun göstərişlərinin müəyyən hədlərə malik olub-olmaması baxımından MPM-in 420-ci maddəsinin şərh olunmasını xahiş etmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə bağlı, ilk növbədə, aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.

Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 71-ci maddəsinin VI və VII hissələrinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikası ərazisində birbaşa qüvvədədir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Konstitusiyanın 125-ci maddəsinin I hissəsində məhkəmə hakimiyyətinin ədalət mühakiməsi yolu ilə həyata keçirilməsi təsbit edilir, 60-cı maddəsinin I hissəsi isə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir.

Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Bu hüququn təmin edilməsi, öz növbəsində, pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə və bərpa edə bilən ədalət mühakiməsinin həyata keçirilməsini şərtləndirir. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu imkanların təkmilləşdirilməsi və onlardan istifadə etmənin daha da səmərəli olması məqsədilə məhkəmə-hüquq sahəsində bir sıra islahatlar keçirilmişdir.

Müraciətdə qaldırılan məsələyə aydınlıq gətirmək məqsədilə Azərbaycan Respublikasında həyata keçirilmiş məhkəmə islahatları nəticəsində yaradılmış yeni məhkəmə instansiyalarının, xüsusilə kassasiya instansiyasının Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş funksional vəzifələrinə nəzər yetirilməlidir.

Belə ki, apellyasiya instansiyasına dair müddəaların müəyyən edilməsi, eləcə də apellyasiya və kassasiya qaydasında icraatlara aid qaydaların ciddi fərqləndirilməsi prosessual qanunvericiliyin əsas yeniliklərindən biridir. Bu icraatlar tərəflərin hüquqlarının və qanuni mənafelərinin aşağı instansiya məhkəmələrindəki pozuntulardan müdafiəsi üçün müəyyən edilmişdir.

Apellyasiya icraatına dair məsələ Konstitusiya Məhkəməsi Plenumunun dəfələrlə müzakirə predmeti olmuş, 20 may 2011-ci il tarixdə isə apellyasiya baxışının hədləri ilə bağlı ətraflı qərar qəbul edilmişdir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair”). Həmin qərarlarda qeyd edilmişdir ki, qanunvericiliyin tələblərinə görə apellyasiya məhkəməsi tam hüquqlu məhkəmə kimi, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə işə baxır. Apellyasiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual normalara riayət etməsini yoxlamaqla, MPM-in 384-cü maddəsində göstərilən qərarlardan birini qəbul edir.

Qanunverici, eyni zamanda, MPM-in 403-cü maddəsində apellyasiya məhkəməsinin qətnaməsi və ya qərardadı (bundan sonra – qərar) ilə razı olmayan şəxslərin kassasiya şikayəti (təqdimat və ya protest) vermək hüququnu müəyyən etmişdir. Bu şikayətin müəyyən olunmuş qaydada və müddətlərdə verilməsi kassasiya məhkəməsinə həmin qərarların yoxlanılması üçün kassasiya icraatının başlanılmasına əsas verir.

Bu baxımdan, Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, müraciətdə qaldırılan məsələnin düzgün həlli üçün kassasiya icraatının başlanmasının əsaslarının, onun mahiyyətinin, məqsədinin, xüsusiyyətlərinin, bu məhkəmə instansiyasında işə baxmanın hədlərinin açıqlanması böyük əhəmiyyət kəsb edir.

Mənası latın dilində “cassatio” ləğvetməni ifadə edən “kassasiya” sözünün prosessual mənada hüquqi termin kimi işlədilməsi XVII əsrə təsadüf edir və Avropa məhkəmələrinin ənənəsində bu növ icraatı həyata keçirən ilk xüsusi orqan kimi 1790-cı ildə Fransa Kassasiya Tribunalı yaradılmışdır.

Müasir dövrdə xarici ölkələrin mülki prosesində kassasiya qaydasında icraatın xüsusiyyət və hədlərinin müxtəlif modellərinə rast gəlinir. Kassasiya icraatının məhkəmə qərarının yalnız hüquqi qaydalara uyğunluğunun yoxlanılması kimi müəyyən edildiyi Fransa Respublikasını misal gətirmək olar. Əksər Avropa ölkələri, o cümlədən Belçika, Yunanıstan, Almaniya və İtaliya da sonuncu modeli seçmişlər. Ölkəmizdə keçirilmiş məhkəmə islahatları nəticəsində məhz həmin yanaşmaya üstünlük verilmişdir.

Kassasiya icraatı qaydalarını tənzimləyən MPM-in 43-cü fəslinin müvafiq maddələrinin tələblərinə görə məhkəmə aktlarının kassasiya qaydasında yoxlanılması müəyyən çərçivələrdə məhdudlaşdırılır.

Həmin maddələrin tətbiqi zamanı kassasiya baxışının hədləri ilə bağlı təcrübədə əhəmiyyət kəbs edən bir sıra suallar yaranır:

- kassasiya məhkəməsi tərəfindən mübahisələndirilən məhkəmə aktının qanuniliyinin yoxlanılmasının şikayətin dəlilləri ilə məhdudlaşdırılıb-məhdudlaşdırılmaması;

- kassasiya məhkəməsi tərəfindən mübahisələndirilən aktların yalnız qanuniliyinin və ya əsaslılığının da yoxlanılıb-yoxlanılmaması;

- kassasiya məhkəməsi tərəfindən işdə olan sübutlar qiymətləndirilərək faktiki halların yenidən müəyyən edilməsinin və ya yeni sübutlardan istifadə edilməsinin mümkün olub-olmaması.

Nəzəriyyədə və təcrübədə bu məsələlərlə bağlı iki mövqe formalaşmışdır. Bir mövqe ondan ibarətdir ki, kassasiya icraatı kassasiya şikayətinin dəlilləri ilə məhdudlaşdırılmalıdır. Müvafiq olaraq, məhkəmə aktının qanuniliyinin yoxlanılması şikayətdə pozulması və ya düzgün tətbiq edilməməsi iddia olunan normalarla məhdudlaşdırılmalı, yalnız şikayətçinin mübahisələndirdiyi halların müəyyən edilməsinin qanuniliyi yoxlanılmalı, məhkəmənin qənaəti isə yeni sübutlar üzərində qurulmamalıdır.

Digər mövqeyə görə mübahisələndirilən məhkəmə aktının qanuniliyinin yoxlanılması kassasiya şikayətinin dəlillərindən asılı olmadan tam həcmdə keçirilməli və bu zaman kassasiya məhkəməsi bütün maddi və prosessual hüquq normalarının pozuntularını aradan qaldırmalıdır.

Bununla bağlı qeyd edilməlidir ki, 2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş mülki prosessual qanunvericiliyə görə kassasiya icraatı aşağı məhkəmələrin fəaliyyəti üzərində nəzarətin, məhkəmələr tərəfindən buraxılmış səhvlərin daha tez aradan qaldırılmasına və məhkəmələr tərəfindən qanunun birmənalı və dəqiq tətbiqinin təmin olunmasına imkan verən prosesin xüsusi növü kimi qəbul olunurdu.

İşə kassasiya qaydasında baxılarkən məhkəmə işdə olan və əlavə materiallar əsasında qərarın qanuniliyini və əsaslılığını, yəni iş üzrə icraatın prosessual qaydasına riayət olunmasını və işin mahiyyəti üzrə həll olunmasını yoxlayırdı. Bu zaman kassasiya məhkəməsinin səlahiyyət hədləri yalnız şikayətdəki dəlillərlə məhdudlaşmırdı və iş tam həcmdə yoxlanılırdı.

Qüvvədə olan MPM-də nəzərdə tutulmuş kassasiya icraatı mahiyyətinə görə əvvəlki prosessual qanunvericiliyə bəlli olmayan yeni mərhələdir. Hazırki kassasiya mərhələsi əvvəlki ilə yalnız eyni ada malikdir və ondan məqsədinə, obyektinə, burada yaranan hüquq münasibətlərinin mahiyyətinə görə əsaslı şəkildə fərqlənir. Kassasiya məhkəməsi apellyasiya məhkəməsinin qərarından verilmiş kassasiya şikayəti və ya protesti əsasında işə baxan məhkəmədir.

İlk növbədə, qeyd edilməlidir ki, hər bir kassasiya şikayəti və ya protesti deyil, yalnız prosessual qanunvericilikdə nəzərdə tutulmuş aşağıdakı tələblərə cavab verən şikayət və ya protest kassasiya icraatının başlanılması üçün əsas ola bilər.

Belə ki, apellyasiya məhkəməsinin qərarından kassasiya şikayəti yazılı formada apellyasiya məhkəməsi vasitəsi ilə verilir (MPM-in 406.1-ci maddəsi). Bu qaydaya riayət olunmaması kassasiya məhkəməsi tərəfindən şikayətin prosessual qanunvericilikdə nəzərdə tutulmuş tələblərin yerinə yetirilməsi üçün müvafiq apellyasiya məhkəməsinə göndərilməsinə səbəb ola bilər (MPM-in 406.2-ci maddəsi).

Kassasiya şikayəti MPM-in 407-ci maddəsində göstərilən tələblərə cavab verməli, o cümlədən kassasiya şikayətində şikayəti verən şəxsin tələbi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması mütləq göstərilməlidir. MPM-in 407-ci maddəsinin tələblərinə riayət edilməməsi kassasiya şikayətinin geri qaytarılmasına əsas verir (MPM-in 408.2-ci maddəsi). Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir (MPM-in 407.2-ci maddəsi). Sonuncu tələbin mənası ondan ibarətdir ki, şikayətçi işin məhkəmə tərəfindən artıq müəyyən olunmuş hallarından çıxış edərək, öz mövqeyini yalnız maddi və prosessual hüquq normaları baxımından əsaslandırmalıdır.

Digər tərəfdən, MPM-in 412.2-ci maddəsinə görə işdə iştirak edən şəxslər kassasiya şikayətinə dair etirazlarını və yaxud izahatlarını məhkəməyə göndərməyə haqlıdırlar. Etirazlarla bağlı, həmçinin nəzərə almaq lazımdır ki, etirazlar kassasiya şikayətində qaldırılan hüquqi dəlillərə qarşı tərəfin münasibətini ifadə etdiyindən, kassasiya şikayətinin dəlillərinə aid olmadığı və ya məhkəmə aktının kassasiya şikayətində mübahisələndirilməyən hissəsindən verildiyi halda, kassasiya məhkəməsi həmin etirazlara baxmamalıdır.

Həmin tələblər kassasiya icraatının müvafiq şikayətin dəlilləri çərçivəsində həyata keçirilməsini şərtləndirən amillərdən olmaqla kassasiya icraatının mahiyyətindən irəli gəlir. Onun mahiyyəti isə bu instansiya məhkəməsinin həll etdiyi məsələlərlə müəyyənləşir. Belə ki, kassasiya icraatının bilavasitə vəzifəsi şikayət və ya protest verilmiş apellyasiya məhkəməsinin qətnamə və ya qərardadının qanuniliyinin yoxlanılmasıdır (MPM-in 416-cı maddəsi).

Məhkəmə aktlarının qanuniliyi, ənənəvi olaraq, məhkəmə aktının maddi və prosessual hüquq normalarına uyğunluğu kimi qəbul olunur. Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir.

Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı).

Belə yanaşma İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) Fimar Hacıyevanın Azərbaycana qarşı şikayəti ilə bağlı 22 sentyabr 2005-ci il tarixli qərardadından da irəli gəlir. Həmin qərardadda Avropa Məhkəməsi ərizəçinin şikayətini qeyri-məqbul hesab edərək göstərmişdir ki, ərizəçi Ali Məhkəməyə verdiyi kassasiya şikayətini əsaslandırmayaraq yalnız Apellyasiya Məhkəməsi tərəfindən prosessual pozuntulara yol verildiyini iddia etmişdir. Avropa Məhkəməsi müvafiq dəlili irəli sürməyi şikayətçinin borcu kimi qiymətləndirərək kassasiya məhkəməsinin şikayətçinin dəlillərindən kənar araşdırma aparmaq vəzifəsinin olmaması qənaətinə gəlmişdir.

Bunun kassasiya məhkəməsinin mülahizəsində olan hüququna aid olub-olmamasını müəyyənləşdirmək üçün, ilk növbədə, Konstitusiyanın məhkəmə müdafiəsi təminatını təsbit edən 60-cı maddəsinin I hissəsindən irəli gələn MPM-in “Müdafiə üçün məhkəməyə müraciət etmək hüququ” adlanan 4.1-ci maddəsi nəzərdən keçirilməlidir. Bu normaya görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

Göründüyü kimi, MPM-in bu norması Konstitusiyanın 60-cı maddəsinin mənasına uyğun olaraq məhkəmə müdafiəsindən istifadə edib-etməməsinin şəxsin özünün ixtiyarında olduğunu və onun bu qərarı azad şəkildə qəbul etməli olduğunu bir daha təsdiq etmişdir. Hüququn hamılıqla qəbul olunmuş dispozitivlik adlanan bu prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri gütürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır. Müvafiq olaraq, ona aid qərardan yuxarı, o cümlədən kassasiya məhkəməsinə şikayət vermək və ya onunla razılaşmaq, kassasiya şikayətini vermək və ondan imtina etmək, qərarı tam və ya qismən mübahisələndirmək də şəxsin sərbəst iradəsindən asılıdır.

Həmçinin qeyd edilməlidir ki, MPM-də kassasiya məhkəməsinə öz təşəbbüsü ilə məhkəmə aktlarının şikayətləndirilməyən hissəsinin qanuniliyinin yoxlanılması səlahiyyəti verilməmişdir. Bu baxımdan, kassasiya məhkəməsinin öz təşəbbüsü ilə qərarı mübahisələndirilməyən hissədə yoxlaması Konstitusiyanın 60 və MPM-in 4-cü maddələrindən irəli gələn dispozitivlik prinsipinə ziddir. Kassasiya məhkəməsinin səyləri ərizəçinin kassasiya şikayətində göstərdiyi hüququn və qanuni maraqların pozulmasının aradan qaldırılmasına yönəlməlidir. Kassasiya şikayətində irəli sürülmüş dəlil hər hansı digər (mübahisələndirilməyən) hüquqi məsələ ilə qaçılmaz olaraq əlaqəli və ya ona münasibət bildirməkdən asılı olduqda isə, kassasiya məhkəməsi Konstitusiyanın 127-ci maddəsinin VII hissəsində nəzərdə tutulmuş çəkişmə prinsipinə müvafiq olaraq bu məsələni tərəflərin müzakirəsinə vermək şərtilə, müstəsna olaraq, ona münasibət bildirə bilər.

Eyni zamanda, kassasiya şikayətində irəli sürülmüş hüquqi dəlili araşdırarkən kassasiya məhkəməsi şikayətçi tərəfindən bu dəlilə verilmiş hüquqi qiymətdən asılı deyil və Konstitusiya Məhkəməsi Plenumunun MPM-in 372.6-cı maddəsi ilə bağlı yuxarıda qeyd olunan 20 may 2011-ci il tarixli Qərarında ətraflı şərh verilmiş “iura novit curia” – “məhkəmə hüququ bilir” hüquqi prinsipinə əsasən kassasiya şikayətinin hədlərində qaldırılmış məsələnin yenidən hüquqi qiymətləndirilməsinə əsaslanaraq da maddi və ya prosessual hüquq normalarına uyğun olmadığı üçün apellyasiya məhkəməsinin qərarını ləğv edə və ya dəyişdirə bilər.

Prosessual hüquq normalarının pozulmasına dair qeyd edilməlidir ki, kassasiya icraatının bu cəhəti apellyasiya məhkəməsinin prosessual tələblərə riayət etməsinin yoxlanılmasına aiddir. MPM-in 418.3 və 418.4-cü maddələrində apellyasiya məhkəməsinin qərarının ləğv edilməsinin prosessual əsasları göstərilmişdir. MPM-in 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qərarın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qərarın qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

Bu və ya digər prosessual pozuntunun apellyasiya məhkəməsinin qərarının ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq kassasiya məhkəməsi həll edir. Apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən yol verilmiş böyük əhəmiyyət kəsb etməyən prosessual pozuntular məhkəmənin yekun nəticəsinə təsir göstərməmişdirsə və ya göstərə bilməmişdirsə, onlar qərarın ləğvi üçün əsas ola bilməz.

Bundan fərqli olaraq, MPM-in 418.4-cü maddəsində apellyasiya məhkəməsinin qərarının, hər bir halda, ləğv olunmasına əsas olan prosessual pozuntular nəzərdə tutulmuşdur. Bu pozuntular şikayətin dəlillərindən asılı olmayaraq apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi üçün şərtsiz əsasdır.

Maddi normalara gəldikdə isə, MPM-in 418.2-ci maddəsinə görə bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. Məcəllənin 386-cı maddəsinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq edilməmiş hesab edilir ki, məhkəmə hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ-hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Kassasiya icraatının bu cəhəti ilə bağlı nəzərə alınmalıdır ki, onun əsas predmetini apellyasiya məhkəməsi tərəfindən işin müəyyən olunmuş faktiki hallarına uyğun olmayan hüquqi nəticəyə gəlməsi təşkil edir.

Beləliklə, kassasiya icraatı nəticəsində kassasiya məhkəməsi MPM-in 417-ci maddəsinə uyğun olaraq: apellyasiya məhkəməsinin qərarını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər (417.1.1); apellyasiya məhkəməsinin qərarına dəyişiklik edə bilər (417.1.2); apellyasiya məhkəməsinin qərarını tamamilə və ya qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya məhkəməsinə göndərə bilər (417.1.3); apellyasiya məhkəməsinin qərarını tamamilə, yaxud qismən ləğv edib apellyasiya məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər (417.1.4); apellyasiya məhkəməsinin qərarını bu Məcəllə ilə müəyyənləşdirilmiş hallarda tamamilə və ya qismən ləğv edib, iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya iş üzrə icraata xitam verə bilər (417.1.5).

Kassasiya və işə yenidən baxan apellyasiya instansiyası məhkəmələri arasındakı mülki-prosessual hüquq münasibətlərinin mahiyyəti də MPM-in məhz 417.1.3-cü maddəsi ilə bağlıdır. Bu mənada, işin MPM-in müvafiq müddəalarının, o cümlədən 372.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla, yeni apellyasiya baxışına göndərilməsi, bir tərəfdən, ona mahiyyəti üzrə yenidən baxılması zərurəti, digər tərəfdən, bunun MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya qaydasında işə mahiyyəti üzrə baxılmanın imkanları daxilində olması ilə şərtləndirilir.

Bu səbəbdən, yeni apellyasiya baxışında kassasiya məhkəməsinin qərarında maddi və prosessual hüquq normalarının tətbiqinə dair MPM-in 420-ci maddəsinə uyğun olaraq şərh edilən göstərişlər nəzərə alınmaqla, işin qanuni həlli təmin olunmalıdır. Belə ki, sonuncu maddəyə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

MPM-in 420-ci maddəsinin müddəaları müəyyən mənada əvvəlki MPM-in müvafiq maddəsinin normalarını təkrarlayır. Fərq ondan ibarətdir ki, əvvəlki MPM kassasiya məhkəməsinin istənilən göstərişinin məcburiliyini nəzərdə tuturdusa, hazırda qüvvədə olan MPM-in kassasiya icraatının mahiyyəti və xüsusiyyətlərinə aid yuxarıda qeyd olunan müddəaları baxımından bu Məcəllənin 420-ci maddəsinin məzmununa görə kassasiya məhkəməsinin yalnız hüququn tətbiqinə dair göstərişlərinin məcburiliyi müəyyən edilmişdir.

Qanunvericiliklə kassasiya məhkəməsinin məcburi olan göstərişlər vermək səlahiyyətinin müəyyənləşdirilməsinin məqsədlərindən biri apellyasiya məhkəməsinin aktlarının çıxarılması zamanı yol verilmiş səhvlərin işə apellyasiya qaydasında yenidən baxılarkən təkrarlanmasının qarşısının alınmasından ibarətdir. Digər tərəfdən, kassasiya məhkəməsi qanunun tətbiqinin düzgünlüyünü yoxlayarkən və onu təfsir edərkən yalnız iş üzrə buraxılan səhvləri düzəltmir, həmçinin məhkəmə təcrübəsini hüquq normalarının dəqiq və vahid qaydada tətbiq olunmasına istiqamətləndirir.

Bu da, Konstitusiyanın 131-ci maddəsinin I hissəsinin, habelə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin I hissəsinin müddəalarından irəli gələn vahid məhkəmə təcrübəsinin formalaşdırılmasına xidmət edir. Konstitusiya Məhkəməsinin Plenumu bu məsələ ilə əlaqədar bir daha təkrar edir ki (Konstitusiya Məhkəməsi Plenumunun V.Q.Teryoxinin şikayəti üzrə 15 yanvar 2010-cu il tarixli Qərarı), kassasiya məhkəməsi tərəfindən faktiki və hüquqi cəhətlərdən analoji hallara artıq formalaşmış məhkəmə təcrübəsindən müvafiq səbəblər göstərmədən fərqli yanaşması Konstitusiyanın yuxarıda qeyd olunmuş 60-cı maddəsində təsbit edilmiş məhkəmə müdafiəsi təminatının pozulmasına gətirib çıxara bilər. Belə ki, bu konstitusiya təminatı məhkəmələr tərəfindən qərarların qəbul edilməsində qanunsuzluqdan müdafiəni də ehtiva edir. Müvafiq məhkəmə orqanı hər hansı ağlabatan əsaslar və ya səbəblər olmadan, eləcə də artıq tətbiq edilən hüquqi mövqeyi nəzərə almadan formalaşmış təcrübədən kənara çıxdıqda, yaxud da bu hüquqi mövqeyi düzgün təfsir və ya tətbiq etmədikdə də, məhkəmə aktı qanunsuz hesab edilə bilər.

Bununla bağlı, Avropa Məhkəməsinin hüquqi mövqeyini xatırlatmaq zəruridir ki, məhkəmə təcrübəsində fərqlər ərazi yurisdiksiya aidiyyətinə malik olan birinci və apellyasiya instansiyası məhkəmələrindən ibarət olan istənilən məhkəmə sisteminin qaçılmaz nəticəsidir və Ali Məhkəmənin rolu məhz aşağı məhkəmələrin qərarları arasında ziddiyyətlərin həllindən ibarətdir. Ali Məhkəmənin özünün hüquqi məsələlərə dair vahid təcrübəsinin vacibliyinə toxunan Avropa Məhkəməsi bildirmişdir ki, milli məhkəmələrin təcrübəsində sabitliyi təmin edən mexanizm olmadıqda, cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edən məsələyə dair məhkəmə təcrübəsində dərin və davamlı fərqlər qeyri-müəyyənlik yaratmış və məhkəmə sisteminə qanunun aliliyinə əsaslanan Dövləti səciyyələndirən amillərdən biri olan ictimai etimadı azaltmış olur (Padararu Rumıniyaya qarşı, no. 63252/00, 01 dekabr 2005-ci il, § 98).

Bu səbəbdən, sözügedən vəzifənin yerinə yetirilməsi kassasiya məhkəməsinin fəaliyyətinin qanunun bütün tələblərinə riayət edilməsi baxımından mükəmməl olmasını tələb edir. Kassasiya məhkəməsi apellyasiya məhkəməsinin qərarını ləğv edərkən, bu məhkəməni işin düzgün həllinə istiqamətləndirərək hüquq normalarını təfsir etməli, buraxılmış səhvlərin mahiyyətinin nədən ibarət olduğunu və qanunun normasının necə başa düşülməli olmasını dəqiq, aydın və inandırıcı formada izah etməlidir. Kassasiya məhkəməsinin qərarında şərh edilən göstərişlərin həmin işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburiliyi bu göstərişlərin qanuna uyğun və hərtərəfli əsaslandırılmış olmasına əsaslanır.

Bu mənada, kassasiya məhkəməsinin öz qərarını əsaslandırması xüsusi prosessual tələb kimi çıxış edir (MPM-in 419.2.9-cu maddəsi). Bu tələb, həmçinin “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit olunur və Avropa Məhkəməsinin presedent hüququnu təşkil edir. Həmin Məhkəmənin presedent hüququna görə Konvensiyanın 6-cı maddəsinin müddəası məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur. Ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi ilə bağlı olan bu prinsip məhkəmə qərarlarında onların əsaslandığı dəlillərin kifayətedici tərzdə göstərilməsini tələb edir (Juez Albizu İspaniyaya qarşı, no. 25242/06, 10 noyabr 2009-cu il, § 21).

Kassasiya məhkəməsinin məhz bu cür hərtərəfli əsaslandırılmış göstərişlərinin məcburiliyi apellyasiya məhkəməsinin üzərinə işin yeni baxışı zamanı bu göstərişlərə riayət etmək vəzifəsi qoyur. Apellyasiya məhkəməsi tərəfindən kassasiya məhkəməsinin məcburi göstərişlərinə riayət edilməməsi mübahisənin yanlış həllinə və apellyasiya məhkəməsinin qərarına yenidən baxılmasına səbəb ola bilər. Belə olan halda, apellyasiya məhkəməsinin qərarının yenidən baxılmasının əsasını həmin göstərişlərdə qeyd olunan və aradan qaldırılmayan qanun pozuntuları təşkil edir.

Bu cür göstərişlərin Konstitusiyanın 127-ci maddəsinin I hissəsində, habelə MPM-in 7.1-ci maddəsində təsbit olunmuş hakimlərin müstəqilliyi prinsipinə təsiri ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu prinsip məhkəmə orqanlarının digər hakimiyyət qollarından asılı olmadığını bəyan etməklə yanaşı, hakimlərin məhkəmə sistemi daxilində instansional cəhətdən müstəqilliyini də nəzərdə tutur.

Təsadüfi deyildir ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 13 dekabr 1985-ci il tarixli Qətnaməsi ilə təsdiq edilmiş “Məhkəmə hakimiyyətinin müstəqilliyi haqqında” Əsas Prinsiplərin 2-ci bəndində məhkəmələrin qanunsuz təsirə, habelə hər hansı tərəfdən istənilən səbəblərə görə birbaşa və ya dolayı müdaxilələrə məruz qalmasının məhkəmələrin müstəqilliyinə zidd və yolverilməz olduğu göstərilmişdir.

Bu baxımdan, nəzərə alınmalıdır ki, kassasiya məhkəməsinin göstərişləri yalnız yuxarıda şərh edilən prosessual qanunvericiliklə müəyyən edilmiş hədlər daxilində verilə bilər. Müvafiq olaraq, bu hədlərdən çıxmaqla istənilən göstərişlərin verilməsi işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburi xarakter daşımır.

Bu mənada, MPM-in 407.1.4, 407.2, 408.1.5, 416 və 420-ci maddələrinin müddəaları baxımından kassasiya məhkəməsi işə baxmanın hədlərindən çıxaraq öz mülahizəsi ilə heç bir, o cümlədən hansı halların hansı sübutetmə vasitələri ilə təsdiq və ya inkar edilməsi, işə yenidən baxılarkən hansı sübutların toplanması və araşdırılması, habelə işə yenidən baxan məhkəmənin hansı nəticəyə gəlməli olması haqqında göstəriş verə bilməz. Belə göstərişlərin verilməsi hakimlərin müstəqilliyinə dair konstitusiya prinsipi ilə ziddiyyət təşkil etmiş olar.

Kassasiya məhkəməsi belə göstərişlər verdiyi halda, apellyasiya məhkəməsi qanunvericiliyin müvafiq tələblərinə uyğun olaraq, habelə Konstitusiyanın hakimlərin müstəqil, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabe olduqlarını nəzərdə tutan 127-ci maddəsinin I hissəsini rəhbər tutaraq, işi öz səlahiyyətləri çərçivəsində həll etməlidir.

Yuxarıda göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki:

MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburidir.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 63, 65–67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRAR  ALDI:

 

1. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiyası məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir.

2. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.

 

Sədr:

Fərhad Abdullayev