AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU[1]

Qəbul edildiyi tarix

11.07.2000

Qeydiyyat nömrəsi

906-IQ

Adı

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında

Rəsmi dərc edildiyi mənbə

Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 08, maddə 584

Qüvvəyə minmə tarixi

01.09.2000

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

420.010.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

12200007110906

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

 

 

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi təsdiq edilsin.

Maddə 2. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi 2000-ci il sentyabrın 1-dən qüvvəyə minsin.

Maddə 3. "İnzibati hüquqpozmalar haqqında Azərbaycan SSR Məcəlləsinin qüvvəyə minməsi barəsində" Azərbaycan SSR Ali Sovetinin 1984-cü il 18 dekabr tarixli qərarı ilə təsdiq olunmuş inzibati hüquqpozmalar haqqında Azərbaycan SSR Məcəlləsi (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1984-cü il, № 23, maddə 198) 2000-ci il sentyabrın 1-dən qüvvədən düşmüş hesab edilsin.

Maddə 4. İnzibati hüquqpozmalar haqqında Azərbaycan SSR Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında 1984-cü ildən etibarən qəbul olunmuş aşağıda sadalanan Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanlarının təsdiq edilməsi barədə Azərbaycan Sovet Sosialist Respublikasının qanunları (onların müvafiq hissələri), habelə bu maddədə sadalanan Azərbaycan Respublikasının qanunları (onların hissələri) və digər normativ hüquqi aktları 2000-ci il sentyabrın 1-dən qüvvədən düşmüş hesab edilsin:

4.1. "Yay bağ evlərinin tikilməsi, habelə kollektiv bağçılığın təşkili və idarə edilməsi qaydalarını pozmağa görə məsuliyyət haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1985-ci il 15 fevral tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1985-ci il, № 3, maddə 33);

4.2. "İnzibati hüquqpozmalar haqqında Azərbaycan SSR Məcəlləsinin qüvvəyə minməsi qaydası barəsində" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1985-ci il 14 may tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1985-ci il, № 9, maddə 112);

4.3. "İnzibati hüquqpozmalar haqqında Azərbaycan SSR Məcəlləsinə, Azərbaycan SSR Cinayət və Cinayət-prosessual məcəllələrinə dəyişiklik və əlavələr edilməsi haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1985-ci il 13 iyun tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1985-ci il, № 11, maddə 130);

4.4. "İnzibati hüquqpozmalar haqqında Azərbaycan SSR Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1985-ci il 14 noyabr tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1985-ci il, № 21, maddə 204);

4.5. "İnzibati hüquqpozmalar haqqında Azərbaycan SSR Məcəlləsinə əlavələr və dəyişiklik edilməsi barəsində" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1986-cı il 25 mart tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1986-cı il, № 6-7, maddə 24);

4.6. "İnzibati hüquqpozmalar haqqında Azərbaycan SSR Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1986-cı il 16 iyun tarixli Fərmanı (Azərbaycan SSPR Ali Sovetinin məlumatı, 1986-cı il, № 12, maddə 72);

4.7. "Kolxoz üzvü olmayan vətəndaşların öz şəxsi mülkiyyətində mal-qara saxlaması normalarının hədləri və onların pozulmasına görə inzibati məsuliyyət haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1987-ci il 22 yanvar tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1987-ci il, № 1-2, maddə 6);

4.8. "İnzibati hüquqpozmalar haqqında Azərbaycan SSR Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi və narkomanlığa tutulmuş xəstələr üçün müalicə-tərbiyə profilaktoriyaları haqqında Əsasnamənin təsdiq olunması barəsində" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1987-ci il 20 mart tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1987-ci il, № 6, maddə 48);

4.9. "İnzibati hüquqpozmalar haqqında Azərbaycan SSR Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi haqqında" Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin 1987-ci il 25 iyun tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1987-ci il, № 12, maddə 118).

4.10. "Azərbaycan SSR Cinayət Məcəlləsinə, İnzibati hüquqpozmalar haqqında Azərbaycan SSR Məcəlləsinə və Azərbaycan SSR bəzi qanunvericilik aktlarına dəyişiklik və əlavələr edilməsi haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1987-ci il 12 avqust tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1987-ci il, № 15-16, maddə 153);

4.11. "İnzibati hüquqpozmalar haqqında Azərbaycan SSR Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti fərmanlarının təsdiq olunması barəsində" Azərbaycan SSR-in 1987-ci il 14 noyabr tarixli Qanunu (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1987-ci il, № 21, maddə 215);

4.12. "İnzibati hüquqpozmalar haqqında Azərbaycan SSR Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi barəsində" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1987-ci il 17 dekabr tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1987-ci il, № 24, maddə 250);

4.13. "İnzibati hüquqpozmalar haqqında Azərbaycan SSR Məcəlləsinin 99-cu maddəsində dəyişikliklər edilməsi barəsində" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1988-ci il 12 yanvar tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1988-ci il, № 1, maddə 1);

4.14. "Yığıncaqların, mitinqlərin, küçə yürüşlərinin və nümayişlərin təşkilinin və keçirilməsinin müəyyən edilmiş qaydasını pozmağa görə məsuliyyət haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1988-ci il 24 mart tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1988-ci il, № 5-6, maddə 35);

4.15. "İnzibati hüquqpozmalar haqqında Azərbaycan SSR Məcəlləsinə və Azərbaycan SSR Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi barəsində" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1988-ci il 20 aprel tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1988-ci il, № 8, maddə 58);

4.16. "İnzibati hüquqpozmalar haqqında Azərbaycan SSR Məcəlləsinin qüvvəsini itirmiş hesab edilməsi haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1988-ci il 23 may tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1988-ci il, № 10, maddə 79);

4.17. "İnzibati hüquqpozmalar haqqında Azərbaycan SSR Məcəlləsinin 68-ci maddəsinə dəyişikliklər edilməsi barəsində" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1988-ci il 5 avqust tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1988-ci il, № 15, maddə 139);

4.18. "Yığıncaqların, mitinqlərin, küçə yürüşlərinin və nümayişlərin təşkilinin və keçirilməsinin müəyyən edilmiş qaydasını pozmağa görə məsuliyyət haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1988-ci il 23 avqust tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1988-ci il, № 16, maddə 150);

4.19. "İnzibati hüquqpozmalar haqqında Azərbaycan SSR Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi barəsində" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1988-ci il 5 oktyabr tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1988-ci il, № 18-19, maddə 173);

4.20. "İnzibati hüquqpozmalar haqqında Azərbaycan SSR Məcəlləsinə əlavələr edilməsi barəsində" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1988-ci il 28 noyabr tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1988-ci il, № 22-23, maddə 220);

4.21. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin "Kolxoz üzvü olmayan vətəndaşların öz şəxsi mülkiyyətində mal-qara saxlaması normaları haqqında" 1965-ci il 21 yanvar tarixli Fərmanının və "Kolxoz üzvü olmayan vətəndaşların öz şəxsi mülkiyyətində mal-qara saxlaması normalarının hədləri və onların pozulmasına görə inzibati məsuliyyət haqqında" 1987-ci il 22 yanvar tarixli Fərmanının qüvvəsini itirmiş hesab edilməsi barəsində" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1989-cu il 22 fevral tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1989-cu il, № 4, maddə 27);

4.22. "İnzibati hüquqpozmalar haqqında Azərbaycan SSR Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1989-cu il 5 may tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1989-cu il, № 9, maddə 69);

4.23. "İnzibati hüquqpozmalar haqqında Azərbaycan SSR Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1989-cu il 10 iyul tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1989-cu il, № 13-14, maddə 107);

4.24. "İnzibati hüquqpozmalar haqqında Azərbaycan SSR Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1990-cı il 16 aprel tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1990-cı il, № 8, maddə 53);

4.25. "İnzibati hüquqpozmalar haqqında Azərbaycan SSR Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1990-cı il 17 aprel tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1990-cı il, № 8, maddə 55);

4.26. "Azərbaycan SSR-də yol hərəkəti qaydalarını pozmağa görə məsuliyyətin gücləndirilməsi haqqında" Azərbaycan SSR-in 1990-cı il 26 iyun tarixli Qanunu (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1990-cı il, № 12, maddə 155);

4.27. "İnzibati hüquqpozmalar haqqında Azərbaycan Respublikasının Məcəlləsinə və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikasının 1991-ci il 25 may tarixli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1991-ci il, № 12-13, maddə 203);

4.28. "İnzibati hüquqpozmalar haqqında Azərbaycan Respublikasının Məcəlləsinə dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 1991-ci il 28 iyun tarixli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1991-ci il, № 14, maddə 236);

4.29. "İnzibati hüquqpozmalar haqqında Azərbaycan Respublikası Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında" 1992-ci il 18 avqust tarixli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1992-ci il, № 16, maddə 687);

4.30. "Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və İnzibati hüquqpozmalar haqqında Azərbaycan Respublikası Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 1992-ci il 30 sentyabr tarixli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1992-ci il, № 18, maddə 828);

4.31. "Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və İnzibati hüquqpozmalar haqqında Azərbaycan Respublikası Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında Qanunun qüvvəyə minməsi barədə" Azərbaycan Respublikası Milli Məclisinin 1992-ci il 30 sentyabr tarixli Qərarı (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1992-ci il, № 18, maddə 829);

4.32. "İnzibati hüquqpozmalar haqqında Azərbaycan Respublikasının Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikasının 1992-ci il 11 noyabr tarixli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1992-ci il, № 21, maddə 922);

4.33. "İnzibati hüquqpozmalar haqqında Azərbaycan Respublikasının Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikasının 1993-cü il 23 fevral tarixli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1993-cü il, № 6, maddə 158);

4.34. "İnzibati hüquqpozmalar haqqında Azərbaycan Respublikasının Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikasının 1993-cü il 28 iyul tarixli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1993-cü il, № 15, maddə 423);

4.35. "Azərbaycan Respublikasının vergi qanunvericiliyində bəzi dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 1994-cü il 14 aprel tarixli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1994-cü il, №9, maddə 97);

4.36. "Azərbaycan Respublikasının cinayət, cinayət-prosessual məcəllələrinə və İnzibati hüquqpozmalar haqqında Azərbaycan Respublikasının məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikasının 1995-ci il 4 aprel tarixli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1995-ci il, № 7, maddə 135);

4.37. "İnzibati hüquqpozmalar haqqında Azərbaycan Respublikasının Məcəlləsinə dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 1995-ci il 16 may tarixli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1995-ci il, № 22, maddə 348);

4.38. "İnzibati hüquqpozmalar haqqında Azərbaycan Respublikasının Məcəlləsinə dəyişikliklər edilməsi haqqında" 1995-ci il 12 sentyabr tarixli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1995-ci il, № 22, maddə 357);

4.39. "İnzibati hüquqpozmalar haqqında Azərbaycan Respublikasının Məcəlləsinə əlavələr edilməsi barəsində" Azərbaycan Respublikasının 1996-cı il 31 may tarixli Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1997-ci il, № 2, maddə 142 );

4.40. "İnzibati hüquqpozmalar haqqında Azərbaycan Respublikasının Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında" 1996-cı il 16 iyul tarixli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1997-ci il, № 3, maddə 202);

4.41. "İnzibati hüquqpozmalar haqqında Azərbaycan Respublikasının Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikasının 1996-cı il 27 dekabr tarixli Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1997-ci il, № 4, maddə 287);

4.42. "Standartlaşdırma haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar İnzibati hüquqpozmalar haqqında Azərbaycan Respublikasının Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 1997-ci il 4 fevral tarixli Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1997-ci il № 4, maddə 296);

4.43. "Damazlıq işi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar İnzibati hüquqpozmalar haqqında Azərbaycan Respublikasının Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikasının 1997-ci il 7 fevral tarixli Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1997-ci il, № 4, maddə 301);

4.44. "Bitki karantini haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar İnzibati hüquqpozmalar haqqında Azərbaycan Respublikasının Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikasının 1997-ci il 7 fevral tarixli Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1997-ci il, № 4, maddə 303);

4.45. "Seleksiya nailiyyətləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar İnzibati hüquqpozmalar haqqında Azərbaycan Respublikasının Məcəlləsinə əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 1997-ci il 25 aprel tarixli Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1997-ci il, № 5, maddə 388);

4.46. "Enerji resurslarından istifadə haqqında" Azərbaycan Respublikasının Qanununun tətbiqi ilə əlaqədar İnzibati hüquqpozmalar haqqında Azərbaycan Respublikasının Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 1997-ci il 6 may tarixli Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1997-ci il, № 5, maddə 394);

4.47. "Əczaçılıq fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar İnzibati hüquqpozmalar haqqında Azərbaycan Respublikasının Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 1997-ci il 10 iyun tarixli Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1997-ci il, № 5, maddə 419);

4.48. "Bitki mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar İnzibati hüquqpozmalar haqqında Azərbaycan Respublikasının Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 1997-ci il 10 iyun tarixli Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1997-ci il, № 5, maddə 420);

4.49. "İnzibati hüquqpozmalar haqqında Azərbaycan Respublikasının Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikasının 1997-ci il 13 iyun tarixli Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1997-ci il, № 6, maddə 457);

4.50. "Toxumçuluq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar İnzibati hüquqpozmalar haqqında Azərbaycan Respublikasının Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 1997-ci il 30 sentyabr tarixli Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1998-ci il, № 1, maddə 9);

4.51. "Dövlət sirri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar İnzibati hüquqpozmalar haqqında Azərbaycan Respublikasının Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikasının 1997-ci il 4 noyabr tarixli Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1998-ci il, № 2, maddə 60);

4.52. "İnzibati hüquqpozmalar haqqında Azərbaycan Respublikasının Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 1998-ci il 6 mart tarixli Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1998-ci il, № 5, maddə 305);

4.53. "Qanunvericiliyin təkmilləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və digər məcəllələrinə dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikasının 1998-ci il 7 aprel tarixli Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1998-ci il, № 5, maddə 306);

4.54. Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinə, İnzibati hüquqpozmalar haqqında Azərbaycan Respublikasının Məcəlləsinə, "Azərbaycan Respublikasında banklar və bank fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununa və "Sosial Sığortaya və məşğulluq fonduna ayırmaların normativləri haqqında" Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 1998-ci il 21 aprel tarixli Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1998-ci il, №6, maddə 367);

4.55. Azərbaycan Respublikasının İslah-Əmək Məcəlləsinə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və İnzibati hüquqpozmalar haqqında Azərbaycan Respublikasının Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 1998-ci il 25 iyun tarixli Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1998-ci il, № 8, maddə 488);

4.56. "Azərbaycan Respublikasının cinayət, cinayət-prosessual məcəllələrinə və İnzibati hüquqpozmalar haqqında Azərbaycan Respublikasının Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 1998-ci il 24 noyabr tarixli, 542-IQD saylı Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1999-cu il, № 2, maddə 54);

4.57. Azərbaycan Respublikası Su Məcəlləsinin tətbiqi ilə əlaqədar İnzibati hüquqpozmalar haqqında Azərbaycan Respublikasının Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 1998-ci il 11 dekabr tarixli, 584-IQD saylı Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1998-ci il, № 2, maddə 55);

4.58. "Geodeziya və kartoqrafiya haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar İnzibati hüquqpozmalar haqqında Azərbaycan Respublikasının Məcəlləsinə əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 1999-cu il 30 mart tarixli, 636-IQD saylı Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1999-cu il, № 4, maddə 218);

4.59. "Rabitə haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar İnzibati hüquqpozmalar haqqında Azərbaycan Respublikasının Məcəlləsinə dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 1999-ci il 30 mart tarixli, 637-IQD saylı Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1999-cu il, № 4, maddə 219);

4.60. "Hidrometeorologiya fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar İnzibati hüquqpozmalar haqqında Azərbaycan Respublikasının Məcəlləsinə əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 1999-cu il 30 mart tarixli, 639-IQD saylı Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1999-cu il, № 4, maddə 221);

4.61. "Pestisidlər və aqrokimyəvi maddələr haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar İnzibati hüquqpozmalar haqqında Azərbaycan Respublikasının Məcəlləsinə əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 1999-cu il 30 mart tarixli, 642-IQD saylı Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1999-cu il, № 4, maddə 224);

4.62. "İnzibati hüquqpozmalar haqqında Azərbaycan Respublikasının Məcəlləsinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 1999-cu il 30 mart tarixli, 645-IQD saylı Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1999-cu il, № 4, maddə 226);

4.63. "Reklam haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar İnzibati hüquqpozmalar haqqında Azərbaycan Respublikasının Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 1999-cu il 2 aprel tarixli, 647-IQD saylı Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1999-cu il, № 5, maddə 285);

4.64. "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və İnzibati hüquqpozmalar haqqında Azərbaycan Respublikasının Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 1999-cu il 2 aprel tarixli, 651-IQD saylı Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1999-cu il, № 5, maddə 287);

4.65. "İnzibati hüquqpozmalar haqqında Azərbaycan Respublikasının Məcəlləsinə dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 1999-cu il 23 aprel tarixli, 661-IQD saylı Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1999-cu il, № 5, maddə 292);

4.66. "İstehsalat və məişət tullantıları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar İnzibati hüquqpozmalar haqqında Azərbaycan Respublikasının Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli, 692-IQD saylı Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1999-cu il, № 8, maddə 476);

4.67. "İnzibati hüquqpozmalar haqqında Azərbaycan Respublikasının Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2000-ci il 24 mart tarixli, 855-IQD saylı Qanunu.

Maddə 5. Azərbaycan Respublikasında qüvvədə olan digər qanunlar və normativ-hüquqi aktlar bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğunlaşdırılanadək həmin Məcəlləyə zidd olmayan hissədə tətbiq edilir.

Maddə 6. Bu Qanun 2000-ci il sentyabrın 1-dən qüvvəyə minir.

 

 

Azərbaycan Respublikasının Prezidenti   Heydər ƏLİYEV

 

 


AZƏRBAYCAN RESPUBLİKASININ İNZİBATİ XƏTALAR MƏCƏLLƏSİ

 

ÜMUMİ HİSSƏ

 

I BÖLMƏ

 

ÜMUMİ MÜDDƏALAR

 

Birinci fəsil

 

AZƏRBAYCAN RESPUBLİKASININ İNZIBATİ XƏTALAR QANUNVERİCİLİYİ, ONUN VƏZİFƏLƏRİ VƏ PRİNSİPLƏRİ

Maddə 1.Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi

1.1. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir.

1.2. Bu Məcəllə Azərbaycan Respublikasının Konstitusiyasına, hamılıqla qəbul edilmiş beynəlxalq hüququn normalarına və prinsiplərinə əsaslanır.

1.3. İnzibati məsuliyyət müəyyən edən və inzibati xətalar törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir.

Maddə 2. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri

Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.

Maddə 3. İnzibati məsuliyyətin əsasları

Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir.

Maddə 4. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin prinsipləri

Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır.

Maddə 5. İnsan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi prinsipi

5.1. İnsan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları (vəzifəli şəxslər) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

5.2. Bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları (vəzifəli şəxslər) tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir.

5.3. İnzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən insan ləyaqətini alçaldan qərarların verilməsinə və hərəkət edilməsinə yol verilmir.

Maddə 6. Qanunçuluq prinsipi

6.1. İnzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir.

6.2. İnzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir.

6.3. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir.

Maddə 7. Qanun qarşısında bərabərlik prinsipi

7.1. İnzibati xəta törətmiş şəxslər irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən və digər hallardan asılı olmayaraq qanun qarşısında bərabərdirlər və inzibati məsuliyyətə cəlb olunurlar. Bu maddədə nəzərdə tutulmuş əsaslara görə heç kəs inzibati məsuliyyətə cəlb oluna və inzibati məsuliyyətdən azad oluna, yaxud heç kəsə inzibati tənbeh tətbiq oluna və ya daha yüngül inzibati tənbeh tətbiq edilə bilməz.

7.1-1. Azərbaycan Respublikasının keçmiş Prezidentin və onun arvadının (ərinin) inzibati məsuliyyətlə bağlı toxunulmazlığı “Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu ilə tənzimlənir.

7.2. Hüquqi şəxslər mülkiyyət formasından, olduqları yerdən, təşkilati-hüquqi formalarından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb olunurlar.

Maddə 8. Təqsirsizlik prezumpsiyası prinsipi

8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir.

8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir.

8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur.

Maddə 9. Ədalətlilik prinsipi

9.1. İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır.

9.2. Bir inzibati xətaya görə heç kəs iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz.

Maddə 10. İnzibati xətaların qarşısının alınması prinsipi

Dövlət və ya yerli özünüidarəetmə orqanları inzibati xətaların qarşısının alınması, inzibati xətaların törədilməsinə kömək edən səbəblərin və şəraitin aşkar edilməsi və aradan qaldırılması, vətəndaşların hüquq şüurunun və mədəniyyətinin yüksəldilməsi və Azərbaycan Respublikasının qanunlarına ciddi əməl etmək ruhunda tərbiyə olunması sahəsində tədbirlər hazırlayırlar və həyata keçirirlər.

Maddə 11. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin qüvvəsi

11.1. Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

11.2. İnzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ-hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qəbul edildiyi vaxtadək törədilmiş xətalara da şamil edilir.

11.3. İnzibati xətalara görə məsuliyyət müəyyən edən və ya məsuliyyəti gücləndirən normativ-hüquqi aktların geriyə qüvvəsi şamil edilmir.

İkinci fəsil

İNZİBATİ XƏTA VƏ İNZİBATİ MƏSULİYYƏT

Maddə 12. İnzibati xəta anlayışı

Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.

Maddə 13. İnzibati xətanın qəsdən törədilməsi

İnzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur.

Maddə 14. İnzibati xətanın ehtiyatsızlıq üzündən törədilməsi

İnzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) zərərli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüşdürsə, lakin onların qarşısını alacağına yüngül fikirlə ümid bağlamışdırsa, yaxud bu nəticələrin baş verəcəyini qabaqcadan görə bilməli və görməli olduğu halda, onları görməmişdirsə, bu xəta ehtiyatsızlıq üzündən törədilmiş xəta hesab olunur.

Maddə 15. Fiziki şəxslərin inzibati məsuliyyəti

15.1. İnzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar.

15.2. İşin konkret halları, psixi inkişafı, həyat şəraiti, səhhəti və təhsili nəzərə alınmaqla inzibati xəta törətmiş on altı yaşından on səkkiz yaşınadək şəxslər yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar tərəfindən inzibati məsuliyyətdən azad oluna və onların barəsində "Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə" ilə müəyyən edilmiş təsir tədbirləri tətbiq edilə bilər.

15.3. İntizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Göstərilən şəxslərə inzibati həbs, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına isə həmçinin ictimai işlər və inzibati cərimə tətbiq edilə bilməz. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına isə inzibati həbs və inzibati cərimə tətbiq edilə bilməz.

15.4. Bu Məcəllənin 15.3-cü maddəsində göstərilmiş şəxslərdən başqa, intizam nizamnamələrinin və ya intizam haqqında əsasnamələrin qüvvəsinin şamil edildiyi digər şəxslər qulluq vəzifələrinin icrası zamanı inzibati xətalar törətməyə görə həmin nizamnamələrdə və ya əsasnamələrdə bilavasitə nəzərdə tutulmuş hallarda intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar.

15.5. İnzibati tənbeh tətbiq etmə hüququ olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) bu Məcəllənin 15.3-cü maddəsində göstərilən şəxslər barəsində inzibati tənbeh tətbiq etmək əvəzinə, inzibati xəta törətmiş şəxsin intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll edilməsi üçün inzibati xətalar haqqında işlər üzrə materialları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına verə bilərlər.

15.6. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində törətdikləri inzibati xətalara görə ümumi əsaslarla inzibati məsuliyyətə cəlb olunurlar.

15.7. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən, Azərbaycan Respublikasında toxunulmazlıq hüququndan istifadə edən əcnəbilərin Azərbaycan Respublikasının ərazisində törətdikləri inzibati xətalara görə məsuliyyət məsələsi beynəlxalq hüquq normalarına uyğun olaraq həll edilir.

Qeyd: Bu Məcəllənin 15.3-cü maddəsində "hərbi qulluqçular" dedikdə, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının zabit heyəti, gizirləri, miçmanları, müddətindən artıq xidmət hərbi qulluqçuları, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları başa düşülür.

Bu Məcəllənin 15.4-cü maddəsində "intizam nizamnaməsi (əsasnaməsi) tətbiq edilən digər şəxslər" dedikdə, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında öz qulluq vəzifələrini icra edən şəxslər başa düşülür.

Bu Məcəllənin 15.6-cı maddəsində "əcnəbilər" dedikdə, Azərbaycan Respublikasının vətəndaşı olmayan və başqa dövlətin vətəndaşlığına mənsub olan şəxslər başa düşülür.

"Vətəndaşlığı olmayan şəxslər" dedikdə isə Azərbaycan Respublikasının vətəndaşı olmayan və başqa dövlətin vətəndaşlığına mənsub olmayan şəxslər başa düşülür.

Maddə 16. Vəzifəli şəxslərin inzibati məsuliyyəti

Vəzifəli şəxslər öz qulluq vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar.

Qeyd: Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, yerli özünüidarəetmə orqanlarında, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə yaradılmış başqa qoşun birləşmələrində, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər.

Maddə 17. Hüquqi şəxslərin inzibati məsuliyyəti

Hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətalara görə ümumi əsaslarla inzibati məsuliyyətə cəlb olunurlar.

Üçüncü fəsil

İNZİBATİ MӘSULİYYӘTİ İSTİSNA EDƏN HALLAR

Maddə 18. Son zərurət

Bu Məcəllənin xüsusi hissəsində nəzərdə tutulmuş əməllərin əlamətlərinə uyğun gəlmiş olsa da, son zərurət vəziyyətində, yəni dövlətin və cəmiyyətin mənafeyini, həmin şəxsin və ya başqa şəxsin sağlamlığını, hüquqlarını və qanuni mənafelərini qorxu altına alan təhlükəni aradan qaldırmaq üçün edilmiş hərəkət, əgər bu təhlükə başqa vasitə ilə aradan qaldırıla bilməzdisə və əgər vurulmuş zərər qarşısı alınmış zərərdən daha az əhəmiyyətli olmuşsa, bu, inzibati xəta hesab olunmur.

Maddə 19. Zəruri müdafiə

Bu Məcəllənin xüsusi hissəsində nəzərdə tutulmuş əməllərin əlamətlərinə uyğun gəlmiş olsa da, zəruri müdafiə vəziyyətində, yəni dövlətin və cəmiyyətin mənafeyinə, özünü müdafiə edənin və ya başqa şəxsin sağlamlığına, hüquqlarına və ya qanuni mənafeyinə qəsd edənə zərər vurmaq yolu ilə hüquqazidd qəsddən qoruyarkən edilmiş hərəkət inzibati xəta hesab olunmur.

Maddə 20. Anlaqsızlıq

Hüquqazidd əməl (hərəkət və ya hərəkətsizlik) törədən zaman şəxs anlaqsızlıq vəziyyətində olduqda, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya başqa psixi xəstəlik nəticəsində öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onu idarə etmək iqtidarında olmadıqda o, inzibati məsuliyyətə cəlb edilmir.

Maddə 21. İnzibati xəta az əhəmiyyətli olduqda daha yüngül inzibati tənbeh tətbiq etmə və ya inzibati məsuliyyətdən azadetmə

Törədilmiş inzibati xəta az əhəmiyyətli olduqda inzibati tənbeh tətbiq etmə hüququ olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta törətmiş şəxslər barəsində tətbiq edilməsi nəzərdə tutulan inzibati tənbehi daha yüngül inzibati tənbeh növü ilə əvəz edə və ya həmin şəxsi inzibati məsuliyyətdən azad edə bilər.

Dördüncü fəsil

İNZİBATİ TƏNBEH

Maddə 22. İnzibati tənbehin məqsədləri

İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır.

Maddə 23. İnzibati tənbeh növləri

23.1. İnzibati xətalar törətməyə görə aşağıdakı inzibati tənbeh növləri tətbiq edilə bilər:

23.1.1. xəbərdarlıq;

23.1.2. inzibati cərimə;

23.1.3. inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin ödənişlə alınması;

23.1.4. inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi;

23.1.5. inzibati xəta törətmiş fiziki şəxsin ona verilmiş xüsusi hüququnun məhdudlaşdırılması;

23.1.5–1. ictimai işlər;

23.1.6. əcnəbiləri və ya vətəndaşlığı olmayan şəxsləri Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxartma;

23.1.7. inzibati həbs.

23.2. Hüquqi şəxslər barəsində bu Məcəllənin 23.1.1-23.1.4-cü maddələrində nəzərdə tutulan inzibati tənbeh növləri tətbiq edilir.

Maddə 24. Xəbərdarlıq

Xəbərdarlıq inzibati tənbeh növü olmaqla hüquqazidd əməlin yolverilməzliyi barədə şəxslərə edilən rəsmi xəbərdaredici tədbirdir. Xəbərdarlıq yazılı formada edilir.

Maddə 25. İnzibati cərimə

25.1. İnzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir.

25.2. İnzibati cərimə manatla və ya aşağıdakı digər meyarlarla ifadə oluna bilər:

25.2.1. inzibati xətanın başa çatdığı və ya qarşısının alındığı vaxt inzibati xətanın bilavasitə obyekti olmuş predmetin dəyəri;

25.2.2. inzibati xətanın başa çatdığı və ya onun qarşısının alındığı vaxt ödənilməli olan, lakin ödənilməmiş ödənişlərin, vergilərin məbləği.

25.3. İnzibati xətalara görə Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqları tərəfindən tətbiq edilən inzibati cərimələr həmin nümayəndəlik və konsulluqların yerləşdiyi xarici ölkənin valyutası ilə tutulur.

25.4. İnzibati xətalara görə alınan cərimənin miqdarı üç manatdan az ola bilməz.

25.5. Manatla hesablanan və inzibati xətalara görə fiziki şəxslərdən alınan inzibati cərimənin miqdarı beş min manatdan, vəzifəli şəxslərdən alınan inzibati cərimənin miqdarı on min manatdan, hüquqi şəxslərdən alınan inzibati cərimənin miqdarı əlli min manatdan artıq ola bilməz.

25.6. İnzibati xətanın bilavasitə obyekti olmuş predmetin dəyəri ilə ölçülən cərimənin miqdarı həmin predmetin dəyərinin yüz faizindən, ödənilməmiş ödənişlərin, vergilərin məbləği ilə ölçülən cərimənin miqdarı isə həmin ödənişlərin, vergilərin yüz əlli faizindən artıq ola bilməz.

25.6-1. Bu Məcəllənin 426-1.1-ci maddəsində müəyyən edilmiş hallarda inzibati cərimə şərti olaraq tətbiq edilir.

25.7. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, inzibati cərimə Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilir.

Maddə 26. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin ödənişlə alınması

26.1. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet ödənişlə, məcburi qaydada alınır, sonra satılır və əldə edilən məbləğ həmin predmetin satılması ilə əlaqədar xərclər çıxıldıqdan sonra onun keçmiş sahibinə verilir.

26.2. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin ödənişlə alınması hakim tərəfindən tətbiq edilir.

26.3. Əsas dolanacaq mənbəyi ov olan şəxslər barəsində odlu silahın, döyüş sursatının və digər ov alətinin ödənişlə alınması tətbiq edilə bilməz.

26.4. Predmetin ödənişlə alınması qaydası bu Məcəllə və Azərbaycan Respublikasının digər qanunvericiliyi ilə müəyyən edilir.

Maddə 27. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi

27.1. İnzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, habelə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir.

27.2. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi hakim tərəfindən tətbiq edilir.

27.3. Əsas dolanacaq mənbəyi ov olan şəxslərin odlu silahı, döyüş sursatı və digər ov alətləri müsadirə edilə bilməz.

27.4. Müsadirənin tətbiqi qaydası bu Məcəllə və Azərbaycan Respublikasının digər qanunvericiliyi ilə müəyyən edilir.

Maddə 28. Fiziki şəxsin ona verilmiş xüsusi hüququnun məhdudlaşdırılması

28.1. Verilmiş xüsusi hüquqdan istifadə qaydasını kobud şəkildə və ya müntəzəm pozmağa görə fiziki şəxsin həmin hüququ iki aydan iki ilədək müddətə məhdudlaşdırılır.

28.2. Nəqliyyat vasitələrini sərxoş halda idarəetmə halları istisna olmaqla, nəqliyyat vasitələrindən əlilliyi ilə əlaqədar istifadə edən şəxslərin nəqliyyat vasitələrini idarəetmə hüququ məhdudlaşdırıla bilməz.

28.3. Bu Məcəllənin 151.4-cü maddəsində göstərilən balla qiymətləndirilən xətaların yol verilməsinə görə sürücülər bir il ərzində 20 və daha çox bal topladıqda, inzibati cərimə tətbiq edilmədən onların nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılır.

28.4. Əsas dolanacaq mənbəyi ov olan fiziki şəxslərin ov hüququ məhdudlaşdırıla bilməz.

Maddə 28–1. İctimai işlər

28–1.1. İctimai işlər, barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxsin əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. Belə işlərin növləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 28–1.2. İctimai işlər altmış saatdan iki yüz qırx saatadək müddətə müəyyən edilir və gün ərzində dörd saatdan çox ola bilməz.

 28–1.3. İctimai işlər aşağıdakı şəxslərə tətbiq oluna bilməz:

 28–1.3.1. birinci və ikinci qrup əlillərə, sağlamlıq imkanları məhdud uşaqlara;

 28–1.3.2. hamilə qadınlara;

 28–1.3.3. himayəsində səkkiz yaşınadək uşağı olan qadınlara;

 28–1.3.4. pensiya yaşına çatmış qadın və kişilərə;

 28–1.3.5. hərbi xidmətə çağırış üzrə müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına.

Maddə 29. Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxartma

29.1. Bu Məcəllənin xüsusi hissəsində nəzərdə tutulmuş hallarda əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxartma tətbiq edilir.

29.2. Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılmış əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına gəlmə hüququ 1 ildən 5 ilədək müddətə məhdudlaşdırılır.

29.3. Qaçqın statusuna malik olan və ya Azərbaycan Respublikası tərəfindən siyasi sığınacaq verilən şəxslər, habelə insan alverinin qurbanı olan uşaqlar barəsində, Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxartma tətbiq edilmir.

29.4. İnsan alverindən zərər çəkmiş hesab olunan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər barəsində 1 il müddətində, cinayət təqibi orqanlarına yardım göstərən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər barəsində isə cinayət təqibi başa çatanadək Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxartma tətbiq edilmir.

Maddə 30. İnzibati həbs

30.1. İnzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək müəyyən olunur və tətbiq edilir.

30.2. Hamilə qadınlar və ya himayəsində səkkiz yaşınadək uşağı olan qadınlar, səkkiz yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci qrup əlillər, habelə altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər barəsində inzibati həbs tətbiq edilə bilməz.

30.3. İnzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir.

Maddə 31. Əsas və əlavə inzibati tənbehlər

31.1. Xəbərdarlıq, inzibati cərimə, ictimai işlər və ya inzibati həbs yalnız əsas inzibati tənbeh növləri kimi tətbiq edilir.

31.2. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin ödənişlə alınması, yaxud müsadirəsi, inzibati xəta törətmiş fiziki şəxsin ona verilmiş xüsusi hüququnun məhdudlaşdırılması, əcnəbiləri və ya vətəndaşlığı olmayan şəxsləri Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxartma həm əsas, həm də əlavə inzibati tənbeh növləri kimi tətbiq edilə bilər.

31.3. Bir inzibati xətaya görə əsas tənbeh, yaxud əsas və əlavə tənbeh tətbiq edilə bilər.

 

Beşinci fəsil

İNZİBATİ TƏNBEH TƏTBİQ ETMƏ

Maddə 32. İnzibati tənbeh tətbiq etmənin ümumi qaydaları

32.1. İnzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir.

32.2. Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.

32.3. Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən inzibati xətanın xarakteri, hüquqi şəxsin maliyyə və əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.

32.4. İnzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən şəxsi azad etmir.

Maddə 33. İnzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar

33.1. İnzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən hallar aşağıdakılar hesab edilir:

33.1.1. inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı;

33.1.2. törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və ya vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsi;

33.1.3. inzibati xətanın yetkinlik yaşına çatmayanlar tərəfindən törədilməsi;

33.1.4. inzibati xətanın hamilə qadın və ya himayəsində azyaşlı uşağı olan qadın tərəfindən törədilməsi.

33.2. Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən başqa hallar da nəzərdə tutula bilər. İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) qanunvericiliklə nəzərdə tutulmayan halları da məsuliyyəti yüngülləşdirən hallar hesab edə bilər.

33.3. Bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində inzibati xəta tərkibinin əlaməti kimi nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən hal inzibati tənbeh tətbiq edilərkən təkrar nəzərə alına bilməz.

Maddə 34. İnzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar

34.1. İnzibati tənbeh tətbiq edilərkən məsuliyyəti ağırlaşdıran hallar aşağıdakılar hesab edilir:

34.1.1. səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsi;

34.1.2. inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı il ərzində təkrar törətməsi;

34.1.3. yetkinlik yaşına çatmayanların inzibati xəta törətməyə cəlb edilməsi;

34.1.4. inzibati xətanın bir qrup şəxs tərəfindən törədilməsi;

34.1.5. inzibati xətanın təbii fəlakət şəraitində və ya başqa fövqəladə şəraitdə törədilməsi;

34.1.6. inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi;

34.1.7. inzibati xətanın yetkinlik yaşına çatmayanlara qarşı törədilməsi.

34.2. İnzibati tənbeh tətbiq edən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətanın xarakterindən asılı olaraq bu Məcəllənin 34.1.6-cı maddəsində göstərilən halı məsuliyyəti ağırlaşdıran hal hesab etməyə də bilər.

34.3. Bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində inzibati xəta tərkibinin əlaməti kimi nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hal inzibati tənbeh tətbiq edilərkən təkrar nəzərə alına bilməz.

Maddə 35. Bir neçə inzibati xəta törədildikdə inzibati tənbeh tətbiq etmə

35.1. Bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir.

35.2. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər.

35.3. Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır.

Maddə 36. İnzibati məsuliyyətə cəlb etmə müddətləri

36.1. İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci iki ay keçənədək verilə bilər. Gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər.

36.2. Davam edən inzibati xətalara görə inzibati tənbeh onun aşkara çıxarıldığı gündən ən geci iki ay keçənədək verilə bilər.

36.3. Cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci iki ay keçənədək verilə bilər.

36.4. On altı yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın törətdiyi inzibati xəta haqqında iş yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq dövlət orqanına qaytarıldıqda, inzibati tənbeh həmin iş qaytarıldığı gündən ən geci iki ay keçənədək verilə bilər.

Maddə 37.Şəxsin inzibati məsuliyyətə cəlb edilməmiş sayılması üçün tələb olunan müddət

Barəsində inzibati tənbeh tətbiq olunmuş şəxs tənbehin icrasının qurtardığı gündən etibarən bir il ərzində yeni inzibati xəta törətməmişsə, o, inzibati məsuliyyətə cəlb edilməmiş sayılır.

Maddə 37-1. İnzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərin məcburi müalicəyə cəlb olunması

37-1.1. İnzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur.

37-1.2. Məcburi müalicənin tətbiq edilməsinin məqsədi bu Məcəllənin 37-1.1-ci maddəsində göstərilən şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni inzibati xətalar törədilməsinin qarşısının alınmasından ibarətdir.

37-1.3. Barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar.

37-1.4. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarının surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir.

37-1.5. Barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilir.

37-1.6. İxtisaslaşdırılmış tibb müəssisələrində məcburi müalicə müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi şərtlərə və qaydalara uyğun aparılır.

37-1.7. İxtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicə barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə icra məmuru tərəfindən nəzarət edilir.

37-1.8 İxtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicədə olan şəxsin məcburi müalicədən vaxtından əvvəl azad edilməsi və məcburi müalicə müddətinin uzadılması “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda həmin müəssisənin müdiriyyətinin təqdimatı və həkim-məsləhət komissiyasının rəyi nəzərə alınmaqla, müəssisənin yerləşdiyi yer üzrə məhkəmənin qərarı əsasında həyata keçirilir.

Maddə 38. Vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi

38.1. Hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işə baxarkən vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər.

38.2. Vurulmuş əmlak zərərinin və ya mənəvi zərərin əvəzinin ödənilməsi barədə mübahisə olduqda inzibati xəta nəticəsində vurulmuş əmlak zərərinin və ya mənəvi zərərin əvəzinin ödənilməsi məsələsi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həll edilir.

 

XÜSUSİ HİSSƏ

II BÖLMƏ

İNZİBATİ XƏTALAR

 

5-1-ci fəsil

Sağlamlıq əleyhinə olan inzibati xətalar

 

Maddə 38-1. Döymə

Döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə -

beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur.

Qeyd:

1. Bu maddədə nəzərdə tutulmuş əməl sağlamlığa ağır, az ağır və ya yüngül zərər vurmaqla törədildikdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur.

2. Bu maddədə nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərərçəkmiş şəxsin ərizəsi əsasında başlanılır.

3. Bu maddədə nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir.

Maddə 38-2. Məişət zorakılığının qarşısının alınması haqqında qanunvericiliyin pozulması

38-2.1. Məişət zəminində iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqinə, yəni şəxs tərəfindən digər şəxsin onun mülkiyyətində, sərəncamında və ya istifadəsində olan əmlakdan, gəlirlərdən məhrum edilməsinə, iqtisadi asılılıq yaradılmasına, belə asılılığın saxlanılmasına və ya ondan sui-istifadə edilməsinə yönəlmiş hərəkətlərə görə -

 yüz manatdan üç yüz manatadək miqdarda cərimə edilir.

38-2.2. Məişət zəminində psixi zorakılığa, yəni şəxs tərəfindən digər şəxsə qəsdən psixi təzyiq göstərilməsinə və ya dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətlərə görə -

üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir.

38-2.3. Məişət zorakılığından zərər çəkmiş şəxslərə qeyri-dövlət yardım mərkəzlərinin akkreditasiyadan keçmədən fəaliyyət göstərməsinə görə -

otuz beş manatdan əlli manatadək miqdarda cərimə edilir.

Qeyd:

1. Bu Məcəllənin 38-2.1-ci və 38-2.2-ci maddələrində “şəxs” dedikdə “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsində nəzərdə tutulmuş şəxslər başa düşülür.

2. Bu Məcəllənin 38-2.1-ci və 38-2.2-ci maddələri həmin maddələrdə göstərilən əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir.

Maddə 38-3. Zöhrəvi xəstəliklərə yoluxmuş şəxslərin müalicədən boyun qaçırması

Zöhrəvi xəstəliklərə yoluxduğu barədə kifayət qədər məlumat olan şəxslərin səhiyyə orqanları tərəfindən xəbərdarlıq edildikdən sonra da müalicədən boyun qaçırmasına görə -

yüz manatdan yüz əlli manatadək miqdarda cərimə edilir.

Maddə 38-4. Zöhrəvi xəstəliklərə və ya insanın immunçatışmazlığı virusuna yoluxmuş şəxslə əlaqədə olmuş şəxslərin müayinədən boyun qaçırması

Zöhrəvi xəstəliklərə və ya insanın immunçatışmazlığı virusuna yoluxmuş şəxslə əlaqədə olmuş və müayinəyə ehtiyacı olan şəxslərin müayinədən səhiyyə orqanları tərəfindən xəbərdarlıq edildikdən sonra da boyun qaçırmasına görə -

səksən manatdan yüz iyirmi manatadək miqdarda cərimə edilir.

Maddə 38-5. Zöhrəvi xəstəliklərə və ya insanın immunçatışmazlığı virusuna yoluxma mənbəyinin gizlədilməsi

38-5.1. Zöhrəvi xəstəliyi olan şəxslər tərəfindən yoluxma mənbəyinin, habelə onlarla əlaqədə olub zöhrəvi xəstəliklərə yoluxma təhlükəsi yaradan şəxslərin adlarının gizlədilməsinə görə -

yüz manatdan iki yüz manatadək miqdarda cərimə edilir.

38-5.2. İnsanın immunçatışmazlığı virusuna yoluxmuş şəxslər tərəfindən yoluxma mənbəyinin, habelə onlarla əlaqədə olub insanın immunçatışmazlığı virusuna yoluxma təhlükəsi yaradan şəxslərin adlarının gizlədilməsinə görə -

iki yüz manatdan dörd yüz manatadək miqdarda cərimə edilir.

Maddə 38-6. Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında qanunvericiliyin pozulması

38-6.1. Donor olmaq istəyən şəxs tərəfindən əvvəllər keçirdiyi və hazırkı xəstəlikləri, həmçinin narkotik vasitələr və psixotrop maddələr qəbul edib-etməməsi barədə düzgün məlumatın verilməməsinə görə -

otuz manatdan otuz beş manatadək miqdarda cərimə edilir.

38-6.2. Tibbi müayinə keçirilmədən donordan qanın, qan komponentlərinin götürülməsinə görə -

fiziki şəxslər otuz beş manatdan qırx manatadək miqdarda, vəzifəli şəxslər qırx manatdan altmış beş manatadək miqdarda, hüquqi şəxslər yüz manatdan yüz əlli manatadək miqdarda cərimə edilir.

38-6.3. Müalicə müəssisələri tərəfindən qanın, qan komponentlərinin resipiyentə köçürülməsi nəticəsində baş verən hər hansı ciddi əlavə təsirlər (posttransfuzion ağırlaşmalar) barədə köçürülən qanın, qan komponentlərinin tədarükünü edən qan xidməti müəssisəsinə (qan bankına) və müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsinə görə -

fiziki şəxslər otuz beş manatdan qırx manatadək miqdarda, vəzifəli şəxslər qırx manatdan altmış beş manatadək miqdarda, hüquqi şəxslər yüz manatdan yüz əlli manatadək miqdarda cərimə edilir.

 

Maddə 38-7. Qeysəriyyə kəsiyi əməliyyatının qanunsuz aparılması

 

Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş tibbi əsaslar olmadan qeysəriyyə kəsiyi əməliyyatının aparılmasına görə -

vəzifəli şəxslər beş min manatdan yeddi min manatadək miqdarda, hüquqi şəxslər on min manatdan on beş min manatadək miqdarda cərimə edilir.

Altıncı fəsil

SİYASİ, SOSİAL VƏ ƏMƏK HÜQUQLARI ƏLEYHİNƏ OLAN İNZİBATİ XƏTALAR

Maddə 39. Seçkiqabağı və ya referendum ilə bağlı təşviqatın aparılması qaydalarının və müddətinin pozulması

39.1. Seçkiqabağı və ya referendum ilə bağlı təşviqatın aparılmasının qanunvericiliklə müəyyən edilmiş qaydalarının və müddətinin pozulmasına görə -

iyirmi beş manatdan əlli manatadək miqdarda cərimə edilir.

39.2. Qeydə alınmış namizədə seçkiqabağı təşviqatın müddəti başa çatana kimi şərəf və ləyaqətini seçki qanunvericiliyi ilə müəyyən olunmuş teleradio verilişləri təşkilatlarının teleradio proqramlarında və dövri nəşrlərdə onların vəzifəli şəxsləri tərəfindən müdafiə etmək imkanının verilməməsinə görə -

vəzifəli şəxslər əlli manatdan doxsan manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək miqdarda cərimə edilir.

Maddə 40. Təşviqat-nəşr materiallarını qəsdən məhv etmə və ya namizədin seçicilərlə görüşünə mane olma

Mülkiyyətçinin və ya obyekt sahibinin razılığı ilə qanunvericiliklə müəyyən edilmiş yerlərdə asılmış seçkiqabağı (referendumqabağı) təşviqat plakatlarını və digər bu cür təşviqat materiallarını məhv etməyə və ya korlamağa və ya təşviqat materiallarının yayılmasına mane olmağa, yaxud namizədin seçicilərlə görüşünə mane olmağa görə-  

otuz beş manatdan altmış manatadək miqdarda cərimə edilir.

Maddə 41. Namizəd haqqında bilərəkdən yalan məlumatlar yayma

Seçkinin nəticəsinə təsir göstərmək məqsədi ilə deputatlığa və ya seçkili orqana (vəzifəyə) namizəd haqqında bilərəkdən yalan məlumatlar dərc etməyə və ya onları başqa üsullarla yaymağa görə -

iyirmi manatdan əlli beş manatadək miqdarda cərimə edilir.

Maddə 42. Seçki komissiyası (referendumun keçirilməsi üzrə komissiya) üzvünün, müşahidəçilərin, vəkil edilmiş şəxslərin, namizədlərin, siyasi partiyaların, siyasi partiyaların bloklarının, referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndələrinin, kütləvi-informasiya vasitələri nümayəndələrinin hüquqlarının pozulması

Seçki komissiyası (referendumun keçirilməsi üzrə komissiya) üzvünün, müşahidəçilərin, vəkil edilmiş şəxslərin, namizədlərin, siyasi partiyaların, siyasi partiyaların bloklarının, referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndələrinin, kütləvi-informasiya vasitələri nümayəndələrinin qanunvericiliklə müəyyən edilmiş hüquqlarını, o cümlədən seçki sənədlərinin surətlərinin və məlumatların vaxtında alınması və seçki sənədlərinin təsdiqi ilə bağlı hüquqları pozmağa görə -

otuz beş manatdan altmış beş manatadək miqdarda cərimə edilir.

Maddə 42-1.Seçki (referendum) məqsədləri üçün vəzifə mövqeyindən və ya xidməti mövqedən üstünlük əldə etmək üçün sui-isfadə olunması

Seçki (referendum) məqsədləri üçün vəzifə mövqeyindən və ya xidməti mövqedən üstünlük əldə etmək üçün sui-istifadə olunmasına görə -

vəzifəli şəxslər xəbərdarlıq edilir və ya on manatdan iyirmi manatadək miqdarda cərimə edilir.

Maddə 42-2. Seçicilər haqqında məlumatların düzgün, tam və vaxtında verilməməsi  

Seçicilər haqqında məlumatları təqdim edən müvafiq icra orqanı tərəfindən həmin məlumatların düzgün, tam və vaxtında verilməməsinə görə -

müvafiq icra orqanının rəhbəri xəbərdarlıq edilir və ya on manatdan iyirmi manatadək miqdarda cərimə edilir.

Maddə-42-3. Seçki bülletenlərinin, səsvermə protokollarının və vəsiqələrinin verilməsi və saxlanması qaydalarının pozulması   

Seçki komissiyalarının sədrləri tərəfindən seçki bülletenlərinin, səsvermə protokollarının və vəsiqələrinin verilməsi və saxlanması qaydalarının pozulmasına görə-

xəbərdarlıq edilir və ya on manatdan iyirmi manatadək miqdarda cərimə edilir.

Maddə-42-4. Dövlət avtomatlaşdırılmış informasiya sistemindən istifadə qaydasının pozulması  

Səsvermə başlandıqdan sonra seçkilərin yekunları və səsvermənin nəticələri barədə protokollar imzalananadək yuxarı seçki komissiyalarının informasiya xidmətlərindən aşağı seçki komissiyalarının informasiya xidmətlərinə məlumatların qəbulunu təsdiq edən siqnallardan başqa hər hansı məlumatın verilməsinə görə -

fiziki şəxslər iyirmi manatdan qırx manatadək miqdarda, vəzifəli şəxslər altmış manatdan səksən manatadək miqdarda cərimə edilir.

Maddə 43. Seçki (referendum) ilə əlaqədar hədə-qorxu və ya zorakılığa çağıran çıxışlar edilməsi və ya bu cür materialların yayılması  

Seçki (referendum) ilə əlaqədar hədə-qorxu və ya zorakılığa çağıran çıxışlar edilməsinə və ya bu cür materialların yayılmasına görə -

otuz beş manatdan altmış beş manatadək miqdarda cərimə edilir.

Maddə 43-1.Seçicinin bilərəkdən birdən çox seçici siyahısına daxil edilməsi  

Seçicinin bilərəkdən birdən çox seçici siyahısına daxil edilməsinə görə -

xəbərdarlıq edilir və ya on manatdan iyirmi manatadək miqdarda cərimə edilir.

Maddə 44. Seçici siyahıları ilə vətəndaşların tanış olmaq hüququnun və digər hüquqlarının pozulması

44.0. Seçki komissiyasının (referendumun keçirilməsi üzrə komissiyanın) üzvü tərəfindən:

44.0.1. vətəndaşların seçici siyahıları (referendumda iştirak etmək hüququ olan şəxslərin siyahısı) ilə tanış olması hüququnun pozulmasına;

44.0.2. seçici siyahılarındakı(referendumda iştirak etmək hüququ olan şəxslərin siyahısındakı) yanlışlıqlar haqqında vətəndaşların ərizələrinə qanunvericiliklə müəyyən edilmiş müddətdə baxılmamasına;

44.0.3. seçici siyahılarına düzəlişlərin edilməsindən imtina barədə vətəndaşa yazılı şəkildə əsaslandırılmış cavab verilməməsinə;

44.0.4.   qeydiyyatdan keçmiş seçicilər barəsində məlumatların vaxtında rəsmiləşdirilməməsinə və dəqiqləşdirilməməsinə görə -

seçki komissiyasının (referendumun keçirilməsi üzrə komissiyanın) üzvü qırx manatdan altmış manatadək miqdarda cərimə edilir.

Maddə 45. Seçkilərdə (referendumda) iştirak etmək üçün məzuniyyətin verilməsindən imtina etmə

45.1. Dövlət və ya yerli özünüidarəetmə orqanlarına seçkilərin hazırlanmasında və ya keçirilməsində onun iştirakının təmin edilməsi məqsədilə deputatlığa və ya seçkili orqana (vəzifəyə) qeydə alınmış namizədə, namizədin vəkilinə və ya seçki komissiyasının (referendumun keçirilməsi üzrə komissiyanın) üzvünə qanunvericiliklə müəyyən edilmiş məzuniyyətin verilməsindən imtina etməyə görə -

qırx manatdan altmış manatadək miqdarda cərimə edilir.

45.2. Yerli özünüidarəetmə orqanlarına və ya deputatlığa seçilmiş şəxslərin dövlət vəzifələrinin icra edilməsi məqsədilə həmin şəxsləri işdən azad etməməyə görə -

əlli manatdan yetmiş manatadək miqdarda cərimə edilir.

Maddə 45-1. Qeydə alınmış namizədin seçkilərdə iştirak etdiyi müddətdə xidməti vəzifələrinin icrasını dayandırmaması

Dövlət və ya bələdiyyə xidmətində olan qeydə alınmış namizəd seçkilərdə iştirak etdiyi müddətdə xidməti vəzifələrinin icrasını dayandırmamasına görə -

səksən manatdan doxsan manatadək miqdarda cərimə edilir.

Maddə 45-2. Seçici imzalarının toplanması qaydasının pozulması

Mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərin, dövlət və bələdiyyə orqanlarının, qurumların və təşkilatların seçici imzalarının toplanmasında iştirak etməsinə görə -

vəzifəli şəxslər səksən manatdan doxsan manatadək miqdarda, hüquqi şəxslər iki yüz əlli manatdan üç yüz manatadək miqdarda cərimə edilir.

Maddə 46. Seçkilərin (referendumun) maliyyələşdirilməsi və ya maliyyə hesabatlarının təqdim edilməsi qaydalarının pozulması

46.1. Seçkilərin (referendumun) maliyyələşdirilməsinin qanunvericiliklə müəyyən edilmiş qaydalarının pozulmasına görə -

fiziki şəxslər on manatdan iyirmi manatadək miqdarda, vəzifəli şəxslər qırx manatdan altmış manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək miqdarda cərimə edilir.

46.2. Seçkilərin hazırlanmasına və keçirilməsinə ayrılmış vəsaitlərin xərclənməsi hesabatları barədə namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları tərəfindən maliyyə hesabatlarının təqdim və ya dərc edilməməsinə görə -

iyirmi manatdan otuz manatadək miqdarda cərimə edilir.

Maddə 47. Anonim təşviqat materiallarının və ya reklamların hazırlanması və yayılması qaydalarının pozulması

47.1. Seçkiqabağı və ya referendum ilə bağlı nəşr və audiovizual təşviqat materiallarında bu materialları hazırlayan və hazırlanmasını sifariş edən təşkilatların adı, materialların tirajı və buraxılış tarixi barədə məlumatların göstərilməməsinə görə -

on beş manatdan iyirmi beş manatadək miqdarda cərimə edilir.

47.2. Siyasi partiyaların, siyasi partiyaların bloklarının, namizədlərin və ya qeydə alınmış namizədlərin yazılı formada razılığı olmadan seçkiqabağı nəşr materiallarının hazırlanmasına, yaxud yayılmasına görə -

iyirmi manatdan otuz manatadək miqdarda cərimə edilir.

47.3. Siyasi partiyalar, siyasi partiyaların blokları, namizədlər və ya qeydə alınmış namizədlər barəsində reklamların hazırlanmasının və yayılmasının, yaxud xeyriyyə xidməti göstərilməsinin qanunvericiliklə müəyyən edilmiş qaydalarının pozulmasına görə -

iyirmi beş manatdan otuz beş manatadək miqdarda cərimə edilir.

Maddə 48. Səsvermənin nəticələri və ya seçkilərin yekunları haqqında məlumatın bilərəkdən təqdim edilməməsi və ya dərc olunmaması

48.1. Seçicilərin, qeydə alınmış namizədin, siyasi partiyaların, siyasi partiyaların bloklarının, referendum üzrə təşviqat qruplarının və namizədlərin vəkil edilmiş şəxslərinin, müşahidəçilərin, siyasi partiyaların, siyasi partiyaların bloklarının, referendum üzrə təşviqat qruplarının səlahiyyətli nümayəndələrinin, kütləvi informasiya vasitələrinin nümayəndələrinin tələbi ilə onların tanış olmaları üçün müvafiq seçki komissiyasının sədrləri tərəfindən səsvermənin yekunlarına və nəticələrinə aid məlumatların bilərəkdən təqdim edilməməsinə görə -

əlli manatdan yetmiş manatadək miqdarda cərimə edilir.

48.2. Səsvermənin yekunlarına və nəticələrinə aid məlumatların bilərəkdən qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə dərc edilməməsinə görə -

yetmiş manatdan doxsan manatadək miqdarda cərimə edilir.

Maddə 49. Yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin keçirilməsinə mane olma

Qanunvericiliklə müəyyən edilmiş qaydada təşkil edilən yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin keçirilməsinə mane olmağa görə -

fiziki şəxslər min beş yüz manatdan üç min manatadək miqdarda, vəzifəli şəxslər üç min manatdan altı min manatadək miqdarda, hüquqi şəxslər on beş min manatdan otuz min manatadək miqdarda cərimə edilir.

M a d d ə 49-1. Təhsil haqqında qanunvericiliyin pozulması

49-1.0. Təhsil haqqında qanunvericiliyin pozulmasına, yəni:

49-1.0.1. təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından məhrum edilməsinə;

49-1.0.2. təhsil müəssisəsində təhsilalana qarşı cinayət əlamətləri olmayan fiziki və (və ya) psixoloji zorakılığa yol verilməsinə;

49-1.0.3. qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla, təhsilalanların təhsil prosesi ilə bağlı olmayan işlərə və tədbirlərə cəlb edilməsinə;

49-1.0.4. dövlət təhsil və elmi-tədqiqat qrantlarının təhsil müəssisəsinin həmin qrantların verilmə məqsədlərinə uyğun gəlməyən fəaliyyət sahələrinin maliyyələşdirilməsinə yönəldilməsinə görə -

fiziki şəxslər yüz manat miqdarında, vəzifəli şəxslər üç yüz manat miqdarında, hüquqi şəxslər beş min manat miqdarında cərimə edilir.

M a d d ə  49-2. İnsanın immunçatışmazlığı virusuna yoluxması səbəbinə görə təhsil hüququnun pozulması

İnsanın immunçatışmazlığı virusuna yoluxması səbəbinə görə şəxsin özünün və ya ailə üzvlərinin təhsil almaq hüququnun hər hansı formada məhdudlaşdırılması, o cümlədən onların təhsil müəssisələrinə qəbulundan imtina olunması və ya onların istənilən tədbirlərdə iştirakına məhdudiyyətlər qoyulması, eləcə də təhsil müəssisəsindən xaric edilməsinə görə-

vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək miqdarda cərimə edilir.

M a d d ə  49-3. İnsanın immunçatışmazlığı virusu ilə yaşayan şəxslərin sosial xidmət müəssisələrinə yerləşdirilməsindən və onlara sosial xidmət göstərilməsindən imtina edilməsi

İnsanın immunçatışmazlığı virusu ilə yaşayan şəxslərin sosial xidmət müəssisələrinə yerləşdirilməsindən və onlara sosial xidmət göstərilməsindən imtina edilməsinə görə-

vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək miqdarda cərimə edilir.

 

M a d d ə 49-4. Siyasi partiyalar haqqında qanunvericiliyin pozulması

 

49-4.1. Siyasi partiyalar haqqında qanunvericiliyin pozulmasına, yəni:

49-4.1.1. siyasi partiya tərəfindən dövlət orqanlarının və vəzifəli şəxslərin fəaliyyətinə müdaxilə edilməsinə;

49-4.1.2. “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan olunmuş vəsaitin, o cümlədən ianələrin siyasi partiyalar tərəfindən qəbul edilməsinə;

49-4.1.3. Azərbaycan Respublikasının ərazisində xarici dövlətlərin siyasi partiyalarının, habelə onların bölmələrinin və təşkilatlarının yaradılmasına və fəaliyyətinə;

49-4.1.4. ləğv edilmiş siyasi partiyanın adından çıxış etməyə və ya fəaliyyət göstərməyə, yaxud onun fəaliyyətinin qanunsuz təşkilində və ya işində iştirak etməyə görə -

fiziki şəxslər yeddi yüz əlli manatdan min beş yüz manatadək miqdarda, vəzifəli şəxslər min beş yüz manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər səkkiz min manatdan on beş min manatadək miqdarda cərimə edilir.

49-4.2. Bu Məcəllənin 49-4.1-ci maddəsində nəzərdə tutulmuş xətaların il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə -

fiziki şəxslər min beş yüz manatdan üç min manatadək miqdarda, vəzifəli şəxslər üç min manatdan altı min manatadək miqdarda, hüquqi şəxslər on beş min manatdan otuz min manatadək miqdarda cərimə edilir.

 

Maddə 50. Müəlliflik hüququnun və əlaqəli hüquqların pozulması

Müəlliflik hüququnu və əlaqəli hüquqları pozmağa görə, bu az miqdarda ziyan vurduqda -

pirat nüsxələr, həmçinin pirat nüsxələrin hazırlanmasında (istehsal edilməsində) və yayılmasında istifadə olunan materiallar, avadanlıqlar və hüquqpozmaya səbəb olan digər vasitələr müsadirə edilməklə on beş manatdan qırx manatadək miqdarda cərimə edilir.

Qeyd: Bu Məcəllənin 50, 50-1 ,50-2-ci və 50-3-cü maddələrində "az miqdarda ziyan vurduqda" dedikdə, min manatadək olan məbləğ başa düşülür.

Maddə 50-1. İnteqral sxem topologiyasından istifadəyə müstəsna hüququn pozulması

Müəllifin və ya digər hüquq sahibinin icazəsi olmadan inteqral sxem topologiyasının orijinal olmayan hissəsinin çıxarılması istisna olmaqla, bütövlükdə, yaxud onun hər hansı bir hissəsinin inteqral sxemə daxil edilməsi yolu ilə və ya sürətinin başqa şəkildə cıxarılması, habelə topologiyanın və ya həmin topologiyadan ibarət inteqral sxemin tətbiq edilməsi, gətirilməsi, satış üçün təklif edilməsi, satılması, yaxud başqa formada təsərrüfat dövriyyəsinə daxil edilməsinə görə, bu az miqdarda ziyan vurduqda –

iyirmi manatdan qırx manatadək miqdarda cərimə edilir.

M a d d ə   5 0-2. Folklor nümunələrindən istifadə tələblərinin pozulması

Folklor nümunələrindən istifadə tələblərinin pozulmasına görə, bu, az miqdarda ziyan vurduqda –

folklor nümunələrinin istifadəsinə qoyulan tələblərin pozulması ilə hazırlanmış (istehsal edilmiş) və yayılmış folklor obyekti nüsxələri (pirat nüsxələr) müsadirə edilməklə fiziki şəxslər on beş manatdan iyirmi beş manatadək miqdarda, vəzifəli şəxslər otuz manatdan əlli manatadək miqdarda, hüquqi şəxslər yüz manatdan yüz əlli manatadək miqdarda cərimə edilir.

Maddə 50-3. Məlumat toplularından qeyri-qanuni istifadə edilməsi

Məlumat toplularından qeyri-qanuni istifadə edilməsinə görə, bu, az miqdarda ziyan vurduqda –

məlumat toplusunun pirat nüsxələri, həmçinin pirat nüsxələrin hazırlanmasında (istehsal edilməsində) və yayılmasında istifadə olunan materiallar, avadanlıqlar və hüquqpozmaya səbəb olan digər vasitələr müsadirə edilməklə fiziki şəxslər on beş manatdan iyirmi beş manatadək miqdarda, vəzifəli şəxslər otuz manatdan əlli manatadək miqdarda, hüquqi şəxslər yüz manatdan yüz əlli manatadək miqdarda cərimə edilir.

Maddə 51. Uşaqların tərbiyə və təlimi vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən yerinə yetirilməməsi

51.1. Yetkinlik yaşına çatmayanların tərbiyə və təlimi vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən üzrlü səbəblər olmadan yerinə yetirilməməsinəvə ya lazımınca yerinə yetirilməməsinə görə –

xəbərdarlıq edilir və ya qırx manatdan altmış manatadək miqdarda cərimə edilir.

51.1-1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi səbəblər istisna olmaqla, dünyəvi icbari ümumi оrta təhsil üzrə dərs gününün şagird tərəfindən bir ay ərzində 7 gündən çox buraxılmasına görə -

yüz manat miqdarında cərimə edilir.

51.2. Bu Məcəllənin 51.1-ci və 51.1-1-ci maddələrində nəzərdə tutulmuş əməllər yetkinlik yaşına çatmayanların baxımsız qalmasına səbəb olduqda –

altmış manatdan yüz manatadək miqdarda cərimə edilir.

51.3. Bu Məcəllənin 51.1, 51.1-1-ci və 51.2-ci maddələrində nəzərdə tutulmuş əməllər yetkinlik yaşına çatmayanların spirtli içki, narkotik vasitələr və ya psixotrop maddələr qəbul etməsinə və ya avaralıqla məşğul olmasına, cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış uşaqlar tərəfindən cinayət əlamətləri olan ictimai təhlükəli əməlin törədilməsinə və ya on dörd yaşından on altı yaşınadək uşaqlar tərəfindən inzibati xəta əlamətləri olan əməlin törədilməsinə səbəb olduqda –

əlli manatdan yüz manatadək miqdarda cərimə edilir.

Maddə 52. Valideynlərə kömək göstərməkdən qəsdən boyun qaçırma

Yetkinlik yaşına çatmış şəxslərin əmək qabiliyyəti olmayan valideynlərini saxlamaqdan və onlara baxmaqdan qəsdən boyun qaçırmasına görə -

xəbərdarlıq edilir və ya otuz manatdan qırx manatadək miqdarda cərimə edilir.

M a d d ə 52-1. Əmək pensiyaları haqqında qanunvericiliyin pozulması

52-1.1. Əmək pensiyasını təyin edən orqan tərəfindən əmək pensiyasının ödənilməsi barədə qərarın qanunvericiliklə müəyyən edilmiş müddətdə qəbul edilməməsinə, əmək pensiyasının təyin olunmasından imtina edilməsi barədə qərarda pensiya təyin olunmasından imtinanın səbəblərinin göstərilməməsinə və əmək pensiyasının təyin olunmasından imtina edilməsi barədə qərarın qanunvericiliklə müəyyən olunmuş müddətdə müraciət edənə göndərilməməsinə görə-

vəzifəli şəxslər otuz beş manatdan səksən manatadək miqdarda cərimə edilir.

 

52-1.2. Əmək pensiyaçısı və işəgötürən tərəfindən əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin dəyişməsinə və ödənilməsinin dayandırılmasına səbəb olan hallar barədə məlumatın əmək pensiyasını təyin edən orqana verilməməsinə görə -

otuz manatdan qırx manatadək miqdarda cərimə edilir.

Maddə 53. Əmək qanunvericiliyinin pozulması

53.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə -

fiziki şəxslər min manatdan iki min manatadək miqdarda, vəzifəli şəxslər üç min manatdan beş min manatadək miqdarda, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək miqdarda cərimə edilir.

53.2. Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisələrin, idarələrin və ya təşkilatların işəgötürənləri tərəfindən işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi qaydalarının pozulmasına görə -

yeddi yüz manatdan min iki yüz manatadək miqdarda çərimə edilir.

53.3. İşçiyə qanunvericiliklə müəyyən edilmiş minimum əmək haqqından aşağı məbləğdə əmək haqqı verilməsinə görə -

vəzifəli şəxslər min manatdan min beş yüz manatadək miqdarda çərimə edilir.

53.4. İşçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə -

vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək miqdarda çərimə edilir.

53.5. İşçinin məzuniyyət hüquqlarının pozulmasına, işçiyə əmək məzuniyyətinin verilməməsinə, habelə istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən edilmiş kompensasiyanın ödənilməməsinə görə -

vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək miqdarda çərimə edilir.

53.6. İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə -

vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək miqdarda çərimə edilir.

53.7. İşəgötürən tərəfindən əmək qanunvericiliyində müəyyən edilmiş müddətdə işçiyə əmək kitabçasının açılmamasına görə -

vəzifəli şəxslər beş yüz manatdan min manatadək miqdarda çərimə edilir.

53.8. İşəgötürən tərəfindən qanunvericiliyin tələbləri pozulmaqla fərdi icazə alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsinə görə -

otuz min manatdan otuz beş min manatadək miqdarda çərimə edilir.

53.9. İşəgötürən tərəfindən 15 yaşına çatmamış şəxslərin işə cəlb edilməsinə görə -

vəzifəli şəxslər min manatdan min beş yüz manatadək miqdarda, hüquqi şəxslər üç min manatdan beş min manatadək miqdarda cərimə edilir.

53.10. İşəgötürən tərəfindən uşaqların onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edilməsinə görə -

vəzifəli şəxslər üç min manatdan dörd min manatadək miqdarda, hüquqi şəxslər on min manatdan on üç min manatadək miqdarda cərimə edilir.

53.11. İnsanın immunçatışmazlığı virusu ilə yaşayan şəxsləri, işləməsinə yol verilməyən peşə növləri və vəzifələr istisna olmaqla, insanın immunçatışmazlığı virusuna yoluxması səbəbinə görə işə qəbul etməkdən, işdə irəli çəkməkdən imtina edilməsinə və ya həmin səbəbdən onların işdən azad edilməsinə görə-

vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək miqdarda cərimə edilir.

53.12. Şəxsin dağınıq skleroz xəstə olması səbəbinə görə əmək müqaviləsinin bağlanmasından imtina edilməsinə və ya əmək müqaviləsinə xitam verilməsinə (işəgötürənin müvafiq işi (vəzifəsi) olmadığı, habelə belə şəxslərin əməyindən istifadə olunmasına yol verilməyən iş yerlərinə işə götürməkdən imtina olunan hallar istisna olmaqla) görə -

vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək miqdarda cərimə edilir.

Qeyd: Bu Məcəllənin 53.1-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir.

Maddə 53-1. Məcburi əmək

Əmək müqaviləsinə xitam veriləcəyi və ya kollektiv müqavilədə müəyyən edilmiş güzəşt və imtiyazlardan məhrum ediləcəyi hədə-qorxusu ilə işçinin əmək funksiyasına daxil olmayan işin (xidmətin) yerinə yetirilməsinə məcbur edilməsinə görə - 

min manatdan iki min manatadək miqdarda çərimə edilir.

 

Maddə 53-2. Kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul etməmə

Müvafiq icra hakimiyyəti orqanı tərəfindən göndərilmiş əlilləri, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxsləri və sosial müdafiəyə xüsusi ehtiyacı olan digər şəxsləri onlar üçün kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul edilməməsinə, habelə dövlət büdcəsinə vəsait köçürülməməsinə görə -

əlli manatdan doxsan manatadək miqdarda cərimə edilir.

Maddə 53-4. Sosial müavinətlər haqqında qanunvericiliyin pozulması

53-4.1. Müvafiq icra hakimiyyəti orqanları tərəfindən sosial müavinətlərin təyin edilməsi barədə qərarın qanunvericiliklə müəyyən edilmiş müddətdə çıxarılmamasına, müavinətin təyin olunmasından imtina edilməsi barədə qərar qəbul edildikdə imtinanın səbəbləri göstərilməklə müraciət edən şəxsə qanunvericiliklə müəyyən edilmiş müddətdə rəsmi məlumatın verilməməsinə və ya imtinanın səbəbləri göstərilməməklə verilməsinə görə -

otuz beş manatdan səksən manatadək miqdarda cərimə edilir.

53-4.2. Müavinət alan şəxs (onun ailə üzvləri) tərəfindən müavinətlərin ödənişinin dayandırılmasına səbəb olan hallar barədə məlumatın müvafiq icra hakimiyyəti orqanlarına verilməmәsinə görə -

otuz manatdan qırx manatadək miqdarda cərimə edilir.

Maddə 53-5. Həmkarlar ittifaqları təşkilatlarının xüsusi hesabına üzvlük haqqı köçürməmə

Mülkiyyət formasından asılı olmayaraq işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçilərin əmək haqqından mühasibatlıq vasitəsi ilə həmkarlar ittifaqına üzvlük haqlarının tutulmasının təmin edilməməsinə və 4 iş günü müddətində həmin idarə, müəssisə və təşkilatın həmkarlar ittifaqı təşkilatının xüsusi hesabına köçürülməməsinə görə -

vəzifəli şəxslər min manatdan min beş yüz manatadək miqdarda cərimə edilirlər.

Maddə 53-6. Sosial xidmət haqqında qanunvericiliyin pozulması

53-6.1. Dövlət tərəfindən göstərilən sosial xidmətə olan tələbatın qiymətləndirilməsi, müəyyən edilməsi və qərar qəbul edilməsi üçün düzgün olmayan məlumatların verilməsinə görə -

əlli manat miqdarında cərimə edilir.

53-6.2. Dövlət tərəfindən sosial xidmət göstərilməsinin dayandırılmasına təsir göstərən dəyişikliklər barədə sosial xidmət göstərən subyektlərin məlumatlandırılmamasına görə -

əlli manat miqdarında cərimə edilir.

53-6.3. Sosial xidmətə tələbatı olmayan şəxsin qanunsuz və ya əsassız olaraq dövlət tərəfindən sosial xidmətə götürülməsi və ya dövlət tərəfindən sosial xidmət göstərilməsi üçün əsaslar olduqda şəxsin sosial xidmətə götürülməsindən imtina edilməsinə görə -

vəzifəli şəxslər yüz manat miqdarında cərimə edilir.

53-6.4. Sosial xidmətin göstərilməsi və ya sosial xidmətin göstərilməsindən imtina barədə qərar haqqında “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş müddətdə müraciət edən şəxsə rəsmi məlumatın verilməməsi və ya sosial xidmətdən imtina barədə qərarda imtinanın səbəblərinin göstərilməməsinə görə -

vəzifəli şəxslər yüz manat miqdarında cərimə edilir.

53-6.5. Sosial xidmət göstərilməsinin keyfiyyətini, həcmini və şərtlərini müəyyən edən tələblərin pozulmasına görə -

fiziki şəxslər əlli manat miqdarında, vəzifəli şəxslər yüz manat miqdarında, hüquqi şəxslər yüz əlli manat miqdarında cərimə edilir.

Maddə 54. Əməyin mühafizəsi qaydalarının pozulması

54.0. Əməyin mühafizəsi qaydalarının pozulmasına, yəni:

54.0.1. əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların tələblərinə əməl edilməməsinə;

54.0.2. binaların, qurğuların, avadanlığın və texnoloji proseslərin təhlükəsizliyinə riayət edilməməsinə;

54.0.3. bilavasitə iş yerlərinin sağlam sanitariya-gigiyena şəraitinin və əməyin mühafizəsinin qüvvədə olan normativlərə uyğunlaşdırılmamasına;

54.0.4. işçilərə lazımi sanitariya-məişət və müalicə-profilaktika xidmətinin təşkil edilməməsinə;

54.0.5. normal əmək və istirahət rejiminə riayət edilməməsinə;

54.0.6. işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin verilməməsinə;

54.0.7. işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının təşkil edilməsini və əməyin mühafizəsinin təbliğ edilməsinin təmin edilməməsinə;

54.0.8. kollektiv müqaviləyə əməyin mühafizəsi üzrə qaydaların daxil edilməməsinə və ya onlarda nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməməsinə;

54.0.9. Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi müddətdə və formada əməyin mühafizəsi, əmək şəraiti və onların qüvvədə olan normalara uyğunlaşdırılması üçün görülən tədbirlərin nəticələri haqqında statistik hesabatın verilməməsinə; görə -

54.0.10. maşın və avadanlıqların fırlanan və ötürücü hissələrinin istehsalçı tərəfindən təchiz edilmiş mühafizə qurğuları olmadan istismar edilməsinə görə -

min manatdan iki min manatadək miqdarda cərimə edilir.

Maddə 55. Sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin təmin edilməməsi

İşəgötürən tərəfindən işçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti ilə təmin edilməməsinə və ya kollektiv müqavilələrdə nəzərdə tutulan tədbirlərin yerinə yetirilməməsinə görə -

yeddi yüz manatdan min beş yüz manatadək miqdarda cərimə edilir.

Maddə 56. Əməyin mühafizəsi xidmətinin rəhbərinin və mütəxəssislərinin başqa işlərin yerinə yetirilməsinə cəlb edilməsi

İşəgötürən tərəfindən əməyin mühafizəsi xidmətinin rəhbərinin və mütəxəssislərinin öz vəzifələrinə aid olmayan işlərin yerinə yetirilməsinə cəlb olunmasına görə -

səkkiz yüz manatdan min altı yüz manatadək miqdarda cərimə edilir.

Maddə 57. Kollektiv müqavilənin (sazişin) bağlanmasından əsassız olaraq imtina edilməsi

Kollektiv müqavilənin (sazişin) bağlanmasından əsassız olaraq imtina edilməsinə görə -

min manatdan iki min manatadək miqdarda cərimə edilir.

Maddə 58. Kollektiv müqavilənin (sazişin) yerinə yetirilməməsi və ya pozulması

Kollektiv müqavilədən (sazişdən) irəli gələn öhdəliklərin işəgötürən tərəfindən yerinə yetirilməməsinə və ya pozulmasına görə -

min manatdan min beş yüz manatadək miqdarda cərimə edilir.

Maddə 59. Kollektiv danışıqların aparılması və kollektiv müqavilənin (sazişin) yerinə yetirilməsinə nəzarəti həyata keçirmək üçün lazım olan məlumatların təqdim edilməməsi

Kollektiv danışıqların aparılması və ya kollektiv müqavilənin (sazişin) yerinə yetirilməsinə nəzarəti həyata keçirmək üçün lazım olan məlumatların təqdim edilməməsinə görə -

yeddi yüz manatdan min beş yüz manatadək miqdarda cərimə edilir.

Maddə 60. Tətillərdə iştirak etməyə və ya iştirakdan imtina etməyə məcbur etmə

Zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə qorxutmaqla və ya şəxsin maddi cəhətdən asılı olmasından istifadə etməklə onu tətillərdə iştirak etməyə, yaxud iştirakdan imtina etməyə məcbur etməyə görə -

on manatdan otuz beş manatadək miqdarda cərimə edilir.

Maddə 60-1. Seksual qısnamaya məruz qalmış işçilərə qarşı təzyiqin göstərilməsi

Seksual qısnamaya görə işəgötürəndən və ya rəhbərindən şikayət etmiş işçiyə qarşı təzyiqin göstərilməsinə və ya işçinin təqib olunmasına görə -

vəzifəli şəxslər yetmiş manatdan doxsan manatadək miqdarda cərimə edilirlər.

 

Yeddinci fəsil

ƏHALİNİN SAĞLAMLIĞI, SANİTARIYA-GİGİYENA VƏ SANİTARİYA-EPİDEMİOLOJİ SALAMATLIĞI QAYDALARI ƏLEYHİNƏ OLAN İNZİBATİ XƏTALAR

Maddə 61. Zöhrəvi xəstəliklərlə və ya insanın immunçatışmazlığı virusuna yoluxmuş şəxslərin müalicədən boyun qaçırması

Zöhrəvi xəstəliklərlə və ya insanın immunçatışmazlığı virusuna yoluxması barəsində kifayət qədər məlumat olan şəxslərin səhiyyə orqanları tərəfindən xəbərdarlıq edildikdən sonra da müalicədən boyun qaçırmasına görə -

yüz manatdan yüz əlli manatadək miqdarda cərimə edilir.

Maddə 62. Zöhrəvi xəstəliklərlə və ya insanın immunçatışmazlığı virusuna yoluxmuş şəxslə əlaqədə olmuş şəxslərin müayinədən boyun qaçırması

Zöhrəvi xəstəliklərlə və ya insanın immunçatışmazlığı virusuna yoluxmuş şəxslə əlaqədə olmuş və profilaktik müayinəyə ehtiyacı olan şəxslərin müayinədən səhiyyə orqanları tərəfindən xəbərdarlıq edildikdən sonra da boyun qaçırmasına görə -

səksən manatdan yüz iyirmi manatadək miqdarda cərimə edilir.

Maddə 63. Zöhrəvi xəstəliklərlə və ya insanın immunçatışmazlığı virusuna yoluxma mənbəyinin gizlədilməsi

63.1. Zöhrəvi xəstəliyi olan şəxslər tərəfindən yoluxma mənbəyinin, habelə onlarla əlaqədə olub zöhrəvi xəstəliklərlə yoluxma təhlükəsi yaradan şəxslərin adlarının gizlədilməsinə görə -

yüz manatdan iki yüz manatadək miqdarda cərimə edilir.

63.2. İnsanın immunçatışmazlığı virusuna yoluxmuş şəxslər tərəfindən yoluxma mənbəyinin, habelə onlarla əlaqədə olub insanın immunçatışmazlığı virusuna yoluxma təhlükəsi yaradan şəxslərin adlarının gizlədilməsinə görə -

iki yüz manatdan dörd yüz manatadək miqdarda cərimə edilir.

Maddə 63-1. Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında qanunvericiliyin pozulması

63-1.1. Donor olmaq istəyən şəxs tərəfindən keçirdiyi və hazırkı xəstəlikləri, həmçinin narkotik vasitələr və psixotrop maddələr qəbul edib-etməməsi barədə düzgün məlumatın verilməməsinə görə -

otuz manatdan otuz beş manatadək miqdarda cərimə edilir.

63-1.2. Tibbi müayinə keçirilmədən donordan qanın, qan komponentlərinin götürülməsinə görə -

fiziki şəxslər otuz beş manatdan qırx manatadək miqdarda, vəzifəli şəxslər qırx manatdan altmış beş manatadək miqdarda, hüquqi şəxslər yüz manatdan yüz əlli manatadək miqdarda cərimə edilir.

63-1.3. Müalicə müəssisələri tərəfindən qanın, qan komponentlərinin resipiyentə köçürülməsi nəticəsində baş verən hər hansı ciddi əlavə təsirlər (posttransfuzion ağırlaşmalar) barəsində köçürülən qanın, qan komponentlərinin tədarükünü edən qan xidməti müəssisəsinə (qan bankına) və müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsinə görə -

fiziki şəxslər otuz beş manatdan qırx manatadək miqdarda, vəzifəli şəxslər qırx manatdan altmış beş manatadək miqdarda, hüquqi şəxslər yüz manatdan yüz əlli manatadək miqdarda cərimə edilir.

Maddə 64. Xüsusi razılıq (lisenziya) olmadan özəl tibbi fəaliyyətlə məşğul olma

64.1. Xüsusi razılıq (lisenziya) olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə -

fiziki şəxslər iki min manatdan üç min manatadək, vəzifəli şəxslər beş min manatdan on min manatadək, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək miqdarda cərimə edilir.

64.2. Qanunvericiliklə müəyyən edilmiş qaydada verilən müvafiq diplom və ya xüsusi icazə olmadan xalq təbabəti ilə məşğul olmağa görə -

dörd yüz manatdan altı yüz manatadək miqdarda cərimə edilir.

Maddə 65. Sanitariya-gigiyena və epidemiya əleyhinə rejimlərin pozulması

Müəssisələrdə, idarələrdə və təşkilatlarda sanitariya-gigiyena və epidemiya əleyhinə rejimlərin pozulmasına görə -

yüz manatdan iki yüz manatadək miqdarda cərimə edilir.

Maddə 65-1. Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında qanunvericiliyin pozulması

65-1.0. Süni qida məhsullarının istehsalçıları və distribütorları tərəfindən körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında qanunvericiliyin pozulmasına, yəni:

65-1.0.1. süni qida məhsullarının satış-sərgisinin və xüsusi nümayişinin reklam məqsədi ilə təşkil edilməsinə;

65-1.0.2. uşaqların qidalanması ilə bağlı elmi tədqiqat işlərini müvafiq icra hakimiyyəti orqanının müsbət rəyi olmadan maliyyələşdirilməsinə;

65-1.0.3. səhiyyə sistemi işçilərinin elmi və praktik konfranslarda, sessiyalarda, tibbi təhsil təcrübəsində iştirakına, tibb assosiasiyalarının fəaliyyətinə müvafiq icra hakimiyyəti orqanının müsbət rəyi olmadan sponsorluq edilməsinə görə -

fiziki şəxslər əlli manatdan yüz manatadək miqdarda, vəzifəli şəxslər yüz manatdan iki yüz manatadək miqdarda, hüquqi şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir.

 

Maddə 65-2. Uşaqların icbari dispanserizasiyası haqqında qanunvericiliyin pozulması

 

65-2.1. Uşağın qanuni nümayəndəsi tərəfindən dispanserizasiya ilə əlaqədar tibb işçilərinin göstərişlərinin yerinə yetirilməməsinə və ya həkimin çağırışı ilə uşağın aidiyyəti tibb müəssisəsinə gətirilməməsinə və ya daimi yaşayış yerini dəyişdirdikdə, bir ay müddətində ərazi üzrə tibb müəssisəsində uçota alınmamasına görə -

xəbərdarlıq edilir və ya iyirmi manat miqdarında cərimə edilir.

65-2.2. Dispanserizasiya tədbirlərinin keçirilməsi ilə əlaqədar uşaqlara illik tibbi baxışların və zəruri müayinələrin keçirilməməsinə, uşaqların sağlamlıq vəziyyətinin müəyyən edilməməsinə və qiymətləndirilməməsinə və ya hər uşaqla bağlı aparılmış müayinə və müalicə-sağlamlaşdırıcı tədbirlərin registrinin aparılmamasına, yaxud uşaqlar arasında xəstəliklərin səbəbləri aşkar edildikdən sonra onların aradan qaldırılması üzrə sosial, sanitariya-gigiyena, epidemiya əleyhinə və müalicə-sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməməsinə və ya xəstə və xəstələnmə riski olan uşaqların tibbi-sosial müəssisələrdə yerləşdirilməməsinə görə -

fiziki şəxslər iyirmi beş manat miqdarında, vəzifəli şəxslər əlli manat miqdarında, hüquqi şəxslər yüz manat miqdarında cərimə edilir.

 

Maddə 65-3. Sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması

65-3.1. Tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş xüsusi razılıqda (lisenziyada) göstərilən işlər və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə -

fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək, vəzifəli şəxslər səkkiz yüz manatdan bir min manatadək, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək miqdarda cərimə edilir.

65-3.2. Tibb işçiləri öz vəzifələrini yerinə yetirərkən, ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsi tələb olunan şəxsləri bu yardımı göstərən tibb müəssisələrinə göndərmədiklərinə görə -

fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək, vəzifəli şəxslər beş yüz manatdan səkkiz yüz manatadək miqdarda cərimə edilir.

 

Maddə 66. Nəqliyyatda sanitariya normalarının və qaydalarının, gigiyena normativlərinin pozulması

Qanunvericiliklə müəyyən edilmiş sanitariya normalarının və qaydalarının, gigiyena normativlərinin nəqliyyatda pozulmasına görə -

otuz manatdan əlli manatadək miqdarda cərimə edilir.

M a d d  ə  66-1. Tibbi, kosmetoloji, bərbərxana xidmətləri, eləcə də qan və digər bioloji mayelərlə təması nəzərdə tutan digər xidmətlər göstərilərkən universal təhlükəsizlik tədbirlərinin pozulması

Tibbi, kosmetoloji, bərbərxana xidmətləri, eləcə də qan və digər bioloji mayelərlə təması nəzərdə tutan digər xidmətlər göstərilərkən universal təhlükəsizlik tədbirlərinin pozulmasına görə-

fiziki şəxslər üç yüz manat miqdarında, vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək miqdarda, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək miqdarda cərimə edilir.

Maddə 67. Yaşayış məntəqələrinin və ya müəssisələrin, onların buraxılış komplekslərinin, binalarının, qurğularının layihələşdirilməsi, tikilməsi, yenidən qurulması, təkmilləşdirilməsi, yeni texnika ilə təchiz olunması zamanı sanitariya-epidemioloji salamatlığı təmin etməyə yönəldilmiş normaların və qaydaların, normativlərin pozulması

Sanitariya epidemioloji salamatlığı təmin etməyə yönəldilmiş normalara və qaydalara, normativlərə əməl etmədən, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılmadan yaşayış məntəqələrinin və ya mülkiyyət formasından asılı olmayaraq müəssisələrin, onların buraxılış komplekslərinin, binalarının, qurğularının layihələşdirilməsinə, tikilməsinə, yenidən qurulmasına, təkmilləşdirilməsinə, yeni texnika ilə təchiz olunmasına görə-

fiziki şəxslər qırx manatdan yetmiş manatadək miqdarda, vəzifəli şəxslər yüz manatdan iki yüz manatadək miqdarda, hüquqi şəxslər üç yüz manatdan altı yüz manatadək miqdarda cərimə edilir.

Maddə 68. Əhalinin qidalanmasının təşkilinə, yeyinti məhsullarının istehsalına, saxlanmasına, daşınmasına və satışına dair sanitariya normalarının və qaydalarının, gigiyena normativlərinin pozulması

68.1. Xüsusi təşkil olunmuş yerlərdə (yeməkxanalarda, restoranlarda, kafelərdə, barlarda və s.) əhalinin qidalanmasının təşkilinə və ya yeməklərin və içkilərin hazırlanmasına, onların saxlanmasına və əhaliyə satılmasına dair sanitariya normalarının və qaydalarının, gigiyena normativlərinin pozulmasına görə -

fiziki şəxslər əlli manatdan yüz manatadək miqdarda, vəzifəli şəxslər yüz manatdan iki yüz manatadək miqdarda, hüquqi şəxslər iki yüz manatdan dörd yüz manatadək miqdarda cərimə edilir.

68.2. Yeyinti məhsullarının istehsalı, saxlanması, daşınması və satışı zamanı sanitariya normalarının və qaydalarının, gigiyena normativlərinin pozulmasına görə -

fiziki şəxslər əlli manatdan yüz manatadək miqdarda, vəzifəli şəxslər yüz manatdan iki yüz manatadək miqdarda, hüquqi şəxslər iki yüz manatdan dörd yüz manatadək miqdarda cərimə edilir.

Maddə 68-1. Narkotik vasitələrin, psixotrop maddələrin və onların analoqlarının istehlakı, narkotik vasitələrin, psixotrop maddələrin və onların analoqlarının, prekursorların satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi

Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, narkotik vasitələrin, psixotrop maddələrin satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-

üç yüz manatdan dörd yüz manatadək miqdarda cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə - iki ayadək müddətə inzibati həbs tətbiq edilir.

Qeyd: Satış məqsədi olmadan hazırladığı, əldə etdiyi, saxladığı, daşıdığı və ya göndərdiyi şəxsi istehlak miqdarında narkotik vasitələri, psixotrop maddələri, onların analoqlarını və ya prekursorları könüllü surətdə təhvil verən şəxs bu qeyddə nəzərdə tutulan hərəkətlərə görə inzibati məsuliyyətdən azad edilir.

Maddə 68-2. Narkotik vasitələrin, psixotrop maddələrin və onların analoqlarının qanunsuz istehlakına yol verilməsi

Narkotik vasitələrin, psixotrop maddələrin və onların analoqlarının qanunsuz istehlakına yol verilməsinə görə -

şərti maliyyə vahidinin on beş mislindən iyirmi beş mislinədək miqdarda cərimə edilir.

Maddə 68-3. Narkotik vasitələrin, psixotrop maddələrin və onların analoqlarının istehlakı və ya daşınması hallarının, habelə belə istehlak nəticəsində yaranmış sərxoşluq vəziyyətinin müəyyən edilməsi məqsədi ilə keçirilən tibbi müayinədən boyun qaçırmaq

Narkotik vasitələrin, psixotrop maddələrin və onların analoqlarının istehlakı və ya daşınması hallarının, habelə belə istehlak nəticəsində yaranmış sərxoşluq vəziyyətinin müəyyən edilməsi məqsədi ilə keçirilən tibbi müayinədən boyun qaçırmağa görə -

yüz manatdan iki yüz manatadək miqdarda cərimə edilir.

Maddə 68-4. Dərman vasitələri haqqında qanunvericiliyin pozulması

68-4.1. Bilə-bilə keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş, qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən dərman vasitələrinin satışı, satış məqsədilə saxlanması və ya idxalı, habelə saxta dərman vasitələrinin istehsalı, satışı, satış məqsədilə saxlanması və ya idxalı, bu əməllər az miqdarda törədildikdə -

inzibati xətanın bilavasitə obyekti olan dərman vasitələri müsadirə edilməklə onun dəyərinin səksən faizindən yüz faizinədək miqdarda cərimə edilir.

68-4.2. Həkim resepti əsasında buraxılan dərman vasitələrinin reklam edilməsinə görə -

vəzifəli şəxslər doxsan manat, hüquqi şəxslər üç yüz manat cərimə edilir.

Qeyd: bu maddədə “az miqdar” dedikdə min manatadək olan məbləğ başa düşülür.

Maddə 68-5. Ekoloji təmiz kənd təsərrüfatı haqqında qanunvericiliyin pozulması

Ekoloji təmiz kənd təsərrüfatının tələblərinə cavab verməyən kənd təsərrüfatı və ərzaq məhsullarına ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının milli əmtəə nişanının vurulmasına, ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının dövriyyəsi ilə məşğul olan şəxslər tərəfindən həmin məhsulların ənənəvi üsullarla istehsal edilmiş məhsullarla qarışdırılmasına və spesifikliyinin qorunmamasına, etiketi üzərində istehsalında genetik modifikasiya olunmuş orqanizmlər və onların törəmələrindən istifadə edilməməsi haqqında məlumat göstərilməyən ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının Azərbaycan Respublikasında satışa çıxarılmasına görə-

fiziki şəxslər əlli manat miqdarında, vəzifəli şəxslər üç yüz manat miqdarında, hüquqi şəxslər iki min manat miqdarında cərimə edilir.

Maddə 68-6. Rəsmi tibbi icazə sənədləri olmadan bədən tərbiyəsi və idmanla məşğul olmağa cəlb etmə və idman yarışlarına buraxma

Məktəbdənkənar təhsil müəssisələri və bədən tərbiyəsi-idman təşkilatları tərəfindən uşaq və gənclərin qanunvericiliyə uyğun olaraq verilmiş rəsmi tibbi icazə sənədləri olmadan bədən tərbiyəsi və idmanla məşğul olmağa cəlb edilməsinə və ya idman yarışlarına buraxılmasına görə—

vəzifəli şəxslər yüz manatdan iki yüz manatadək miqdarda cərimə edilir.

Maddə 68-7. Dopinq vasitələrindən və (və ya) metodlarından istifadə və ya istifadəni təbliğ etmə

Dopinq vasitələrindən və (və ya) metodlarından istifadəyə və ya istifadəni təbliğ etməyə görə—

fiziki şəxslər əlli manatdan yüz manatadək miqdarda, vəzifəli şəxslər yüz manatdan iki yüz manatadək miqdarda cərimə edilir.

Maddə 68-8. Dərman vasitələrinin və qidaların tərkibinə dopinq vasitələri əlavə etməklə onların saxtalaşdırılması, satılması, həmçinin dopinq vasitələrinin hazırlanmasının, istehsalının, istifadəsinin vasitə və metodları, onların əldə edilməsi mümkün olan yerlər haqqında məlumatların yayılması

68-8.1. Dərman vasitələrinin və qidaların tərkibinə dopinq vasitələri əlavə etməklə onların saxtalaşdırılmasına və ya satılmasına görə—

fiziki şəxslər yüz əlli manatdan iki yüz manatadək miqdarda, vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək miqdarda, hüquqi şəxslər üç yüz manatdan dörd yüz manatadək miqdarda cərimə edilir.

68-8.2. Dopinq vasitələrinin hazırlanmasının, istehsalının, istifadəsinin vasitə və metodları, onların əldə edilməsi mümkün olan yerlər haqqında məlumatların yayılmasına görə—

fiziki şəxslər əlli manatdan yüz manatadək miqdarda, vəzifəli şəxslər yüz manatdan iki yüz manatadək miqdarda, hüquqi şəxslər iki yüz manatdan üç yüz manatadək miqdarda cərimə edilir.

Maddə 68-9. Dopinq nəzarəti qaydalarının pozulması

Bədən tərbiyəsi-idman təşkilatları, idmançılar, məşqçilər, həkimlər və digər mütəxəssislər tərəfindən dopinq nəzarəti qaydalarının pozulmasına görə—

yüz manatdan iki yüz manatadək miqdarda cərimə edilir.

Maddə 68-10. Tərkibində narkotik maddələr olan yabanı bitkilərin məhv edilməsi üzrə tədbirlər görülməməsi

Yerli özünüidarəetmə orqanlarının mülkiyyətində, bitkiçilik üzrə kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan fiziki və ya hüquqi şəxslərin icarəsində, istifadəsində və ya mülkiyyətində olan torpaq sahələrində aşkar edilmiş tərkibində narkotik maddələr olan yabanı bitkilərin məhv edilməsi üzrə tədbirlər görülməməsinə görə –

fiziki şəxslər yüz əlli manat miqdarda, vəzifəli şəxslər dörd yüz manat miqdarda, hüquqi şəxslər min manat miqdarda cərimə edilir.

Səkkizinci fəsil

MÜLKİYYƏT ƏLEYHİNƏ OLAN İNZİBATİ XƏTALAR

Maddə 69. Xırda talama

Xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -

əlli manatdan səksən manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə bir ayadək müddətə inzibati həbs tətbiq edilir.

Qeyd: Talanmış əmlakın dəyəri otuz manatdan yuxarı olmadıqda, bu xırda talama hesab edilir.

Maddə 70. Meşə fondu torpaqlarının özbaşına tutulması və ya həmin torpaqlardan qanunsuz istifadə edilməsi

Meşə fondu torpaqlarının özbaşına tutulmasına və ya istifadə barəsində lazımi icazə olmadan həmin torpaq sahələrində tikinti işlərinin aparılmasına və ya digər işlərin görülməsinə görə -

fiziki şəxslər yeddi yüz manatdan min manatadək miqdarda, vəzifəli şəxslər üç min beş yüz manatdan beş min manatadək miqdarda, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək miqdarda cərimə edilir.

Maddə 71. Xüsusi razılıq (lisenziya) və ya icazə olmadan yerin təkindən istifadə etmə

Xüsusi razılıq (lisenziya) və ya icazə olmadan və ya həmin sənəddə nəzərdə tutulmuş şərtləri pozmaqla yerin təkindən istifadə etməyə görə -

fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək miqdarda, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək miqdarda cərimə edilir.

Maddə 72. Su obyektləri üzərində mülkiyyət hüququnun pozulması

Su obyektləri üzərində mülkiyyət hüququnun pozulmasına görə -

fiziki şəxslər beş manatdan on manatadək miqdarda, vəzifəli şəxslər qırx manatdan qırx beş manatadək miqdarda, hüquqi şəxslər yüz manatdan yüz əlli manatadək miqdarda cərimə edilir.

Maddə 73. Heyvanlar aləmi obyektlərindən özbaşına istifadə etmə

Lazımi icazə olmadan heyvanlar aləmi obyektlərinin təbii mühitdən götürülməsinə və ya onlardan istifadə edilməsinə görə -

fiziki şəxslər iki yüz manatdan beş yüz manatadək miqdarda, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək miqdarda, hüquqi şəxslər beş min manatdan yeddi min beş yüz manatadək miqdarda cərimə edilir. 

 

Maddə 74. Mədəni sərvətlərin qorunması üzrə tələblərin pozulması

74.1. Mədəni sərvətlərin mühafizə siyahısına daxil edilmiş milli mədəni irs obyektlərinin Azərbaycan Respublikasının ərazisindən qanunsuz aparılmasına görə —

fiziki şəxslər min beş yüz manat miqdarında, vəzifəli şəxslər üç min manat miqdarında, hüquqi şəxslər on min manat miqdarında cərimə edilir.

74.2. Mühafizə dərəcəsi tətbiq edilmiş mədəni sərvətlərin müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmadan sökülməsinə, məhv edilməsinə, parçalanmasına, yeni quruluşa salınmasına, başqa yerə köçürülməsinə və zahiri görkəminin dəyişdirilməsinə görə —

fiziki şəxslər min beş yüz manat miqdarında, vəzifəli şəxslər üç min manat miqdarında, hüquqi şəxslər on min manat miqdarında cərimə edilir.

74.3. Mədəni və təbii irsin, o cümlədən "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tarix və mədəniyyət abidələrinin qorunması və istifadəsi üzrə tələblərin pozulmasına görə —

xəbərdarlıq edilir və ya fiziki şəxslər əlli manatdan yüz manatadək miqdarda, vəzifəli şəxslər iki yüz əlli manatdan üç yüz manatadək miqdarda, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək miqdarda cərimə edilir.

74.4. Bu Məcəllənin 74.3-cü maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə —

fiziki şəxslər iki yüz manat miqdarında, vəzifəli şəxslər beş yüz manat miqdarında, hüquqi şəxslər üç min manat miqdarında cərimə edilir.

Qeyd: Bu Məcəllənin 74.1-74.3-cü maddələri, həmin maddələrdə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir.

Maddə 75. Təsərrüfat əkinlərinin korlanması

Əkinlərin və ya bitkilərin üstü ilə avtomobil, traktor, kombayn və ya digər nəqliyyat vasitələrini, yaxud at arabalarını (kirşəni) sürməklə və ya digər üsullarla korlanmasına görə -

on beş manatdan otuz manatadək miqdarda cərimə edilir.

 

Doqquzuncu fəsil

ƏTRAF MÜHİTİN MÜHAFİZƏSİ, TƏBİƏTDƏN İSTİFADƏ VƏ EKOLOJİ TƏHLÜKƏSİZLİK QAYDALARI ƏLEYHİNƏ OLAN İNZİBATİ XƏTALAR

Maddə 76. Ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının, habelə zərərli fiziki təsirlərin hədlərinin yol verilə bilən normativlərdən artıq olması

76.1. Ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə -

vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək miqdarda, hüquqi şəxslər yeddi min beş yüz manatdan on iki min beş yüz manatadək miqdarda cərimə edilir.

76.2. Ətraf mühitin mühafizəsi məqsədilə səs-küyün, vibrasiyanın, elektromaqnit sahələrinin səviyyəsinin, radioaktiv şüalanmanın və başqa zərərli fiziki təsirlərin yol verilə bilən son hədlərinin normativlərinin pozulmasına görə -

vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda, hüquqi şəxslər on min manatdan on iki min beş yüz manatadək miqdarda cərimə edilir.

Maddə 76-1. Atmosfer havasının mühafizəsi sahəsində qanunvericiliyin pozulması

76-1.0. Atmosfer havasının mühafizəsi sahəsində qanunvericiliyin pozulması, yəni:

76-1.0.1. müvafiq icra hakimiyyəti orqanlarının xüsusi icazəsi olmadan atmosfer havasına zərərli maddələrin atılmasına;

76-1.0.2. atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirə nəzarət etmək məqsədilə quraşdırılmış qurğuların, avadanlıqların və cihazların istismarı qaydalarının pozulmasına;

76-1.0.3. atmosfer havasının mühafizəsi haqqında qanunvericiliyin tələblərinə cavab verməyən yeni və yenidən qurulmuş qurğuların və avadanlıqların istismara verilməsinə;

76-1.0.4. atmosfer havasının mühafizəsi sahəsində qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verməyən və atmosfer havasına zərərli maddələrin atılmasına nəzarət üçün texniki vasitələrlə təmin olunmasını nəzərə almayan kəşflərin, ixtiraların, səmərələşdirici təkliflərin, yeni texniki sistemlərin, maddələrin tətbiq edilməsinə, habelə bu cür texnoloji avadanlıqların idxal edilməsinə;

76-1.0.5. sənaye və məişət tullantılarının toplanması, yandırılması, bitki aləmini qoruyan, onların artımını təmin edən vasitələrin, mineral gübrələrin və digər preparatların daşınması, saxlanması, tətbiqi qaydalarının pozulması nəticəsində atmosfer havasının çirklənməsinə;

76-1.0.6. müəssisə, idarə və təşkilatların yerləşdiyi yerlərdə atmosfer havasının vəziyyətinə nəzarət qaydalarına əməl edilməməsinə görə -

fiziki şəxslər üç yüz manatdan yeddi yüz manatadək miqdarda, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək miqdarda, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək miqdarda cərimə edilir.

Maddə 77. Radioaktiv maddələrlə iş zamanı ekoloji tələblərin pozulması

77.1. Radioaktiv maddələrin daşınmasının, basdırılmasının, nəql edilməsinin və ya istehsalının müəyyən edilmiş qaydalarının gözlənilməməsinə, ətraf mühitin radioaktiv çirklənməsinin qarşısının alınması və aradan qaldırılması üzrə tədbirlərin görülməməsinə görə-

fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək miqdarda, vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək miqdarda, hüquqi şəxslər on beş min manatdan on səkkiz min manatadək miqdarda cərimə edilir.

77.2. Ətraf mühitin radioaktiv çirklənməsi aşkar edildikdə, bu barədə müvafiq orqanlara dərhal məlumat verilməməsinə görə -

fiziki şəxslər dörd yüz manatdan beş yüz manatadək miqdarda, vəzifəli şəxslər üç min manatdan üç min beş yüz manatadək miqdarda cərimə edilir.

Maddə 78. Müəssisələrin, qurğuların və başqa obyektlərin tikintisinə və yenidən qurulmasına dair ekoloji tələblərin pozulması

78.1. Müəssisələrin, qurğuların və başqa obyektlərin tikintisi və yenidən qurulması zamanı ətraf mühitin keyfiyyət normativlərinə riayət olunmamasına görə -

vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək miqdarda, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək miqdarda cərimə edilir.

78.2. Tikinti işləri aparıldıqda torpaqların rekultivasiyası, təbii resursların bərpası və səmərəli istifadəsi, ərazilərin abadlaşdırılması və ətraf mühitin sağlamlaşdırılması üzrə tədbirlərin görülməməsinə görə -

vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək miqdarda, hüquqi şəxslər on min manatdan on iki min beş yüz manatadək miqdarda cərimə edilir.

Maddə 79. Müəssisələr, qurğular və başqa obyektlər istismara verildikdə və ya istismar müddətində ekoloji tələblərin pozulması

79.1. Son hədləri yol verilən normativlər səviyyəsində zərərli maddələrin və tullantıların zərərsizləşdirilməsi və istifadə edilməsi üzrə təmizləyici qurğularla və avadanlıqlarla təmin edilməyən və ya təbii resursların səmərəli istifadəsi, bərpası və torpaqların rekultivasiyası üzrə layihələşdirmə başa çatdırılmadıqda müəssisələrin, qurğuların və başqa obyektlərin istismara verilməsinə görə -

vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək miqdarda, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək miqdarda cərimə edilir.

79.2. Ətraf mühitə buraxılan tullantıların təmizlənməsi və tullantılara nəzarət üçün qurulmuş qurğuların, avadanlığın, aparatların istismar qaydalarının pozulmasına və ya bunlardan istifadə edilməməsinə görə -

fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək miqdarda, vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək miqdarda, hüquqi şəxslər iyirmi min manatdan qırx min manatadək miqdarda cərimə edilir.

Maddə 80. Ətraf mühitə tullantılarında müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr olan nəqliyyat vasitələrinin istehsalı, idxalı, istismara buraxılması

80.1. Ətraf mühitə tullantılarında çirkləndirici maddələrin yol verilən hədlərinin və ya səs-küyün və vibrasiyanın yol verilən səviyyələrinin qanunvericilik aktı ilə müəyyən edilən normativlərə və standartlara uyğun olmayan nəqliyyat vasitələrinin istehsalına və ya idxalına görə -

vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək miqdarda, hüquqi şəxslər on iki min beş yüz manatdan on beş min manatadək miqdarda cərimə edilir.

80.2. Ətraf mühitə tullantılarında müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr olan nəqliyyat vasitələrinin istismara buraxılmasına görə -

fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək miqdarda cərimə edilir.

Maddə 81. Ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin və ya təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçot və hesabatının aparılmaması

Ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunun və hesabatının aparılmamasına görə -

vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda, hüquqi şəxslər səkkiz min beş yüz manatdan on min manatadək miqdarda cərimə edilir.

Maddə 82. Ətraf mühitin mühafizəsi sahəsində standartlaşdırma qaydalarının pozulması

Ətraf mühitin mühafizəsi sahəsində mövcud standartların və texniki tələblərin pozulması ilə məhsulların (məmulatların) hazırlanmasına, satılmasına, saxlanılmasına, nəql edilməsinə, istifadəsinə, istismarına və təmirinə, yaxud işlərin və xidmətlərin yerinə yetirilməsinə görə -

fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda, hüquqi şəxslər on min manatdan on iki min beş yüz manatadək miqdarda cərimə edilir.

Maddə 83. Ətraf mühitin mühafizəsi sahəsində sertifikatlaşdırma qaydalarının pozulması

Ətraf mühitin mühafizəsi sahəsində məcburi sertifikatlaşdırılmalı olan məhsulların belə sertifikat olmadan istehsal edilməsinə, işlərin (xidmətlərin) yerinə yetirilməsinə görə -

vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda, hüquqi şəxslər on min manatdan on iki min beş yüz manatadək miqdarda cərimə edilir.

Maddə 83-1. Təhlükəli mənbəyi olan müəssisənin mülki məsuliyyətini sığortalamaması  

Təhlükəli mənbəyi olan müəssisənin mülki məsuliyyətini sığortalamadan fəaliyyət göstərməsinə görə –

vəzifəli şəxslər üç min manat, hüquqi şəxslər altı min manat miqdarında cərimə edilir.

Maddə 84. Xüsusi mühafizə olunan təbiət ərazilərindən istifadə qaydalarının pozulması

Xüsusi mühafizə olunan təbiət ərazilərindən istifadə qaydalarının, həmin ərazilərin mühafizə rejiminin pozulmasına görə -

fiziki şəxslər dörd yüz manatdan altı yüz manatadək miqdarda, vəzifəli şəxslər iki min manatdan üç min manatadək miqdarda cərimə edilir.

Maddə 84-1. Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında qanunvericiliyin pozulması

Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında qanunvericiliyin pozulmasına görə -

xəbərdarlıq edilir və ya üç yüz manatdan min manatadək miqdarda cərimə edilir.

Maddə 85. Yerin təkindən istifadə qaydalarının pozulması

85.0. Yerin təkindən istifadə qaydalarının pozulmasına, yəni:

85.0.1. yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz aparılması, yer təkinin və ətraf mühitin mühafizəsi üzrə standartların (normaların, qaydaların) tələblərinin pozulmasına;

85.0.2. yer təkinin çirklənməsinə və faydalı qazıntı yatağının istismar üçün yararsız hala düşməsinə yol verilməsinə;

85.0.3. geoloji və ya digər məlumatlara mülkiyyət hüququnun və bu məlumatların məxfiliyinin pozulmasına;

85.0.4. faydalı qazıntı yayılan sahələrdə özbaşına tikinti işlərinin aparılmasına;

85.0.5. yerin təkindən istifadə edilərkən bina və qurğuların, eləcə də xüsusi mühafizə olunan ərazilərin və ətraf mühit obyektlərinin toxunulmazlığının təmin edilməməsinə;

85.0.6. yeraltı suların müşahidə quyularının, markşeyder və geodeziya nişanlarının məhv edilməsinə və zədələnməsinə;

85.0.7. yerin təkindən istifadə edərkən haqvermə qaydalarının müntəzəm olaraq pozulmasına;

85.0.8. ləğv edilən və konservasiya olunan dağ-qazmalarının və buruq quyularının əhalinin və ətraf mühitin təhlükəsizliyini təmin edən vəziyyətə gətirilməsi, habelə konservasiya müddəti ərzində faydalı qazıntı yataqlarının, dağ-qazmaların və buruq quyularının qorunması tələblərinə əməl edilməməsinə;

85.0.9. yerin təkindən istifadə edilərkən yararsız hala salınmış torpaq sahələrinin və digər təbiət obyektlərinin onların gələcək istifadəsi üçün yararlı vəziyyətə gətirilməməsinə;

85.0.10. yerin təkindən istifadə zamanı elm və mədəniyyət üçün maraq doğuran obyektlər aşkar edilərkən həmin sahədə işlərin dayandırılmamasına və xüsusi razılıq və ya icazə verən orqana məlumat verilməməsinə görə -

fiziki şəxslər altı yüz manatdan min manatadək miqdarda, vəzifəli şəxslər min iki yüz manatdan iki min manatadək miqdarda, hüquqi şəxslər beş min manatdan altı min manatadək miqdarda cərimə edilir.

Maddə 86. Torpaqların (meşə fondu torpaqlarının) zibillənməsi və korlanması

86.1. Torpaqların (meşə fondu torpaqlarının) istehsalat və məişət tullantıları ilə zibilləndirilməsinə və ya kimyəvi, radioaktiv maddələrlə, çirkab suları ilə çirkləndirilməsinə, yaxud bakterial-parazitik və zərərli karantin orqanizmlərlə yoluxdurulmasına görə -

fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək miqdarda, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək miqdarda, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək miqdarda cərimə edilir.

86.2. Torpaqların (meşə fondu torpaqlarının) münbit qatının korlanmasına görə -

fiziki şəxslər altı yüz manatdan min manatadək miqdarda, vəzifəli şəxslər iki min manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək miqdarda cərimə edilir.

Maddə 87. Torpaqlardan təsərrüfatsızcasına istifadə edilməsi

87.1. Torpaqları yaxşılaşdırmaq və onları külək, su erroziyasından və torpaqların münbitliyini pisləşdirən digər proseslərdən mühafizə etmək üçün məcburi tədbirlərin görülməməsinə görə -

fiziki şəxslər iyirmi manatdan otuz beş manatadək miqdarda, vəzifəli şəxslər qırx manatdan altmış beş manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan yüz doxsan manatadək miqdarda cərimə edilir.

87.2. Torpağın vəziyyətinə zərərli təsir göstərən obyektlərin layihələşdirilməsinə, tikilməsinə və istismara verilməsinə görə -

fiziki şəxslər otuz manatdan qırx manatadək miqdarda, vəzifəli şəxslər qırx beş manatdan yetmiş manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan yüz doxsan manatadək miqdarda cərimə edilir.

Maddə 88. Torpaqların dövlət uçotundan, qeydiyyatından gizlədilməsi və ya kəmiyyətinə və keyfiyyətinə dair məlumatların təhrif edilməsi

Torpaqların dövlət uçotundan, qeydiyyatından gizlədilməsinə və ya kəmiyyətinə və keyfiyyətinə dair məlumatların təhrif edilməsinə görə -

on beş manatdan əlli manatadək miqdarda cərimə edilir.

Maddə 88-1. Torpaq sahəsinin məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsi

88-1.1. Torpaq sahəsinin məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə -

fiziki şəxslər üç yüz manat miqdarında, vəzifəli şəxslər altı yüz manat miqdarında, hüquqi şəxslər üç min manat miqdarında cərimə edilir.

88-1.2. Bu Məcəllənin 88-1.1-ci maddəsində nəzərdə tutulmuş xətanın kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədilməsinə görə -

fiziki şəxslər beş yüz manat miqdarında, vəzifəli şəxslər min manat miqdarında, hüquqi şəxslər beş min manat miqdarında cərimə edilir.

 

Maddə 88-2. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələri ilə bağlı tələblərin pozulması

 

88-2.1. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələri ilə bağlı tələblərin pozulmasına, yəni:

88-2.1.1. həmin torpaq sahələrinin müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan hasara alma yolu ilə və ya digər üsullarla bağlanılmasına;

88-2.1.2. həmin torpaq sahəsinin müvafiq icra hakimiyyəti orqanının icazəsi ilə hasara alma yolu ilə və ya digər üsullarla bağlanılması zamanı Azərbaycan Respublikasının Torpaq Məcəlləsində nəzərdə tutulmuş hasarlanma və bağlanma üçün istifadə edilən tikinti konstruksiyalarının dənizin və onun sahilində su ilə qurunun təmas xəttinin görünməsinin və ya dəniz sahilinə gediş-gəlişin məhdudlaşdırılmasına, yaxud həmin hasar və ya tikinti konstruksiyasının uzunluğunun hər 200 metrindən bir dövlət sərhədinin mühafizəsinin təmin olunması məqsədi ilə eni 6 metrdən az olmayaraq sahilə birbaşa keçidin təmin olunmamasına;

88-2.1.3. dövlətin iqtisadi və ya təhlükəsizlik mənafelərinin təmin edilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının qərarı olmadan həmin torpaq sahəsində dəniz sahilinə gediş-gəlişin məhdudlaşdırılmasına görə -

fiziki şəxslər dörd min manat miqdarında, vəzifəli şəxslər səkkiz min manat miqdarında, hüquqi şəxslər qırx min manat miqdarında cərimə edilir

88-2.2. Bu Məcəllənin 88-2.1-ci maddəsində nəzərdə tutulmuş xətaların il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə -

fiziki şəxslər beş min manat miqdarında, vəzifəli şəxslər on min manat miqdarında, hüquqi şəxslər əlli min manat miqdarında cərimə edilir.

 

M a d d ə 88-3. Torpaq sahələrinin tikinti üçün ayrılması qaydalarının pozulması

Vəzifəli şəxs tərəfindən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalar və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtləri pozulmaqla torpaq sahələrinin (magistral boru kəmərlərinin, gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkələrinin, metropolitenin, dəmir yolu qurğularının, müdafiə obyektlərinin, su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğularının, neft buruqlarının, avtomobil yollarının və ya suların mühafizə zonalarındakı torpaq sahələri, habelə kənd təsərrüfatı təyinatlı torpaqlar istisna olmaqla) tikinti üçün ayrılmasına görə -

min beş yüz manat miqdarındarimə edilir.

Maddə 89. Mərz nişanlarının məhv edilməsi

Mülkiyyətdə və ya istifadədə (icarədə) olan torpaqların hüdudlarının, mərz nişanlarının məhv edilməsinə görə -

on beş manatdan iyirmi manatadək miqdarda cərimə edilir.

Maddə 90. Torpaq sahələrindən meteoroloji şəbəkələrin, ölçmə vasitələrinin və digər vasitələrin sıradan çıxarılması və torpaqların kateqoriyalarının dəyişdirilməsi

90.1. Torpaq sahələrindən meteoroloji şəbəkələrin və ölçmə vasitələrinin, geodeziya istinad məntəqələrinin və ya meliorasiya və irriqasiya sistemlərinin sıradan çıxarılmasına görə -

fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək miqdarda, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək miqdarda cərimə edilir.

90.2. Qanunvericiliyə riayət edilmədən torpaqların kateqoriyalarının dəyişdirilməsinə görə -

fiziki şəxslər iyirmi manatdan iyirmi beş manatadək miqdarda, vəzifəli şəxslər əlli manatdan yetmiş manatadək miqdarda cərimə edilir.

90.3. Meliorasiya və irriqasiya sistemlərinin sıradan çıxarılmasına görə-

fiziki şəxslər on beş manatdan iyirmi manatadək miqdarda, vəzifəli şəxslər qırx manatdan altmış manatadək miqdarda cərimə edilirlər.

Maddə 91. Meşəqırma fondundan istifadənin, oduncağın tədarük edilib daşınmasının müəyyən edilmiş qaydasının pozulması

Meşəqırma fondundan istifadənin, oduncağın tədarük edilib daşınmasının müəyyən edilmiş qaydasının pozulmasına görə -

fiziki şəxslər üç yüz manatdan doqquz yüz manatadək miqdarda, vəzifəli şəxslər iki min yeddi yüz manatdan üç min altı yüz manatadək miqdarda, hüquqi şəxslər beş min beş yüz manatdan səkkiz min manatadək miqdarda cərimə edilir.

Maddə 92. Meşəqırma bileti (orderi) olmadan köküstə yaş ağacların və kolların qanunsuz kəsilməsi və zədələnməsi, meşə bitkilərinin və cavan ağacların məhv edilməsi və zədələnməsi

92.1. Meşəqırma bileti (orderi) olmadan meşə fondunda köküstə yaş ağacların və kolların qanunsuz kəsilməsinə və ya onların zədələnməsinə və ya meşə əkinlərində, tingliklərində, böyümə və plantasiya sahələrində toxmacarların və tinglərin, yaxud meşənin bərpa edilməsi üçün müəyyən olunmuş sahələrdə təbii əmələ gəlmiş cavan ağacların və cücərtilərin məhv edilməsinə və ya zədələnməsinə görə -

fiziki şəxslər yeddi yüz manatdan min manatadək miqdarda, vəzifəli şəxslər dörd min beş yüz manatdan beş min manatadək miqdarda cərimə edilir.

92.2. Meşə fonduna aid olmayan ağac və ya kol əkililərinin zədələnməsinə, kəsilməsinə və ya məhv edilməsinə görə -

fiziki şəxslər iki min iki yüz manatdan iki min beş yüz manatadək miqdarda, vəzifəli şəxslər doqquz yüz manatdan on min manatadək miqdarda, hüquqi şəxslər qırx min manatdan əlli min manatadək miqdarda cərimə edilir.

92.3. eyni inzibati xəta

92.3.1. şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti işləri aparılarkən lazımi icazə olmadan törədildikdə, hər bir ağacın və ya kol əkililərinin zədələnməsinə və ya məhv edilməsinə, habelə qanunvericiliklə nəzərdə tutulmuş qaydada lazımi icazə olmadan kəsilməsinə görə -

fiziki şəxslər min iki yüz manatdan min beş yüz manatadək miqdarda, vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min manatadək miqdarda, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək miqdarda cərimə edilir.

92.3.2. magistral avtomobil yollarının və dəmir yolunun mühafizə zolaqlarında yerləşən yaşıllıq sahələrində lazımi icazə olmadan törədildikdə, hər bir ağacın və ya kol əkililərinin zədələnməsinə və ya məhv edilməsinə, habelə qanunvericiliklə nəzərdə tutulmuş qaydada lazımi icazə olmadan kəsilməsinə görə -

fiziki şəxslər min manatdan min üç yüz manatadək miqdarda, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək miqdarda cərimə edilir.

92.3.3. su obyektlərinin və su təsərrüfatı obyektlərinin (su anbarları da daxil olmaqla) mühafizə zolağında yerləşən yaşıllıq sahələrində lazımi icazə olmadan törədildikdə, hər bir ağacın və ya kol əkililərinin zədələnməsinə və ya məhv edilməsinə, habelə qanunvericiliklə nəzərdə tutulmuş qaydada lazımi icazə olmadan kəsilməsinə görə -

fiziki şəxslər iki min manatdan iki min beş yüz manatadək miqdarda, vəzifəli şəxslər beş min manatdan altı min manatadək miqdarda, hüquqi şəxslər otuz min manatdan qırx min manatadək miqdarda cərimə edilir.

92.3.4. müvafiq icra hakimiyyəti orqanı tərəfindən tərtib edilmiş yaşıllıq ərazilərinin kadastrında olan ağac və ya kol əkililərinin zədələnməsinə və ya məhv edilməsinə, habelə qanunvericiliklə nəzərdə tutulmuş qaydada lazımi icazə olmadan kəsilməsinə görə -

fiziki şəxslər iki min manatdan iki min beş yüz manatadək miqdarda, vəzifəli şəxslər altı min manatdan yeddi min manatadək miqdarda, hüquqi şəxslər qırx min manatdan qırx beş min manatadək miqdarda cərimə edilir.

Maddə 93. Meşəqırma biletində (orderində) və ya meşə biletində nəzərdə tutulmuş məqsədləri və ya tələbləri gözləmədən meşədən istifadə etmə

Meşəqırma biletində (orderində) və ya meşə biletində nəzərdə tutulmuş məqsədləri və ya tələbləri gözləmədən meşədən istifadəyə görə -

fiziki şəxslər üç yüz manatdan altı yüz manatadək miqdarda, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək miqdarda cərimə edilir.

Maddə 94. Meşələrin bərpası, məhsuldarlığının artırılması, cins tərkibinin yaxşılaşdırılması və yetişmiş oduncaq ehtiyatlarından istifadə qaydalarının pozulması

Meşələrin bərpasına, vəziyyətinin və cins tərkibinin yaxşılaşdırılmasına, məhsuldarlığının artırılmasına və yetişmiş oduncaq ehtiyatlarından istifadəyə dair qaydaların pozulmasına görə -

fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər səkkiz min manatdan doqquz min manatadək miqdarda cərimə edilir.

Maddə 95. Meşə fondu torpaqlarında biçənəklərin və otlaq sahələrinin zədələnməsi və ya korlanması

Meşə fondu torpaqlarında biçənəklərin və ya otlaq sahələrinin zədələnməsinə və ya korlanmasına görə -

fiziki şəxslər üç yüz manatdan altı yüz manatadək miqdarda, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək miqdarda cərimə edilir.

Maddə 96. Meşə fondu sahələrində özbaşına ot biçilməsi və ya mal-qara otarılması, özbaşına yabanı meyvə, qoz-fındıq, göbələk, giləmeyvə yığılması

Meşə fondu sahələrində özbaşına ot biçilməsinə və ya mal-qara otarılmasına və ya yabanı meyvə, qoz-fındıq, göbələk, giləmeyvə və sair yığılması qadağan edilən və ya buna ancaq meşə biletləri üzrə yol verilən sahələrdə onların özbaşına yığılmasına görə -

fiziki şəxslər dörd yüz manatdan altı yüz manatadək miqdarda, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək miqdarda, hüquqi şəxslər beş min manatdan altı min beş yüz manatadək miqdarda cərimə edilir.

Maddə 97. Meşə fondu torpaqlarında meşələrə zərərli təsirin qarşısını alan qurğuları olmayan istehsal obyektlərinin tikilməsi və ya istifadəyə verilməsi

Meşə fondu torpaqlarında meşələrə zərərli təsirin qarşısını alan qurğuları olmayan istehsal obyektlərinin və ya digər obyektlərin tikilməsinə və ya istifadəyə verilməsinə görə -

fiziki şəxslər yeddi yüz manatdan min manatadək miqdarda, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək miqdarda, hüquqi şəxslər doqquz min manatdan on iki min manatadək miqdarda cərimə edilir.

Maddə 98. Meşə fondu torpaqlarında meşəsuvarma şəbəkələrinin, drenaj sistemlərinin və yolların məhv edilməsi və ya korlanması

Meşə fondu torpaqlarında meşəsuvarma şəbəkələrinin, drenaj sistemlərinin və yolların məhv edilməsinə və ya korlanmasına görə -

fiziki şəxslər üç yüz manatdan altı yüz manatadək miqdarda, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda, hüquqi şəxslər altı min manatdan yeddi min beş yüz manatadək miqdarda cərimə edilir.

Maddə 99. Meşə fondu torpaqlarında məhdudlaşdırıcı nişanların (sərhəd, kvartal və sairə göstərici dirəklərin) məhv edilməsi və zədələnməsi

Meşə fondu torpaqlarında məhdudlaşdırıcı nişanların (sərhəd, kvartal və sairə göstərici dirəklərin) məhv edilməsinə və zədələnməsinə görə -

fiziki şəxslər üç yüz manatdan altı yüz manatadək miqdarda, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər beş min beş yüz manatdan altı min beş yüz manatadək miqdarda cərimə edilir.

Maddə 100. Meşə üçün faydalı faunanın məhv edilməsi

Meşə üçün faydalı faunanın məhv edilməsinə görə -

fiziki şəxslər iki yüz manatdan beş yüz manatadək miqdarda, vəzifəli şəxslər iki min manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər altı min manatdan yeddi min beş yüz manatadək miqdarda cərimə edilir.

Maddə 101. Su obyektlərindən və sudan istifadə qaydalarının pozulması

101.1. Su obyektlərindən istifadə qaydalarının pozulmasına, yəni:

101.1.1. su obyektlərində hidrotexniki və digər qurğuların özbaşına tikilməsinə;

101.1.2. su obyektlərinin özbaşına tutulmasına;

101.1.3. su obyektlərindən istifadə üzrə xüsusi razılıq (lisenziya) və ya icazə ilə müəyyən edilmiş şərtlərin pozulmasına görə -

fiziki şəxslər on manatdan on beş manatadək miqdarda, vəzifəli şəxslər otuz manatdan qırx beş manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan yüz yetmiş beş manatadək miqdarda cərimə edilir.

101.2. Lazımi icazə olmadan sudan özbaşına istifadə edilməsinə, yəni:

101.2.1. sudan istifadə etmə limitlərinə əməl edilməməsinə;

101.2.2. su ehtiyatlarından israfçılıqla istifadə edilməsinə;

101.2.3. su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vurulmasına;

101.2.4. içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə -

fiziki şəxslər iyirmi manatdan qırx manatadək miqdarda, vəzifəli şəxslər altmış manatdan doxsan manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan üç yüz manatadək miqdarda cərimə edilir.

Qeyd: Bu maddədə “az miqdarda” dedikdə, min manatadək olan məbləğ başa düşülür.

Maddə 101-1. Su təchizatı sahəsində qanunvericiliyin tələblərinin pozulmasının qarşısını almağa istehlakçı tərəfindən maneələr törədilməsi

Su təchizatı müəssisəsinin səlahiyyətli şəxsi tərəfindən su qanunvericiliyinin tələblərinin pozulmasının qarşısını almaq məqsədi ilə səlahiyyətləri çərçivəsində tədbirlərin həyata keçirilməsinə, yaxud həmin şəxsin qanuni tələblərinin yerinə yetirilməsinə istehlakçı tərəfindən maneələr törədilməsinə görə —

fiziki şəxslər iyirmi manat miqdarında, vəzifəli şəxslər əlli manat miqdarında, hüquqi şəxslər yüz manat miqdarında cərimə edilir.

Maddə 102. Su obyektlərinin mühafizəsi qaydalarının pozulması

102.0. Su obyektlərinin mühafizəsi qaydalarının pozulmasına, yəni:

102.0.1. su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə;

102.0.2. su təsərrüfatı qurğularının və avadanlığının zədələnməsinə, onların istismar qaydalarına riayət edilməməsinə;

102.0.3. su mühafizəsi zonalarına və sahil mühafizə zolaqlarına riayət edilməməsinə;

102.0.4. xüsusi qorunan su obyektlərinin rejiminin pozulmasına;

102.0.5. su obyektlərinin dövlət monitorinqinin, suların dövlət uçotunun, dövlət su kadastrının aparılması qaydalarına riayət edilməməsinə;

102.0.6. sutoplayıcı sahələrdə su obyektlərinin qorunması rejimini pozmaqla suların çirkləndirilməsinə, torpaqların su erroziyasına və başqa ziyanlı hallara səbəb olan şəkildə pozulmasına;

102.0.7. su çıxarmaq üçün quyuların qazılması qaydalarının və texnologiyasının pozulmasına və ya lazımi icazə olmadan su çıxarmaq üçün quyuların qazılmasına görə-

fiziki şəxslər altı yüz manatdan min manatadək miqdarda, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək miqdarda, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək miqdarda cərimə edilir.

Maddə 103. İçməli su mənbələrinin, su təmizləyici qurğularının, su kəmərlərinin sanitar mühafizə zonalarının tələblərinin və içməli suyun keyfiyyətinə dair tələblərin pozulması

103.1. İçməli su mənbələrinin, su təmizləyici qurğularının, su kəmərlərinin sanitar mühafizə zonalarının tələblərinin pozulmasına görə -

fiziki şəxslər yüz manatdan iki yüz manatadək miqdarda, vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək miqdarda, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir.

103.2. İçməli suyun keyfiyyətinin sanitariya tələblərinə və dövlət standartlarına uyğun gəlməməsinə görə -

üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir.

Maddə 104. İstehsalat və məişət tullantıları haqqında qanunvericiliyin pozulması

104.1. Şəhər və digər yaşayış məntəqələri, meşə-park, kurort, müalicə-sağlamlıq , turizm və rekreasiya zonalarının ərazisində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, çatlı süxurların və sulu təbəqələrin səthə çıxdığı yerlərdə, habelə içməli su təchizatı və təsərrüfat-məişət ehtiyacları üçün istifadə olunan yeraltı su obyektlərinin sututar sahələrində, eyni zamanda, faydalı qazıntı yataqlarının olduğu yerlərin çirklənməsinə və yeraltı işlərin aparılmasına təhlükə yarandığı hallarda, faydalı qazıntı laylarının olduğu və yeraltı işlərin aparıldığı yerlərdə tullantıların basdırılmasına görə-

fiziki şəxslər yeddi yüz manatdan min manatadək miqdarda, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək miqdarda, hüquqi şəxslər səkkiz min beş yüz manatdan on min manatadək miqdarda cərimə edilir.

104.2. Tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ləğv edilməsi normalarının və qaydalarının pozulmasına görə -

vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək miqdarda, hüquqi şəxslər on min manatdan on beş min manatadək miqdarda cərimə edilir.

104.3. Məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə -

fiziki şəxslər əlli manat miqdarında, vəzifəli şəxslər yüz manat miqdarında, hüquqi şəxslər beş yüz manat miqdarında cərimə edilir.

104.4. Şəhərlərdə və rayon (şəhər rayonları istisna olmaqla) inzibati ərazi vahidlərinin inzibati mərkəzlərində tutumların (urnaların) yerləşdirilməsi zamanı qanunvericiliklə müəyyən edilmiş məsafənin nəzərə alınmamasına görə -

vəzifəli şəxslər beş yüz manat miqdarında, hüquqi şəxslər min manat miqdarında cərimə edilir.

Maddə 105. Pestisidlər və aqrokimyəvi maddələr haqqında qanunvericiliyin pozulması

105.0. Pestisidlər və aqrokimyəvi maddələr haqqında qanunvericiliyin pozulmasına, yəni:

105.0.1. insanların həyatına, sağlamlığına, əmlakına və ətraf mühitə təhlükə törədə bilən və ya törətmiş pestisidlər və aqrokimyəvi maddələrlə bağlı məlumatların gizlədilməsinə və ya təhrif edilməsinə;

105.0.2. qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla dövlət sınağından və qeydiyyatından keçməmiş pestisidlərin və aqrokimyəvi maddələrin idxalına, ixracına və istifadəsinə yol verilməsinə;

105.0.3. istifadəsi yararsız və qadağan olunmuş pestisidlərin və aqrokimyəvi maddələrin və ya qalıq miqdarına görə müəyyən edilmiş tələblərə cavab verməyən kənd təsərrüfatı və ərzaq məhsullarının satışına və istifadəsinə yol verilməsinə;

105.0.4. pestisidlərin, aqrokimyəvi maddələrin və vasitələrin, materialların tətbiqi, istifadəsi, zərərsizləşdirilməsi və basdırılması qaydalarının pozulmasına görə -

fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin iyirmi mislindən qırx mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin altmış mislindən yetmiş mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin yüz mislindən yüz əlli mislinədək miqdarda cərimə edilir. 

Maddə 106. Zərərli maddələrlə və ya bu maddələrin qarışıqları ilə aparılan əməliyyatları gəmi sənədlərində qeyd etmək vəzifələrinin yerinə yetirilməməsi

İnsanların sağlamlığı üçün və ya dənizin canlı ehtiyatları üçün zərərli maddələrlə, yaxud tərkibində müəyyən edilmiş normalardan artıq bu cür maddələr olan qarışıqlarla aparılan əməliyyatların gəmi sənədlərində qeyd etmək barəsində qanunvericiliklə nəzərdə tutulmuş vəzifələrin gəminin və ya digər üzən vasitənin kapitanı, komanda heyətinin başqa şəxsləri tərəfindən yerinə yetirilməməsinə və ya bu əməliyyatlar haqqında gəmi sənədlərində göstərilən şəxslər tərəfindən yanlış qeydlər yazılmasına, yaxud belə sənədləri müvafiq vəzifəli şəxslərə təqdim etməkdən qanunsuz olaraq imtina edilməsinə görə -

otuz beş manatdan yetmiş beş manatadək miqdarda cərimə edilir.

Maddə 107. Radiasiya təhlükəsizliyinin təmin edilməsi tələblərinin yerinə yetirilməməsi və ya pozulması

107.0. Radiasiya təhlükəsizliyinin təmin edilməsi tələblərinin yerinə yetirilməməsinə və ya pozulmasına, yəni:

107.0.1. ionlaşdırıcı şüa mənbələri ilə iş zamanı radiasiya təhlükəsizliyinin təmin edilməməsinə;

107.0.2. təbii radionuklidlərin təsirindən əhalinin təhlükəsizliyinin təmin edilməməsinə;

107.0.3. qida məhsulları istehsalı və istifadəsi zamanı radiasiya təhlükəsizliyinin təmin edilməməsinə;

107.0.4. tibbi rentgen-radioloji proseduralar keçirilən zaman əhalinin radiasiya təhlükəsizliyinin təmin edilməməsinə;

107.0.5. radiasiya qəzası zamanı radiasiya təhlükəsizliyinin təmin edilməməsinə görə–

fiziki şəxslər yeddi yüz manatdan min manatadək miqdarda, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda, hüquqi şəxslər on min manatdan on iki min manatadək miqdarda cərimə edilir.

Maddə 108. Hidrometeorologiya fəaliyyəti haqqında qanunvericiliyin pozulması

108.0. Hidrometeorologiya fəaliyyəti haqqında qanunvericiliyin pozulmasına, yəni:

108.0.1. hidrometeorologiya fəaliyyəti üzrə normativ-texniki sənədlərin tələblərinə hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə məlumatların istehsalçıları və istehlakçıları tərəfindən əməl edilməməsinə;

108.0.2. hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə Azərbaycan Respublikasının dövlət məlumatlar fondunun materiallarının fondun sərəncamçılarının razılığı olmadan başqa şəxslərə verilməsinə və ya surətinin çıxarılmasına;

108.0.3. hazırlanmış materialların bir nüsxəsinin xidməti istifadə üçün qanunvericiliklə müəyyən edilmiş hallarda hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə Azərbaycan Respublikasının dövlət məlumatlar fonduna verilməməsinə;

108.0.4. ərazilərində hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə rəsədxanalar, stansiyalar və digər müşahidə məntəqələri yerləşən torpaq sahələrinin və su obyektlərinin mülkiyyətçiləri və istifadəçiləri tərəfindən həmin məntəqələrin və ölçmə vasitələrinin toxunulmazlığının təmin edilməməsinə, onların korlanması və məhv edilməsi barədə müvafiq orqana məlumat verilməməsinə və ya məntəqələrdə hidrometeoroloji işlərin aparılması üçün lazımi şəraitin yaradılmamasına;

108.0.5. müvafiq razılıq olmadan müşahidə şəbəkələrinin köçürülməsinə, yerlərinin dəyişdirilməsinə və ya fəaliyyətinin dayandırılmasına;

108.0.6. müvafiq razılıq olmadan atmosfer proseslərinə fəal təsir işlərini həyata keçirən texniki komplekslərin başqa məqsədlər üçün istifadə edilməsinə;

108.0.7. hidrometeoroloji müşahidə şəbəkələrinin ətrafındakı mühafizə zonalarında hər hansı təsərrüfat fəaliyyəti ilə məşğul olunmasına görə -

fiziki şəxslər üç yüz manatdan altı yüz manatadək miqdarda, vəzifəli şəxslər iki min manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək miqdarda cərimə edilir.

Maddə 109. Geodeziya və kartoqrafiya haqqında qanunvericiliyin pozulması

109.0. Geodeziya və kartoqrafiya haqqında qanunvericiliyin pozulmasına, yəni:

109.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmamış və ya patenti alınmamış, yaxud sertifikatlaşdırılmamış geodeziya və kartoqrafiya materiallarının və məlumatlarının, xüsusi təyinatlı geodeziya və kartoqrafiya avadanlığının və cihazlarının ticarət dövriyyəsinə daxil edilməsinə;

109.0.2. dövlət geodeziya-istinad məntəqələrinin və ya yerüstü nişanların korlanmasına, yaxud məhv edilməsinə;

109.0.3. dövlət geodeziya və kartoqrafiya xidməti orqanının razılığı olmadan dövlət geodeziya-istinad məntəqələrinin və yerüstü nişanların yerlərinin dəyişdirilməsinə, habelə belə məntəqə və nişanların yenidən qurulmasına, yaxud yeni məntəqə və nişanların quraşdırılmasına görə -

fiziki şəxslər beş manatdan on beş manatadək miqdarda, vəzifəli şəxslər yetmiş manatdan doxsan manatadək miqdarda, hüquqi şəxslər iki yüz əlli manatdan üç yüz manatadək miqdarda cərimə edilir.

Maddə 110. Sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizə tələblərinə əməl edilməməsi

Sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə -

fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək miqdarda, vəzifəli şəxslər iki min manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək miqdarda cərimə edilir.

Maddə 111. Balıq və digər su bioresurslarının mühafizəsi və ov qaydalarının pozulması

111.1. Balıq və digər su bioresurslarının mühafizəsi qaydalarının pozulmasına görə -

inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə yeddi yüz manatdan min yeddi yüz manatadək miqdarda cərimə edilir.

111.1-1. Balıqçılıq su obyektlərində istismar edilən su təsərrüfatı obyektlərinin balıqqoruyucu qurğularla təchiz edilməməsinə görə -

fiziki şəxslər min manat miqdarında, vəzifəli şəxslər üç min manat miqdarında, hüquqi şəxslər on beş min manat miqdarında cərimə edilir.

111.2. Ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə -

inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə min manatdan iki min manatadək miqdarda cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır.

Maddə 112. Heyvanlar aləmi obyektlərindən istifadə qaydalarının pozulması

112.0. Heyvanlar aləmi obyektlərindən istifadə qaydalarının pozulmasına, yəni:

112.0.1. heyvanlar aləminin obyektlərindən istifadənin limitlərinin artırılmasına;

112.0.2. dövlət ekoloji ekspertizasının tələblərinin yerinə yetirilməməsinə;

112.0.3. heyvanların yaşayış mühitinin, çoxalma şəraitinin və miqrasiya yollarının mühafizəsi üzrə tələblərin yerinə yetirilməməsinə;

112.0.4. qurumuş bitkilərin və ya onların qalıqlarının özbaşına yandırılmasına;

112.0.5. bitki mühafizə vasitələrinin, onların boy stimulyatorlarının, mineral gübrələrin və başqa maddələrin (preparatların) saxlanması, daşınması və tətbiq edilməsi qaydalarının pozulmasına;

112.0.6. özbaşına, yaxud müəyyən edilmiş qaydanı pozmaqla heyvanları köçürdükdə, iqlimə uyğunlaşdırdıqda və artırdıqda genetik cəhətdən dəyişmiş orqanizmlərdən istifadə edilməsinə;

112.0.7. heyvanlar aləmi obyektlərinin vəziyyəti, sayı, onların istifadəsi haqqında məlumatların gizlədilməsinə və ya təhrif edilməsinə görə -

fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək miqdarda, vəzifəli şəxslər iki min manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər beş min beş yüz manatdan yeddi min manatadək miqdarda cərimə edilir.

Maddə 113. Ekoloji təhlükəsizlik haqqında qanunvericiliyin pozulması

113.1. Ekoloji təhlükəsizlik haqqında qanunvericiliyin pozulmasına, yəni:

113.1.1. dövlət ekoloji ekspertizasının müsbət rəyi olmadan ətraf mühitə bilavasitə və ya dolayı yolla mənfi təsir göstərən, habelə dövlət ekoloji ekspertizasının rəyi ilə ekoloji təhlükəsi müəyyən edilən təsərrüfat və ya sair fəaliyyətin həyata keçirilməsinə;

113.1.2. ağır ekoloji nəticələrə səbəb ola bilən təsərrüfat və ya sair fəaliyyətin həyata keçirilməsinə;

113.1.3. ekoloji təhlükəsizliyin təmin edilməsinə dair tələblərə uyğun olmayan təsərrüfat və ya sair fəaliyyətin həyata keçirilməsinə;

113.1.4. qanunvericiliklə müəyyən edilmiş qaydada yararsız torpaqları bərpa etmədən yeni (xam torpaq sahələrini) təsərrüfat və ya sair fəaliyyət dövriyyəsinə daxil edilməsinə;

113.1.5. ətraf mühitin və onun komponentlərinin qlobal mənfi dəyişikliklərinə səbəb olan, o cümlədən ekoloji təhlükəsizlik sahəsində beynəlxalq müqavilələri pozan fəaliyyətin həyata keçirilməsinə;

113.1.6. müvafiq ərazinin təbii mühitinə xas olmayan, habelə nəzarətsiz artım və yayılmasının qarşısını almaq üçün səmərəli tədbirləri hazırlamadan süni yolla əldə edilmiş orqanizmlərdən istifadə edilməsinə, çoxaldılmasına və ya yayılmasına;

113.1.7. ətraf mühit və insanlar üçün təhlükə dərəcəsi qiymətləndirilməmiş maddələrin tətbiq edilməsinə;

113.1.8. insan orqanizmində və ətraf mühitdə cəmləşə bilən və təbii parçalanmaya uğramayan toksik maddələrdən istifadə edilməsinə, habelə zərərsizləşdirmə texnologiyası ekoloji cəhətdən təhlükəli olan toksik maddələrin tətbiq edilməsinə;

113.1.9. emal, zərərsizləşdirmə və təkrar istifadə texnologiyası ekoloji cəhətdən təhlükəli olan məhsulların ölkəyə gətirilməsinə və ya istehsalına;

113.1.10. radioaktiv tullantıların, işlənmiş, lakin yenidən istifadəyə yararlı olan nüvə yanacağının, müvafiq normativ hüquqi aktlarla müəyyən edilmiş siyahıda göstərilən toksik və sair təhlükəli istehsalat və məişət tullantılarının, digər radioaktiv maddələrin və nüvə materiallarının, təkrar istifadə edilə bilinməyən qeyri-toksik tullantıların, habelə istifadəsi və təkrar istifadəsi texnologiyası ekoloji təhlükə yaradan maddələrin ölkəyə gətirilməsinə;

113.1.11. müvafiq normativ hüquqi aktlarla ekoloji cəhətdən təhlükəli fəaliyyət kateqoriyasına aid edilmiş sair fəaliyyətin həyata keçirilməsinə;

113.1.12. bu Məcəllənin 113.1.1-113.1.11-ci maddələrində göstərilən xətaların törədilməsi ilə müşayiət olunan elmi tədqiqat, iqtisadi və sair eksperimentlərin həyata keçirilməsinə görə -

fiziki şəxslər iki yüz manatdan yeddi yüz manatadək miqdarda, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda cərimə edilir.

113.2. Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsi normalarının pozulmasına görə-

fiziki şəxslər üç yüz manatdan səkkiz yüz manatadək miqdarda, hüquqi şəxslər səkkiz min manatdan on iki min manatadək miqdarda cərimə edilir.

 

Onuncu fəsil

 

SƏNAYE, ELEKTRİK VƏ İSTİLİK ENERJİSİNDƏN İSTİFADƏ QAYDALARI ƏLEYHİNƏ OLAN İNZİBATİ XƏTALAR

Maddə 114. Sənaye sahələrində işlərin təhlükəsiz görülməsinə dair qaydaların və normaların pozulması

114.1. Sənaye sahələrində və təhlükə potensiallı obyektlərdə işlərin təhlükəsiz görülməsinə dair qaydaların və normaların vəzifəli şəxslər tərəfindən pozulmasına görə-

otuz manatdan əlli manatadək miqdarda cərimə edilir.

114.2. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının nəzarəti altında olan obyektlərdə işlərin təhlükəsiz görülməsinə dair qaydaların pozulmasına görə -

qırx manatdan altmış manatadək miqdarda cərimə edilir.

Maddə 115. Sənaye sahələrində partlayıcı materialların saxlanmasına, işlədilməsinə və uçotuna dair qaydaların və normaların pozulması

Sənaye sahələrində və təhlükə potensiallı obyektlərdə partlayıcı materialların saxlanmasına, işlədilməsinə və uçotuna dair qaydaların və normaların pozulmasına görə -

otuz beş manatdan əlli manatadək miqdarda cərimə edilir.

Maddə 115-1. Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında qanunvericiliyin pozulması  

115-1.0. Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında qanunvericiliyin pozulmasına, yəni:

115-1.0.1. Dövlət əhəmiyyətli xüsusi mühafizə olunan hidrotexniki qurğuların mühafizə zonalarının hüdudlarında (dəniz qurğularında yerləşən quyularda quyudaxili partlayış işləri istisna olmaqla) partlayış işlərinin aparılması və yeraltı təbii ehtiyatların istismarı, habelə qurğulara və ətraf mühitə fiziki, kimyəvi və bioloji təsir göstərə bilən obyektlərin yerləşdirilməsi və fəaliyyət göstərməsinə;

115-1.0.2. Hidrotexniki qurğuların layihələndirilməsi, tikintisi və istismarı mərhələlərində, eləcə də onların yenidən qurulması, əsaslı təmiri, bərpası və konservasiyasından sonra qurğunun mülkiyyətçisi və ya istismarçısı tərəfindən hidrotexniki qurğunun təhlükəsizlik bəyannaməsinin tərtib edilməməsinə;

115-1.0.3. Hidrotexniki qurğunun mülkiyyətçisi və istismarçısı tərəfindən təhlükəsizlik bəyannaməsinə düzgün olmayan məlumatların göstərilməsinə görə -

vəzifəli şəxslər qırx manatdan altmış manatadək miqdarda, hüquqi şəxslər yüz manatdan yüz əlli manatadək miqdarda cərimə edilir.

Maddə 116. Qaz, elektrik və istilik enerjisi sahəsində qanunvericiliyin tələblərinin pozulması 

116.0. Qaz, elektrik və istilik enerjisi sahəsində qanunvericiliyin tələblərinin pozulmasına, yəni:

116.0.1. qaz, elektrik və ya istilik qurğularında (elektrik verilişi xətlərində və boru kəmərlərində), avadanlıqlarında, qaza və enerjiyə qənaət sistemlərində texniki istismar qaydalarının, habelə onların texniki səviyyəsinin yüksəldilməsi və ya saxlanılması üçün müəyyən edilmiş tələblərin yerinə yetirilməməsinə;

116.0.2. qaz, elektrik və ya istilik enerjisinin istehsalı, nəqli və istehlakı haqqında uçot və hesabatın təhrif olunmasına və ya vaxtında təqdim olunmamasına;

116.0.3. qaz, elektrik və ya istilik qurğularının (elektrik verilişi xətlərinin və boru kəmərlərinin), avadanlıqlarının, cihazlarının və bununla əlaqədar yeni texnologiyaların yaradılmasında dövlət energetika və qaz ekspertizasının həyata keçirilməsi tələblərinin pozulmasına, həmçinin yanlış ekspert rəyinin verilməsinə;

116.0.4. dövlət energetika və qaz ekspertizasının rəyi olmadan, müvafiq standartların tələblərinə cavab verməyən qaz, elektrik və ya istilik qurğularının (elektrik verilişi xətlərinin və boru kəmərlərinin), avadanlıqlarının, cihazlarının və bununla əlaqədar yeni texnologiyaların yaradılmasının maliyyələşdirilməsinə, onların istehsalata buraxılmasına və ya satışına;

116.0.5. müəssisələrin, qaz, elektrik və ya istilik təsərrüfatlarının, şəbəkələrinin, qurğularının (elektrik verilişi xətlərinin və boru kəmərlərinin) və başqa obyektlərinin layihələndirilməsində, tikintisində, yenidən qurulmasında, istismara verilməsində qaydaların və normaların və ya qaza və enerjiyə qənaət üzrə müəyyən edilmiş tələblərin pozulmasına;

116.0.6. qazın, elektrik və ya istilik enerjisinin istehsalı, nəqli və ya paylanması zamanı dövlət və sahə standartlarının tələblərinin pozulmasına;

116.0.7. qaz, elektrik və ya istilik enerjisi xətlərinin qanunsuz olaraq kəsilməsinə və ya qanunvericilikdə istehlakçıya yazılı bildirişin göndərilməsi tələb olunan hallarda yazılı bildiriş göndərilmədən qazın, elektrik və ya istilik enerjisinin verilməsinin dayandırılmasına görə -

fiziki şəxslər iki yüz manatdan beş yüz manatadək miqdarda, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək miqdarda, hüquqi şəxslər iki min beş yüz manatdan üç min manatadək miqdarda cərimə edilir.

Maddə 116-1. Qaz və elektrik enerjisi sahəsində qanunvericiliyin tələblərinin pozulmasının qarşısını almağa istehlakçı tərəfindən maneələr törədilməsi

Enerji təchizatı müəssisəsinin və qaz paylayıcısının səlahiyyətli şəxsinin qanunvericiliyin tələblərinin pozulmasının qarşısını almaq məqsədi ilə səlahiyyətləri çərçivəsində tədbirlərin həyata keçirilməsinə, yaxud həmin şəxsin qanuni tələblərinin yerinə yetirilməsinə istehlakçı tərəfindən maneələr törədilməsinə görə —

fiziki şəxslər iyirmi manat miqdarında, vəzifəli şəxslər əlli manat miqdarında, hüquqi şəxslər yüz manat miqdarında cərimə edilir.

Maddə 117. Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin zədələnməsi və ya gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkələrinin mühafizə qaydalarının pozulması

117.1. Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin zədələnməsinə və bunun, istehlakçıların elektrik enerjisi ilə təmin edilməsində fasiləyə səbəb olmasına görə -

fiziki şəxslər on manatdan on beş manatadək miqdarda, vəzifəli şəxslər əlli manatdan altmış manatadək miqdarda cərimə edilir.

117.2. Gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkələrinin mühafizə qaydalarının pozulmasına görə -

fiziki şəxslər on beş manatdan otuz manatadək miqdarda, vəzifəli şəxslər altmış manatdan doxsan manatadək miqdarda cərimə edilir.

M a d d ə 118. Təbii qazın, elektrik və ya istilik enerjisinin talanması və ya onlardan məişətdə istifadə qaydalarının pozulması

Təbii qazın, elektrik və ya istilik enerjisinin talanması nəticəsində az miqdarda ziyan vurulmasına və ya onlardan məişətdə istifadə qaydalarının pozulmasına görə-

fiziki şəxslər otuz manatdan qırx manatadək miqdarda, vəzifəli şəxslər yetmiş manatdan doxsan manatadək miqdarda, hüquqi şəxslər iki yüz əlli manatdan üç yüz manatadək miqdarda cərimə edilir.

Qeyd: Bu maddədə "az miqdarda" dedikdə, min manatadək olan məbləğ başa düşülür.

On birinci fəsil

DAMAZLIQ, BAYTARLIQ-SANİTARİYA QAYDALARI ƏLEYHİNƏ OLAN İNZİBATİ XƏTALAR

Maddə 119. Damazlıq heyvandarlıq haqqında qanunvericiliyin pozulması

119.0. Damazlıq heyvandarlıq haqqında qanunvericiliyin pozulmasına, yəni:

119.0.1. qüvvədə olan normativ sənədlər üzrə qiymətləndirilməmiş dövlət standartlarına uyğun gəlməyən və zootexniki tələblərə cavab verməyən damazlıq ehtiyatlarının satışına;

119.0.2. mənşəyi bəlli olmayan, müvafiq tələblərə (standartlara) uyğun gəlməyən törədicilərdən istifadə edilməsinə;

119.0.3. damazlıq ehtiyatlarının geniş təkrar istehsalı zamanı onların qiymətləndirilməsi qaydalarına əməl edilməməsinə, yaxud həmin törədicilərin bilərəkdən təhrif olunmasına;

119.0.4. uçot-hesabat sənədlərində düzgün olmayan məlumatların göstərilməsinə;

119.0.5. xüsusi razılıq (lisenziya) olmadan damazlıq xidməti göstərilməsi ilə məşğul olmağa;

119.0.6. cinslərin rayonlaşmasına əməl edilməməsinə;

119.0.7. yerli heyvan genofonduna ziyan vurulmasına görə -

fiziki şəxslər iyirmi manatdan iyirmi beş manatadək miqdarda, vəzifəli şəxslər əlli manatdan yetmiş manatadək miqdarda cərimə edilir.

Maddə 119-1. Atçılıq haqqında qanunvericiliyin pozulması

119-1.1. Atçılıq sahəsində dövlət nəzarətini həyata keçirən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müvafiq sahədə göstərişlərinin yerinə yetirilməməsinə görə-

fiziki şəxslər on manatdan iyirmi manatadək, vəzifəli şəxslər otuz manatdan əlli manatadək miqdarda cərimə edilirlər.

119-1.2. Damazlıq atlara pasportların (şəhadətnamələrin) verilməsi qaydalarının pozulmasına görə -

vəzifəli şəxslər qırx manatdan altmış manatadək miqdarda cərimə edilirlər.

119-1.3. Milli at cinslərinin və beynəlxalq genofonda daxil olan at cinslərinin damazlıq özəklərinin məhv edilməsinə görə -

fiziki şəxslər otuz manatdan qırx manatadək, vəzifəli şəxslər yetmiş manatdan doxsan manatadək, hüquqi şəxslər iki yüz manatdan iki yüz əlli manatadək miqdarda cərimə edilirlər.

Maddə 120. Seleksiya nailiyyətlərindən istifadə qaydalarının pozulması

120.0. Seleksiya nailiyyətlərindən istifadə qaydalarının pozulmasına, yəni:

120.0.1. istehsal olunan və satılan seleksiya nailiyyətinə qeydiyyatda olan adından fərqli ad verilməsinə;

120.0.2. istehsal olunan və satılan seleksiya nailiyyətinə bilərəkdən başqa qeydiyyatda olan sortun və cinsin adının verilməsinə;

120.0.3. istehsal olunan və satılan seleksiya nailiyyətinə verilən ad qeydiyyatda olan başqa nailiyyətin adına həddən artıq oxşar olub, onların arasında çaşqınlıq yaradılmasına;

120.0.4. lisenziya müqaviləsi bağlamadan seleksiya nailiyyətindən istifadə edilməsinə;

120.0.5. istehlakçının bilərəkdən aldadaraq patent alınmış seleksiya nailiyyətinin başqa ad altında satılmasına;

120.0.6. seleksiya nailiyyətlərinin sertifikatsız satılmasına;

120.0.7. dövlət reyestrində, ərizə, ekspertiza, sınaq sənədlərində yanlış qeydlər aparılmasına görə -

fiziki şəxslər on manatdan on beş manatadək miqdarda, vəzifəli şəxslər otuz manatdan əlli manatadək miqdarda, hüquqi şəxslər yüz manatdan yüz əlli manatadək miqdarda cərimə edilir.

 

Maddə 120-1. Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında qanunvericiliyin pozulması

120-1.1. Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında qanunvericiliyin pozulmasına, yəni:

120-1.1.1. Azərbaycan Respublikasına məxsus ənənəvi mədəni brend bitkilərin areallarında başqa növ bitki nümunələrinin istehsalçılarına dövlət vəsaiti hesabına yardımın göstərilməsinə;

120-1.1.2. mədəni bitkilərin genetik ehtiyatlarının milli kolleksiyalarının mühafizəsi qaydalarının pozulmasına;

120-1.1.3. Azərbaycan Respublikasının Milli Genbankının davamlılığına mane olan hərəkətlərə, yəni soyuducu kameraların motorlarının, quruducu aparatların elektrik təchizatının dayandırılmasına (kəsilməsinə), yanğın törədə biləcək tezalışan maddələrin Azərbaycan Respublikasının Milli Genbankının ərazisinə gətirilməsinə, toxumların saxlanma rejiminin pozulmasına;

120-1.1.4. Azərbaycan Respublikasında aqroekosistemlər üçün potensial əhəmiyyətə malik olan nadir və nəsli kəsilməkdə olan bitki növlərinin (populyasiyalarının) genetik ehtiyatlarının mühafizəsinə ziyan vuran fəaliyyətə, yəni arealları təyin edilmiş və mühafizəyə cəlb edilən nadir və nəsli kəsilməkdə olan bitki növlərinin qanunsuz toplanmasına, onların yerləşdiyi ərazilərdə mal-qaranın otarılmasına, həmin ərazilərin yandırılmasına görə -

fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək miqdarda, vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək miqdarda, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək miqdarda cərimə edilir.

120-1.2. Elmi-tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri istisna olmaqla, genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarının Azərbaycan Respublikasının ərazisinə gətirilməsinə, rayonlaşdırılmasına və dövlət reyestrinə daxil edilməsinə görə -

fiziki şəxslər üç min manat miqdarında, vəzifəli şəxslər on min manat miqdarında, hüquqi şəxslər əlli min manat miqdarında cərimə edilir.

 

Maddə 121. Toxumçuluq haqqında qanunvericiliyin pozulması

121.0. Toxumçuluq haqqında qanunvericiliyin pozulmasına, yəni:

121.0.1. karantin obyekti ilə yoluxmuş, dövlət standartlarına uyğun gəlməyən toxumların əkilməsinə, səpininə, tədarükünə və satılmasına;

121.0.2. sortluq və səpin keyfiyyətlərini təsdiq edən uyğunluq sertifikatı və fitosanitar sertifikatı olmayan toxumların idxalına, ixracına və ticarət dövriyyəsinə daxil edilməsinə;

121.0.3. toxum partiyasının keyfiyyətinin qiymətləndirilməsi qaydalarına əməl edilməməsinə, yaxud keyfiyyət göstəricilərinin bilərəkdən təhrif olunmasına;

121.0.4. lisenziya müqaviləsi bağlamadan bitki sortlarının toxumlarından istifadə edilməsinə;

121.0.5. toxumçuluğun əsas prinsiplərinə riayət edilməməsinə;

121.0.6. toxumçuluqda tətbiq edilən uçot-hesabat sənədlərində düzgün olmayan məlumatların göstərilməsinə görə -

fiziki şəxslər on manatdan iyirmi manatadək miqdarda, vəzifəli şəxslər otuz manatdan qırx beş manatadək miqdarda, hüquqi şəxslər yüz manatdan yüz otuz manatadək miqdarda cərimə edilir.

Maddə 122. Bitki karantini qaydalarının pozulması

122.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada bitki karantini obyektlərinə aid olan bitki xəstəliklərinə və ziyanvericilərinə, habelə karantin alaq otlarına qarşı mübarizə qaydalarının pozulmasına görə -

fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin on mislindən on beş mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin qırx mislindən altmış mislinədək miqdarda cərimə edilir.

122.2. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan bitki karantini nəzarətində olan toxumların, bitkilərin və bitki mənşəli digər məhsulların karantin zonasından çıxarılmasına görə -

fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin beş mislindən on mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin otuz beş mislindən qırx beş mislinədək miqdarda cərimə edilir.  

M a d d ə  123. Fitosanitar nəzarəti haqqında qanunvericiliyin pozulması

123.0. Fitosanitar nəzarəti haqqında qanunvericiliyin pozulmasına, yəni:

123.0.1. sanitariya-gigiyena qaydalarına və təhlükəsizlik texnikasının tələblərinə uyğun olmayan satış yerlərində, anbarlarda və digər istehsalat binalarında bitki mühafizə vasitələrinin saxlanılmasına, satışına və tətbiq edilməsinə;

123.0.2. pestisidlərin, bioloji preparatların və onların birləşmələrinin qanunvericiliklə müəyyən edilmiş xüsusi yerlərdən kənarda zərərsizləşdirilməsinə;

123.0.3. karantin tətbiq edilən zərərli orqanizmlərə həssas bitkilərin həmin ərazidə yenidən əkilməsinə, habelə karantin nəzarətində olan bitkilərin və bitki mənşəli digər məhsulların karantin zonasından çıxarılmasına;

123.0.4. ətraf mühitin zərərli kimyəvi maddələrlə çirklənməsinə yol verilməsinə, istifadəyə yararsız və yüksək toksiki xassəyə malik preparatların istifadəsinə;

123.0.5. qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət sınağından keçməmiş, qeydiyyata alınmamış, habelə istifadəsi qadağan olunmuş pestisidlərin, bioloji preparatların, aqrokimyəvi maddələrin və digər zəhərli kimyəvi maddələrin istehsalına, satışına, idxalına, ixracına və tətbiqinə yol verilməsinə;

123.0.6. qanunvericiliyə uyğun olaraq istehsal mənşəyinə görə adlar verilən və yüksək keyfiyyətli (markalı) bitkiçilik məhsullarının istehsalı məqsədi ilə bitkilərə pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin tətbiqinə yol verilməsinə;

123.0.7. tərkibində pestisidlərin, bioloji preparatların və onların birləşmələrinin qalıq miqdarı yol verilən normadan artıq olan bitki və bitkiçilik məhsullarının satılmasına;

123.0.8. qanunvericiliklə müəyyən olunmuş qaydada icazə olmadan təbiəti mühafizə, sağlamlaşdırma, istirahət və turizm zonalarında, su fondu torpaqlarında, suqoruyucu və xüsusi qorunan digər ərazilərdə pestisidlərin və digər zəhərli kimyəvi maddələrin tətbiq edilməsinə görə -

fiziki şəxslər iyirmi manatdan qırx manatadək miqdarda, vəzifəli şəxslər altmış manatdan yetmiş manatadək miqdarda, hüquqi şəxslər yüz manatdan yüz əlli manatadək miqdarda cərimə edilir.

Maddə 123-1. Satış məqsədi olmadan tərkibində narkotik maddələr olan bitkilərin şəxsi istehlak miqdarında kultivasiyası

Satış məqsədi olmadan tərkibində narkotik maddələr olan bitkilərin şəxsi istehlak miqdarında əkilməsi, yetişdirilməsi və ya toplanılmasına görə -

on manatdan on beş manatadək miqdarda cərimə edilir.

Maddə 124. Karantin yoxlamasından və müvafiq əməliyyatdan keçirilməmiş materialların daşınması

Xarici ölkələrdən gətirilmiş, karantin yoxlamasından və müvafiq əməliyyatdan keçirilməmiş materialların sərhəd, dəniz və çay limanlarından (körpülərindən), dəmir yolu stansiyalarından, avtovağzallardan (avtostansiyalardan), aeroportlardan və digər sərhəd məntəqələrindən daşınmasına görə -

fiziki şəxslər beş manatdan on beş manatadək miqdarda, vəzifəli şəxslər otuz beş manatdan əlli manatadək miqdarda cərimə edilir.

Maddə 125. Baytarlıq haqqında qanunvericiliyin pozulması

125.0. Baytarlıq haqqında qanunvericiliyin pozulmasına, yəni:

125.0.1. baytarlıq baxışından keçirilməyən, baytarlıq (baytarlıq-sanitariya) tələblərinə cavab verməyən və ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda heyvanların kəsilməsinə;

125.0.2. heyvan mənşəli məhsulların qanunvericiliklə müəyyən edilmiş qaydada baytarlıq (baytarlıq-sanitariya) ekspertizası aparılmadan satışına və istehsalına;

125.0.3. heyvanların kütləvi xəstələnməsi və ya onların qeyri-adi vəziyyətləri, heyvan tələfatı halları haqqında müvafiq icra hakimiyyəti orqanlarına məlumat verməməyə, habelə belə heyvanları təcrid etməməyə;

125.0.4. yoluxucu xəstəliklərin qarşısının alınması üzrə karantin tədbirlərinin və baytarlıq (baytarlıq-sanitariya) qaydalarının, yaxud dövlət baytarlıq nəzarətini həyata keçirən orqanların epizootiya əleyhinə dair qərarlarının pozulmasına və digər qərarları icra etməməyə görə-

fiziki şəxslər iyirmi manatdan iyirmi beş manatadək miqdarda, vəzifəli şəxslər qırx manatdan altmış manatadək miqdarda, hüquqi şəxslər yüz manatdan yüz əlli manatadək miqdarda cərimə edilir.

 

Maddə 126. Ev heyvanlarının saxlanılması qaydalarının pozulması

126.1. İt, pişik və digər ev heyvanlarının saxlanılması qaydalarının pozulmasına, yəni:

126.1.1. ev heyvanlarının qadağan edilmiş yerlərdə saxlanılmasına, qidalandırılmasına, gəzdirilməsinə və ya yetişdirilməsinə;

126.1.2. ev heyvanlarının satılması, bağışlanması və nəqliyyat vasitələri ilə aparılması şərtlərinin pozulmasına;

126.1.3. baytarlıq xidməti orqanı ilə razılaşdırılmadan ev heyvanlarının yarışlarının keçirilməsinə;

126.1.4. it və pişiklərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi saydan artıq saxlanılmasına;

126.1.5. ev heyvanının baytarlıq uçotuna alınmadan saxlanılmasına;

126.1.6. itlərin cilovsuz, iri itlərin isə həmçinin buruntaqsız ümumi məhəllələrdə və ya küçələrdə gəzdirilməsinə;

126.1.7. sərxoş vəziyyətdə (alkoqollu içkilərdən, narkotik vasitələrdən və ya digər güclü təsir edən maddələrdən istifadə etməklə) olan şəxs tərəfindən ev heyvanlarının gəzdirilməsinə;

126.1.8. ev heyvanlarının insanların üzərinə saldırılmasına;

126.1.9. yarış vaxtı və ya heyvanın sağlamlığı və rifahı üçün təhlükə yarada bilən digər hallarda ev heyvanlarının təbii imkanlarının artırılması, yaxud azaldılması məqsədi ilə onlara preparatların verilməsinə, tibbi və texniki üsulların tətbiq edilməsinə;

126.1.10. qanunla müəyyən edilmiş hallar istisna olmaqla, ev heyvanlarının xarici görkəmini dəyişdirmək və ya digər qeyri‑müalicəvi məqsədlə cərrahi əməliyyatların (qulaqlarının kəsilməsi, devokalizasiya, dırnaq və dişlərin çıxarılması) aparılmasına;

126.1.11. ev heyvanını saxlayan və ya ona baxan şəxs tərəfindən ev heyvanlarına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada nəzərdə tutulmuş qayğıların göstərilməməsinə görə -

- iki yüz manat miqdarında cərimə edilir.

126.2. Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş xətaların il ərzində həmin maddə üzrə inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə -

- üç yüz manat miqdarında cərimə edilir.

126.3. Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkən şəxsə maddi zərər vurulmasına görə -

- min manat miqdarında cərimə edilir.

Qeyd. Bu Məcəllənin 126.3-cü maddəsi, həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir.

 

Maddə 127. Qırmızı kitaba daxil olunmuş heyvan və bitki növlərinin qorunması üzrə tələblərin pozulması

Azərbaycan Respublikasının Qırmızı kitabına daxil olunmuş və xüsusi mühafizə olunan bitki və heyvan növlərinin siyahısında olan heyvanların mühafizəsi üzrə tələblərin yerinə yetirilməməsinə görə -

otuz manatdan altmış manatadək miqdarda cərimə edilir.

Maddə 128. Zooloji kolleksiyaların yaradılması və onlarla ticarət qaydalarının pozulması

128.1. Zooloji kolleksiyaların yaradılmasının, zənginləşdirilməsinin, saxlanmasının, istifadəsinin, dövlət uçotuna alınmasının, Azərbaycan Respublikasına gətirilməsinin, onun hüdudlarından kənara göndərilməsinin və ya aparılmasının qanunvericiliklə müəyyən edilmiş qaydalarının pozulmasına görə -

fiziki şəxslər beş yüz manat miqdarında, vəzifəli şəxslər iki min manat miqdarında, hüquqi şəxslər beş min manat miqdarında cərimə edilir.

128.2. Zooloji kolleksiyalarla qanunvericiliklə müəyyən edilmiş ticarət qaydalarının pozulmasına görə -

fiziki şəxslər iki yüz manat miqdarında, vəzifəli şəxslər min manat miqdarında, hüquqi şəxslər üç min manat miqdarında cərimə edilir.

Maddə 129. Heyvanlarla rəhmsizcəsinə rəftar edilməsi, onların və digər heyvanlar aləmi obyektlərinin qorunması üzrə tədbirlərin görülməməsi

129.1. Heyvanlarla rəhmsizcəsinə davranmaqla onların şikəst edilməsinə və ya tələf olunmasına görə -

beş yüz manat miqdarında cərimə edilir.

129.2. Heyvanlar aləmi obyektlərinin əldə edilməsi, realizə olunması, Azərbaycan Respublikası hüdudlarından kənara göndərilməsi, aparılması və ya Azərbaycan Respublikasının ərazisinə gətirilməsi qaydalarının pozulmasına görə -

üç yüz manat miqdarında cərimə edilir.

 

On ikinci fəsil

 

HAVA, DƏNİZ, ÇAY, AVTOMOBİL, DƏMİR YOLU NƏQLİYYATINDA VƏ METROPOLİTENDƏ OLAN QAYDALAR ƏLEYHİNƏ İNZİBATİ XƏTALAR

Maddə 130. Uçuş təhlükəsizliyi qaydalarının pozulması

130.1. Aerodrom rayonunda aerodromların tanınması üçün qəbul edilmiş işarələrə və nişanlı qurğulara oxşar hər hansı işarələr və qurğular yerləşdirilməsinə və ya müvafiq icazə olmadan pirotexnik məmulat yandırılmasına, yaxud hava gəmilərinin uçuşları üçün təhlükəli quşların kütləvi toplanmasına kömək edən obyektlər qurulmasına görə -

on manatdan otuz manatadək miqdarda cərimə edilir.

130.2. Lazımi icazə olmadan Azərbaycan Respublikasının hava sahəsində istifadə edilməsi ilə bağlı olub uçuş təhlükəsizliyi üçün qorxu yarada bilən hər cür atəşə, raketlərin buraxılmasına, partlayış işlərinə və digər işlərin görülməsinə görə -

on beş manatdan qırx manatadək miqdarda cərimə edilir.

130.3. Binalarda və tikililərdə gecə və gündüz işarələri və ya nişanlı qurğular yerləşdirmə qaydalarının yerinə yetirilməməsinə görə -

on manatdan əlli manatadək miqdarda cərimə edilir.

130.4. Aerodrom avadanlığının, aerodrom işarələrinin, hava gəmilərinin və onların avadanlığının zədələnməsinə görə -

on beş manatdan iyirmi manatadək miqdarda cərimə edilir.

130.5. Lazımi icazə olmadan aeroportların (aerovağzallardan başqa), aerodromların, uçuşların radio və işıq təminatı obyektlərinin ərazisindən piyada və ya nəqliyyat vasitəsi ilə keçməyə görə -

on beş manatdan iyirmi beş manatadək miqdarda cərimə edilir.

130.6. Müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsi olmadan Azərbaycan Respublikasının hava məkanında səsdən iti sürətlə uçuşa görə -

fiziki şəxslər iyirmi manatdan otuz manatadək miqdarda, vəzifəli şəxslər əlli manatdan yetmiş manatadək miqdarda cərimə edilir.

Maddə 130-1 . Aviasiya qəzasının baş verdiyi yerdə qəzaya uğramış hava gəmisinin hissələrinin və ya onun daşıdığı əşyaların (yüklərin, baqajın) qanunsuz götürülməsi.

Aviasiya qəzasını araşdıran komissiyanın icazəsi olmadan aviasiya qəzasının baş verdiyi yerdə qəzaya uğramış hava gəmisinin hər hansı hissələrinin, yaxud onun daşıdığı əşyaların (yükün, baqajın) götürülməsinə görə -

fiziki şəxslər iyirmi manatdan otuz manatadək miqdarda, vəzifəli şəxslər əlli manatdan yetmiş manatadək miqdarda cərimə edilir.

 

Maddə 130-2. Aviasiya təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulması

 

130-2.1. Aeroportun ərazisində yerləşən müəssisə, idarə və təşkilatlar və onların işçiləri tərəfindən obyektdaxili rejimin təmin olunmamasına və buraxılış rejiminə riayət edilməməsinə görə -

vəzifəli şəxslər beş yüz manat miqdarında, hüquqi şəxslər min manat miqdarında cərimə edilir.

130-2.2. Hava gəmisinin istismarçısı tərəfindən hava gəmilərinin təhlükəsizliyinin təmin edilməməsinə görə -

vəzifəli şəxslər min manat miqdarında, hüquqi şəxslər üç min manat miqdarında cərimə edilir.

130-2.3. Aviasiya təhlükəsizliyi üzrə əməkdaş tərəfindən yerdə hava gəmisinin təhlükəsizliyinin təmin edilməməsinə görə -

vəzifəli şəxslər min manat miqdarında cərimə edilir.

130-2.4. Hava gəmilərinin yoxlanılması və onlara baxış keçirilməsi qaydasının pozulmasına görə -

vəzifəli şəxslər min manat miqdarında cərimə edilir.

130-2.5. Aviasiya təhlükəsizliyi üzrə əməkdaşın qanuni göstərişlərinə əməl etməməyə görə -

fiziki şəxslər əlli manat miqdarında, vəzifəli şəxslər beş yüz manat miqdarında, hüquqi şəxslər min manat miqdarında cərimə edilir.

 

Maddə 131. Hava yolu ilə sərnişin, baqaj, yük, poçt, təhlükəli maddələr və predmetlər daşınması və tarif qaydalarının pozulması

131.1. Hava yolu ilə sərnişin, baqaj, yük, poçt daşınması və tarif qaydalarının pozulmasına görə -

fiziki şəxslər on manatdan on beş manatadək miqdarda, vəzifəli şəxslər qırx manatdan altmış manatadək miqdarda cərimə edilir.

131.2. Hava nəqliyyatında təhlükəli maddələr və predmetlər daşıma qaydalarının pozulmasına görə -

göstərilmiş maddələri və predmetləri ödənişlə almaqla və ya onları müsadirə etməklə və ya etməməklə fiziki şəxslər beş manatdan on manatadək miqdarda, vəzifəli şəxslər qırx manatdan altmış manatadək miqdarda cərimə edilir.

Maddə 132. Hava nəqliyyatında yüklərin qorunması qaydalarının pozulması

132.1. Konteynerlərin plomblarının və kilidlərinin zədələnməsinə, plomblarının qırılmasına, ayrı-ayrı yüklərin və onların qutularının, paketlərinin, habelə hava nəqliyyatında yükdaşıma ilə əlaqədar işlər üçün istifadə edilən anbarların hasarlarının zədələnməsinə görə -

fiziki şəxslər on manatdan on beş manatadək miqdarda, vəzifəli şəxslər qırx manatdan altmış manatadək miqdarda cərimə edilir.

132.2. Hava nəqliyyatında yükdaşıma üçün nəzərdə tutulmuş konteynerlərin və nəqliyyat vasitələrinin zədələnməsinə görə -

fiziki şəxslər on beş manatdan iyirmi manatadək miqdarda, vəzifəli şəxslər əlli manatdan yetmiş manatadək miqdarda cərimə edilir.

Maddə 133. Hava gəmisində davranış qaydalarının pozulması

133.1. Hava gəmisində intizamın qorunması, habelə hava gəmisinin, onun bortunda olan şəxslərin və əmlakın təhlükəsizliyinin təmin olunması məqsədi ilə gəmi kapitanının (yaxud onun adından digər heyət üzvünün) qanuni sərəncamlarının yerinə yetirilməməsinə görə —

yüz manat miqdarında cərimə edilir.

133.2. Hava gəmisində kompüter, foto və video çəkiliş, elektrik (elektromaqnit) rabitə vasitələrindən xüsusi istifadə qaydalarının pozulmasına görə —

yüz manat miqdarında cərimə edilir.

133.3. Hava gəmisinin bortunda tüstünün müəyyən edilməsi məqsədi ilə quraşdırılmış cihazların, habelə təhlükəsizliyi təmin edən digər qurğuların zədələnməsi və yaxud sıradan çıxarılmasına görə —

iki yüz manat miqdarında cərimə edilir.

Maddə 134. Hava nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkilməsi

Hava nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkilməsinə görə -

yüz manat miqdarında cərimə edilir.

Maddə 135. Dəmir yolu nəqliyyatında hərəkətin təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulması

135.1. Dəmir yolunun, qoruyucu meşəliklərin, qardan mühafizə çəpərlərinin və digər yol obyektlərinin, siqnalizasiya və rabitə qurğularının və avadanlığının zədələnməsinə görə -

fiziki şəxslər on manatdan on beş manatadək miqdarda, vəzifəli şəxslər otuz beş manatdan əlli beş manatadək miqdarda cərimə edilir.

135.2. Yük vurulması və boşaldılması zamanı müəyyən olunmuş qabaritlərə əməl edilməməsinə görə -

fiziki şəxslər on beş manatdan iyirmi manatadək miqdarda, vəzifəli şəxslər qırx beş manatdan altmış beş manatadək miqdarda cərimə edilir.

135.3. Dəmir yollarına qatarların hərəkətini poza bilən predmetlər qoyulmasına görə-

fiziki şəxslər iyirmi manatdan iyirmi beş manatadək miqdarda, vəzifəli şəxslər əlli beş manatdan səksən manatadək miqdarda cərimə edilir.

Maddə 136. Dəmir yolu nəqliyyatı vasitələrindən istifadə qaydalarının pozulması

136.1. Yük qatarlarında özbaşına getməyə, hərəkət edən qatara minməyə və ondan düşməyə, vaqonların pillələrində və damlarında getməyə, ehtiyac olmadan qatarı özbaşına dayandırmağa görə -

xəbərdarlıq edilir və ya on beş manatdan iyirmi manatadək miqdarda cərimə edilir.

136.2. Qatarların vaqonlarının pəncərələrindən və qapılarından zibil və ya başqa predmetlər atılmasına görə -

xəbərdarlıq edilir və ya on manatdan on beş manatadək miqdarda cərimə edilir.

Maddə 137. Sərnişin vaqonlarının daxili avadanlığının, lokomotivlərin və dəmir yolu nəqliyyatı vaqonlarının şüşələrinin, daxili avadanlığının zədələnməsi

Sərnişin vaqonlarının şüşələrinin və ya daxili avadanlığının, lokomotivlərin, dəmir yolu nəqliyyatı vaqonlarının şüşələrinin və daxili avadanlığının zədələnməsinə görə -

on manatdan on beş manatadək miqdarda cərimə edilir.

Maddə 138. Dəmir yolu nəqliyyatında təhlükəli maddələr və predmetlər aparma qaydalarının pozulması

Dəmir yolu nəqliyyatında təhlükəli maddələrin və predmetlərin əl yükündə aparılması qaydalarının pozulmasına görə -

xəbərdarlıq edilir və ya on beş manatdan iyirmi manatadək miqdarda cərimə edilir.

Maddə 139. Dəmir yolu nəqliyyatında yüklərin qorunması qaydalarının pozulması

139.1. Yükdaşıma üçün nəzərdə tutulmuş dəmir yolu nəqliyyatı vasitələrinin, konteynerlərin, habelə daşıma mexanizmlərinin zədələnməsinə görə -

on manatdan otuz manatadək miqdarda cərimə edilir.

139.2.Yük vaqonlarının, konteynerlərin zədələnməsinə, plomblarının və kilidlərinin zədələnməsinə, plomblarının qırılmasına, ayrı-ayrı yükləri və onların qutularını, paketlərini, yük həyətlərinin, dəmir yolu stansiyalarının, konteyner məntəqələrinin (meydançalarının) və yük daşımaları ilə əlaqədar işlər üçün istifadə edilən anbarların hasarlarını zədələməyə görə -

on beş manatdan qırx manatadək miqdarda cərimə edilir.

Maddə 140. Dəmir yol nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkilməsi

Dəmir yol nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkilməsinə görə -

xəbərdarlıq edilir və ya beş manatdan on beş manatadək miqdarda cərimə edilir.

 

Maddə 140-1. Metropolitendən istifadə qaydalarının pozulması

 

140-1.1. Stansiyaların vestibüllərini, keçirdlərini və platformalarını, habelə eskalatoru və vaqonların salonunu zibilləməyə və ya həmin obyektlərin üzərində hər hansı yazılar yazmağa, məhdudiyyət çəpərləri və girişi qadağan edən nişanlar quraşdırılmış yerlərdən stansiyaya daxil olmağa, zərurət olmadan “sərnişin-maşinist” rabitəsindən istifadə etməyə görə -

on manat miqdarında cərimə edilir.

140-1.2. Eskalatordan sürahinin üstünə əşya qoymağa görə -

on beş manat miqdarında cərimə edilir.

140-1.3. Dəmir yoluna hər hansı əşya atmağa görə -

otuz manat miqdarında cərimə edilir.

140-1.4. Eskalatorun sürahisini çıxarmağa, zərurət olmadan “Stop” açarından istifadə etməyə, stansiyaların vestibüllərində, keçidlərində və platformalarında, vaqonlarda siqaret çəkməyə, qatarın hərəkəti zamanı vaqonun qapılarını açmağa, qatarın yola düşməsini ləngitməyə, özbaşına dəmir yoluna düşməyə, qatarın idarəetmə kabinəsinə, xidməti-texniki otaqlara, ventilyasiya şaxtası köşklərinə, tunellərə və metropolitenin işçiləri üçün nəzərdə tutulan çəpərlənmiş ərazilərə daxil olmağa, açıq oddan, pirotexniki qurğulardan (fişəng, partlayıcı və sair) istifadə etməyə görə -

əlli manat miqdarında cərimə edilir.

140-1.5. Müvafiq icazə olmadan metropolitenin elektrik şəbəkəsinə elektrik işlədicilərini qoşmağa görə -

yetmiş manat miqdarında cərimə edilir.

140-1.6. Metropolitenin ventilyasiya şaxtası köşklərinə 25 metrdən yaxın məsafədə hər hansı əşya yandırmağa görə -

yüz manat miqdarında cərimə edilir.

Maddə 141. Dəniz və çay nəqliyyatında hərəkətin təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulması

141.1. Dəniz və çay nəqliyyatında gəmilərin limana daxil olmasının və limandan çıxmasının, liman sularında gəmilərin hərəkəti və dayanması qaydalarının pozulmasına görə -

fiziki şəxslər yüz manat miqdarında, vəzifəli şəxslər üç yüz manat miqdarında cərimə edilir.

141.2. Lazımi icazə olmadan liman sularında dalğıclıq işləri görülməsinə və ya bu işlər zamanı siqnal vermə qaydalarına əməl edilməməsinə görə -

fiziki şəxslər əlli manat miqdarında, vəzifəli şəxslər yüz manat miqdarında cərimə edilir.

141.3. Gəminin suyaoturumu, uzunluğu, eni və tutumu barədə dəniz bələdçisinə dəqiq məlumatların elan edilməməsinə və ya yanlış məlumatların elan edilməsinə görə-

gəmi kapitanı əlli manatdan doxsan manatadək miqdarda cərimə edilir.

Maddə 142. Dəniz və çay nəqliyyatı gəmilərində sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulması

142.1. Sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulmasına görə -

fiziki şəxslər on beş manatdan iyirmi beş manatadək miqdarda, vəzifəli şəxslər otuz manatdan əlli manatadək miqdarda cərimə edilir.

142.2. Gəmilərdən zibil və başqa predmetlər atmağa görə -

on manatdan on beş manatadək miqdarda cərimə edilir.

Maddə 143. Dəniz və çay nəqliyyatında siqnalizasiya və rabitə qurğuları və avadanlığının zədələnməsi

Dəniz və çay nəqliyyatında siqnalizasiya və rabitə qurğularının və avadanlığının zədələnməsinə görə -

on manatdan iyirmi manatadək miqdarda cərimə edilir.

Maddə 144. Kiçik gəmilərin qeydə alınması, uçotu və istismar qaydalarının pozulması

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının nəzarəti altında olan kiçik gəmilərin qeydə alınması və uçotu qaydalarının və bu gəmilərdən, onların dayanması üçün bazalardan (qurğulardan) istifadə qaydalarının pozulmasına görə -

on manatdan otuz beş manatadək miqdarda cərimə edilir və ya kiçik gəmini idarəetmə hüququ altı aydan iki ilədək müddətə məhdudlaşdırılır.

Maddə 144-1. Gəmilərin qeydiyyata alınması qaydalarının pozulması

Gəminin məcburi olan qeydiyyata alınmasından boyun qaçırmağa, gəmini müəyyən edilmiş qaydanın pozulması ilə gəmi reyestrlәrinin birində qeydiyyata alınmasına və ya gəmi reyestrlərinə daxil olan məlumatların dəyişdirilməsi barədə xəbər verilməməsinə görə-

iyirmi manatdan qırx manatadək miqdarda cərimə edilir.

Maddə 145. Limanlarda yükvurma, yükləri boşaltma və yığma qaydalarının pozulması

Limanlarda yükvurma, yükləri boşaltma və yığma qaydalarının pozulmasına görə-

fiziki şəxslər əlli manat miqdarında, vəzifəli şəxslər iki yüz manat miqdarında cərimə edilir.

 

Maddə 145-1. Dəniz Limanları Reyestrinin aparılması qaydalarının pozulması

 

145-1.1. Dəniz Limanları Reyestrinin aparılması qaydalarının pozulmasına görə -

vəzifəli şəxs yüz manat miqdarında cərimə edilir.

145-1.2. Dəniz Limanları Reyestrinin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud yanlış məlumatların verilməsinə görə, həmçinin reyestrə daxil olan məlumatların dəyişdirilməsi barədə məlumatın verilməməsinə görə -

iki yüz manat miqdarında cərimə edilir.

 

Maddə 145-2. Dəniz limanlarında gəmi agenti xidmətlərinin qanunsuz göstərilməsi

 

Gəmi agenti xidmətlərinin göstərilməsi üçün sertifikat olmadan dəniz limanlarında gəmi agenti xidmətlərinin göstərilməsinə görə -

fiziki şəxslər iki yüz manat miqdarında, hüquqi şəxslər beş yüz manat miqdarında cərimə edilir.

 

Maddə 145-3. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “Gəmi və liman vasitələrinin mühafizəsi haqqında Beynəlxalq Məcəllə”nin tələblərinin pozulması

 

Dəniz limanının “Gəmi və Liman Vasitələrinin Mühafizəsi haqqında Beynəlxalq Məcəllə”də nəzərdə tutulmuş sənədlər olmadan fəaliyyət göstərməsinə görə -

hüquqi şəxslər min manat miqdarında cərimə edilir.

 

Maddə 146. Dəniz və çay nəqliyyatında təhlükəli maddələr və predmetlər aparma qaydalarının pozulması

146.1. Dəniz və çay nəqliyyatında təhlükəli maddələrin və predmetlərin əl yükündə aparılması qaydalarının pozulmasına görə -

xəbərdarlıq edilir və ya əlli manat miqdarında cərimə edilir.

146.2. Dəniz və çay nəqliyyatında təhlükəli maddələr və ya predmetlər aparılması qaydalarının pozulmasına görə -

xəbərdarlıq edilir və ya əlli manat miqdarında cərimə edilir.

Maddə 147. Dəniz və çay nəqliyyatında yüklərin qorunması qaydalarının pozulması

147.1. Yükdaşıma üçün nəzərdə tutulmuş üzən nəqliyyat vasitələrinin, habelə daşıma mexanizmlərinin zədələnməsinə görə -

on manatdan otuz manatadək miqdarda cərimə edilir.

147.2. Konteynerlərin zədələnməsinə, plomblarının və kilidlərinin zədələnməsinə, plomblarının qırılmasına, ayrı-ayrı yükləri və onların qutularını, paketlərini, yük həyətlərinin, liman (körpü) yük rayonlarının (sahələrinin), şlüzlərin konteyner məntəqələrinin (meydançalarının) və yük daşımaları ilə əlaqədar işlər üçün istifadə edilən anbarların hasarlarını zədələməyə görə -

on beş manatdan otuz beş manatadək miqdarda cərimə edilir.

Maddə 148. Dəniz və çay nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkilməsi

Dəniz və çay nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkilməsinə görə-

xəbərdarlıq edilir və ya yeddi manatdan on üç manatadək miqdarda cərimə edilir.

Maddə 149. Nəqliyyatda biletsiz getmə

149.1. Trolleybusda, tramvayda şəhər və şəhərətrafı avtobusda marşrut taksisində sərnişinlərin biletsiz getməsinə görə -

üç manat cərimə edilir.

149.2. Şəhərlərarası marşrut üzrə hərəkət edən avtobusda sərnişinlərin biletsiz getməsinə görə -

on manat cərimə edilir.

149.3. Beynəlxalq marşrut üzrə hərəkət edən avtobusda sərnişinlərin biletsiz getməsinə görə -

iyirmi manat cərimə edilir.

149.4. Dəmir yolu nəqliyyatında sərnişinlərin biletsiz getmələrinə görə -

on beş manatdan otuz manatadək miqdarda cərimə edilir.

149.5. Dəniz və çay nəqliyyatında sərnişinlərin biletsiz getmələrinə görə -

otuz manatdan otuz beş manatadək miqdarda cərimə edilir.

149.6. Hava nəqliyyatında sərnişinlərin biletsiz getmələrinə görə -

otuz beş manatdan qırx manatadək miqdarda cərimə edilir.

Maddə 150. Nəqliyyat vasitəsində biletsiz sərnişin aparılması

150.1. Trolleybusda, tramvayda şəhər və şəhərətrafı avtobusda marşrut taksisində sərnişinlərin biletsiz aparılmasına görə -

beş manatdan on beş manatadək miqdarda cərimə edilir.

150.2. Şəhərlərarası marşrut üzrə hərəkət edən avtobusda sərnişinlərin biletsiz aparılmasına görə -

on beş manat cərimə edilir.

150.3. Beynəlxalq marşrut üzrə hərəkət edən avtobusda sərnişinlərin biletsiz aparılmasına görə -

otuz manat cərimə edilir.

150.4. Dəmir yolu nəqliyyatında sərnişinlərin biletsiz aparılmasına görə -

beş manatdan on manatadək miqdarda cərimə edilir.

150.5. Dəniz və çay nəqliyyatında sərnişinlərin biletsiz aparılmasına görə -

on beş manatdan iyirmi beş manatadək miqdarda cərimə edilir.

150.6. Hava nəqliyyatında sərnişinlərin biletsiz aparılmasına görə -

iyirmi manatdan qırx manatadək miqdarda cərimə edilir.

Maddə 150-1. Sənədsiz sərnişin daşıma

Beynəlxalq daşımaları həyata keçirən şəxslər tərəfindən müvafiq dövlətin ərazisinə giriş və ya ərazisindən çıxış üçün sənədlərə malik olmayan sərnişinlərin daşınmasına görə -

fiziki şəxslər yüz manatdan üç yüz manatadək miqdarda, vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək miqdarda, hüquqi şəxslər min manatdan üç min manatadək miqdarda cərimə edilir.

M a d d ə 150-2. Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydalarının pozulması

150-2.1. Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydalarının pozulmasına, yəni:

150-2.1.1. müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobusların müəyyən edilmiş hərəkət cədvəlinə və hərəkət sxeminə riayət olunmamasına;

150-2.1.2. “Taksi” tanınma nişanları, taksometr və ya sərnişin və baqaj daşınması qaydaları ilə müəyyən edilmiş digər məlumat göstəriciləri olmadan taksi minik avtomobili ilə sərnişin daşımalarının həyata keçirilməsinə;

150-2.1.3. müəyyən edilmiş tarifdən daha yüksək gediş haqqının tətbiq edilməsinə;

150-2.1.4. müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobusda siqaret çəkilməsinə;

150-2.1.5. müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobuslarda aparılmasına yol verilməyən əşyaların daşınmasına;

150-2.1.6. müntəzəm şəhərdaxili marşrutlarda daşıma prosesi ilə bilavasitə əlaqəsi olmadıqda audio cihazlardan istifadə edilməsinə;

150-2.1.7. sərnişin və baqaj daşınması qaydaları ilə müəyyən edilmiş daşınma sənədləri olmadan sərnişin daşımalarının həyata keçirilməsinə;

150-2.1.8. taksi minik avtomobilində, müntəzəm və ya qeyri-müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobusda sərnişinlərin, baqaj yerlərinin sayına və baqajın kütləsinə dair müəyyən olunmuş tələblərə riayət olunmamasına görə -

qırx manatdan əlli manatadək miqdarda cərimə edilir.

M a d d ə 150-3. Avtomobil nəqliyyatı ilə yük daşınması qaydalarında nəzərdə tutulmuş daşınma şərtlərinin pozulması

150-3.1. Avtomobil nəqliyyatı ilə yüklərin daşınması qaydalarının şamil edildiyi avtomobil daşımaları həyata keçirilərkən həmin qaydalarda nəzərdə tutulmuş qalaq (tökülən) yüklərin, tikinti materiallarının, heyvanların və ya quşların, çörək və çörək-bulka məmulatlarının daşınması şərtlərinin pozulmasına görə -

qırx manatdan əlli manatadək miqdarda cərimə edilir.

150-3.2. Əmtəə təyinatlı yüklərin əmtəə-nəqliyyat qaiməsi ilə rəsmiləşdirilmədən daşınmasına görə -

iyirmi manat miqdarında cərimə edilir.

M a d d ə 150-4. Xüsusi razılıq (lisenziya) olmadan avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınması, yaxud lisenziya şərtlərinin pozulması

150-4.1. Xüsusi razılıq (lisenziya) olmadan avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınmasına görə -

yüz manat miqdarında cərimə edilir.

150-4.2. Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınmalarına dair xüsusi razılıq (lisenziya) şərtlərinin pozulmasına görə -

əlli manat miqdarında cərimə edilir.

M a d d ə 150-5. Pasport olmadan avtovağzal (avtostansiya) fəaliyyəti ilə məşğul olma və pasportla müəyyən edilmiş müvafiq kateqoriyaya uyğun texnoloji prosesi pozma

150-5.1. Pasport olmadan avtovağzal (avtostansiya) fəaliyyəti ilə məşğul olmasına görə-

min beş yüz manat miqdarında cərimə edilir.

150-5.2. Avtovağzalın (avtostansiyanın) fəaliyyətinin müvafiq kateqoriyaya uyğun texnoloji prosesinin pozulmasına görə -

beş yüz manat miqdarında cərimə edilir.

Maddə 150-6. Avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin yoxlanılmasının və sürücülərinin tibbi müayinəsinin təşkil edilməməsi

Sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsinə görə -

vəzifəli şəxslər beş yüz manatdan səkkiz yüz manatadək miqdarda, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək miqdarda cərimə edilir.

On üçüncü fəsil

YOL HƏRƏKƏTİ QAYDALARI ƏLEYHİNƏ OLAN İNZİBATİ XƏTALAR

 

Maddə 151. Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması

151.1. Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi və ya piyada keçidlərinin keçilməsi, habelə araməsafəsi, dayanma və ya durma, yedəyə alma, yük daşıma, işıq cihazlarından, səs siqnallarından, təhlükəsizlik kəmərlərindən və ya motodəbilqələrdən istifadə, sürmə təlimi keçmə, avtomagistralda və ya yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına, səkilərlə və qanunla nəzərdə tutulmamış hallarda yolun çiyini ilə hərəkət edilməsinə, piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa, həmin piyada keçidinə daxil olmuş və ya daxil olmaqda olan piyadaya sürücü tərəfindən nəqliyyat vasitəsini dayandıraraq yol verilməməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşya atmağa görə -

qırx manat miqdarında cərimə edilir.

151.2. Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanı tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yol ayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, habelə adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, ümumi istifadədə olan nəqliyyat vasitəsini sərnişinləri mindirmək və ya düşürtmək üçün bu məqsədlə xüsusi olaraq müəyyən edilmiş dayanacaq meydançalarından və ya 5.12, 5.13 nişanları ilə işarələnmiş dayanacaq yerlərindən kənarda dayandırılmasına, həmçinin xüsusi səs, qırmızı və ya göy sayrışan işıq siqnalı verən, keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsinə və ya belə nəqliyyat vasitəsinin müşayiət etdiyi mütəşəkkil nəqliyyat dəstəsinə qoşularaq hərəkət edilməsinə, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-

altmış manat miqdarında cərimə edilir.

151.3. Dəmiryol keçidlərinin keçilmə qaydalarının pozulmasına, qəza şəraitinin yaradılmasına, yəni hərəkətin başqa iştirakçılarının sürəti və hərəkətin istiqamətini məcburi dəyişməsinə səbəb olan pozuntular törədilməsinə, ümumi istifadədə olan nəqliyyat vasitəsini sərnişinləri mindirmək və ya düşürtmək üçün bu məqsədlə xüsusi olaraq müəyyən edilmiş dayanacaq meydançalarından və ya 5.12, 5.13 nişanları ilə işarələnmiş dayanacaq yerlərindən kənarda dayandırılmasına, yol nəqliyyat hadisəsi yerindən yayınmağa, yaxud Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsinə görə-

səksən manat miqdarında cərimə edilir.

151.3-1. Birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə -

yüz manat miqdarında cərimə edilir.

151.3-2. Avtomagistrallarda və 5.3 nişanı ilə işarə olunmuş yollarda texniki sürəti 50 km/saatdan az olan nəqliyyat vasitələrinin hərəkət etməsinə, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobillərinin ikinci zolaqdan sonrakına keçməsinə, geriyə dönməyə, geriyə hərəkət etməyə və sürmə təlimi keçməyə görə -

 yüz manat miqdarında cərimə edilir.

151.4. Bu Məcəllənin 151.2-ci, 151.3-cü, 151.3-1-ci, 151.3-2-ci, 151.5-ci, 151-1.2-ci, 151-1.3-cü, 151-1.4-cü, 151-4-cü 152-1.1-ci, 155.3-cü, 156-cı, 158-1.2-ci və 158-1.3-cü maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə -

nəqliyyat vasitələrini idarə etmə hüququ altı ay müddətinə məhdudlaşdırılır.

151.5. Bu Məcəllənin 151.1-151.3-2-ci, 151-1-ci və 151-3-cü maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkən şəxsə maddi zərər vurulmasına görə-

iki yüz manat miqdarında cərimə edilir və ya nəqliyyat vasitələrini idarə etmə hüququ bir ilədək müddətə məhdudlaşdırılır.

Qeyd:

1. Bu Məcəllənin 151-1.2-ci maddəsində nəzərdə tutulmuş xətalar 2 balla, 151.2-ci ,151-1.3-cü və 151-4-cü maddələrində nəzərdə tutulmuş xətalar 3 balla, 151.3-cü, 151.3-1-ci, 151.3-2-ci, 151-1.4-cü, 155.3-cü və 158-1.3-cü maddələrində nəzərdə tutulmuş xətalar 4 balla, 152-1.1-ci, 152-1.2-ci, 156-cı maddələrində nəzərdə tutulmuş xətalar 6 balla qiymətləndirilir.

2. Sürücülük vəsiqəsi idarə etdiyi nəqliyyat vasitəsinin kateqoriyasına uyğun olmayan sürücü bu Məcəllədə nəzərdə tutulmuş balla qiymətləndirilən xətaları törətdikdə, o, nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə inzibati məsuliyyətə cəlb edilir və ona törətdiyi xətaya müvafiq bal təyin edilir.

3. Bu Məcəllənin 35.2-ci maddəsində nəzərdə tutulmuş hallarda şəxsin törətdiyi inzibati xətalar balla qiymətləndirilən xətalara aiddirsə həmin xətalara dair işlərə baxılarkən yalnız daha ciddi xətaya görə müəyyən edilmiş bal təyin edilir.

4. Şəxsin müxtəlif vaxtlarda törətdiyi balla qiymətləndirilən bir neçə inzibati xətaya dair işlərə baxılarkən daha ciddi xətaya görə müəyyən edilmiş bal və hər bir digər xətaya görə bir bal toplanaraq təyin edilir.

5. Bu Məcəllənin 151.5 və 152-1.1-ci maddələrində nəzərdə tutulmuş xətaların törədilməsinə görə şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmadan inzibati cərimə tətbiq edildikdə, həmin xətalar 5 balla qiymətləndirilir.

6. İnzibati xətanın törədilməsinə görə təyin edilmiş bal inzibati tənbeh tətbiq etmə haqqında qərar qüvvəyə mindiyi vaxtdan 1 il müddətində qüvvədə olur.

Maddə 151-1. Yolda müəyyən edilmiş hərəkət sürəti həddini aşma

151-1.1. Yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə -

on manat miqdarında cərimə edilir.

151-1.2. Yolda müəyyən edilmiş hərəkət sürətini 20-40 km/saat həddində aşmağa görə -

əlli manat miqdarında cərimə edilir.

151-1.3. Yolda müəyyən edilmiş hərəkət sürətini 40-60 km/saat həddində aşmağa görə -

yüz əlli manat miqdarında cərimə edilir.

151-1.4. Yolda müəyyən edilmiş hərəkət sürətini 60 km/saat həddindən artıq aşmağa görə -

iki yüz əlli manat miqdarında cərimə edilir.

Maddə 151-2. Təhlükəsizlik kəmərlərindən, motodəbilqələrdən, işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarının pozulması

151-2.1. Motodəbilqə taxmadan və ya onu düymələmədən motosikleti idarə etməyə, yaxud motodəbilqəsi olmayan və ya onu düymələməyən sərnişinləri motosikletdə daşımağa görə –

qırx manat miqdarında cərimə edilir.

151-2.2. İşıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə–

otuz manat miqdarında cərimə edilir.

151-2.3. Təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə–

qırx manat miqdarında cərimə edilir.

 

Maddə 151-3. Piyada keçidində piyadaya yol verilməməsi

Piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa, həmin piyada keçidinə daxil olmuş və ya daxil olmaqda olan piyadaya sürücü tərəfindən nəqliyyat vasitəsini dayandıraraq yol verilməməsinə görə -

 əlli manat miqdarında cərimə edilir.

 

Maddə 151-4. Keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsi və ya mütəşəkkil nəqliyyat dəstəsinə qoşularaq hərəkət edilməsi

 

Xüsusi səs, qırmızı və ya göy sayrışan işıq siqnalı verən, keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsinə və ya belə nəqliyyat vasitəsinin müşayiət etdiyi mütəşəkkil nəqliyyat dəstəsinə qoşularaq hərəkət edilməsinə görə

yüz manat miqdarında cərimə edilir.

Maddə 152. Nəqliyyat vasitələrini idarəetmə hüququ olmayan şəxslər tərəfindən nəqliyyat vasitələrinin idarə edilməsi

 

152.1. Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə -

qırx manat miqdarında cərimə edilir.

152.2. Nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə -

yüz manat miqdarında cərimə edilir.

152.3. Bu Məcəllənin 152.2-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə-

iki yüz manat miqdarında cərimə edilir.

152.4. Bu Məcəllənin 152.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkən şəxsə maddi zərər vurulmasına görə-

dörd yüz manat miqdarında cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur.

152.5. Ümumi istifadədə olan nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan belə nəqliyyat vasitəsinin sərnişin daşımaqla idarə edilməsinə görə -

on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.

152.6. Bu Məcəllənin 152.5-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə -

bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur.

152.7. Bu Məcəllənin 152.5-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkən şəxsə maddi zərər vurulmasına görə -

iki aydan üç ayadək müddətə inzibati həbs tətbiq olunur.

Maddə 152-1. Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi

152-1.1. Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə -

üç yüz manat miqdarında cərimə edilir və ya nəqliyyat vasitələrini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır.

152-1.2. Nəqliyyat vasitəsini idarə etmək hüququ olan və nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edən şəxs tərəfindən bu Məcəllənin 151.2 və ya 151.3-cü maddələrində nəzərdə tutulmuş xətaların törədilməsinə görə -

nəqliyyat vasitələrini idarə etmə hüququ bir il müddətinə məhdudlaşdırılmaqla dörd yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir.

152-1.3. Bu Məcəllənin 152-1.1-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə -

 nəqliyyat vasitələrini idarə etmə hüququ iki il müddətinə məhdudlaşdırılmaqla dörd yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya nəqliyyat vasitələrini idarə etmə hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş günədək inzibati həbs tətbiq olunur.

152-1.4. Bu Məcəllənin 152-1.1-ci , 152-1.2-ci və ya 152-1.3-cü maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkən şəxsə maddi zərər vurulmasına görə -

nəqliyyat vasitələrini idarə etmə hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat miqdarında cərimə edilir və ya nəqliyyat vasitələrini idarə etmə hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.

152-1.5. Ümumi istifadədə olan nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən belə nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə sərnişin daşımaqla idarə edilməsinə görə -

nəqliyyat vasitələrini idarə etmə hüququ iki il müddətinə məhdudlaşdırılmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.

152-1.6. Bu Məcəllənin 152-1.5-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə -

nəqliyyat vasitələrini idarə etmə hüququ iki il müddətinə məhdudlaşdırılmaqla bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur.

152-1.7. Bu Məcəllənin 152-1.5-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkən şəxsə maddi zərər vurulmasına görə -

nəqliyyat vasitələrini idarə etmə hüququ iki il müddətinə məhdudlaşdırılmaqla iki aydan üç ayadək müddətə inzibati həbs tətbiq olunur.

Qeyd: Bu Məcəllənin 152-1.1-ci və ya 152-1.2-ci maddələrində göstərilən xətalara yol verilməsi 5 balla qiymətləndirilir.

Maddə 152-2. Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi

152-2.1. Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə -

beş yüz manat miqdarında cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş günədək müddətə inzibati həbs tətbiq olunur.

152-2.2. Bu Məcəllənin 152-2.1-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə -

yeddi yüz manat miqdarında cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.

152-2.3. Bu Məcəllənin 152-2.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkən şəxsə maddi zərər vurulmasına görə -

səkkiz yüz manat miqdarında cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur.

152-2.4. Ümumi istifadədə olan nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən belə nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə sərnişin daşımaqla idarə edilməsinə görə -

bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur.

152-2.5. Bu Məcəllənin 152-2.4-cü maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə, yaxud həmin xəta nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkən şəxsə maddi zərər vurulmasına görə -

iki aydan üç ayadək müddətə inzibati həbs tətbiq olunur.

Maddə 152-3. Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarə etmə hüququ olmayan şəxsə verilməsi

152-3.1. Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarə etmə hüququ olmayan şəxsə verilməsinə görə -

fiziki şəxslər altmış manat miqdarında, vəzifəli şəxslər iki yüz manat miqdarında, hüquqi şəxslər iki min manat miqdarında cərimə edilir.

152-3.2. Bu Məcəllənin 152-3.1-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə -

fiziki şəxslər yüz manat miqdarında, vəzifəli şəxslər üç yüz manat miqdarında, hüquqi şəxslər üç min manat miqdarında cərimə edilir.

152-3.3. Bu Məcəllənin 152-3.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkən şəxsə fiziki və ya maddi zərər vurulmasına görə -

fiziki şəxslər yüz səksən manat miqdarında, vəzifəli şəxslər beş yüz manat miqdarında, hüquqi şəxslər beş min manat miqdarında cərimə edilir.

152-3.4. Ümumi istifadədə olan nəqliyyat vasitəsinin sərnişin daşınması üçün belə nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verilməsinə görə -

fiziki şəxslər iki yüz manat miqdarında, vəzifəli şəxslər beş yüz manat miqdarında, hüquqi şəxslər üç min manat miqdarında cərimə edilir.

152-3.5. Bu Məcəllənin 152-3.4-cü maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə -

on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manat miqdarında cərimə edilir.

152-3.6. Bu Məcəllənin 152-3.4-cü maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkən şəxsə fiziki və ya maddi zərər vurulmasına görə -

fiziki şəxslər dörd yüz manat miqdarında, vəzifəli şəxslər səkkiz yüz manat miqdarında cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər altı min manat miqdarında cərimə edilir.

Maddə 152-4. Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini sərxoş vəziyyətdə olan şəxsə verilməsi

152-4.1. Sərxoş vəziyyətdə olduğunu bilə-bilə nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün həmin şəxsə verilməsinə görə -

fiziki şəxslər yüz manat miqdarında, vəzifəli şəxslər üç yüz manat miqdarında, hüquqi şəxslər üç min manat miqdarında cərimə edilir.

152-4.2. Bu Məcəllənin 152-4.1-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə -

fiziki şəxslər iki yüz manat miqdarında, vəzifəli şəxslər dörd yüz manat miqdarında, hüquqi şəxslər dörd min manat miqdarında cərimə edilir.

152-4.3. Bu Məcəllənin 152-4.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkən şəxsə fiziki və ya maddi zərər vurulmasına görə -

fiziki şəxslər üç yüz manat miqdarında, vəzifəli şəxslər altı yüz manat miqdarında, hüquqi şəxslər altı min manat miqdarında cərimə edilir.

152-4.4. Ümumi istifadədə olan nəqliyyat vasitəsinin sərnişin daşınması üçün sərxoş vəziyyətdə olan şəxsə verilməsinə görə -

fiziki şəxslər üç yüz manat miqdarında, vəzifəli şəxslər altı yüz manat miqdarında, hüquqi şəxslər dörd min manat miqdarında cərimə edilir.

152-4.5. Bu Məcəllənin 152-4.4-cü maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə -

fiziki şəxslər dörd yüz manat miqdarında, vəzifəli şəxslər səkkiz yüz manat miqdarında, hüquqi şəxslər altı min manat miqdarında cərimə edilir.

152-4.6. Bu Məcəllənin 152-4.4-cü maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkən şəxsə fiziki və ya maddi zərər vurulmasına görə -

fiziki şəxslər beş yüz manat miqdarında, vəzifəli şəxslər min manat miqdarında, hüquqi şəxslər səkkiz min manat miqdarında cərimə edilir.

Maddə 152-5. Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarə etmə hüququ olmayan və sərxoş vəziyyətdə olan şəxsə verilməsi

152-5.1. Nəqliyyat vasitəsini idarə etmə hüququnun olmadığını və sərxoş vəziyyətdə olduğunu bilə-bilə nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün həmin şəxsə verilməsinə görə -

fiziki şəxslər iki yüz manat miqdarında, vəzifəli şəxslər dörd yüz manat miqdarında, hüquqi şəxslər dörd min manat miqdarında cərimə edilir.

152-5.2. Bu Məcəllənin 152-5.1-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə -

fiziki şəxslər üç yüz manat miqdarında, vəzifəli şəxslər altı yüz manat miqdarında, hüquqi şəxslər altı min manat miqdarında cərimə edilir.

152-5.3. Bu Məcəllənin 152-5.1-ci maddəsində nəzərdə tutulmuş xətaların törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkən şəxsə fiziki və ya maddi zərər vurulmasına görə -

fiziki şəxslər dörd yüz manat miqdarında, vəzifəli şəxslər səkkiz yüz manat miqdarında, hüquqi şəxslər səkkiz min manat miqdarında cərimə edilir.

152-5.4. Ümumi istifadədə olan nəqliyyat vasitəsinin sərnişin daşınması üçün belə nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan və sərxoş vəziyyətdə olan şəxsə verilməsinə görə -

fiziki şəxslər altı yüz manat miqdarında, vəzifəli şəxslər min manat miqdarında, hüquqi şəxslər səkkiz min manat miqdarında cərimə edilir.

152-5.5. Bu Məcəllənin 152-5.4-cü maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə -

bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər on iki min manat miqdarında cərimə edilir.

152-5.6. Bu Məcəllənin 152-5.4-cü maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkən şəxsə fiziki və ya maddi zərər vurulmasına görə -

fiziki şəxslər min manat miqdarında, vəzifəli şəxslər iki min beş yüz manat miqdarında cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər on beş min manat miqdarında cərimə edilir.

Maddə 153. Piyadalar və yol hərəkətinin başqa iştirakçıları tərəfindən yol hərəkəti qaydalarının pozulması

153.1. Piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni:

153.1.1. piyada svetoforlarına və nizamlayıcının işarələrinə riayət edilməməsinə;

153.1.2. yolun hərəkət hissəsinin, dəmir yol keçidinin müəyyən olunmayan yerdən keçilməsinə;

153.1.3. yolda yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin qarşısına qəflətən çıxılmasına;

153.1.4. qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı qoşulmuş nəqliyyat vasitəsi yaxınlaşan zaman hərəkət hissəsinin tərk edilməməsinə görə -

iyirmi manat cərimə edilir.

153.1-1. Piyadalar tərəfindən yolun hərəkət hissəsinin, dəmir yol keçidinin müəyyən olunmayan yerdən keçilməsinə görə -

iyirmi manat miqdarında cərimə edilir.

153.2. Sərnişinlər tərəfindən nəqliyyat vasitəsinə minmə və düşmə qaydalarının pozulmasına, təhlükəsizlik kəmərinin bağlanılmamasına, motodəbilqənin geyilməməsinə, nəqliyyat vasitəsindən bayıra hər hansı əşya atmağa və ya sürücünü nəqliyyat vasitəsini idarə etməkdən yayındırmağa görə -

otuz manat miqdarında cərimə edilir.

153.3. Velosipedçilər və moped idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni:

153.3.1. svetoforların və nizamlayıcının işarələrinə riayət edilməməsinə;

153.3.2. sərnişin və ya nəqliyyat vasitəsinin idarə edilməsinə mane olan yükün daşınmasına;

153.3.3. yol nişanlarının və ya yolun hərəkət hissəsinin nişanlanması tələblərinin pozulmasına;

153.3.4. sükanı tutmadan və ya təhlükəsizlik dəbilqələrindən istifadə qaydalarını pozmaqla idarə edilməsinə;

153.3.5. nasaz, müəyyən olunmuş qaydada təchiz edilmədən velosipeddən istifadə etməyə;

153.3.6. piyadaların hərəkətinə maneə yaradılmasına;

153.3.7. üstün hərəkət keçidi olan nəqliyyat vasitələrinə yol verilməməsinə görə -

qırx manat miqdarında cərimə edilir.

153.4. At arabalarını (kirşəni) idarə edən və mal-qara ötürənlər tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni:

153.4.1.mal-qaranın yolda nəzarətsiz qoyulmasına;

153.4.2. mal-qaranın asfalt və sement-beton örtüklü yollarda ötürülməsinə;

153.4.3. işıq əks etdirən qurğularla təchiz edilməmiş at arabalarının (kirşənin) sürülməsinə;

153.4.4. at arabalarını (kirşəni) idarə edərkən svetofor və ya nizamlayıcının işarələrinə, habelə yol nişanları və ya yol nişanlanması tələblərinə riayət edilməməsinə;

153.4.5. mal-qaranı və at arabasını (kirşəni) sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində dəmir yollarının, yolların bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən keçirilməsinə görə -

qırx manat miqdarında cərimə edilir.

153.5. Bu Məcəllənin 153.3-cü və 153.4-cü maddələrində nəzərdə tutulmuş xətaların yol hərəkəti iştirakçıları tərəfindən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsindən sərxoş vəziyyətdə törədilməsinə görə -

yetmiş manat miqdarında cərimə edilir.

153.6. Bu Məcəllənin 153.3-153.5-ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkən şəxsə maddi zərər vurulmasına görə -

səksən manatdan yüz manatadək miqdarda cərimə edilir.

153.7. Bu Məcəllənin 153.3-153.5-ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkən şəxsə maddi zərər vurulmasına görə -

şərti maliyyə vahidi məbləğinin on beş mislindən iyirmi beş mislinədək miqdarda cərimə edilir.

Maddə 154. Nəqliyyat vasitələrinin dövlət qeydiyyatının aparılması, texniki baxışın keçirilməsi, nəqliyyat vasitəsinin sazlığı haqqında sənədin və sürücülük vəsiqəsinin verilməsi qaydalarının pozulması

154.1. Nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən müəyyən edilmiş qaydada və müddətdə nəqliyyat vasitəsini dövlət qeydiyyatından və ya texniki baxışdan keçirmədən idarə etməyə və ya dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə müqaviləsi (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna olmaqla) əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirməməyə, yaxud nəqliyyat vasitəsinin geri qaytarılması barədə öhdəçiliyə əməl etməməyə, eləcə də nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin rəsmiləşdirilməsi və ya girov qoyulması qaydalarının pozulmasına görə -

fiziki şəxslər əlli manat miqdarında, vəzifəli şəxslər yüz manat miqdarında, hüquqi şəxslər üç yüz manat miqdarında cərimə edilir.

154.2. Nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və ya dövlət qeydiyyat nişanının verilməsi ilə əlaqədar nəqliyyat vasitəsinin sahibindən qanunvericiliklə nəzərdə tutulmayan sənədlərin tələb edilməsinə, nəqliyyat vasitəsinin qeydiyyata alınmasında və ya qeydiyyatdan çıxarılmasında, habelə nəqliyyat vasitələrinə qanunla müəyyən edilmiş hallarda texniki baxışın keçirilməsində və ya texniki sazlığı haqqında sənədin verilməsində süründürməçiliyə yol verilməsinə və ya onların həllindən qanunsuz olaraq imtina edilməsinə, eləcə də texniki sazlığı haqqında verilmiş sənədin və bu sənəddəki məlumatların həqiqətə uyğun olmamasına görə -

yüz əlli manatdan iki yüz manatadək miqdarda cərimə edilir.

154.3. Sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi haqqında ərizəyə baxılmamasına, habelə süründürməçiliyə yol verilməsinə, eləcə də yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanlara buraxılmasından əsassız imtina edilməsinə görə -

iki yüz manatdan iki yüz əlli manatadək miqdarda cərimə edilir.

154.4. Sürücülük vəsiqəsinin qəsdən korlanmasına, yararsız hala salınmasına və ya itirilməsinə görə -

qırx manat miqdarında cərimə edilir.

154.5. Müvafiq icra hakimiyyəti orqanının əməkdaşı tərəfindən bu Məcəllənin 451.3-cü maddəsinin tələbləri pozulmaqla cərimələrin alınmasına görə-

üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir.

Qeyd:

Şəxs bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş nəqliyyat vasitəsini dövlət qeydiyyatından və ya qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçirmədən idarə etməyə görə inzibati məsuliyyətə cəlb olunduqda 10 gün ərzində nəqliyyat vasitəsini dövlət qeydiyyatından və ya texniki baxışdan keçirməlidir. Bu müddət ərzində şəxs həmin əməlin törədilməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb olunmur.

Maddə 155. Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması

155.1. Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına, yəni:

155.1.1. nəqliyat vasitəsini qapıları bağlanmamış vəziyyətdə yerindən törpətməyə və ya onun hərəkəti zamanı qapıları açmağa;

155.1.2. nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirak etməyə;

155.1.3. dövlət qeydiyyat nişanlarından birinin yerində olmamasına;

155.1.4. hərəkət zamanı sükanı əlindən buraxmağa, mühərriki söndürülmüş nəqliyyat vasitəsini ətalətlə idarə etməyə;

155.1.5. su və ya palçığın yolda piyadalara, binalara və nəqliyyat vasitələrinə qəsdən sıçradılmasına;

155.1.6. nəqliyyat vasitəsinin təkərlərində və ya banında yol örtüyünü zibilləyən palçıq varsa, yaxud onlardan yanacaq-sürtkü materiallarının, kimyəvi maddələrin, tikinti və digər materiallarının axması olarsa, onlarla örtüyü təkmilləşdirilmiş yollarda hərəkət etməyə;

155.1.7. hərəkətdə olan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünməsi üçün onun təmiz saxlanılmamasına;

155.1.8. küçəni keçən kor piyadanın işarəsi ilə nəqliyyat vasitəsini dayandırmamasına;

155.1.9. yol-nəqliyyat hadisələri nəticəsində və ya nəqliyyat vasitəsinin nasazlığı səbəbindən zədələnmiş nəqliyyat vasitələrinin daşınması üçün və ya təbii-fəlakət yerlərinə getmək üçün, yaxud qanunvericilik aktı ilə nəzərdə tutulmuş digər təxirəsalınmaz hallarda yük daşıyan nəqliyyat vasitələrini Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının əməkdaşlarına təqdim edilməməsinə görə - ;

155.1.10. beynəlxalq yük daşımalarını həyata keçirən yük avtomobillərinin və avtobusların nəzarət qurğusu (taxoqraf) olmadan və ya işləməyən yaxud möhürlənməsi pozulmuş taxoqrafla, habelə sürücünün iş və istirahət rejimini əks etdirən taxoqramları doldurmadan idarə edilməsinə görə -

qırx manat miqdarında cərimə edilir.

155.2. Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni:

155.2.1. tormoz sistemi və ya sükan idarə mexanizmi nasaz olan və ya xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına;

155.2.2. normativ tələblər pozulmaqla avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə;

155.2.3. nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsinə;

155.2.4. nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə -

yüz əlli manat miqdarında cərimə edilir.

155.2-1. Mühərrikin səs gücünün artırılması məqsədi ilə nəqliyyat vasitəsinin işlənmiş qazları xaric etmə sisteminə normativ tələblər pozulmaqla avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə —

beş yüz manat miqdarında cərimə edilir.

155.2-2. Bu Məcəllənin 155.2-1-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə —

min manat miqdarında cərimə edilir.

155.2-3. Xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə -

əlli manat miqdarında cərimə edilir.

155.3. Dövlət qeydiyyat nişanları və ya onlardan birinin olmamasına, saxta və ya mövcud standartlara uyğun olmayan və ya başqa nəqliyyat vasitələrinə verilmiş dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitələrini idarə etməyə görə -

altmış manat miqdarında cərimə edilir.

155.4. Bu Məcəllənin 155.1.1-155.1.6, 155.1.8, 155.2.1-155.2.3-cü maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkən şəxsə maddi zərər vurulmasına görə -

iki yüz manat miqdarında cərimə edilir və ya nəqliyyat vasitələrini idarə etmə hüququ bir ildən iki ilədək müddətə məhdudlaşdırılır.

155.5. Bu Məcəllənin 155.1.1-155.1.6, 155.1.8, 155.2.1-155.2.3-cü maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkən şəxsə maddi zərər vurulmasına görə -

şərti maliyyə vahidi məbləğinin on mislindən on beş mislinədək miqdarda cərimə edilir və ya nəqliyyat vasitələrini idarə etmə hüququ bir ildən iki ilədək müddətə məhdudlaşdırılır.

155.6. Nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsinə görə -

əlli manat miqdarında cərimə edilir.

155.7. Nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, habelə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə -

inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə beş yüz manatdan səkkiz yüz manatadək miqdarda miqdarda cərimə edilir.

Qeyd: Bu Məcəllənin 155.3-cü maddəsində nəzərdə tutulmuş xətalar 4 balla qiymətləndirilir.

Maddə 156. Sərxoşluq vəziyyətinin müayinəsindən boyun qaçırma

156.1. Qanunla müəyyən edilmiş hallarda aparılması nəzərdə tutulan sərxoşluq vəziyyətinin müayinəsindən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin boyun qaçırmasına görə -

 nəqliyyat vasitələrini idarə etmə hüququ bir ildən iki ilədək müddətə məhdudlaşdırılmaqla üç yüz manatdan yeddi yüz manatadək miqdarda cərimə edilir və ya nəqliyyat vasitələrini idarə etmə hüququ bir ildən iki ilədək müddətə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on günədək inzibati həbs tətbiq olunur.

156.2. Qanunla müəyyən edilmiş hallarda aparılması nəzərdə tutulan sərxoşluq vəziyyətinin müayinəsindən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsin boyun qaçırmasına görə -

 beş yüz manatdan səkkiz yüz manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş günədək inzibati həbs tətbiq olunur.

Maddə 156-1. Tibbi müayinədən keçməyən sürücülər tərəfindən nəqliyyat vasitələrinin idarə edilməsi

Qanunvericiliklə müəyyən edilmiş qaydada tibbi müayinədən keçməyən sürücülər tərəfindən nəqliyyat vasitələrinin idarə edilməsinə görə—

otuz manat miqdarında cərimə edilir.

Maddə 157. Nəqliyyat vasitəsi sahibinin öz mülki məsuliyyətini üçüncü şəxs qarşısında sığortalamaması

Nəqliyyat vasitəsi sahibinin üçüncü şəxs qarşısında öz mülki məsuliyyətini sığortalamadan nəqliyyat vasitəsini idarə etməyə görə -

şərti maliyyə vahidi məbləğinin beş misli miqdarında cərimə edilir.

Maddə 158. Nəqliyyat vasitələrinin saxlanılması və təmiri qaydalarının pozulması

158.1. Nəqliyyat vasitələrinin icazə verilməyən yerlərdə saxlanılmasına, yaxud parklanma qaydalarının pozulmasına görə -

xəbərdarlıq edilir və ya on beş manatdan iyirmi manatadək cərimə edilir.

158.2. Nəqliyyat vasitələrinin saxlanca qəbul edilməsi və saxlanılması qaydalarının pozulmasına görə -

vəzifəli şəxslər altmış manat miqdarında, hüquqi şəxslər yüz əlli manat miqdarında cərimə edilir.

158.3. Banı zədələnmiş nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan təmirə qəbuluna görə -

iki yüz əlli manat miqdarında cərimə edilir.

Maddə 158-1. Dayanma, durma və parklanma qaydalarının pozulması

158-1.1. Dayanma, durma və ya parklanma qaydalarını pozmağa görə -

iyirmi manat miqdarında cərimə edilir.

158-1.2. Ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə -

qırx manat miqdarında cərimə edilir.

158-1.3. Ümumi istifadədə olan nəqliyyat vasitəsini sərnişinləri mindirmək və ya düşürtmək üçün bu məqsədlə xüsusi olaraq müəyyən edilmiş dayanacaq meydançalarından və ya 5.12, 5.13 nişanları ilə işarələnmiş dayanacaq yerlərindən kənarda dayandırmağa görə -

 altmış manat miqdarında cərimə edilir.

 

Maddə 158-2. Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi

Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə edən fiziki şəxs haqqında məlumatı bu barədə sorğu daxil olduğu vaxtdan 5 gün müddətində verməməsinə görə -

hüquqi şəxs üç yüz manat miqdarında cərimə edilir.

Maddə 159. Nəqliyyat vasitələri ilə təhlükəli yüklərin daşınması qaydalarının pozulması

Nəqliyyat vasitələri ilə təhlükəli yüklərin daşınması qaydalarının pozulmasını görə -

fiziki şəxslər yüz manat miqdarında, vəzifəli şəxslər beş yüz manat miqdarında, hüquqi şəxslər beş min manat miqdarında cərimə edilir.

Maddə 159-1. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsi

Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə-

nəqliyyat vasitələrini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır.

Qeyd:

Bu Məcəllənin 159-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı, inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur.

On dördüncü fəsil

YOL HƏRƏKƏTİ TƏHLÜKƏSİZLİYİNİN TƏMİN EDİLMƏSİ VƏ AVTOMOBİL YOLLARINDAN İSTİFADƏ QAYDALARI ƏLEYHİNƏ OLAN İNZİBATİ XƏTALAR

Maddə 160. Yol hərəkətinin təşkili zamanı yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi

Yol hərəkəti təhlükəsizliyi səviyyəsinin azaldılması hesabına yolların buraxılış qabiliyyətinin artırılması məqsədi ilə və ya digər məqsədlərlə yol hərəkətinin təşkilində dəyişikliklərin edilməsinə görə -

vəzifəli şəxslər qırx manatdan altmış manatadək miqdarda, hüquqi şəxslər yüz manatdan yüz iyirmi manatadək miqdarda cərimə edilir.

Maddə 161. Avtomobil yollarının layihələşdirilməsi, tikintisi, yenidən qurulması və təmiri zamanı yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulması

161.1. Müvafiq icazə almadan və ya alınmış icazənin şərtlərinə əməl etmədən avtomobil yollarında, prospektlərdə, küçələrdə, təhkim və mühafizə zolağında tikinti, qazıntı, yenidənqurma və ya təmir işlərinin aparılmasına, yaxud avtomobil yollarının layihələşdirilməsi, tikintisi, yenidən qurulması və təmiri zamanı yol hərəkəti təhlükəsizliyinə dair standartlara, qaydalara və normativlərə əməl edilməməsinə və ya yollarda təhlükəsiz hərəkət şəraitinin yaradılmamasına görə -

fiziki şəxslər səksən manatdan yüz manatadək miqdarda, vəzifəli şəxslər dörd yüz manatdan beş yüz manatadək miqdarda, hüquqi şəxslər dörd min manatdan beş min manatadək miqdarda cərimə edilir.

161.2. Müvafiq icazə olmadan yol hərəkətini nizamlayan texniki vasitələrin, svetoforların və yol nişanlarının quraşdırılmasına görə -

fiziki şəxslər otuz manatdan əlli manatadək miqdarda, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək miqdarda, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək miqdarda cərimə edilir.

Maddə 162. Avtomobil yollarının saxlanılması, qorunması və abadlaşdırılması zamanı yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulması

Avtomobil yollarının saxlanılması, qorunması və abadlaşdırılması qaydalarının pozulmasına, yaxud avtomobil yollarında təhlükəsiz hərəkət şəraitinin yaradılmamasına görə -

vəzifəli şəxslər otuz manatdan əlli manatadək miqdarda, hüquqi şəxslər yüz manatdan yüz əlli manatadək miqdarda cərimə edilir.

Maddə 163. Avtomobil yollarında və təhkim zolağında yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulması

163.0. Avtomobil yollarında , prospektlərdə, küçələrdə, təhkim və mühafizə zolağında yol hərəkətinin təhlükəsizliyinin pozulmasına, yəni:

163.0.1. örtüyü təkmilləşdirilmiş yollarda avtomobil yollarını korlayan konstruksiya elementləri olan, tırtıllı, yaxud metal tikanlı şinləri olan nəqliyyat vasitələrinin hərəkətinə, həmçinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən karxana avtomobillərinə aid edilmiş avtonəqliyyat vasitələrinin ümumi istifadədə olan avtomobil yolları ilə yüklə hərəkətinə;

163.0.2. yolların və ya yol qurğularının kənar predmetlərlə zibillənməsinə, yaxud tutulmasına, yolda kənd təsərrüfatı məhsullarının qurudulmasına, zibil və qar yığınlarının yaradılmasına;

163.0.3. yolların hərəkət hissəsinə yanacaq-sürtkü materialları, kimyəvi maddələr, bitum və beton axıdılmasına, habelə daş, çınqıl, qum və ot tökülməsinə, yolu və təhkim zolağını zibilləyə bilən materialların və yüklərin müvafiq qaydada qablaşdırılmadan aparılmasına;

163.0.4. avtomobil yollarının körpü keçidlərində çayın məcrası boyu körpüdən hər tərəfə bir kilometr məsafədə yol fəaliyyətinə aid olmayan tikinti işlərinin aparılmasına, habelə torpaq və çınqıl kütləsinin götürülməsinə;

163.0.5. xüsusi olaraq buna uyğunlaşdırılmamış körpülərin altından taxta-şalban axıdılmasına;

163.0.6. avtomobil yollarının torpaq sahələrində mal-qaranın otarılmasına, respublika əhəmiyyətli avtomobil yolları ilə mal-qara aparılmasına, habelə avtomobil yollarının sahiblərinin razılığı olmadan müəyyən edilən yerlərdən kənar avtomobil yolundan və ya bu məqsədlə xüsusi olaraq yaradılmış keçidlərdən kənar mal-qaranın keçirilməsinə;

163.0.7. üzən nəqliyyat vasitələrinin körpü dayaqlarına yan almasına, körpülərin altında qayıq stansiyalarının, digər qurğuların yerləşdirilməsinə;

163.0.8. avtomobil yollarının saxlanılması və təmiri ilə bağlı işlər istisna olunmaqla, torpağın şumlanmasına, çimin çıxarılmasına və qruntun götürülməsinə, oradakı otların biçilməsinə, ağacların və digər yaşıllığın qırılmasına;

163.0.9. kütləvi istirahət yerlərinin təşkil edilməsinə;

163.0.10. suvarma, sənaye, çirkab və kanalizasiya sularının avtomobil yoluna və yağış sularının avtomobil yolundan kənarlaşdırılması üçün tikilmiş kanalizasiya sisteminə, suyu kənara axıdan qurğulara və yolboyu torpaq sahəsinə axıdılmasına, avtomobil yollarının təhkim və qorunma (mühafizə) zolaqlarının, yol örtüyünün çirkləndirilməsinə;

163.0.11. yolu və təhkim zolağını zibilləyə bilən materialların və yüklərin müvafiq qaydada qablaşdırılmadan aparılmasına;

163.0.12. sərnişin daşımalarının marşrutlarının Azərbaycan Respublikasının müvafiq icra hakimiyyәti orqanı ilə razılaşdırmamasına görə - ;

163.0.13. iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yükün oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulmasına;

163.0.14. iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin ümumi istifadədə olan avtomobil yolları və yaşayış məntəqələrinin küçələri ilə xüsusi icazə olmadan və (və ya) xüsusi icazənin tələbləri pozulmaqla, müəyyən edilmiş hallarda müşayiət və ya mühafizə avtomobili olmadan hərəkət etməsinə görə -

fiziki şəxslər otuz manatdan əlli manatadək miqdarda, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək miqdarda, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək miqdarda cərimə edilir.

Maddə 163-1. İriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulması

163-1.1. Hüquqi şəxslərə məxsus olan iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla yüklənməsinə görə -

vəzifəli şəxslər min iki yüz manatdan min beş yüz manatadək miqdarda, hüquqi şəxslər dörd min manatdan beş min manatadək miqdarda cərimə edilir.

163-1.2. Bu maddənin 163-1.1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla, hüquqi şəxs tərəfindən iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla yüklənməsinə görə -

vəzifəli şəxslər min iki yüz manatdan min beş yüz manatadək miqdarda, hüquqi şəxslər dörd min manatdan beş min manatadək miqdarda cərimə edilir.

163-1.3. Bu maddənin 163-1.2-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla, fiziki şəxs tərəfindən ona məxsus olan iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla yüklənməsinə görə -

altı yüz manatdan yeddi yüz manatadək miqdarda cərimə edilir.

163-1.4. Eyni hərəkətlərin il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə -

fiziki şəxslərin nəqliyyat vasitələrini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılmaqla min manatdan min iki yüz manatadək miqdarda cərimə edilir, vəzifəli şəxslər min səkkiz yüz manatdan iki min manatadək miqdarda, hüquqi şəxslər beş min beş yüz manatdan altı min manatadək miqdarda cərimə edilir.

Maddə 164. Avtomobil yollarında və nəzarət edilən zonalarda yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulması

164.0. Müvafiq icazə almadan və ya alınmış icazənin şərtlərinə əməl etmədən avtomobil yollarında, prospektlərdə, küçələrdə, təhkim və mühafizə zolağında yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulmasına, yəni:

164.0.1. yolun hərəkət hissəsində və ya səkilərdə materialların yığılması və predmetlərin saxlanılmasına (səkilərdə materialların və ya predmetlərin saxlanılması nəticəsində yaranmış məhdudiyyətlərin piyadaların gediş-gəlişi üçün yolun hərəkət hissəsindən istifadə etməsinə səbəb olmadığı hallar istisna olmaqla), yol hərəkətinin təhlükəsizliyinə mane olan şərait yaradılmasına və yolların hərəkət hissəsində, habelə yolların, yol qurğularının tikintisi və təmiri ilə əlaqədar olmayan yüklərin yüklənməsinə və ya boşaldılmasına;

164.0.2. geoloji, axtarış, tikinti, meliorasiya işlərinin aparılmasına, rabitə və elektrik xətlərinin, digər kommunikasiyaların çəkilməsinə, avtomobil yollarının torpaq sahələrində müvafiq işlərin həyata keçirilməsi üçün verilən razılığın şərtlərinə əməl edilməməsinə;

164.0.3. daimi və müvəqqəti giriş-çıxış yerlərinin, başqa yollarla birləşmələrin və kəsişmələrin yaradılmasına;

164.0.4. yolların hərəkət hissəsində sədlərin, şlaqbaumların qurulması və nəqliyyat vasitələrinin hərəkətinin başqa üsullarla kəsilməsinə, habelə avtomobil yollarında nəqliyyat vasitələrinin və piyadaların hərəkətinə maneələr yaradılmasına;

164.0.5. avtomobil yollarında hərəkət təhlükəsizliyinə aid olmayan nişanların və göstəricilərin, reklam lövhələrinin və transparantların qurulmasına, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmayan yol nişanlarının yerləşdirilməsinə, həmçinin “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydalar pozulmaqla, reklam və digər məlumat qurğularının yerləşdirilməsinə;

164.0.6. dəmiryol keçidlərinin, bəndlərin, şlüzlərin, nohurların, digər meliorasiya və hidrotexniki qurğuların tikintisinə, yenidən qurulmasına, təmirinə və ləğvinə, çayların və kanalların yatağının dərinləşdirilməsinə;

164.0.7. bərk örtüklü yollarda nəqliyyat vasitələrinin zavod sınaqlarının keçirilməsinə;

164.0.8. təhkim zolağında nəqliyyat vasitələrinin durması və yuyulması üçün meydançaların, servis obyektlərinin, köşklərin, pavilyonların, digər qurğuların yerləşdirilməsinə və ticarətin aparılmasına, avtomobil yollarının tikintisi, saxlanılması, təmiri və yenidən qurulması ilə bağlı olmayan işlərin görülməsinə, yol hərəkətinin təhlükəsizliyi, sərnişin və yük daşımaları sahəsində nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının xidməti tikililəri və qurğuları istisna olmaqla, avtomobil yollarının tikintisi, saxlanılması, təmiri, yenidən qurulması üçün nəzərdə tutulmayan bina və qurğuların yerləşdirilməsinə;

164.0.9. yarışların, məşqlərin və digər idman tədbirlərinin keçirilməsinə;

164.0.10. tırtıllı, uzun ölçülü, iri qabaritli, ağır çəkili və ya təhlükəli yükləri daşıyan nəqliyyat vasitələrinin hərəkəti zamanı avtomobil yoluna və yol qurğularına zərər dəyməsinə, yol örtüyünün və yolun mühəndisi konstruksiyasının zədələnməsinə, avtomobil yoluna və ya yolda yerləşdirən qurğulara müdaxilə edilməsinə görə-

fiziki şəxslər səksən manatdan yüz manatadək miqdarda, vəzifəli şəxslər dörd yüz manatdan beş yüz manatadək miqdarda, hüquqi şəxslər üç min manatdan dörd min manatadək miqdarda cərimə edilir.

Maddə 165. Yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi

Yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi haqqında qəbul edilmiş qərarla müəyyənləşdirilmiş göstərişləri və ya qadağan edilməsi müddətlərini pozmağa və ya özbaşına yol hərəkətini müvəqqəti məhdudlaşdırmağa və ya qadağan etməyə görə -

fiziki şəxslər qırx manatdan əlli manatadək miqdarda, vəzifəli şəxslər iki yüz əlli manatdan üç yüz manatadək miqdarda, hüquqi şəxslər beş yüz manatdan altı yüz manatadək miqdarda cərimə edilir.

Maddə 166. Yol hərəkəti təhlükəsizliyinin tibbi təminatı qaydalarının pozulması

166.1. Xüsusi komplektləşdirilmiş dərman qutuları ilə təchiz olunmayan nəqliyyat vasitələrini idarə etməyə görə -

üç manatdan beş manatadək miqdarda cərimə edilir.

166.2. Təcili tibbi yardıma ehtiyacı olan şəxsləri daşımamağa, yaxud təcili tibbi yardım göstərmək üçün eyni səmtə gedən səhiyyə işçilərinə nəqliyyat vasitələri təqdim etməməyə görə -

on manatdan on beş manatadək miqdarda cərimə edilir.

166.3. Nəqliyyat vasitələri sürücülərinin icbari qaydada tibbi müayinәdәn, təkrar müayinədən, həmçinin reys qabağı, reysdən sonra cari tibbi müayinədən keçmələrini təşkil etməməyə görə -

vəzifəli şəxslər qırx manatdan əlli manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan iki yüz manatadək miqdarda cərimə edilir.

Maddə 167. Magistral boru kəmərlərinin mühafizəsi qaydalarının pozulması

Magistral boru kəmərlərinin mühafizəsi qaydalarının pozulmasına görə -

fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar qırx manatdan əlli manatadək miqdarda cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar altmış manatdan səksən manatadək miqdarda cərimə edilir.

Maddə 168. İş görülərkən qaz (neft) kəmərlərinin zədələnməsi

İş görülərkən qaz (neft) kəmərlərinin zədələnməsinə görə -

fiziki şəxslər otuz beş manatdan qırx manatadək miqdarda, vəzifəli şəxslər altmış manatdan səksən manatadək miqdarda, hüquqi şəxslər doxsan manatdan yüz əlli manatadək miqdarda cərimə edilir.

On beşinci fəsil

RABİTƏ QAYDALARI ƏLEYHİNƏ OLAN İNZİBATİ XƏTALAR

Maddə 169. Dövlət qeydiyyatından keçməmiş elektromaqnit şüalanma mənbələri sayılan rabitə vasitələrinin qurulması və istismarı

Qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçməmiş elektromaqnit şüalanma mənbələri sayılan rabitə vasitələrinin və ya teleradio verilişlərinin yayımı və ötürülməsi üçün istifadə olunan rabitə vasitələrinin və digər texniki vasitələrinin əldə edilməsinə, qurulmasına və ya istismarına, bu vasitələrin realizə edilməsi qaydalarının pozulmasına və radioşüalanmanın texniki normalarına riayət edilməməsinə görə -

bu cür qoşulma nəticəsində istismar edilən rabitə avadanlığı müsadirə edilməklə və ya edilməməklə fiziki şəxslər iyirmi beş manatdan otuz beş manatadək miqdarda, vəzifəli şəxslər yetmiş manatdan doxsan manatadək miqdarda, hüquqi şəxslər iki yüz manatdan iki əlli yüz manatadək miqdarda cərimə edilir.

Maddə 170. Müvafiq icazə olmadan rabitə şəbəkələrinə və vasitələrinə qoşulma

Qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq icazə olmadan rabitə şəbəkələrinə və ya vasitələrinə qoşulmağa görə -

bu cür qoşulma nəticəsində istismar edilən rabitə avadanlığı müsadirə edilməklə və ya edilməməklə fiziki şəxslər otuz beş manatdan qırx manatadək miqdarda, vəzifəli şəxslər altmış manatdan səksən manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan iki yüz manatadək miqdarda cərimə edilir.

Maddə 171. Radioelektron, radio rabitə vasitələrinin və yüksəktezlikli qurğuların istehsalı, əldə edilməsi, idxalı, istifadəsi və qeydiyyatı, qaydalarının pozulması

Radioelektron, radiorabitə vasitələrinin və yüksəktezlikli qurğuların istehsalına, əldə edilməsinə, idxalına, istifadəsinə və qeydiyyatına dair qanunla müəyyən edilmiş qaydaların pozulmasına və ya tezliklərdən bütün təyinatlı radioelektron vasitələrinin və yüksəktezlikli qurğuların işi üçün istifadə olunmasına və ya teleradio verilişlərinin qəbuluna maneələr törədilməsinə görə -

fiziki şəxslər otuz manatdan qırx manatadək miqdarda, vəzifəli şəxslər yetmiş manatdan doxsan manatadək miqdarda, hüquqi şəxslər yüz səksən manatdan iki yüz əlli manatadək miqdarda cərimə edilir.

Maddə 172. Rabitə vasitələrinin, xətlərinin və qurğularının mühafizə qaydalarının pozulması

Rabitə vasitələrinin, xətlərinin və qurğularının qanunvericiliklə müəyyən edilmiş mühafizə qaydalarının pozulmasına və ya rabitə vasitələrinin, xətlərinin və ya kabel qurğularının zədələnməsinə görə -

fiziki şəxslər otuz manatdan qırx manatadək miqdarda, vəzifəli şəxslər altmış manatdan səksən manatadək miqdarda, hüquqi şəxslər iki yüz əlli manatdan üç yüz manatadək miqdarda cərimə edilir.

Maddə 172-1.Telefon xətlərinə qanunsuz daxil olmaqla danışıqlar aparma

Abonentə məxsus telefon nömrəsinə aid olan rabitə xəttinə qanunsuz olaraq daxil olmaqla danışıqlar aparma, zərərçəkmiş şəxsə az miqdarda ziyan vurmaqla törədildikdə -

iyirmi manatdan qırx manatadək miqdarda cərimə edilir.

Qeyd: Bu maddədə "az miqdarda" dedikdə, min manatadək olan məbləğ başa düşülür.

Maddə 173. Poçt markalarının və digər poçt ödəniş nişanlarının buraxılması və ya yayılması

Poçt ödənişi nişanlarının (poçt markaları, markalı zərf və açıqcalar) və digər poçt ödəniş nişanlarının və başqa filateliya əşyalarının qanunsuz olaraq buraxılmasına və ya onların nəşri və dövriyyəsi qaydalarının pozulmasına görə -

inzibati xəta törədilməsinə səbəb olmuş poçt ödənişi nişanları və digər poçt ödəniş nişanları və başqa filateliya əşyaları müsadirə edilməklə və ya edilməməklə fiziki şəxslər iyirmi beş manatdan otuz beş manatadək miqdarda, vəzifəli şəxslər altmış beş manatdan səksən manatadək miqdarda, hüquqi şəxslər iki yüz əlli manatdan üç yüz manatadək miqdarda cərimə edilir.

Maddə 174. Rabitə xidməti qaydalarının pozulması

Rabitə fəaliyyətinin həyata keçirilməsi zamanı rabitə xidməti qaydalarının pozulmasına, yəni mövcud standartlara, norma və qaydalara, habelə müqavilə şərtlərinə əməl edilməməsinə görə -

xəbərdarlıq edilir və ya on manatdan otuz manatadək miqdarda cərimə edilir.

Maddə 175. Sertifikatlaşdırılmamış rabitə vasitələrindən istifadə edilməsi

Qanunvericiliklə sertifikatlaşdırılması tələb olunan sertifikatlaşdırılmamış rabitə vasitələrindən istifadə edilməsinə və ya onların realizə edilməsinə görə -

bu cür qoşulma nəticəsində istismar edilən rabitə avadanlığı müsadirə edilməklə və ya edilməməklə fiziki şəxslər iyirmi beş manatdan otuz beş manatadək miqdarda, vəzifəli şəxslər altmış manatdan səksən manatadək miqdarda, hüquqi şəxslər yüz iyirmi manatdan yüz qırx manatadək miqdarda cərimə edilir.

Maddə 176. Rabitə şəbəkələrinin və qurğularının layihələşdirilməsi, inşaatı və istismarı qaydalarının və normalarının pozulması

Rabitə şəbəkələrinin və qurğularının layihələşdirilməsi, inşaatı və istismarının müəyyən edilmiş qaydalarının və normalarının pozulmasını görə -

fiziki şəxslər on beş manatdan iyirmi beş manatadək miqdarda, vəzifəli şəxslər əlli manatdan yetmiş manatadək miqdarda, hüquqi şəxslər iki yüz manatdan iki yüz əlli manatadək miqdarda cərimə edilir.

Maddə 177. Dövlət əhəmiyyətli elektrik rabitə xətlərində baş vermiş qəzaların aradan qaldırılmasına maneçilik törədilməsi

Dövlət əhəmiyyətli elektrik rabitə xətlərində baş vermiş qəzanın aradan qaldırılmasına qəzanın baş verdiyi yerin mülkiyyətçisi və ya istifadəçisi tərəfindən maneçilik törədilməsinə görə -

fiziki şəxslər iyirmi beş manatdan otuz beş manatadək miqdarda, vəzifəli şəxslər yetmiş manatdan doxsan manatadək miqdarda, hüquqi şəxslər iki yüz manatdan iki əlli yüz manatadək miqdarda cərimə edilir.

Maddə 178. Rabitə vasitələrinin, qurğularının, xətlərinin mühafizə zonalarında müvafiq icazə olmadan işlərin aparılması

Rabitə vasitələrinin, qurğularının, xətlərinin mühafizə zonalarında müvafiq icazə olmadan tikinti işlərinin və ya digər işlərin aparılmasına görə -

fiziki şəxslər otuz manatdan qırx manatadək miqdarda, vəzifəli şəxslər altmış manatdan səksən manatadək miqdarda, hüquqi şəxslər iki yüz manatdan iki yüz əlli manatadək miqdarda cərimə edilir.

Maddə 179. Ümumi istifadəli avtomat telefonlarının zədələnməsi

Ümumi istifadəli avtomat telefonlarının zədələnməsinə görə -

otuz manatdan qırx manatadək miqdarda cərimə edilir.

Maddə 180. Müvafiq icazə olmadan rabitə xidmətlərinin göstərilməsi

Rabitə sistemlərindən, qurğularından və xətlərindən istifadə etməklə qazanc məqsədi ilə rabitə xidmətlərinin göstərilməsinə və ya rabitə şəbəkələrindən və vasitələrindən bu məqsədlə istifadə edilməsinə görə -

belə xidmətlərin göstərilməsinədə (qoşulmasında) istifadə edilən rabitə avadanlığı müsadirə edilməklə və ya edilməməklə fiziki şəxslər otuz beş manatdan qırx manatadək miqdarda, vəzifəli şəxslər əlli manatdan yetmiş manatadək miqdarda, hüquqi şəxslər iki yüz manatdan iki yüz əlli manatadək miqdarda cərimə edilir.

M a d d ə  180-1. Abonentin identifikasiya modulunun və ya mobil telefon aparatının başqa şəxslərə kirayəyə verilməsi

Mütəmadi gəlir (mənfəət) əldə etmək məqsədilə abonentin identifikasiya modulunun (sim kartlar və ya digər kartlar) və ya mobil telefon aparatının başqa şəxslərə kirayəyə verilməsinə görə -

fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək, vəzifəli şəxslər min manatdan iki min manatadək, hüquqi şəxslər üç min manatdan beş min manatadək miqdarda cərimə edilir.

Maddə 180-2. İMEİ nömrələri mobil cihazların qeydiyyat sisteminin qara səhifəsində olan mobil cihazlara xidmət göstərilməsi

180-2.1. Mobil operator tərəfindən İMEİ nömrələri mobil cihazların qeydiyyat sisteminin qara səhifəsində olan mobil cihazlara (İMEİ nömrələri uyğunlaşdırılmış ağ səhifədə olan mobil cihazlar istisna olmaqla) telekommunikasiya xidmətlərinin göstərilməsinə görə -

vəzifəli şəxslər iki min manat miqdarında, hüquqi şəxslər on min manat miqdarında cərimə edilir.

180-2.2. Bu Məcəllənin 180-2.1-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə -

vəzifəli şəxslər dörd min manat miqdarında, hüquqi şəxslər iyirmi min manat miqdarında cərimə edilir.

Maddə 180-3. Telekommunikasiya şəbəkələrinin mobil cihazların qeydiyyat sisteminə qoşulmasının və (və ya) uyğunlaşdırılmasının (uzlaşdırılmasının) təmin edilməməsi

Mobil operator tərəfindən telekommunikasiya şəbəkəsinin mobil cihazların qeydiyyat sisteminə qoşulmasının və (və ya) uyğunlaşdırılmasının (uzlaşdırılmasının) təmin edilməməsinə görə -

vəzifəli şəxslər beş min manat miqdarında, hüquqi şəxslər iyirmi beş min manat miqdarında cərimə edilir.

On altıncı fəsil

İNFORMASİYADAN İSTİFADƏ EDİLMƏSİ, ONUN YAYILMASI VƏ MÜHAFİZƏSİ QAYDALARI ƏLEYHİNƏ OLAN İNZİBATİ XƏTALAR

Maddə 181. İnformasiya ehtiyatlarından istifadə qaydalarının pozulması

İnformasiya ehtiyatlarından istifadə qaydalarının pozulmasına görə -

fiziki şəxslər beş manatdan on beş manatadək miqdarda, vəzifəli şəxslər qırx manatdan əlli manatadək miqdarda, hüquqi şəxslər doxsan manatdan yüz otuz manatadək miqdarda cərimə edilir.

Maddə 181-1. Ətraf mühitə dair informasiyanın verilməsinin qanuna zidd məhdudlaşdırılması

Ətraf mühitə dair informasiyanın verilməsinin qanuna zidd məhdudlaşdırılmasına görə –

vəzifəli şəxslər əlli manat cərimə edilir.

Maddə 181-2. Məxfiləşdirilmiş məlumatların məxfiliyinin açılması haqqında sorğuya mahiyyəti üzrə baxmaqdan boyun qaçırılması

Azərbaycan Respublikası vətəndaşlarının, müəssisələrinin, idarələrinin, təşkilatlarının və dövlət hakimiyyəti orqanlarının məxfiləşdirilmiş məlumatların məxfiliyinin açılması haqqında sorğularına mahiyyəti üzrə baxmaqdan boyun qaçırılmasına görə -

yetmiş manatdan doxsan manatadək miqdarda cərimə edilir.

Maddə 181-3. İnformasiya əldə etmək haqqında qanunvericiliyin pozulması

 

181-3.1. İnformasiya sahibi tərəfindən açıq informasiyanı əldə etmək hüququnun məhdudlaşdırılması və ya sorğuçuya bilərəkdən yanlış informasiya verilməsinə görə -

fiziki şəxslər iyirmi manatdan iyirmi beş manatadək miqdarda, vəzifəli şəxslər səksən manatdan doxsan manatadək miqdarda, hüquqi şəxslər iki yüz əlli manatdan üç yüz manatadək miqdarda cərimə edilirlər.

181-3.2. İnformasiya sahibi tərəfindən informasiyanın əldə olunmasının təşkil edilməməsinə görə -

fiziki şəxslər iyirmi manatdan iyirmi beş manatadək miqdarda, vəzifəli şəxslər səksən beş manatdan doxsan manatadək miqdarda, hüquqi şəxslər iki yüz əlli manatdan üç yüz manatadək miqdarda cərimə edilirlər.

181-3.3. İnformasiyanın əldə edilməsi haqqında yazılı sorğunun qəbul edilməsindən imtina olunmasına görə -

fiziki şəxslər iyirmi manatdan iyirmi beş manatadək miqdarda, vəzifəli şəxslər doxsan manat miqdarında, hüquqi şəxslər üç yüz manat miqdarında cərimə edilirlər.

181-3.4. İnformasiya sahibi tərəfindən malik olduğu sənədlərin qanunvericiliklə müəyyən olunmuş saxlanma, komplektləşdirilmə və mühafizə qaydalarının pozulmasına görə -

fiziki şəxslər iyirmi manatdan iyirmi beş manatadək miqdarda, vəzifəli şəxslər səksən manatdan doxsan manatadək miqdarda, hüquqi şəxslər iki yüz əlli manatdan üç yüz manatadək miqdarda cərimə edilirlər.

181-3.5. İctimaiyyətdə maraq doğuran hüquq pozuntuları barədə məlumatı açıqladığı üçün vəzifəli şəxsin təqib olunmasına görə -

vəzifəli şəxslər səksən manatdan doxsan manatadək miqdarda, hüquqi şəxslər iki yüz əlli manatdan üç yüz manatadək miqdarda cərimə edilirlər.

181-3.6. Sorğuçu tərəfindən qulluq vəzifəsini yerinə yetirmək bəhanəsi ilə, yaxud qulluq mövqeyindən istifadə etməklə şəxsi məqsəd üçün informasiya əldə edilməsi və ya qulluq vəzifəsini yerinə yetirərkən əldə etdiyi informasiyadan digər məqsədlər üçün istifadə edilməsinə görə -

vəzifəli şəxslər səksən manatdan doxsan manatadək miqdarda cərimə edilirlər. 

Maddə 181-4. Fərdi məlumatlar haqqında qanunvericiliyin pozulması

181-4.0. Fərdi məlumatlar haqqında qanunvericiliyin pozulmasına, yəni:

181-4.0.1. fərdi məlumatlar haqqında qanunvericiliklə dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən informasiya sistemində fərdi məlumatların toplanılmasına və ya işlənilməsinə;

181-4.0.2. fərdi məlumatların mülkiyyətçisi və ya operatoru tərəfindən fərdi məlumatların mühafizəsinin təmin olunmamasına, fərdi məlumatlar haqqında qanunvericiliklə tələb olunduğu hallarda və müddətlərdə fərdi məlumatların məhv edilməməsinə, yaxud fərdi məlumatların toplanılmasının, işlənilməsinin və ya verilməsinin dayandırılmamasına görə –

üç yüz manatdan beş yüz manatadək miqdarında cərimə edilir.

Maddə 181-5. Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri satış məqsədi olmadan qanunsuz əldə etmə

Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri satış məqsədi olmadan qanunsuz əldə etməyə görə -

gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələr müsadirə edilməklə iki yüz manatdan dörd yüz manatadək miqdarda cərimə edilir.

Maddə 181-6. Dövlət sirri ilə işləməyə buraxılışı olmayan şəxsin dövlət sirrindən istifadə ilə bağlı vəzifəyə təyin edilməsi

Dövlət sirri ilə işləməyə buraxılışı olmayan şəxsin dövlət sirrindən istifadə ilə bağlı vəzifəyə təyin edilməsinə görə -

vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək miqdarda, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək miqdarda cərimə edilir.

Maddə 182. İnformasiyanın mühafizəsi qaydalarının pozulması

182.1. İnformasiyanın mühafizəsi sahəsində fəaliyyətinin lisenziya ilə nəzərdə tutulmuş şərtlərinin pozulmasına görə -

fiziki şəxslər on manatdan on beş manatadək miqdarda, vəzifəli şəxslər otuz manatdan qırx manatadək miqdarda, hüquqi şəxslər yetmiş manatdan yüz manatadək miqdarda cərimə edilir.

182.2. Qanunvericiliklə sertifikatlaşdırılması tələb olunan, lakin sertifikatlaşdırılmamış informasiya sistemindən, məlumat bazasından və bankından, habelə məlumatların qorunma vasitələrindən istifadə edilməsinə görə -

fiziki şəxslər on manatdan on beş manatadək miqdarda, vəzifəli şəxslər qırx manatdan əlli manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan iki yüz manatadək miqdarda cərimə edilir.

Maddə 183. İnformasiya sistemlərinin sertifikatlaşdırılmaması

Fiziki şəxslərin və təşkilatların informasiya təminatı üçün nəzərdə tutulan informasiya sistemlərinin, məlumat bazasının və bankının, konfidensial informasiyanın işlənməsini həyata keçirən dövlət orqanlarının, müəssisələrin və təşkilatlarının informasiya sistemlərinin, yaxud bu sistemlərin mühafizə vasitələrinin qanunvericiliklə müəyyən edilmiş qaydada sertifikatlaşdırılmamasına görə -

fiziki şəxslər on manatdan iyirmi manatadək miqdarda, vəzifəli şəxslər qırx manatdan altmış manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan yüz yetmiş manatadək miqdarda cərimə edilir.

Maddə 183-1. Elektron imza və elektron sənəd haqqında qanunvericiliyin pozulması

183-1.1. Sertifikatlaşdırılmamış elektron imza və elektron sənəd dövriyyəsi vasitələrindən istifadə edilməsinə görə -

fiziki şəxslər iyirmi manatdan iyirmi beş manatadək miqdarda, vəzifəli şəxslər əlli beş manatdan yetmiş manatadək miqdarda, hüquqi şəxslər iki yüz manatdan iki yüz əlli manatadək miqdarda cərimə edilir.

183-1.2. İnformasiya sisteminin mülkiyyətçisi tərəfindən bu sistemin fəaliyyətinin təhlükəsizliyinin təmin edilməməsinə, informasiya sisteminin müəyyən edilmiş qaydada ekspertizadan keçirilməməsinə görə -

fiziki şəxslər iyirmi manatdan iyirmi beş manatadək miqdarda, vəzifəli şəxslər əlli beş manatdan yetmiş manatadək miqdarda, hüquqi şəxslər iki yüz manatdan iki yüz əlli manatadək miqdarda cərimə edilir.

183-1.3. Sertifikat xidmətləri mərkəzi tərəfindən imza yaratma məlumatlarının və imza sahibi barəsində məlumatların mühafizəsinin, sertifikatdakı məlumatların tamlığının və düzgünlüyünün, sertifikat xidmətlərinin keyfiyyətinin və dəqiqliyinin təmin edilməməsinə, sertifikatın qüvvəsinin qanunsuz dayandırılması və ya ləğv edilməsinə, sertifikatın istifadəsinə təsir edə bilməsi məlum olmuş məlumatların imza sahibinə vaxtında çatdırılmamasına görə -

fiziki şəxslər on beş manatdan iyirmi beş manatadək miqdarda, vəzifəli şəxslər əlli manatdan yetmiş manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək miqdarda cərimə edilir.

183-1.4. Elektron sənədlərin saxlanmasında, ötürülməsində, qəbulunda vasitəçinin informasiya sistemindən etibarlı istifadəni təmin edən texnika və texnologiyalara, bilikli, təcrübəli və səriştəli işçi heyətə, xidmət göstərilmiş etektron sənədlərin vaxtını və mənbəyini teyin etməyə imkan verən şəraitə, həmin elektron sənədlərin vaxtı və mənbəyi haqqında informasiyanın saxlanması üçün etibarlı sistemə malik olmamasına görə -

fiziki şəxslər on beş manatdan iyirmi beş manatadək miqdarda, vəzifəli şəxslər əlli manatdan yetmiş manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək miqdarda cərimə edilir.

Maddə 184. Xüsusi razılıq (lisenziya) olmadan informasiya mühafizə vasitələrinin layihələşdirilməsi və ya istehsalı

Xüsusi razılıq (lisenziya) olmadan informasiya mühafizə vasitələrinin layihələşdirilməsinə və ya istehsalına görə -

fiziki şəxslər on manatdan on beş manatadək miqdarda, vəzifəli şəxslər otuz beş manatdan əlli beş manatadək miqdarda, hüquqi şəxslər yüz otuz manatdan yüz əlli manatadək miqdarda cərimə edilir.

Maddə 185. Kütləvi informasiya vasitələrinin yayılmasına mane olma

Kütləvi informasiya vasitələri məhsullarının müəyyən edilmiş qaydada yayılmasına mane olmağa və ya dövri mətbu nəşrin tirajının parakәndә satışına qanunvericiliklə nəzərdə tutulmayan məhdudiyyətlər qoyulmasına görə -

fiziki şəxslər on beş manatdan iyirmi manatadək miqdarda, vəzifəli şəxslər otuz manatdan əlli manatadək miqdarda cərimə edilir.

Maddə 186. Jurnalistlərin hüquqlarının pozulması

186.1. Qanunvericiliklə müəyyən edilmiş müddətdə jurnalist sorğusuna cavab verməməyə görə -

qırx manatdan yetmiş manatadək miqdarda cərimə edilir.

186.2. Qanunvericiliklə qorunan informasiyalar istisna olmaqla, jurnalistə informasiyanın verilməsi üzərinə məhdudiyyətlər qoymağa və ya informasiya verilməsindən imtina etməyə görə -

altmış manatdan doxsan manatadək miqdarda cərimə edilir.

Maddə 187. Teleradio verilişlərindən (proqramlarından) istifadə qaydalarını pozma

187.1. Teleradio proqramlarının təmiz qəbul edilməsinə süni maneələr yaradılmasına görə -

vəzifəli şəxslər əlli manatdan yetmiş manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan iki yüz manatadək miqdarda cərimə edilir.

187.2. Teleradio təşkilatlarının icazəsi olmadan onların verilişlərindən (proqramlarından) istifadə etməyə və ya mülkiyyətçidən icazəsiz verilişləri köçürüb çoxaltmağa və ya satmağa, yaxud kütləvi şəkildə nümayiş etdirməyə görə -

vəzifəli şəxslər yetmiş manatdan doxsan manatadək miqdarda, hüquqi şəxslər iki yüz əlli manatdan üç yüz manatadək miqdarda cərimə edilir.

Maddə 187-1. Televiziya və radio yayımı haqqında qanunvericiliyin pozulması

187-1.0. Teleradio yayımçıları tərəfindən televiziya və radio yayımı haqqında qanunvericiliyin pozulmasına görə, yəni:

187-1.0.1. yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün müəyyən edilmiş xüsusi qaydaların pozulmasına;

187-1.0.2. nəzarət fonoqramlarının surətini müəyyənləşdirilmiş qaydada və müddətdə təqdim edilməməsinə;

187-1.0.3. insanların həyatı, sağlamlığı və yaşayış məntəqələrinin normal fəaliyyəti üçün təhlükə yaradan fövqəladə hallar, təbii fəlakətlər və qəzalar barədə dövlət orqanlarının informasiyalarının dərhal və pulsuz olaraq yayılmamasına;

187-1.0.4. texniki və digər vasitələrdən istifadə etməklə hazırlanmış, istehlakçının şüuruna özünün dərk etmədiyi şəkildə təsir göstərən gizli reklamın yayımlanmasına və ya reklamı qadağan olunmuş məhsulların, texnikanın, xidmətlərin reklamına və ətraf mühitin qorunmasına ziyan vuran hərəkətlərin təqdir olunmasına, habelə reklam yayımının qanunla müəyyənləşdirilmiş qayda və tələblərinə əməl edilməməsinə;

187-1.0.5. teleradio verilişlərinin (proqramlarının) hazırlanmasında sponsorluqla bağlı qanunvericiliyin pozulmasına;

187-1.0.6. peyk vasitəsilə teleradio yayımı və kabel şəbəkəsi yayımı qaydalarının pozulmasına;

187-1.0.7. Qanunun tələblərini pozmuş yayımçı ona tətbiq edilmiş müvafiq məsuliyyət tədbirinin məzmunu barədə məlumatı müəyyən edilmiş vaxt ərzində özünün televiziya və (və ya) radio kanalında yayımlanmamasına görə —

vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək miqdarda, hüquqi şəxslər beş min manatdan səkkiz min manatadək miqdarda cərimə edilir.

 

Maddə 187-2. Teleradio yayımı sahəsində xüsusi razılığın (lisenziyanın) qayda və şərtlərinin pozulması

Teleradio yayımı sahəsində xüsusi razılığın (lisenziyanın) qayda və şərtlərinin pozulmasına görə —

vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək miqdarda, hüquqi şəxslər beş min manatdan səkkiz min manatadək miqdarda cərimə edilir.

Maddə 188. Kütləvi informasiya vasitələrinə (televiziya və radio yayımı istisna olmaqla) sponsorluq etmə

Reklamı qadağan olunmuş məhsulların istehsalçıları və onların satışını həyata keçirən şəxslər tərəfindən kütləvi informasiya vasitələrinə (televiziya və radio yayımı istisna olmaqla) sponsorluğa görə -

otuz manatdan əlli manatadək miqdarda cərimə edilir.

Maddə 189. Kütləvi informasiya azadlığından və jurnalist hüququndan sui-istifadə etmə

189.0. Kütləvi informasiya vasitəsinin redaksiyası (məsul redaktoru) və jurnalistlər (müəlliflər) tərəfindən kütləvi informasiya azadlığından və jurnalist hüquqlarından sui-istifadə etməyə görə, yəni:

189.0.1. açıqlanması qanunla qadağan edilən məlumatları açmağa;

189.0.2. mətbu nəşrdə çap olunan materialların qanunvericiliyin tələblərinə uyğun hazırlanmasına nəzarət etməməyə;

189.0.3. qanunvericiliklə müəyyən edilmiş hallardan başqa informasiyanı onun mənbəyini göstərmədən yaymağa;

189.0.4. istinad məlumatları göstərilməyən kütləvi informasiya vasitələri məhsullarını istehsal etməyə və yaymağa, yaxud istinad məlumatlarını qəsdən yanlış göstərməyə görə -

fiziki şəxslər iyirmi manatdan iyirmi beş manatadək miqdarda, vəzifəli şəxslər altmış manatdan səksən manatadək miqdarda, hüquqi şəxslər iki yüz manatdan iki yüz əlli manatadək miqdarda cərimə edilir.

Maddə 190. Statistik məlumatların verilməsi qaydalarının pozulması

Statistika müşahidələrinin keçirilməsi və ya uçot vahidlərinin dövlət reyestrinin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə -

üç yüz manatdan yeddi yüz manatadək miqdarda cərimə edilir.

Maddə 191. Statistik sirrin yayılması

191.1. Statistik sirrin yayılmasına, yəni hüquqi şəxslərin (onların nümayəndəlik və filiallarının) və fiziki şəxslərin razılığı olmadan, onlar haqqında məlumatların, bu məlumatlardan istifadə etməyə hüququ olmayan dövlət orqanlarına, müəssisələrə, təşkilatlara, yaxud fiziki şəxslərə verilməsinə görə -

fiziki şəxslər on beş manatdan iyirmi beş manatadək miqdarda, vəzifəli şəxslər otuz beş manatdan əlli manatadək miqdarda cərimə edilir.

191.2. Statistik sirrin mətbuatda dərc olunmaqla yayılmasına görə -

fiziki şəxslər otuz manatdan qırx manatadək miqdarda, vəzifəli şəxslər yetmiş manatdan doxsan manatadək miqdarda cərimə edilir.

Maddə 192. Arxiv sənədlərinin, sənəd kolleksiyalarının saxlanılması, qeydiyyatı və ya istifadə edilməsi qaydalarının pozulması

Arxiv sənədlərinin, sənəd kolleksiyalarının saxlanılması, qeydiyyatı və ya istifadə olunması qaydalarının pozulmasına görə -

xəbərdarlıq edilir və ya fiziki şəxslər yeddi manatdan on manatadək miqdarda, vəzifəli şəxslər qırx manatdan altmış manatadək miqdarda cərimə edilir.

 

Maddə 192-1. Kitabxanaların pulsuz məcburi nüsxələrlə təchizatı üzrə tələblərin pozulması

 

Kitabxanaların pulsuz məcburi nüsxələrlə təchizatı üzrə tələblərin pozulmasına görə -

vəzifəli şəxslər yüz manat miqdarında, hüquqi şəxslər beş yüz manat miqdarında cərimə edilir.

 

On yeddinci fəsil

MƏNZİL TƏSƏRRÜFATI VƏ ABADLIQ QAYDALARI ƏLEYHİNƏ OLAN İNZİBATİ XƏTALAR

Maddə 193. Yaşayış sahələrindən istifadə qaydalarının pozulması

193.1. Yaşayış sahələrindən istifadə, ümumi istifadə yerlərinin, pilləkən meydançalarının, liftlərin, evlərin girişlərinin, eyvanı ərazilərin təmiz saxlanması qaydalarının pozulmasına görə -

fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar üç manatdan beş manatadək miqdarda cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar əlli manatdan altmış manatadək miqdarda cərimə edilir.

193.2. Yaşayış evlərini, yaşayış sahələrini istifadə edilməsi və mühəndis avadanlığının istismar qaydalarının pozulmasına və ya bunların təsərrüfatsızlıqla saxlanmasına görə -

fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar beş manatdan on manatadək miqdarda cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar altmış manatdan yetmiş manatadək miqdarda cərimə edilir.

193.3. Yaşayış evlərinin və yaşayış sahələrinin özbaşına yenidən düzəldilməsinə, onlardan başqa məqsədlər üçün istifadəyə, yaşayış evlərinin, yaşayış sahələrinin, onların avadanlığının və abadlıq obyektlərinin korlanmasına görə -

fiziki şəxslər on beş manatdan iyirmi manatadək miqdarda, vəzifəli şəxslər yetmiş manatdan doxsan manatadək miqdarda cərimə edilir.

Maddə 194. Özbaşına tikinti işlərinin aparılması

194.1. Qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanlarının razılığı alınmadan binaların və qurğuların tikilməsinə görə -

fiziki şəxslər üç yüz manatdan altı yüz manatadək miqdarda, vəzifəli şəxslər min beş yüz manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər on beş min manatdan otuz min manatadək miqdarda cərimə edilir.

Qeyd: Şəxsin qanunvericiliklə müəyyən edilmiş qaydada razılıq alınmadan inşa etdiyi tikililərə mülkiyyət hüququ məhkəmə qaydasında tanındığı hallarda şəxs inzibati məsuliyyət daşımır.

194.2. Mövcud tikililərin funksional təyinatı dəyişdirilməklə, onlarda yenidən planlaşdırma və yenidənqurma işlərinin aparılmasına, mühəndis, nəqliyyat şəbəkələrinə, sistemlərinə və qurğularına qoşulmasına və dəyişikliklər edilməsinə görə-

fiziki şəxslər üç yüz manatdan altı yüz manatadək miqdarda, vəzifəli şəxslər min beş yüz manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər on beş min manatdan otuz min manatadək miqdarda cərimə edilir.

Maddə 195. Bağ evlərinin tikilməsi qaydalarının pozulması

Qanunvericiliklə müəyyən edilmiş qaydada razılaşdırılmış layihə olmadan və ya qanunvericiliklə müəyyən edilmiş normalardan kənara çıxılmaqla bağ evlərinin tikilməsinə görə -

fiziki şəxslər üç yüz manatdan altı yüz manatadək miqdarda, vəzifəli şəxslər min beş yüz manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər on beş min manatdan otuz min manatadək miqdarda cərimə edilir.

Maddə 196. Şəhərsalmanın əsasları haqqında qanunvericiliyin pozulması

196.0. Şəhərsalmanın əsasları haqqında qanunvericiliyin pozulmasına, yəni:

196.0.1. xüsusi razılıq (lisenziya) olmadan I və II məsuliyyət səviyyəli bina və qurğuların layihələndirilməsi, mühəndis-axtarış və tikinti-quraşdırma işləri ilə məşğul olmağa;

196.0.2. baş planlarda, müfəssəl planlaşdırma və ərazi-tikinti layihələrində və mövcud ərazilərin memarlıq-planlaşdırma həllərində müvafiq rəy alınmadan dəyişiklik edilməsinə;

196.0.3. mühəndis-axtarış işləri və layihə sənədlərinin dövlət ekspertizası aparılmadan I və II məsuliyyət səviyyəli bina və qurğuların tikintisinin həyata keçirilməsinə;

196.0.3-1. müvafiq rəy olmadan dini ibadət yerinin tikintisinə və ya mövcud dini ibadət yerinin yenidən qurulmasına;

196.0.4. mühəndis-axtarış və tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi zamanı tikinti norma və qaydalarını pozmağa;

196.0.5. tikintisi başa çatmış bina və qurğuların istismara verilməsi qaydalarını pozmağa;

196.0.6. tikintidə təhlükəsizliyə nəzarət edən orqanın fəaliyyətinə maneçilik törətməyə və həmin orqanın qanuni göstərişlərinə əməl etməməyə görə -

fiziki şəxslər üç yüz manatdan altı yüz manatadək miqdarda, vəzifəli şəxslər min beş yüz manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər on beş min manatdan otuz min manatadək miqdarda cərimə edilir.

Maddə 197. Şəhərləri və digər yaşayış məntəqələrini abadlaşdırma qaydalarının pozulması

Şəhərlərin və digər yaşayış məntəqələrinin ərazisini abadlaşdırma qaydalarını pozmağa və ya şəhərlərdə və digər yaşayış məntəqələrində təmizliyi və səliqəni təminetmə qaydalarına əməl etməməyə görə -

fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar beş manatdan yeddi manatadək miqdarda cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi beş manatdan otuz beş manatadək miqdarda cərimə edilir.

Maddə 198. Şəhərlərdə və digər yaşayış məntəqələrində yaşıllıqların başqa yerlərə keçirilməsi və yaxud mühafizəsi üçün tədbirlər görülməməsi

Şəhərlərdə və digər yaşayış məntəqələrində yaşıllıqların hər cür zədələnməsinə, yəni tikinti işləri başlanan zaman yaşıllığı olan ayrı-ayrı sahələrin tikilişində lazımi icazə olmadan yaşıllıqların özbaşına qırılmasına və ya başqa yerlərə keçirilməsinə, yaxud öz sərəncamında olan yaşıllıqların mühafizəsi üçün şəxslərin tədbirlər görməməyə görə -

fiziki şəxslər beş manatdan on beş manatadək miqdarda, vəzifəli şəxslər otuz manatdan əlli manatadək miqdarda cərimə edilir.

On səkkizinci fəsil

İQTİSADİ FƏALİYYƏT QAYDALARI ƏLEYHİNƏ OLAN İNZİBATİ XƏTALAR

Maddə 199. Qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma

Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılıq (lisenziya) tələb olunduğu hallarda belə razılıq olmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə ilə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə, bu az miqdarda ziyan vurduqda və ya az miqdarda gəlir əldə etməklə törədildikdə -  

fiziki şəxslər on manatdan on beş manatadək miqdarda, vəzifəli şəxslər otuz manatdan əlli manatadək miqdarda, hüquqi şəxslər yüz iyirmi manatdan yüz altmış manatadək miqdarda cərimə edilir.

Qeyd: Bu Məcəllənin 199-cu, 199–3-cü, 200-cü, 201-204-cü, 204-2-cü, 205-ci, 205-1-ci və 221.1-ci maddələrində nəzərdə tutulmuş əməllər xeyli miqdarda (min manatdan artıq) ziyan vurduqda və ya həmin miqdarda gəlir əldə etməklə törədildikdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur.

Maddə 199-1. Vəkil adından qanunsuz istifadə  

 Qanunvericiliklə nəzərdə tutulmuş qaydada vəkil statusunu əldə etməmiş şəxs tərəfindən gəlir əldə etməklə vəkil adından istifadə olunmasına görə —

 fiziki şəxslər otuz manatdan qırx manatadək miqdarda, vəzifəli şəxslər yetmiş manatdan doxsan manatadək miqdarda cərimə edilirlər.

Ma d d ə 1 9 9 - 2 . Ailə kəndli təsərrüfatının uçota durmaması

Ailə kəndli təsərrüfatının üzvləri tərəfindən bu təsərrüfatın müvafiq bələdiyyədə uçota durmasının təmin edilməməsinə görə -

beş manatdan on manatadək miqdarda cərimə edilir.

Maddə 199–3. Qanunsuz olaraq lotereyaların və idman mərc oyunlarının təşkili və ya keçirilməsi

199–3.1. Lotereyaların (stimullaşdırıcı lotereyalar istisna olmaqla) buna hüququ olmayan şəxs tərəfindən təşkili və ya keçirilməsinə görə -

 min beş yüz manatdan iki min manatadək miqdarda cərimə edilir.

199–3.2. Qanunla müəyyən edilmiş qaydada akkreditasiya olunmadan idman mərc oyunlarının təşkili və ya keçirilməsinə görə -

min beş yüz manatdan iki min manatadək miqdarda cərimə edilir.

Maddə 200. Yalançı sahibkarlıq

Yalançı sahibkarlıq, yəni kredit almaq, rüsumlardan azad olmaq və ya digər əmlak mənfəəti əldə etmək, yaxud qadağan edilmiş fəaliyyəti gizlətmək məqsədi ilə sahibkarlıq fəaliyyətini həyata keçirmək niyyəti olmadan müəssisə və digər hüquqi şəxsin yaradılmasına görə, bu az miqdarda ziyan vurduqda və ya az miqdarda gəlir əldə etməklə törədildikdə -

iyirmi manatdan əlli manatadək miqdarda cərimə edilir.

 

Maddə 200-1. Hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsi

Hüquqi şəxs statusu almaq istəyən qurumun, xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət qeydiyyatına alınması, habelə Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəliyinin və ya filialının və digər qurumlarının dövlət reyestrinə daxil edilməsi, eləcə də təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınması zamanı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına yanlış məlumatların verilməsinə görə -

fiziki şəxslər yeddi yüz manat miqdarda, hüquqi şəxslər dörd min manat miqdarda cərimə edilir.

 

Maddə 200-2. Ləğvetmə zamanı bilə-bilə yalandan hüquqi şəxsin bütün kreditorlarının tələblərini qarşılamaq üçün ödəmə qabiliyyətinin olmasını təsdiq edən rəsmi bəyanatın qəbul edilməsi

Ləğvetmə zamanı bilə-bilə yalandan hüquqi şəxsin bütün kreditorlarının tələblərini qarşılamaq üçün ödəmə qabiliyyətinin olmasını təsdiq edən rəsmi bəyanatın qəbul edilməsinə görə -

vəzifəli şəxslər min manat miqdarında cərimə edilir.

 

Maddə 200-3. Hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsi

Hüquqi şəxslərin, habelə xarici dövlətlərin hüquqi şəxslərinin Azərbaycan Respublikasındakı filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklərin və bu qurumlara dair qeydə alınmış faktların sonrakı dəyişikliyinin qeydiyyata alınması üçün “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə və qaydada müvafiq icra hakimiyyəti orqanına müraciət olunmamasına görə -

vəzifəli şəxslər min manatdan iki min manatadək miqdarda, hüquqi şəxslər iki min beş yüz manatdan üç min manatadək miqdarda cərimə edilir.

 

Maddə 201. Saxta müflisləşmə

Saxta müflisləşmə, yəni kommersiya təşkilatının rəhbəri, mülkiyyətçisi və ya fərdi sahibkar tərəfindən kreditorlara olan borcun ödənilməsini təxirə salmaq və ya möhlət almaq və ya borcun azaldılmasına nail olmaq, yaxud borcu ödəməkdən yayınmaq üçün kreditorları aldatmaq məqsədi ilə özünü bilə-bilə yalandan ödəmə qabiliyyəti olmayan elan etməyə görə, bu az miqdarda ziyan vurduqda -

vəzifəli şəxslər əlli beş manatdan yetmiş manatadək miqdarda, hüquqi şəxslər yüz on manatdan iki yüz manatadək miqdarda cərimə edilir.

Maddə 202. Qəsdən müflisləşmə

Qəsdən müflisləşmə, yəni kommersiya təşkilatının rəhbəri, mülkiyyətçisi və ya fərdi sahibkar tərəfindən özünün, yaxud digər şəxslərin mənafeyi naminə qəsdən ödəmə qabiliyyətsizliyinin yaradılmasına və ya artırılmasına görə, bu az miqdarda ziyan vurduqda -

vəzifəli şəxslər altmış beş manatdan doxsan manatadək miqdarda, hüquqi şəxslər yüz altmış manatdan iki yüz qırx manatadək miqdarda cərimə edilir.

Maddə 203. Müflisləşmə zamanı qanunsuz hərəkətlərin edilməsi

Borclu təşkilatın rəhbəri, mülkiyyətçisi və ya fərdi sahibkar tərəfindən müflisləşmə zamanı və ya müflisləşmə güman edilən zaman əmlakın və ya əmlak öhdəliklərinin, əmlak haqqında məlumatların, onun miqdarının, olduğu yerin və ya əmlak haqqında digər məlumatların gizlədilməsinə, əmlakın başqalarının sahibliyinə verilməsinə, əmlakın özgəninkiləşdirilməsinə və ya məhv edilməsinə, yaxud iqtisadi fəaliyyəti əks etdirən mühasibat və ya digər hesabat sənədlərinin gizlədilməsinə, məhv edilməsinə görə, bu az miqdarda ziyan vurduqda -

vəzifəli şəxslər yetmiş beş manatdan doxsan manatadək miqdarda, hüquqi şəxslər iki yüz əlli manatdan üç yüz manatadək miqdarda cərimə edilir.

Maddə 204. Kreditin qanunsuz alınması və ya kreditdən təyinatı üzrə istifadə edilməməsi

Təşkilatın rəhbəri və ya fərdi sahibkar tərəfindən təşkilatın, yaxud fərdi sahibkarın təsərrüfat və ya maliyyə vəziyyəti barədə bilə-bilə yalan məlumatlar verməklə kreditin güzəştli şərtlərlə kreditin və ya məqsədli dövlət kreditinin alınmasına, yaxud ondan təyinatı üzrə istifadə edilməməsinə görə, bu az miqdarda ziyan vurduqda -

vəzifəli şəxslər əlli manatdan yetmiş manatadək miqdarda, hüquqi şəxslər yüz manatdan yüz qırx manatadək miqdarda cərimə edilir.

Maddə 204-1. Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların maliyyə-təsərrüfat fəaliyyətində maliyyə qaydalarının pozulması

Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların maliyyə-təsərrüfat fəaliyyətində maliyyə qaydalarının pozulması, o cümlədən dövlət büdcəsindən, həmçinin məqsədli büdcə fondlarından ayrılan vəsaitdən təyinatı üzrə istifadə olunmaması, habelə büdcə təşkilatlarının büdcədənkənar vəsaitinin maliyyə orqanları ilə razılaşdırılaraq təsdiq edilmiş smetaya uyğun xərclənməməsi, normativdən artıq ştat vahidinin saxlanılmasına görə -

dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların vəzifəli şəxsləri bu əməllər min manatadək olan məbləğdə törədildikdə üç yüz manatdan beş yüz manatadək, bu əməllər min manatdan yuxarı məbləğdə törədildikdə beş yüz manatdan yeddi yüz manatadək miqdarda cərimə edilirlər.

Maddə 204-2. Dövlət borcundan və ya dövlət zəmanəti ilə alınmış borcdan istifadə qaydalarını pozma

204-2.1. Əsas və təkrar borcalan tərəfindən dövlət borcalmaları və ya dövlət zəmanəti yolu ilə cəlb olunan vəsaitin istifadəsi və qaytarılması (istifadəçiyə şamil olunmur) haqqında məlumatların, öz bank hesablarının vəziyyəti haqqında məlumatların və digər zəruri məlumatların vaxtında verilməməsi və ya təhrif olunmuş məlumatların verilməsi, dövlət borcalmaları və dövlət zəmanəti verilmiş öhdəlik üzrə cəlb olunmuş vəsaitdən təyinatı üzrə istifadə edilməməsi dövlətə az miqdarda ziyan vurduqda -

vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək, hüquqi şəxslər beş yüz manatdan yeddi yüz manatadək cərimə edilir.

Maddə 205. Əmtəə nişanlarından qanunsuz istifadə edilməsi

Özgənin əmtəə və ya xidmət etmə nişanından, əmtəənin mənşə yerinin adından və ya eynicinsli əmtəələrin adına oxşar adlardan istifadə olunmasına görə, bu az miqdarda ziyan vurduqda -

fiziki şəxslər on manatdan on beş manatadək miqdarda, vəzifəli şəxslər otuz beş manatdan altmış manatadək miqdarda, hüquqi şəxslər yüz otuz manatdan yüz yetmiş manatadək miqdarda cərimə edilir.

 

Maddə 205-1. Nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyri-qanuni yolla hazırlanması, istifadəsi və satışı

 

Nəzarət markalarının qəsdən məhv edilməsinə, saxtalaşdırılmasına, qeyri-qanuni yolla hazırlanmasına, istifadəsinə və satışına görə -

“Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Dərman vasitələri haqqında” və “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanunlarının tələblərinin pozulması ilə hazırlanan (istehsal edilən), istifadə edilən və satılan nəzarət markaları, habelə onların hazırlanmasında (istehsal edilməsində) və yayılmasında istifadə olunan materiallar, avadanlıqlar və hüquqpozmaya səbəb olan digər vasitələr müsadirə edilməklə, fiziki şəxslər min manat miqdarında, vəzifəli şəxslər iki min manat miqdarında, hüquqi şəxslər üç min manat miqdarında cərimə edilir.

Maddə 206. Qiymətli kağızlar bazarında investorların hüquqlarının pozulması

Qiymətli kağızlar bazarında investorların hüquqlarının pozulmasına və ya qanunsuz olaraq hər hansı şəkildə məhdudlaşdırılmasına görə—

vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək miqdarda, hüquqi şəxslər dörd min manatdan altı min manatadək miqdarda cərimə edilir.

 

Maddə 207. Qiymətli kağızların emissiyası və buraxılışı qaydalarının pozulması

Qiymətli kağızların emissiyası və buraxılışı qaydalarının pozulmasına görə—

fiziki şəxslərə xəbərdarlıq edilir və ya iki yüz manatdan dörd yüz manatadək miqdarda, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya altı yüz manatdan səkkiz yüz manatadək miqdarda, hüquqi şəxslər üç min manatdan beş min manatadək miqdarda cərimə edilir.

Maddə 208. Qiymətli kağızlar bazarında peşəkar fəaliyyətin həyata keçirilməsi qaydalarının pozulması

208.0. Qiymətli kağızlar bazarında peşəkar fəaliyyətin həyata keçirilməsi qaydalarının pozulmasına, yəni:

208.0.1. broker fəaliyyətinin həyata keçirilməsi qaydalarının pozulmasına görə—

vəzifəli şəxslər altı yüz manatdan yeddi yüz manatadək miqdarda, hüquqi şəxslər üç min manatdan dörd min manatadək miqdarda cərimə edilir;

208.0.2. diler fəaliyyətinin həyata keçirilməsi qaydalarının pozulmasına görə—

vəzifəli şəxslər altı yüz manatdan yeddi yüz manatadək miqdarda, hüquqi şəxslər üç min manatdan dörd min manatadək miqdarda cərimə edilir;

208.0.3. klirinq fəaliyyətinin həyata keçirilməsi qaydalarının pozulmasına görə—

vəzifəli şəxslər altı yüz manatdan yeddi yüz manatadək miqdarda, hüquqi şəxslər üç min manatdan dörd min manatadək miqdarda cərimə edilir;

208.0.4. qiymətli kağız sahiblərinin reyestrinin aparılması üzrə fəaliyyətin həyata keçirilməsi qaydalarının pozulmasına görə—

vəzifəli şəxslər yeddi yüz manatdan səkkiz yüz manatadək miqdarda, hüquqi şəxslər beş min manatdan altı min manatadək miqdarda cərimə edilir;

208.0.5. depozitar fəaliyyətinin həyata keçirilməsi qaydalarının pozulmasına görə—

vəzifəli şəxslər yeddi yüz manatdan səkkiz yüz manatadək miqdarda, hüquqi şəxslər beş min manatdan altı min manatadək miqdarda cərimə edilir;

208.0.6 aktivlərin idarə edilməsi üzrə fəaliyyətin həyata keçirilməsi qaydalarının pozulmasına görə—

vəzifəli şəxslər yeddi yüz manatdan səkkiz yüz manatadək miqdarda, hüquqi şəxslər yeddi min manatdan səkkiz min manatadək miqdarda cərimə edilir;

208.0.7. fond birjası fəaliyyətinin həyata keçirilməsi qaydalarının pozulmasına görə—

vəzifəli şəxslər yeddi yüz manatdan səkkiz yüz manatadək miqdarda, hüquqi şəxslər səkkiz min manatdan doqquz min manatadək miqdarda cərimə edilir.

Maddə 209. Qiymətli kağızların sahiblərinin reyestrinin aparılması qaydalarının və standartlarının pozulması

Qiymətli kağızların sahiblərinin reyestrinin aparılması qaydalarının və standartlarının pozulmasına görə -

vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək miqdarda, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək miqdarda cərimə edilir.

Maddə 210. Qiymətli kağızlar bazarında depozitari fəaliyyəti qaydalarının pozulması

Qiymətli kağızlar bazarında depozitari fəaliyyəti qaydalarının pozulmasına görə -

vəzifəli şəxslər əlli manatdan yetmiş manatadək miqdarda, hüquqi şəxslər iki yüz manatdan iki yüz əlli manatadək miqdarda cərimə edilir.

Maddə 211. Qiymətli kağızlarla əqdlərin bağlanması qaydalarının pozulması

Qiymətli kağızlarla əqdlərin bağlanması qaydalarının pozulmasına görə -

vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək miqdarda, hüquqi şəxslər üç min manatdan dörd min manatadək miqdarda cərimə edilir.

 

Maddə 211-1. Qiymətli kağızlar bazarında qiymətlərlə manipulyasiya

Qiymətli kağızlar bazarında qiymətlərlə manipulyasiyaya görə —

fiziki şəxslər üç yüz manatdan dörd yüz manatadək miqdarda, vəzifəli şəxslər altı yüz manatdan səkkiz yüz manatadək miqdarda, hüquqi şəxslər altı min manatdan yeddi min manatadək miqdarda cərimə edilir.

Maddə 212. İnsayder tərəfindən xidməti məlumatdan qanunsuz istifadə

İnsayder tərəfindən ona etibar edilmiş və ya xidməti vəzifəsinə və yaxud işinə görə ona məlum olan xidməti istifadə üçün nəzərdə tutulmuş məlumatdan tamah və ya başqa şəxsi niyyətlə qanunsuz olaraq istifadə edilməsi və ya əqdlərin bağlanması üçün üçüncü şəxslərə verilməsi, az miqdarda ziyan vurmaqla və ya az miqdarda gəlir əldə etməklə törədildikdə -

fiziki şəxslər üç yüz manatdan dörd yüz manatadək miqdarda, vəzifəli şəxslər səkkiz yüz manatdan doqquz yüz manatadək miqdarda cərimə edilir.

Qeyd:

1. Bu Məcəllənin 212-ci maddəsində "insayder" dedikdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1078-46.2 və 1078-47-ci maddələrində nəzərdə tutulmuş şəxslər başa düşülür.

2. Bu Məcəllənin 212-ci maddəsində "az miqdarda" dedikdə yeddi min manatadək olan məbləğ başa düşülür."

Maddə 213. Hesabatın verilməsindən imtina etmə və ya yayınma, yaxud təhrif edilmiş məlumatın verilməsi

Qiymətli kağızlar bazarının iştirakçısı tərəfindən hesabat sənədlərinin və ya onların fəaliyyəti barədə təqdim edilməli olan qanunvericiliklə nəzərdə tutulmuş digər sənədlərin Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanına təqdim edilməsindən yayınmağa və ya imtina edilməsinə, yaxud təhrif edilmiş məlumatın verilməsi və ya onların təqdim edilməsi müddətinin pozulmasına görə   -

vəzifəli şəxslər altı yüz manatdan yeddi yüz manatadək miqdarda, hüquqi şəxslər min manatdan min beş yüz manatadək miqdarda cərimə edilir.

Maddə 214. Məlumatların açıqlanması qaydalarının pozulması

Qiymətli kağızlar bazarının iştirakçısı tərəfindən qiymətli kağızlar haqqında qanunvericiliyə görə açıqlanmalı və ya dərc edilməli olan məlumatların açıqlanmasından və ya dərc edilməsindən imtina etməyə və ya yayınmağa, yaxud açıqlanması və ya dərc edilməsi üçün müəyyən edilmiş müddətin, formanın və qaydanın pozulmasına görə -

fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar on beş manatdan iyirmi manatadək miqdarda cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar beş yüz manatdan altı yüz manatadək miqdarda cərimə edilir, hüquqi şəxslər iki min manatdan üç min manatadək miqdarda cərimə edilir.

Maddə 215. Sənədlərin saxlanılması qaydalarının pozulması

Qiymətli kağızlar haqqında qanunvericiliyə müvafiq olaraq saxlanılmalı olan sənədlərin saxlanılması qaydalarının pozulmasına görə -

fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iki yüz manatdan üç yüz manatadək miqdarda cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar beş yüz manatdan altı yüz manatadək miqdarda cərimə edilir, hüquqi şəxslər min manatdan min beş yüz manatadək miqdarda cərimə edilir.

Maddə 216. Qiymətli kağızlarla girov qaydalarının pozulması

Girovqoyan və girovsaxlayan tərəfindən qiymətli kağızlarla girovun və ya qiymətli kağızlarla rəsmiləşdirilmiş borc öhdəliklərinin girovunun dövlət qeydiyyatına alınması və girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi qaydalarının pozulmasına görə  -

fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iki yüz manatdan üç yüz manatadək miqdarda cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar beş yüz manatdan altı yüz manatadək miqdarda cərimə edilir, hüquqi şəxslər min manatdan min beş yüz manatadək miqdarda cərimə edilir.

Maddə 217. Qiymətli kağızlar bazarında reklam haqqında qaydaların pozulması

Qiymətli kağızlar bazarında reklam haqqında qaydaların pozulmasına görə -

vəzifəli şəxslər səkkiz yüz manatdan doqquz yüz manatadək miqdarda, hüquqi şəxslər iki min manatdan üç min manatadək miqdarda cərimə edilir.

Maddə 218. Qiymətli kağızlar bazarında qeyri-dövlət pensiya və sığorta fondlarının fəaliyyətinin, sığorta və təminat standartlarının pozulması

Qiymətli kağızlar bazarında qeyri-dövlət pensiya və sığorta fondlarının fəaliyyətinin sığorta və təminat standartlarının pozulmasına görə -

vəzifəli şəxslər altmış manatdan yetmiş manatadək miqdarda, hüquqi şəxslər iki yüz manatdan iki yüz əlli manatadək miqdarda cərimə edilir.

Maddə 219. Qiymətli kağızlar üzrə ödəmələrdən imtina etmə

Qiymətli kağızların dəyərinin ödənilməsindən və ya onlar üzrə ödənilməli olan əmlakın, dividendin, faizin ödənilməsindən və ya digər ödəmələrdən və ya onların xidmət və ya başqa şəkildə ekvivalentlərinin ödənilməsindən qanunsuz olaraq imtina edilməsinə, yaxud boyun qaçırılmasına və ya ödənilmə qaydalarının pozulmasına görə-

vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək miqdarda, hüquqi şəxslər üç min manatdan dörd min manatadək miqdarda cərimə edilir.

Maddə 220. Səhmdarın hüquqlarının pozulması

Səhmdarın qanunvericiliklə müəyyən edilmiş hüquqlarının pozulmasına və ya qanunsuz olaraq hər hansı şəkildə məhdudlaşdırılmasına görə -

vəzifəli şəxslər altı yüz manatdan yeddi yüz manatadək miqdarda, hüquqi şəxslər üç min manatdan dörd min manatadək miqdarda cərimə edilir.

Maddə 220-1. İnvestisiya fondlarının fəaliyyətinə dair qanunvericiliyin tələblərinin pozulması

İnvestisiya fondlarının fəaliyyətinə dair qanunvericiliyin tələblərinin pozulmasına görə -

 vəzifəli şəxslər min manatdan min iki yüz manatadək miqdarda, hüquqi şəxslər on min manatdan on iki min manatadək miqdarda cərimə edilir.

Maddə 221. Reklam haqqında qanunvericiliyin pozulması

221.1. Əmtəələr, işlər və xidmətlər haqqında, yaxud onların istehsalçıları (icraçıları, satıcıları) haqqında tamah məqsədi ilə bilə-bilə yalan məlumatlardan reklamda istifadə etməyə görə, bu az miqdarda ziyan vurduqda -

fiziki şəxslər on beş manatdan iyirmi manatadək miqdarda, vəzifəli şəxslər qırx manatdan əlli beş manatadək miqdarda, hüquqi şəxslər yüz altmış manatdan iki yüz manatadək miqdarda cərimə edilir.

221.2. Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan və ya müəyyən edilmiş qaydalar pozulmaqla nəqliyyat vasitələrində reklamın yayılmasına görə -

fiziki şəxslər otuz manatdan əlli manatadək miqdarda, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək miqdarda, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək miqdarda cərimə edilir.

221.3. Haqsız reklama görə reklam fəaliyyətinin subyektlərinə (reklam sifarişçisinə, istehsalçısına, yayıcısına, agentliyinə) müvafiq icra hakimiyəti orqanı tərəfindən göstərişlə ayrılmış müddət ərzində qanun pozuntularının aradan qaldırılmamasına, əks reklamın yayılmamasına görə -

fiziki şəxslər on manatdan on beş manatadək miqdarda, vəzifəli şəxslər otuz beş manatdan əlli manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan yüz doxsan manatadək miqdarda cərimə edilir.

221.4. Azərbaycan Respublikası ərazisində reklam olunan malların (işlərin, xidmətlərin) dəyəri (qiyməti) göstərildikdə, həmin malların (işlərin, xidmətlərin) dəyərinin (qiymətinin) manatla göstərilməməsinə görə -

fiziki şəxslər on manatdan on beş manatadək miqdarda, vəzifəli şəxslər otuz manatdan qırx manatadək miqdarda, hüquqi şəxslər yüz iyirmi manatdan iki yüz manatadək miqdarda cərimə edilir.   

221.5. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada verilən icazə olmadan yaşayış məntəqələrində küçə reklam daşıyıcılarının yerləşdirilməsinə görə -

bu cür reklam daşıyıcıları müsadirə edilməklə və ya edilməməklə fiziki şəxslər əlli manatdan yüz manatadək miqdarda, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək miqdarda, hüquqi şəxslər üç yüz manatdan dörd yüz əlli manatadək miqdarda cərimə edilir.

Maddə 221-1. Lotereyalar haqqında qanunvericiliyin pozulması  

221-1.0. Lotereyalar haqqında qanunvericiliyin pozulması, yəni:

221-1.0.1. keçirilməsi qadağan və ya keçirilmə hüququ əldə edilməmiş stimullaşdırıcı lotereyaların və qeydiyyata alınmamış digər lotereyaların keçirilməsinə və reklamına;

221-1.0.2. keçirilməsinin dayandırılması və ya ona xitam verilməsi haqqında qanunvericiliklə müəyyən edilmiş qaydada qərar qəbul edilmiş stimullaşdırıcı lotereyada iştirak etmək üçün lotereya təşkilatçısı tərəfindən istənilən formada təkliflərin edilməsinə;

221-1.0.3. lotereyaların təşkili və keçirilməsi sahəsində lotereya təşkilatçısı tərəfindən qanunvericiliklə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməməsinə görə—

fiziki şəxslər səkkiz yüz manatdan doqquz yüz manatadək miqdarda cərimə edilir, vəzifəli şəxslər min manatdan iki min manatadək miqdarda, hüquqi şəxslər səkkiz min manatdan doqquz min manatadək miqdarda cərimə edilir.

Qeyd: Lotereyaların (stimullaşdırıcı lotereyalar istisna olmaqla) buna hüququ olmayan şəxs tərəfindən təşkili və ya keçirilməsi bu Məcəllənin 199–3.1-ci maddəsinə və ya Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192–1.1-ci maddəsinə müvafiq olaraq inzibati və ya cinayət məsuliyyətinə səbəb olur.

Maddə 222. Valyuta tənzimi qaydalarının pozulması

222.1. Valyuta tənzimi haqqında Azərbaycan Respublikası qanunvericiliyini pozmaqla valyuta sərvətlərinin ictimai yerlərdə alınıb-satılmasına və ya dəyişdirilməsinə görə -

inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin otuz faizindən yetmiş faizinədək miqdarda cərimə edilir.

222.2. Valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsinə görə -

inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin qırx faizindən səksən faizinədək miqdarda cərimə edilir.

222.3. Müvəkkil banklar tərəfindən müştərilərin xarici valyuta əməliyyatlarının qanunvericiliklə müəyyən olunmuş qaydalarının pozularaq aparılmasına görə -

vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin beş faizindən iyirmi faizinədək miqdarında, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin beş faizindən otuz faizinədək miqdarında cərimə edilir.

222.4. Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində qanunvericiliklə müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmadığına görə -

vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək miqdarda, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək miqdarında cərimə edilir.

Maddə 223. Kommersiya və ya bank sirlərini təşkil edən məlumatların qanunsuz yolla əldə edilməsi və ya yayılması

Sahibkarın razılığı olmadan kommersiya və ya bank sirlərini təşkil edən məlumatların tamah və ya başqa şəxsi niyyətlə qanunsuz yolla istifadə edilməsinə və ya yayılmasına görə, bu az miqdarda ziyan vurduqda -

fiziki şəxslər iyirmi manatdan iyirmi beş manatadək miqdarda, vəzifəli şəxslər qırx manatdan əlli beş manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan iki yüz manatadək miqdarda cərimə edilir.

Qeyd: Bu maddədə "az miqdarda ziyan vurduqda" dedikdə, yeddi min manatadək olan məbləğ başa düşülür.

Maddə 223-1. Qrant alınması (verilməsi) haqqında qanunvericiliyin pozulması

223-1.1. Qrant verən Azərbaycan Respublikasının hüquqi və ya fiziki şəxsi, yaxud Azərbaycan Respublikasının hüquqi şəxsinin filial və ya nümayəndəliyi olan donorlar və ya qrant alan Azərbaycan Respublikasının resipiyentləri tərəfindən qrant alınması (verilməsi) haqqında müqavilələrin və qərarların surətlərinin qeydiyyat üçün qanunvericiliklə müəyyən edilmiş müddətlərdə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə -

fiziki şəxslər min manatdan iki min manatadək miqdarda, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək miqdarda, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək miqdarda cərimə edilir.

223-1.2. Dini qurumlar tərəfindən qrant alınması (verilməsi) haqqında müqavilələr və qərarlar Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınmadan həmin qrantlardan istifadə və onlar üzrə əməliyyatlar aparılmasına görə -

vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək miqdarda, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək miqdarda cərimə edilir.

223-1.3. Qrant müqaviləsi (qərarı) olmadan Azərbaycan Respublikasında fəaliyyət göstərən dini qurumlar, qeyri-hökumət təşkilatları, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri tərəfindən maliyyə vəsaiti şəklində və (və ya) başqa maddi formada yardımın qəbul edilməsinə görə -

inzibati xətanın bilavasitə obyekti olmuş vəsait və əşyalar müsadirə olunmaqla vəzifəli şəxslər iki min beş yüz manatdan beş min manatadək miqdarda, hüquqi şəxslər səkkiz min manatdan on beş min manatadək miqdarda cərimə edilir.

223-1.4. Qeyri-hökumət təşkilatları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və ya nümayəndəlikləri, yaxud banklar tərəfindən “Qrant haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qeydiyyata alınmamış qrant alınması (verilməsi) haqqında müqavilələr (qərarlar) üzrə bank əməliyyatlarının və hər hansı digər əməliyyatların aparılmasına görə -

vəzifəli şəxslər iki min beş yüz manatdan beş min manatadək miqdarda, hüquqi şəxslər beş min manatdan səkkiz min manatadək miqdarda cərimə edilir.

Qeyd: “Dini etiqad azadlığı haqqında” və “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulan ianələrə və dövlət hakimiyyəti orqanlarının yardımlarına bu Məcəllənin 223-1.3-cü maddəsinin qüvvəsi şamil edilmir.

Maddə 223-2. Denominasiya zamanı pul nişanlarının dəyişdirilməsi qaydalarının pozulması

223-2.0. Azərbaycan Respublikasının pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) zamanı:

223-2.0.1. köhnə nümunəli pul nişanlarının yeni nümunəli pul nişanlarına dəyişdirilmənin müddətləri, məbləğləri, yaxud subyektləri üzrə məhdudiyyətlərin qoyulmasına;

223-2.0.2. köhnə nümunəli pul nişanlarının yeni nümunəli pul nişanlarına dəyişdirilməsi üçün banklar tərəfindən komisyon haqqının tutulmasına görə -

vəzifəli şəxslər beş yüz manat miqdarında, hüquqi şəxslər min beş yüz manat miqdarında cərimə edilir. 

Maddə 223-3. Kredit təşkilatları tərəfindən məcburi ehtiyatların təmin edilməməsi

Kredit təşkilatları tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məcburi ehtiyatlar təmin edilmədiyinə görə -

vəzifəli şəxslər beş yüz manat miqdarında, hüquqi şəxslər min beş yüz manat miqdarında cərimə edilir.

Maddə  223-4. Əmanətlərin sığortalanması qaydalarının pozulması

Əmanətlərin Sığortalanması Fonduna sığorta haqları üzrə qanunvericiliklə müəyyən edilmiş ödənişlərin Mərkəzi Bankın müəyyən etdiyi müddətdə tam ödənilməməsinə görə-

vəzifəli şəxslər min manat miqdarında cərimə edilir.

Maddə 223-5. Bank fəaliyyəti sahəsində qadağan olunmuş, məhdudlaşdırılmış və ya dayandırılmış fəaliyyətlə məşğul olma

Qanunda, qanuna müvafiq olaraq bank lisenziyasında qadağan olunmuş və ya bankın fəaliyyəti dövründə məhdudlaşdırılmış, yaxud dayandırılmış fəaliyyətin həyata keçirilməsinə görə -

hüquqi şəxslər otuz beş min manatdan qırx min manatadək miqdarda cərimə edilir.

Maddə 223-6. Bankların fəaliyyətinə dair Azərbaycan Respublikası Mərkəzi Bankının göstərişlərinin icra edilməməsi

223-6.1. Bank fəaliyyətinə dair prudensial normativlərin və tələblərin pozulması aşkar edildikdə, həmin pozuntunun aradan qaldırılması barədə Azərbaycan Respublikası Mərkəzi Bankının göstərişinin vaxtında icra edilmədiyinə görə -

vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək miqdarda, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək miqdarda cərimə edilir.

223-6.2. Bu Məcəllənin 223-6.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, Azərbaycan Respublikası Mərkəzi Bankının qanuna uyğun olaraq verdiyi digər göstərişinin vaxtında icra edilmədiyinə görə -

vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək miqdarda, hüquqi şəxslər on min manatdan on beş min manatadək miqdarda cərimə edilir.

Maddə 223-7. Banka aidiyyəti olan şəxslərlə və ya aidiyyəti olan şəxs adından hərəkət edən şəxslərlə əməliyyatların aparılması qaydalarının pozulması

Banka aidiyyəti olan şəxslərlə və ya aidiyyəti olan şəxs adından hərəkət edən şəxslərlə əməliyyatların aparılması qaydalarının pozulmasına görə -

vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək miqdarda, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək miqdarda cərimə edilir.

Maddə 223-8. Bank və ya xarici bankın yerli filialı tərəfindən prudensial, maliyyə və bank statistikası hesabatlarının təqdim edilməsi qaydalarının pozulması

223-8.1. Bank statistikası hesabatlarının Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilməməsinə, yaxud vaxtında, tam və ya düzgün təqdim edilməməsinə görə -

vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək miqdarda, hüquqi şəxslər min manatdan min beş yüz manatadək miqdarda cərimə edilir.

223-8.2. Bank və ya xarici bankın yerli filialı tərəfindən prudensial və ya maliyyə hesabatların Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilməməsinə, yaxud vaxtında, tam və ya düzgün təqdim edilməməsinə görə -

vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək miqdarda, hüquqi şəxslər on min manatdan on beş min manatadək miqdarda cərimə edilir.

Maddə 223-9. Mərkəzləşdirilmiş kredit reyestrinə məlumatların təqdim edilməsi qaydalarının pozulması

Mərkəzləşdirilmiş kredit reyestrinə qanunvericiliklə müəyyən olunmuş qaydada məlumatların tam, düzgün və ya vaxtında təqdim edilməməsinə görə -

vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək miqdarda, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək miqdarda cərimə edilir.

Maddə 223-10. İxrac məqsədli neft-qaz fəaliyyətində işçi qüvvəsindən istifadə qaydalarının pozulması

Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, podratçılar və subpodratçılar tərəfindən əmək müqaviləsi əsasında ixrac məqsədli neft-qaz fəaliyyətinin həyata keçirilməsinə cəlb edilən Azərbaycan Respublikası vətəndaşlarının qanunla müəyyən olunmuş nisbətindən fərqli olan digər nisbətin tətbiq edilməsinə görə -

vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək miqdarında, hüquqi şəxslər on min manatdan on iki min manatadək miqdarında cərimə edilir.

 

Maddə 223-11. Kino və videofilmlərin Filmlərin Dövlət Reyestrində qeydiyyata alınmadan yayımı və kütləvi nümayişi

Kino və videofilmlərin Filmlərin Dövlət Reyestrində qeydiyyata alınmadan Azərbaycan Respublikasının ərazisində yayımına və kütləvi nümayiş etdirilməsinə görə -

iki min manat miqdarında cərimə edilir.

 

On doqquzuncu fəsil

TİCARƏT QAYDALARI ƏLEYHİNƏ OLAN İNZİBATİ XƏTALAR

Maddə 224. Buraxılması və ya satılması qadağan olunmuş malların satılması, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsi (göstərilməsi)

Buraxılması və ya satılması qadağan olunmuş malların satılmasına, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsinə (göstərilməsinə) görə -

inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə və ya edilməməklə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək miqdarda, vəzifəli şəxslər min altı yüz əlli manatdan iki min iki yüz manatadək miqdarda cərimə edilir.

Maddə 224-1. Kütləvi idman tədbirlərinə və idman yarışlarına giriş biletlərinin saxtalaşdırılması və ya müəyyən edilmiş tariflərdən yüksək qiymətə satılması

224-1.1. Kütləvi idman tədbirlərinə və idman yarışlarına giriş biletlərinin saxtalaşdırılmasına görə -

fiziki şəxslər beş yüz manat miqdarında, vəzifəli şəxslər iki min manat miqdarında, hüquqi şəxslər beş min manat miqdarında cərimə edilir.

224-1.2. Kütləvi idman tədbirlərinə və idman yarışlarına giriş biletlərinin “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilmiş tariflərdən yüksək qiymətə satılmasına görə -

fiziki şəxslər yeddi yüz manat miqdarında, vəzifəli şəxslər min beş yüz manat miqdarında, hüquqi şəxslər altı min manat miqdarında cərimə edilir.

 

Maddə 225. Malların saxlanılması və ya satışı zamanı mal qonşuluğunun və ya satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulması

225.1. Malların saxlanılması və ya satışı zamanı mal qonşuluğu qaydasının pozulmasına və ya temperatur rejiminə əməl edilməməsinə görə -

beş yüz manatdan min manatadək miqdarda cərimə edilir.

225.2. Satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulmasına görə -

beş yüz manatdan min manatadək miqdarda cərimə edilir.

Maddə 226. Qiymət intizamının pozulması

226.1. Qiymət intizamının pozulmasına, yəni satışda olan malların üzərində qiymət kağızlarının və ya göstərilən xidmətlərə və ya işlərə qiymət cədvəllərinin (menyuların) olmamasına və ya onların düzgün tərtib edilməməsinə görə -

səkkiz yüz manatdan min manatadək miqdarda cərimə edilir.

226.2. Azərbaycan Respublikasının ərazisində satılan malların (işlərin, xidmətlərin) qiymətlərinin manatla göstərilməməsinə görə -

min yüz manatdan min altı yüz əlli manatadək miqdarda cərimə edilir.

Maddə 227. Mürəkkəb texniki qrup malların texniki pasportsuz satılması

Mürəkkəb texniki qrup malların texniki pasportsuz satılmasına və ya texniki pasportların düzgün tərtib edilməməsinə görə -

fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək miqdarda, vəzifəli şəxslər min altı yüz əlli manatdan iki min iki yüz manatadək miqdarda cərimə edilir.

Maddə 228. İstehlakçıların hüquqlarının pozulması

228.0. İstehlakçıların hüquqlarının pozulmasına, yəni:

228.0.1. məhsulun standartlaşdırılması və keyfiyyəti, ölçü vasitələrinin tədavülə buraxılması və saxlanması, onların işlədilməsi qaydalarının pozulmasına;

228.0.2. saxlama müddəti ötmüş məhsulların satılmasına;

228.0.3. standartların və dıgər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə;

228.0.4. qanunvericiliyə uyğun olaraq sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmadan malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə;

228.0.5. standartların, digər normativ sənədlərin tələblərinin pozulması nəticəsində insanların həyatı, sağlamlığı, əmlakı və ya ətraf mühit üçün təhlükəli məhsulun istehsalına və ya satılmasına, işin (xidmətin) görülməsinə;

228.0.6. qüvvədə olan standartların, digər normativ sənədlərin tələblərinə uyğun olmayan malların satılmasına;

228.0.7. lazımi xəbərdarlıq nişanı olmayan və ya təhlükəsiz istifadə qaydaları və şəraiti barədə məlumat vərəqəsi olmadan qanunvericiliklə müəyyən edilmiş təhlükəli malların satılmasına;

228.0.8. nəzarət olunmalı məhsulun müvafiq dövlət nəzarəti orqanlarından gizlədilməsinə;

228.0.9. sertifikatlaşdırılmış malların, işlərin (xidmətlərin) sertifikatlaşdırma üzrə akkreditasiya olunmuş orqanların, sınaq laboratoriyalarının (mərkəzlərinin) dövlət reyestrinin aparılmamasına;

228.0.10. ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə ölçmələrin üzərinə yararsızlıq nişanı vurulmuş ölçmə vasitələrindən istifadə edilməklə aparılmasına;

228.0.11. ölçülüb qablaşdırılmış malların miqdarının bağlamanın üzərində göstərilmiş miqdardan yol verilən kənarlaşmasına dair məcburi tələblərə riayət edilməməsinə;

228.0.12. ölçü vasitələrinin işlədilməsi qaydalarının pozulmasına;

228.0.13. qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsinə görə -

vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək miqdarda, hüquqi şəxslər dörd min manatdan beş min manatadək miqdarda cərimə edilir.

Maddə 228-1. Saxta və ya keyfiyyətsiz malların idxal edilməsi

Saxta və ya dövlət standartlarının, standartlaşdırma üzrə digər normativ sənədlərin tələblərinə uyğun olmayan malların idxal edilməsinə görə -

saxta və ya keyfiyyətsiz mallar müsadirə edilməklə və ya edilməməklə, fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək, vəzifəli şəxslər min manatdan iki min manatadək, hüquqi şəxslər dörd min manatdan yeddi min manatadək miqdarda cərimə edilir.

 

Maddə 228-2. Genetik modifikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının və ya genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan yeyinti məhsullarının qanunsuz dövriyyəsi

Elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulmayan genetik modifikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının və ya genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan yeyinti məhsullarının bilə-bilə idxal edilməsinə və ya satılmasına görə, bu az miqdarda olduqda –

inzibati xətanın bilavasitə obyekti olmuş bitkilər, bitki materialları və yeyinti məhsulları müsadirə edilməklə onların dəyərinin səksən faizindən yüz faizinədək miqdarda cərimə edilir.

Qeyd: Bu maddədə “az miqdar” dedikdə min manatadək olan məbləğ başa düşülür.

 

Maddə 229. Aksiz markası ilə markalanmalı olan məhsulların (malların) habelə marka olmadan satılması, satış məqsədi ilə saxlanması, və ya istehsal binasının hüdudlarından kənara çıxarılması, belə məhsulların (malların) nağd qaydada alğı-satqısı.

229.1. Aksiz markası ilə markalanmalı olan məhsulların (malların) belə marka olmadan az miqdarda satılmasına, satış məqsədi ilə saxlanmasına və ya istehsal binasının hüdudlarından kənara çıxarılmasına görə -

aksiz markası olmayan məhsullar (mallar) müsadirə edilməklə fiziki şəxslər otuz beş manatdan qırx manatadək miqdarda, vəzifəli şəxslər səksən manatdan doxsan manatadək miqdarda, hüquqi şəxslər iki yüz manatdan üç yüz manatadək miqdarda cərimə edilir.

229.2. Tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla, aksiz markaları ilə markalanmalı olan məhsulların (malların) nağd qaydada az miqdarda satılması, belə məhsulların (malların) satış məqsədləri üçün nağd qaydada az miqdarda alınması -

yüz manat miqdarında cərimə edilir.

Qeyd: Bu Məcəllənin 229.1-ci maddəsində “az miqdarda” dedikdə beş yüz manatadək, 229.2-ci maddəsində isə “az miqdarda” dedikdə əlli manatadək olan məbləğ başa düşülür.

 

Maddə 229-1. Nəzarət markası ilə markalanmalı olan malların, məmulatların və məlumat materiallarının belə nəzarət markası olmadan satış və ya yayılma məqsədi ilə saxlanması, istehsal binasının hüdudlarından kənara çıxarılması, satılması və ya digər üsullarla yayılması

Nəzarət markası ilə markalanmalı olan malların, məmulatların və məlumat materiallarının belə nəzarət markası olmadan satış və ya yayılma məqsədi ilə saxlanmasına, istehsal binasının hüdudlarından kənara çıxarılmasına, satılmasına və ya digər üsullarla yayılmasına görə –

nəzarət markası olmayan mallar, məmulatlar və məlumat materialları müsadirə edilməklə, onların hər birinə görə fiziki şəxslər əlli manat miqdarında, vəzifəli şəxslər yüz manat miqdarında, hüquqi şəxslər yüz əlli manat miqdarında cərimə edilir.

Maddə 230. Fiziki şəxslərə dərman vasitələrinin buraxılması qaydalarının pozulması

230.1. Apteklərdə resept təqdim edilməklə buraxılmalı olan dərman vasitələrinin reseptsiz buraxılmasına və ya yetkinlik yaşına çatmayanlara dərman vasitələrinin buraxılması qaydalarının pozulmasına görə -

yüz manatdan üç yüz manatadək miqdarda cərimə edilir.

230.2. Aptek təşkilatlarında dərman vasitələri, optik ləvazimatları, ətriyyat-kosmetika, uşaq yeməkləri, müalicəvi mineral sular, bioloji fəallığa malik qida əlavələri və şəxsi sanitariya-gigiyena malları istisna olmaqla, digər malların satılmasına görə -

üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir.

Maddə 231. İstehlakçıları aldatma

Mal satan və ya əhaliyə xidmət göstərən təşkilatlarda, həmçinin ticarət (xidmət) sahəsində fərdi sahibkar kimi qeydə alınmış şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyəti və ya keyfiyyətinə dair istehlakçıların aldadılmasına görə, bu az miqdarda olduqda -

fiziki şəxslər altı yüz manat miqdarında, vəzifəli şəxslər min manat miqdarında, hüquqi şəxslər üç min manat miqdarında cərimə edilir.

Qeyd: Bu maddədə "az miqdarda olduqda" dedikdə, qırx manatadək olan məbləğ başa düşülür.

Maddə 231–1. İstehlakçının mal (iş, xidmət) haqqında məlumat almaq hüququnun pozulması

Satılan mal (iş, xidmət) barəsində qanunla müəyyən edilmiş zəruri məlumatın istehlakçıya verilməməsinə görə -

vəzifəli şəxslər iki yüz manat miqdarında, hüquqi şəxslər dörd yüz manat miqdarında cərimə edilir.

Maddə 232. Mülki silahın satış qaydasının pozulması

Ticarət müəssisələri (təşkilatları) işçilərinin Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarından xüsusi icazəsi olmayan fiziki şəxslərə, müəssisə, idarə və təşkilatlara mülki silahı və onun üçün döyüş sursatı satmasına görə - 

vəzifəli şəxslər otuz beş manatdan altmış manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan iki yüz manatadək miqdarda cərimə edilir.

Maddə 233. Mülki silahın saxlanması üçün xüsusi icazə ləğv edildikdən sonra vətəndaşların onu satmaqdan boyun qaçırması

Vətəndaşların mülki silahının və döyüş sursatının saxlaması və ondan təyinatı üzrə istifadə etmək üçün gəzdirilməsi hüququnu təsdiq edən xüsusi icazə Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanı tərəfindən ləğv edildikdə, onların bu silahı satmaqdan boyun qaçırmasına görə -

silah və döyüş sursatı ödənişlə alınır və səkkiz manatdan on beş manatadək miqdarda cərimə edilir.

Maddə 234. Cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitlərini və ya digər əmlakı əldə etmə, onlara sahiblik və ya onlardan istifadə etmə, yaxud sərəncam vermə

Cinayət yolu ilə əldə edildiyini bilə-bilə az miqdarda pul vəsaitləri və ya digər əmlakı əldə etməyə, onlara sahiblik və ya onlardan istifadə etməyə, yaxud onların əldə edilməsinin həqiqi mənbəyini gizlətmədən onlara sərəncam verməyə görə -

inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir.

Qeyd: Bu Məcəllənin 234-cü maddəsində "az miqdarda" dedikdə min manatadək olan məbləğ başa düşülür.

Maddə 235. Müəyyən edilməmiş yerlərdə malların satılması və ya işlərin (xidmətlərin) göstərilməsi

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin (xidmətlərin) göstərilməsinə görə -

səksən manat miqdarında cərimə edilir.

Maddə 236. Etil (yeyinti) spirti və alkoqollu içkilər və ya tütün məmulatı ticarəti qaydalarının pozulması

236.1. Ticarət və ya ictimai iaşə müәssislәrinin işçiləri tərəfindən etil (yeyinti) spirti və alkoqollu içkilərin və ya tütün məmulatlarının satışı qaydalarının pozulmasına görə-

on manatdan otuz beş manatadək miqdarda cərimə edilir.

236.2. Ticarət və ya ictimai iaşə müәssislәrinin işçiləri tərəfindən etil (yeyinti) spirti və alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə -

yüz manat miqdarında cərimə edilir.

Maddə 237. Ev şəraitində istehsal edilmiş alkoqollu içkilərin satışı

Ev şəraitində istehsal edilmiş alkoqollu içkilərin satışına görə -

inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə fiziki şəxslər səkkiz yüz manatdan min manatadək miqdarda, vəzifəli şəxslər üç min manatdan beş min manatadək miqdarda cərimə edilir.

Maddə 238. Qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi, dövriyyəsi və onlardan hazırlanmış məhsulların (məmulatların) mühafizəsi, pərakəndə satışı, uçotu, saxlanılması, onların qırıntılarının və tullantılarının yığılması qaydalarının pozulması

238.1. Qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi və dövriyyəsi qaydalarının pozulmasına görə-

fiziki şəxslər yüz manatdan dörd yüz manatadək miqdarda, vəzifəli şəxslər beş yüz manatdan səkkiz yüz manatadək miqdarda, hüquqi şəxslər min manatdan üç min manatadək miqdarda cərimə edilir.

238.2. Qiymətli metalların və qiymətli daşların, onlardan hazırlanmış məhsulların (məmulatların) mühafizəsi, pərakəndə satışı, uçotu, saxlanılması, onların qırıntılarının və tullantılarının yığılması qaydalarının pozulmasına görə-

fiziki şəxslər yüz manatdan dörd yüz manatadək miqdarda, vəzifəli şəxslər beş yüz manatdan səkkiz yüz manatadək miqdarda, hüquqi şəxslər min manatdan üç min manatadək miqdarda cərimə edilir.

Maddə 238-1. Üzərində dövlət əyar damğası olmayan və ya saxta əyar damğası həkk olunmuş qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının satışı

Qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla, üzərində Azərbaycan Respublikasının dövlət əyar damğası olmayan və ya saxta əyar damğası həkk olunmuş qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış zərgərlik və digər məişət məmulatının satışına görə-

fiziki şəxslər yüz manatdan dörd yüz manatadək miqdarda, vəzifəli şəxslər beş yüz manatdan səkkiz yüz manatadək miqdarda, hüquqi şəxslər min manatdan üç min manatadək miqdarda cərimə edilir.

Maddə 239. Bazarlarda və yarmarkalarda ticarət qaydalarının pozulması

Bazarlarda və yarmarkalarda ticarət qaydalarının pozulmasına görə -

on manatdan qırx manatadək miqdarda cərimə edilir.

Maddə 240. Malların alqı-satqısı, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi qaydalarının pozulması

Malların alqı-satqısı, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi qaydalarının pozulmasına görə -

on beş manatdan əlli manatadək miqdarda cərimə edilir.

Maddə 240-1. Elektron ticarət haqqında qanunvericiliyin pozulması

240-1.1. Elektron ticarətdə satıcı (təchizatçı) tərəfindən alıcıya (sifarişçiyə) və səlahiyyətli dövlət orqanlarına yanlış məlumatın verilməsinə görə -

fiziki şəxslər iyirmi manatdan iyirmi beş manatadək miqdarda, vəzifəli şəxslər əlli beş manatdan yetmiş manatadək miqdarda, hüquqi şəxslər iki yüz manatdan iki yüz əlli manatadək miqdarda cərimə edilir.

240-1.2. Elektron ticarətdə elektron sənəd dövriyyəsi vasitəçisinin xidmət göstərərkən ötürdüyü, saxladığı informasiyaların ümumi monitorinqinin aparılması və ya qanunsuz fəaliyyətin həyata keçirilməsini sübut etmək məqsədi ilə fəal surətdə faktların və ya təfərrüatların müəyyənləşdirilməsi üzrə hərəkətlərə məcbur edilməsinə və ya bu hərəkətlərin elektron sənəd dövriyyəsi vasitəçisi tərəfindən fərdi təşəbbüs qaydasında həyata keçirilməsinə görə -

fiziki şəxslər otuz manatdan otuz beş manatadək miqdarda, vəzifəli şəxslər yetmiş beş manatdan doxsan manatadək miqdarda, hüquqi şəxslər iki yüz manatdan iki yüz əlli manatadək miqdarda cərimə edilir.

240-1.3. Elektron ticarətdə elektron sənəd dövriyyəsi vasitəçisi tərəfindən xidmət göstərdiyi alıcıların (sifarişçilərin), satıcıların (təchizatçıların) qanunsuz fəaliyyəti və ya qanunsuz informasiya ötürməsi barədə səlahiyyətli dövlət orqanlarına məlumatın verilməməsinə və ya səlahiyyətli dövlət orqanlarının müraciətinə əsasən xidmətlərin alıcılarının (sifarişçilərinin), satıcıların (təchizatçıların) müəyyənləşdirilməsinə imkan verən məlumatların təqdim edilməməsinə görə -

 fiziki şəxslər otuz beş manatdan qırx manatadək miqdarda, vəzifəli şəxslər doxsan manat miqdarında, hüquqi şəxslər üç yüz manat miqdarında cərimə edilir.

240-1.4.Elektron ticarətdə elektron sənəd dövriyyəsi vasitəçisi tərəfindən məhkəmənin qərarı və ya qanunvericilikdə nəzərdə tutulmuş səlahiyyətli dövlət orqanının müraciəti əsasında hüquq pozuntularının qarşısının alınması məqsədi ilə göstərilən xidmətin dayandırılmamasına, informasiyanın saxlanılması xidmətinin göstərildiyi halda informasiyanın silinməməsinə və ya ona çıxışın məhdudlaşdırılmamasına görə -

fiziki şəxslər otuz beş manatdan qırx manatadək miqdarda, vəzifəli şəxslər doxsan manat miqdarında, hüquqi şəxslər üç yüz manat miqdarında cərimə edilir.

Maddə 241. Ticarət, ictimai iaşə və ya xidmət obyektlərinin istismarı və ya yerləşdirilməsi qaydalarının pozulması

Ticarət, ictimai iaşə və ya xidmət obyektlərinin istismarı və ya yerləşdirilməsi qaydalarının pozulmasına görə -

fiziki şəxslər on beş manatdan otuz beş manatadək miqdarda, vəzifəli şəxslər qırx beş manatdan altmış manatadək miqdarda cərimə edilir.

Maddə 242. Xüsusi razılıq (lisenziya) olmadan ticarət fəaliyyətilə məşğul olma və ya lisenziya şərtlərini pozma

Xüsusi razılıq (lisenziya) tələb olunduğu hallarda belə razılıq olmadan ticarət fəaliyyəti ilə məşğul olmağa və ya lisenziya şərtlərini pozmağa görə -

şərti maliyyə vahidi məbləğinin iyirmi mislindən əlli mislinədək miqdarda cərimə edilir.

İyirminci fəsil

VERGİLƏRİN, RÜSUMLARIN ÖDƏNİLMƏSİ, MALİYYƏ VƏ SIĞORTA QAYDALARI ƏLEYHİNƏ OLAN İNZİBATİ XƏTALAR

Maddə 243. (Çıxarılıb)

Maddə 244. (Çıxarılıb)

Maddə 245. (Çıxarılıb)

Maddə 246. Vergilərin və digər icbari ödənişlərin vaxtında ödənilməməsi

Az miqdarda vergilərin və məcburi dövlət sosial sığorta haqlarının qanunvericiliklə müəyyən edilmiş müddətdə ödənilməməsinə görə -

inzibati xətanın bilavasitə obyekti olmuş vergilərin və ödənişlərin məbləğinin otuz faizindən yetmiş faizinədək miqdarda cərimə edilir.

Qeyd: bu maddədə "az miqdar" dedikdə, iki min manatadək olan məbləğ başa düşülür.

 

Maddə 247. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, qanunla təsdiq olunmuş hasilatın pay bölgüsü haqqında, əsas ixrac boru kəməri haqqında və digər bu qəbildən olan sazişlər çərçivəsində fəaliyyət üzrə vergi hesabatlarının və dövlət rüsumunun tutulması barədə hesabatların təqdim edilmə qaydalarının pozulması

247.1. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, qanunla təsdiq olunmuş hasilatın pay bölgüsü haqqında, əsas ixrac boru kəməri haqqında və digər bu qəbildən olan sazişlər çərçivəsində fəaliyyət üzrə vergi hesabatlarının əsas olmadan müəyyən edilən müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə (həmin sazişlərdə başqa qaydalar nəzərdə tutulduğu hallar istisna olmaqla) görə -

vəzifəli şəxslər əlli manat miqdarında cərimə edilir.

247.2. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada dövlət rüsumunun tutulması barədə hesabatın müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə -

vəzifəli şəxslər əlli manat miqdarında cərimə edilir.

 

Maddə  247-1. Mühasibat çotu üzrə qanunvericiliyin, hesabat və məlumatların təqdim edilməsi qaydalarının pozulması

Mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının və sığorta nəzarəti orqanına təqdim edilməli olan digər hesabat və məlumatların qanunvericiliyə müvafiq olaraq hazırlanması, təqdim olunması, dərc edilməsi, o cümlədən hesabatlarda və qanunvericiliyə əsasən tələb olunan digər məlumat formalarında informasiya və göstəricilərin tam və ya düzgün əks etdirilməməsinə, həmçinin, uçot sənədlərinin saxlanılması ilə əlaqədar qanunvericiliklə müəyyən edilmiş qaydaların pozulmasına görə-

vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək miqdarda, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək miqdarda cərimə edilirlər.

 

M a d d ə 247-2. Poçt rabitəsinin milli operatoru tərəfindən maliyyə xidmətləri sahəsində qanunvericiliyin pozulması

Poçt rabitəsinin milli operatorunun maliyyə xidmətləri sahəsində fəaliyyətinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən ayrı-ayrı prudensial normativlərin və tələblərin pozulmasına, yaxud prudensial hesabatların vaxtında, tam və ya düzgün təqdim olunmasına görə - vəzifəli şəxslər 400 manatdan 700 manatadək məbləğdə cərimə edilir.

 

M a d d ə 247-3. Məcburi auditdən yayınma

Qanunla nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə -

vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək miqdarda, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək miqdarda cərimə edilir.

 

Maddə 247-4. İanələr barədə məlumatın maliyyə hesabatına daxil edilməməsi

Siyasi partiyanın və ya qeyri-hökumət təşkilatının, o cümlədən xarici dövlətin qeyri-hökumət təşkilatının filial və nümayəndəliyinin qəbul etdiyi ianələrin məbləği və ianəni vermiş şəxslər barədə məlumatın müvafiq icra hakimiyyəti orqanına təqdim olunan maliyyə hesabatına daxil edilməməsinə görə -

vəzifəli şəxslər min beş yüz manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər beş min manatdan səkkiz min manatadək miqdarda cərimə edilir.

 

Maddə 247-5. İanə edilən pul vəsaitlərinin nağd şəkildə verilməsi və qəbul edilməsi

247-5.1. İanə edilən pul vəsaitlərinin siyasi partiyaya və ya qeyri-hökumət təşkilatına, o cümlədən xarici dövlətin qeyri-hökumət təşkilatının filial və nümayəndəliyinə nağd şəkildə verilməsinə görə -

fiziki şəxslər iki yüz əlli manatdan beş yüz manatadək miqdarda, vəzifəli şəxslər yeddi yüz əlli manatdan min beş yüz manatadək miqdarda, hüquqi şəxslər üç min beş yüz manatdan yeddi min manatadək miqdarda cərimə edilir.

247-5.2. İanə edilən pul vəsaitlərinin siyasi partiya və ya qeyri-hökumət təşkilatı, o cümlədən xarici dövlətin qeyri-hökumət təşkilatının filial və nümayəndəliyi tərəfindən nağd şəkildə qəbul edilməsinə görə -

 vəzifəli şəxslər min manatdan iki min manatadək miqdarda, hüquqi şəxslər yeddi min manatdan on min manatadək miqdarda cərimə edilir.

 Qeyd: Azərbaycan Respublikasında fəaliyyət göstərən, nizamnaməsinə əsasən başlıca məqsədi xeyriyyəçilik olan qeyri-hökumət təşkilatlarına nağd şəkildə verilən və həmin təşkilatlar tərəfindən nağd şəkildə qəbul edilən iki yüz manatadək ianələrə bu maddənin qüvvəsi şamil edilmir.

Maddə 248. Dövlət rüsumunun ödənilməsi qaydalarının pozulması

Dövlət rüsumunu tutan səlahiyyətli vəzifəli şəxslər tərəfindən dövlət rüsumunun düzgün tutulmamasına və ya dövlət büdcəsinə vaxtında və tam ödənilməməsinə görə -

vəzifəli şəxslər yetmiş manatdan doxsan manatadək miqdarda cərimə edilir.

Maddə 249. Vergilərin və ya icbari ödənişlərin hesabdan silinməsi qaydalarının pozulması

Bankın vəzifəli şəxsləri tərəfindən müəssisələrin hesablarından vergilərin və ya digər icbari ödənişlərin silinməsi qaydalarına əməl olunmamasına görə -

vəzifəli şəxslər yetmiş manatdan doxsan manatadək miqdarda cərimə edilir.

Maddə 250. (Çıxarılıb)  

Maddə 251. (Çıxarılıb)

Maddə 252. Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması  

252.0. Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni:

252.0.1. nəzarət-kassa aparatları tətbiq edilmədən və ya vergi orqanlarında müəyyən olunmuş qaydada qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən nəzarət-kassa aparatlarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına;

252.0.2. nasaz nəzarət-kassa aparatlarından istifadə edilməklə əhali ilə pul hesablaşmalarının aparılmasına və ya bu səbəbdən nəzarət-kassa aparatından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına;

252.0.3. alıcıya çekin verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə çek verilməsinə;

252.0.4.maliyyə hesabatı kimi istifadə olunan ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan sənədlərdən istifadə etməklə pul hesablaşmalarının aparılmasına, habelə ödənilmiş məbləğdən aşağı məbləğ göstərilən sənədin alıcıya təqdim edilməsinə görə -

vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin yetmiş mislindən səksən mislinədək miqdarda, hüquqi şəxslər iki yüz mislindən iki yüz əlli mislinədək miqdarda cərimə edilir.

Maddə 253. Sığorta müqaviləsi üzrə yanlış və ya aldadıcı məlumatların verilməsi

Sığorta müqaviləsi bağlanarkən və ya qüvvədə olarkən, həmçinin sığorta hadisəsinin araşdırılması və zərərlərin tənzimlənməsi zamanı sığortalılara və (və ya) sığorta olunanlara, həmçinin faydalanan şəxslərə onların hüquq və vəzifələri haqqında sığortaçılar və sığorta vasitəçiləri tərəfindən yanlış və ya aldadıcı məlumatların, həmçinin belə məlumatların əks olunduğu sənədlərin verilməsinə görə -

vəzifəli şəxslər qırx manatdan altmış manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan iki yüz manatadək miqdarda cərimə edilir.

Maddə 253-1. İcbari sığorta müqaviləsinin bağlanmaması

253-1.1. Bu Məcəllənin 253-1.2-ci və 253-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, icbari sığorta qanunvericiliyinə əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə -

fiziki şəxslər on manat miqdarında, vəzifəli şəxslər altmış manatdan səksən manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan iki yüz manatadək miqdarda cərimə edilir.

253-1.2. "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə —

fiziki şəxslər beş yüz manat miqdarında, vəzifəli şəxslər min beş yüz manat miqdarında, hüquqi şəxslər beş min manat miqdarında cərimə edilir.

253-1.3. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə -

fiziki şəxslər əlli manat miqdarında, vəzifəli şəxslər yüz manat miqdarında, hüquqi şəxslər üç yüz manat miqdarında cərimə edilirlər.

Maddə 253-2. İcbari sığorta növləri üzrə müvafiq ayırmaların aparılmaması

Sığortaçılar tərəfindən icbari sığorta növləri üzrə qanunvericilikdə müəyyən edilmiş qaydada sığorta haqlarından müvafiq ayırmaların aparılmamasına görə -

vəzifəli şəxslər altmış manatdan səksən manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan iki yüz manatadək miqdarda cərimə edilir.

Maddə 253-3. Auditorun mülki məsuliyyətinin icbari sığortası müqaviləsinin bağlanmaması

Auditor xidməti göstərən fiziki və hüquqi şəxslər tərəfindən sığortaçı ilə mülki məsuliyyətin icbari sığortası müqaviləsinin bağlanmamasına görə -

vəzifəli şəxslər otuz manatdan əlli manatadək miqdarda, hüquqi şəxslər səksən manatdan yüz manatadək miqdarda cərimə edilir.

Maddə 254. Sığorta növünün qanunsuz aparılması

Sığortaçılar tərəfindən hər hansı sığorta növünün qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq icazə almadan aparılmasına görə -

vəzifəli şəxslər qırx manatdan əlli manatadək miqdarda, hüquqi şəxslər yüz iyirmi manatdan yüz altmış manatadək miqdarda cərimə edilir.

Maddə 255. Sığorta qanunvericiliyinin aktuarilər, müstəqil ekspertlər, müstəqil auditorlar və sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxslərlə bağlı tələblərinin pozulması

255.1. Aktuarilər (bu Məcəllənin 255.2-ci və 255.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla), müstəqil ekspertlər, müstəqil auditorlar və sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxslər tərəfindən sığorta qanunvericiliyində onların fəaliyyəti ilə bağlı müəyyən edilmiş tələblərin pozulmasına görə -

vəzifəli şəxslər qırx manatdan səksən beş manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan iki yüz manatadək miqdarda cərimə edilir.

255.2. Məsul aktuari tərəfindən “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan tələblərə riayət olunmadan rəyin tərtib edilməsinə, həmçinin aktuari rəyinin sığortaçıya və sığorta nəzarəti orqanına vaxtında təqdim edilməməsinə görə -

üç yüz manat miqdarında cərimə edilir.

255.3. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda məsul aktuari tərəfindən yazılı məlumatın sığorta nəzarəti orqanına verilməməsinə görə -

beş yüz manat miqdarında cərimə edilir.

Maddə 255-1. Sığorta qanunvericiliyinə uyğun olaraq verilmiş təqdimatların vaxtında və tam yerinə yetirilməməsi

Sığorta qanunvericiliyinə uyğun olaraq verilmiş təqdimatların vaxtında və (və ya) tam yerinə yetirilməməsinə görə -

vəzifəli şəxslər əlli manatdan səksən beş manatadək miqdarında, hüquqi şəxslər yüz əlli manatdan iki yüz manatadək miqdarında cərimə edilir.

Maddə 255-2. Sığorta nəzarətinin həyata keçirilməsinin maliyyələşdirilməsi üçün müəyyən edilmiş ayırmaların aparılmaması

Sığorta nəzarəti orqanının sığorta sektorunda tənzimləmə və nəzarət funksiyalarının həyata keçirilməsi üzrə fəaliyyətinin maliyyələşdirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş, sığortaçının daxil olan sığorta haqlarından və xaricdən aldığı təkrarsığorta haqlarından aparmalı olduğu müvafiq ayırmaların vaxtında və ya tam həyata keçirilməməsinə görə -

vəzifəli şəxslər qırx manatdan səksən beş manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan iki yüz manatadək miqdarda cərimə edilir.

Maddə 255-3. Müvafiq məlumatların verilməməsi

Sığortaçılar, təkrarsığortaçılar və hüquqi şəxs olan sığorta vasitəçiləri tərəfindən onların fəaliyyətləri, o cümlədən nizamnamələri, idarə edilməsi, səhmdarları və ya iştirakçıları ilə bağlı qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada məlumat verilməməsinə görə -

vəzifəli şəxslər qırx manatdan səksən manatadək miqdarda, hüquqi şəxslər yüz manatdan yüz əlli manatadək miqdarda cərimə edilir.

Maddə 256. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının xüsusi hesabına vəsait köçürməmə

Vergi ödədikdən sonra öz sərəncamında qalan mənfəətin bir faizi həcmində vəsaitin sığortaçılar tərəfindən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının xüsusi hesabına ödənilməməsinə görə -

vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin otuz mislindən qırx beş mislinədək miqdarda, hüquqi şəxslər ödənilməmiş vəsaitin əlli faizindən yüz faizinədək miqdarda cərimə edilir.

Maddə 257. Uçotun və hesabatın təqdim edilməməsi və ya onların təqdim edilməsi qaydalarının pozulması

Rüblük və illik hesabat zamanı sığortaçının filiallarının hesabatlarını nəzərə almaqla ümumiləşmiş mühasibat balansı barədə hesabat təqdim edilməməsinə və ya sığortaçının maliyyə sabitliyi və ödəmə qabiliyyəti barədə hesabatların və digər məlumatların tərtib edilməsi qaydalarının pozulmasına görə -

şərti maliyyə vahidi məbləğinin otuz beş mislindən əlli mislinədək miqdarda cərimə edilir.

Maddə 257-1. Azərbaycan Respublikasının ərazisində yerləşən və ya mövcud olan sığorta predmeti ilə bağlı əmlak mənafelərinin xaricdə sığorta və təkrarsığorta etdirilməsi

“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yol verildiyi hallar istisna olmaqla, Azərbaycan Respublikasının ərazisində yerləşən və ya mövcud olan sığorta predmeti ilə bağlı əmlak mənafelərinin fiziki və hüquqi şəxslər tərəfindən xarici sığortaçılarda sığorta etdirilməsinə, həmçinin belə risklərin “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələbləri pozmaqla sığortaçılar, təkrarsığortaçılar və sığorta brokerləri tərəfindən xaricdə təkrarsığorta etdirilməsinə görə -

fiziki şəxslər iyirmi manatdan otuz beş manatadək miqdarında, vəzifəli şəxslər əlli manatdan səksən manatadək miqdarında, hüquqi şəxslər yüz manatdan yüz əlli manatadək miqdarında cərimə edilir.

Maddə 257-2. Məcburi dövlət sosial sığortası qaydalarının pozulması

Məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə –

fiziki şəxslər iyirmi manat, vəzifəli şəxslər otuz manatdan əlli manatadək miqdarda cərimə edilir.

Maddə 257-3. Sərnişinlərin icbari sığortası haqqında qanunvericiliyin pozulması

Nəqliyyat vasitələrinin mülkiyyətçisi (istifadəçisi) tərəfindən sərnişinlərin icbari sığortası haqqında müqavilə bağlamadan hava, dəmir yolu, dəniz və avtomobil (avtobus ilə şəhərlərarası daşımalar) sərnişin daşımaları üzrə fəaliyyətin göstərilməsinə görə -

fiziki şəxslər şərti maliyyə vahidinin on mislindən iyirmi mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidinin otuz mislindən əlli mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidinin səksən mislindən yüz mislinədək miqdarda cərimə edilir.

Qeyd: Bu maddənin məqsədləri üçün "fiziki və hüquqi şəxslər” dedikdə sığorta etdirən (daşıyıcı) başa düşülür.

Maddə 257-4. Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında qanunvericiliyin pozulması

Sığortaedənlər tərəfindən qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada sığortaolunanlar haqqında məlumatların müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə -

fiziki şəxslər otuz manat miqdarında, vəzifəli şəxslər səksən manat miqdarında, hüquqi şəxslər iki yüz əlli manat miqdarında cərimə edilir.

Maddə 257-5. Sığorta nəzarəti orqanının qanuna uyğun olaraq tələb etdiyi məlumatların banklar tərəfindən təqdim olunmaması

Sığorta nəzarəti orqanının qanuna uyğun olaraq tələb etdiyi məlumatların banklar tərəfindən vaxtında və ya tam təqdim olunmamasına görə -

vəzifəli şəxslər beş yüz manatdan min manatadək miqdarda, hüquqi şəxslər on min manatdan on beş min manatadək miqdarda cərimə edilir.

İyirmi birinci fəsil

GÖMRÜK QAYDALARI ƏLEYHİNƏ OLAN İNZİBATİ XƏTALAR

Maddə 258. Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilməsi

Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilməsinə, yəni Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının müəyyən etdiyi yerlərdən kənar və ya gömrük rəsmiləşdirilməsi icraatının müəyyən edilmiş vaxtından kənar keçirilməsinə görə, bu az miqdarda olduqda -

inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək miqdarda cərimə edilir.

Qeyd: Bu Məcəllənin 258-260-cı maddələrində və 261.1-ci maddəsində "az miqdarda olduqda" dedikdə dörd min manatadək olan məbləğ, 262-ci maddəsində "az miqdarda olduqda" dedikdə iyirmi min manatadək olan məbləğ, 290-cı maddəsində "az miqdarda olduqda" dedikdə isə iki min manatadək olan məbləğ başa düşülür.

Maddə 259. Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların gömrük nəzarətindən gizlədilməsi

Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların gömrük nəzarətindən gizlədilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməsinə, yaxud bir qəbildən olan malların digər şəklə salınmasına görə, bu az miqdarda olduqda -

inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək miqdarda cərimə edilir.

Maddə 260. Sənədlərdən və ya eyniləşdirmə vasitələrindən aldatma yolu ilə istifadə etməklə malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi

Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanına gömrük məqsədləri üçün doğru olmayan məlumatları əks etdirən sənədlər, yaxud digər mallara və nəqliyyat vasitələrinə aid olan sənədlər təqdim edilməsinə və ya saxta eyniləşdirmə vasitələrindən istifadə edilməsinə görə, bu az miqdarda olduqda -

inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək miqdarda cərimə edilir.

Maddə 261. Malların və nəqliyyat vasitələrinin bəyan edilməməsi və ya düzgün bəyan edilməməsi

261.1. Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməməsinə və ya düzgün bəyan edilməməsinə görə, bu az miqdarda olduqda -

inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək miqdarda cərimə edilir.

261.2. Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi, onların tələb olunan gömrük rejimi altında yerləşdirilməsi, gömrük ödənişlərinin məbləği haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının qərarının qəbul edilməsinə təsir etməyən düzgün olmayan məlumatların verilməsinə görə -

fiziki şəxslər iyirmi manatdan əlli manatadək miqdarda, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək miqdarda cərimə edilir.

Maddə 262. Xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması

Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvəkkil olunmuş bankının hesabına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə, bu az miqdarda olduqda -

inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin beş faizindən əlli faizinədək miqdarda cərimə edilir.

Maddə 263. Gömrük nəzarəti zonası rejiminin pozulması

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan gömrük nəzarəti zonasının sərhədlərindən keçməyə və ya onun hüdudlarında hərəkət etməyə, istehsal və digər kommersiya fəaliyyəti ilə məşğul olmağa, yaxud gömrük nəzarəti zonası rejimini başqa şəkildə pozmağa görə -

fiziki şəxslər iyirmi manatdan əlli manatadək miqdarda, vəzifəli şəxslər yüz manatdan iki yüz manatadək miqdarda, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək miqdarda cərimə edilir.

Maddə 264. Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi

Əgər belə məlumat qanunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyata alınmışsa, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxta çatdırılmamasına görə -

fiziki şəxslər iyirmi manatdan əlli manatadək miqdarda, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək miqdarda, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək miqdarda cərimə edilir.

Maddə 265. Qəza və ya qarşısıalınmaz qüvvənin təsiri zamanı tədbir görülməməsi

265.0. Qəza və ya qarşısıalınmaz qüvvənin təsiri zamanı qanunvericiliklə müəyyən edilmiş tədbirlərin görülməməsinə, yəni:

265.0.1. Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi yerə çatdırılmaq üçün qəbul edilmiş və ya tranzitlə keçirilən malların və nəqliyyat vasitələrinin qorunmasının təmin edilməməsinə;

265.0.2. icazə olmadan onlardan istifadəyə yol verilməsinə;

265.0.3. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına işin halları, malların və nəqliyyat vasitələrinin olduğu yer barədə məlumatın verilməməsinə;

265.0.4. ən yaxın olan Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına malların və nəqliyyat vasitələrinin daşınmasının təmin edilməməsinə;

265.0.5. malların və nəqliyyat vasitələrinin olduğu yerə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin gətirilməməsinə görə -

inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin iki faizindən on faizinədək miqdarda cərimə edilir.

Maddə 266. Malların, nəqliyyat vasitələrinin və onlara aid olan sənədlərin Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan verilməsi və ya Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına çatdırılmaması

266.1. Gömrük nəzarəti altında olan malların, nəqliyyat vasitələrinin və onlara aid olan sənədlərin Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müəyyən edilmiş müddətə çatdırılmamasına görə -

fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan əlli manatadək miqdarda cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yetmiş manatdan yüz manatadək miqdarda cərimə edilir, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək miqdarda cərimə edilir.

266.2. Gömrük nəzarəti altında olan mallara və nəqliyyat vasitələrinə aid Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına verilmək üçün qəbul edilmiş gömrük sənədlərinin və ya digər sənədlərin itirilməsinə və ya çatdırılmamasına görə -

xəbərdarlıq edilir və ya yetmiş manatdan yüz manatadək miqdarda cərimə edilir.

266.3. Gömrük nəzarəti altında olan malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan verilməsinə və ya Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi yerə çatdırılmamasına, yaxud itirilməsinə görə -

inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin iyirmi faizindən yüz faizinədək miqdarda cərimə edilir.

Maddə 267. Malların və nəqliyyat vasitələrinin çatdırıldığı yerdə təqdim edilməməsi və onlara aid sənədlərin verilməməsi

Malların və nəqliyyat vasitələrinin çatdırıldığı yerdə təqdim edilməməsinə və onlara aid sənədlərin Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına verilməməsinə görə -

fiziki şəxslər iyirmi manatdan əlli manatadək miqdarda, vəzifəli şəxslər yüz manatdan iki yüz manatadək miqdarda, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək miqdarda cərimə edilir.

Maddə 268. Azərbaycan Respublikasının gömrük sərhədindən nəqliyyat vasitələrinin keçirilməsi qaydasının pozulması

Azərbaycan Respublikasının gömrük sərhədindən keçən nəqliyyat vasitələrinin və ya mal qismində Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi yerdə saxlanılmamasına, yaxud gömrük nəzarəti altında olan nəqliyyat vasitəsinin və ya mal qismində olan nəqliyyat vasitəsinin Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan dayandığı yerdən yola salınmasına görə -

fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan əlli manatadək miqdarda cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yetmiş beş manatdan yüz əlli manatadək miqdarda cərimə edilir, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək miqdarda cərimə edilir.

Maddə 269. Gömrük nəzarəti altında olan gəmiyə və digər üzən vasitələrə yan alma

Gömrük nəzarəti altında olan gəmiyə və digər üzən vasitələrə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan gəmilərin və digər üzən vasitələrin yan almasına görə -

fiziki şəxslər əlli manatdan yüz manatadək miqdarda, vəzifəli şəxslər yetmiş beş manatdan yüz əlli manatadək, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək miqdarda cərimə edilir.

Maddə 270. Gömrük rəsmiləşdirilməsinin icraatı qaydasının pozulması

Gömrük rəsmiləşdirilməsinin icraatı qaydasının pozulmasına, yəni gömrük rəsmiləşdirilməsinin başlanması və başa çatması, onun keçirilmə yeri, vaxtı və üsulu barədə müəyyən olunmuş tələblərə riayət edilməməsinə və ya gömrük rəsmiləşdirilməsinin sadələşdirilmiş qaydasının tətbiqi barədə qanunvericiliklə müəyyən edilməmiş iddialar irəli sürülməsinə, yaxud gömrük rəsmiləşdirilməsinin sadələşdirilmiş qaydasının tətbiqi şərtlərinə əməl edilməməsinə görə -

fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan əlli manatadək miqdarda cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yetmiş beş manatdan yüz əlli manatadək miqdarda cərimə edilir, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək miqdarda cərimə edilir.

Maddə 271. Barəsində gömrük rəsmiləşdirilməsi başa çatmamış mallar və nəqliyyat vasitələri ilə aparılan qanunsuz əməliyyatlar, onların vəziyyətinin dəyişdirilməsi, onlardan istifadə olunması və onlar üzərində sərəncam verilməsi

Barəsində gömrük rəsmiləşdirilməsi başa çatmamış mallar və nəqliyyat vasitələri ilə qanunvericiliklə müəyyən edilmiş tələbləri və şərtləri pozmaqla aparılan əməliyyatlara və ya onların vəziyyətinin dəyişdirilməsinə, yaxud onlardan istifadə edilməsinə və onlar üzərində sərəncam verilməsinə görə -

inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin on faizindən yüz faizinədək miqdarda cərimə edilir.

Maddə 272. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan aparılan yük əməliyyatları və digər əməliyyatlar

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan gömrük nəzarəti altında olan malların daşınmasına, yüklənməsinə, boşaldılmasına, bir yerdən başqa yerə yüklənməsinə, qablaşdırılmasına, qablaşdırma zədələrinin düzəldilməsinə, yenidən qablaşdırılmasına və ya daşınma üçün qəbul edilməsinə, həmin mallardan prob və nümunələr götürülməsinə, göstərilən malların və nəqliyyat vasitələrinin saxlandığı binaların və yerlərin açılmasına görə -

fiziki şəxslər əlli manatdan yüz manatadək miqdarda, vəzifəli şəxslər yüz manatdan iki yüz manatadək miqdarda, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək miqdarda cərimə edilir.

Maddə 273. Eyniləşdirmə vasitələrinin dəyişdirilməsi, məhv edilməsi, zədələnməsi və ya itirilməsi

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının tətbiq etdiyi eyniləşdirmə vasitələrinin dəyişdirilməsinə, məhv edilməsinə, zədələnməsinə və ya itirilməsinə görə -

fiziki şəxslər iyirmi manatdan əlli manatadək miqdarda, vəzifəli şəxslər yüz manatdan iki yüz manatadək miqdarda, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək miqdarda cərimə edilir.

Maddə 274. Malları və nəqliyyat vasitələrini bəyanetmə qaydasının pozulması

Malları və nəqliyyat vasitələrini bəyanetmə qaydasının pozulmasına, yəni bəyanetmə forması və yeri barədə, onun icra prosedurası barədə (o cümlədən bəyanetmə zamanı müvəqqəti, natamam, yaxud dövri bəyannamədən istifadə edilməsi barədə) qanunvericiliklə müəyyən olunmuş tələblərə riayət edilməməsinə görə -

fiziki şəxslər iyirmi manatdan əlli manatadək miqdarda, vəzifəli şəxslər yüz manatdan iki yüz manatadək miqdarda, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək miqdarda cərimə edilir.

Maddə 275. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına gömrük bəyannaməsinin, sənədlərin və əlavə məlumatların təqdim edilməsi müddətinin pozulması

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına onun müəyyən etdiyi müddətlərdə mallara və nəqliyyat vasitələrinə aid olan gömrük bəyannaməsinin və ya gömrük məqsədləri üçün tələb olunan digər sənədlərin və əlavə məlumatların təqdim edilməməsinə görə -

fiziki şəxslər iyirmi manatdan əlli manatadək miqdarda, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək manatadək miqdarda, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək miqdarda cərimə edilir.

Maddə 276. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsinin gömrük nəzarəti keçirilməsi üçün əraziyə və binalara daxil olmasına maneçilik törədilməsi

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsinin gömrük nəzarətindən keçirilməli olan malların və nəqliyyat vasitələrinin, həmin nəzarətin həyata keçirilməsi üçün zəruri sənədlərin ola biləcəyi binaya və ya əraziyə, yaxud icrasına nəzarət Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına həvalə olunmuş fəaliyyətin həyata keçirildiyi binaya və əraziyə qanunvericiliklə müəyyən edilmiş qaydada daxil olmasına maneçilik törədilməsinə görə -

fiziki şəxslər iyirmi manatdan əlli manatadək miqdarda, vəzifəli şəxslər yüz manatdan yüz əlli manatadək miqdarda cərimə edilir.

Maddə 277. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına hesabat təqdim edilməməsi və ya uçot aparılması qaydasına riayət edilməməsi

Gömrük nəzarəti altında olan, yaxud sərbəst gömrük zonalarının ərazilərinə və sərbəst anbarlara gətirilən, aparılan, saxlan&