AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

Aktın növü: QANUN
Qəbul edildiyi tarix: 30.11.1999
Qeydiyyat nömrəsi: 766-IQ
Adı: İnvestisiya fondları haqqında
Rəsmi dərc edildiyi mənbə: Azərbaycan Respublikasının Qanunvericilik Toplusu № 01 Dərc olunma tarixi 31-01-2000 Maddə nömrəsi 11
Qüvvəyə minmə tarixi:
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu:
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi: 12199911300766
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix:


İnvestisiya fondları haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

I fəsil
Ümumİ müddəalar

Bu Qanun Azərbaycan Respublikasında investisiya fondlarının yaradılması, idarə edilməsi və fəaliyyətinin tənzimlənməsinin ümumi prinsiplərini və qaydalarını müəyyən edir.

Maddə 1. Əsas anlayışlar

Bu qanunda aşağıdakı anlayışlardan istifadə olunur:

investisiya fondu - səhmlərinin buraxılması və açıq yerləşdirilməsi vasitəsi ilə cəlb edilən, pul vəsaitini qiymətli kağızlara investisiya edən, habelə qiymətli kağızların alqı-satqısı üzrə fəaliyyəti həyata keçirən və diversifikasiya edilmiş investisiya portfelinə sahib olan açıq tipli səhmdar cəmiyyəti;

investisiya bəyannaməsi - investisiya qoyuluşunun məqsədlərini, istiqamətlərini, investisiya fondunun fəaliyyətinə məhdudiyyətləri müəyyən edən, diversifikasiya edilmiş investisiya portfelinə tələbləri əks etdirən, fondun və onun müdiriyyətinin (müdirinin) cari investisiya fəaliyyətini istiqamətləndirən əsas sənəddir;

investisiya fondunun afilə edilmiş şəxsi (bundan sonra - afilə edilmiş şəxs) - investisiya fondunun fəaliyyətində maraqlı olan və hüquqi cəhətdən əhəmiyyətli hərəkətlərlə onun fəaliyyətinə təsir edə bilən, yaxud investisiya fondu tərəfindən fəaliyyətlərinə göstərilən şəkildə təsir edilən istənilən hüquqi və ya fiziki şəxs;

investisiya fondunun müdiriyyəti (müdiri) - qiymətli kağızların idarə edilməsi üzrə fəaliyyəti həyata keçirən və investisiya fondu ilə onun idarə edilməsinə dair bağlanmış müqavilə əsasında hərəkət edən hüquqi şəxs (fiziki şəxs);

investisiya fondunun xalis aktivləri - investisiya fondunun əmlakının bazar qiyməti ilə onun maliyyə öhdəlikləri arasındakı fərq.

Maddə 2. İnvestisiya fondu haqqında qanunvericilik

İnvestisiya fondunun yaradılması, idarə edilməsi və fəaliyyəti ilə bağlı münasibətlər bu Qanunla, "Səhmdar cəmiyyəti haqqında", "Qiymətli kağızlar haqqında", "İnvestisiya fəaliyyəti haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında" Azərbaycan Respublikasının qanunları, habelə digər normativ hüquqi aktları ilə tənzimlənir.

II fəsil
İnvestİsİya fondunun yaradIlmasI və fəalİyyətİ

Maddə 3. İnvestisiya fondunun yaradılması və növləri

1. İnvestisiya fondu qanunvericiliklə nəzərdə tutulmuş qaydada açıq tipli səhmdar cəmiyyəti formasında yaradılır. Bu Qanunda göstərilən məhdudiyyətlər istisna olmaqla istənilən hüquqi və fiziki şəxs investisiya fondunun səhmdarı ola bilər.

2. Səhmdarlarla qarşılıqlı münasibətlərdən asılı olaraq investisiya fondları aşağıdakı növlərə bölünür:

açıq investisiya fondu - buraxdığı səhmləri fondun səhmdarlarından bu qanunla müəyyən edilmiş qaydada geri satın almağa öhdəliyi olan investisiya fondu;

qapalı investisiya fondu - buraxdığı səhmləri fondun səhmdarlarından geri satın almağa öhdəliyi olmayan investisiya fondu.

3. İnvestisiya fondunun nizamnaməsində investisiya fondunun növü (açıq yaxud qapalı) göstərilməlidir.

4. İnvestisiya fondu Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq filiallar və nümayəndəliklər yarada bilər.

Maddə 4. İnvestisiya fondunun adı

1. İnvestisiya fondunun Azərbaycan dilində tam rəsmi adı olmalıdır, həmçinin onun Azərbaycan dilində qısaldılmış adı da ola bilər.

İnvestisiya fondunun adı həmçinin xarici dildə tam və ya qısaldılmış formada yazıla bilər.

2. İnvestisiya fondunun adına onun növündən asılı olaraq "Açıq investisiya fondu", yaxud "Qapalı investisiya fondu" sözləri daxil edilməlidir.

3. İnvestisiya fondunun adı yalnız ona məxsusdur. Eyni adlı investisiya fondunun, yaxud adının önündə və ya sonunda rəqəm yazılmaqla fərqləndirilən investisiya fondunun dövlət qeydiyyatına alınmasına yol verilmir.

Maddə 5. İnvestisiya bəyannaməsi

1. İnvestisiya bəyannaməsi investisiya fondunun təsis yığıncağı tərəfindən hazırlanır və təsdiq olunur. Açıq investisiya fondunun investisiya bəyannaməsində investisiya portfelinin likvidliyi üzrə tələblər də göstərilməlidir.

2. İnvestisiya bəyannaməsi investisiya fondunun nizamnaməsində göstərilməlidir.

3. İnvestisiya fondu investisiya portfelini formalaşdırdıqda investisiya bəyannaməsinin tələblərini gözləməlidir.

Maddə 6. İnvestisiya portfeli

İnvestisiya portfeli investisiya fondunun malik olduğu aşağıda göstərilən tələblərə cavab verən investisiyaların məcmusudur:

açıq investisiya fondu üçün xalis aktivlərinin dəyərinin 15 faizə qədəri, qapalı investisiya fondu üçün isə xalis aktivlərinin dəyərinin 25 faizə qədəri bir emitentin qiymətli kağızları olan emissiya qiymətli kağızlarına investisiya oluna bilər. Dövlət, yaxud bələdiyyə orqanları tərəfindən buraxılan qiymətli kağızlara açıq investisiya fondunun xalis aktivlərinin 25 faizə qədəri, qapalı investisiya fondunun xalis aktivlərinin isə 35 faizə qədəri investisiya oluna bilər;

açıq investisiya fondu bir emitentin qiymətli kağızlarının qanunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyata alınmış ümumi məbləğinin 15 faizə qədərini, qapalı investisiya fondu isə 25 faizə qədərini ala bilər.

Maddə 7. İnvestisiya fondunun nizamnamə kapitalı

1. İnvestisiya fondunun nizamnamə kapitalının minimum məbləğini və onun formalaşdırılmasının xüsusiyyətlərini müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

2. Nizamnamə kapitalı artırıldıqda səhmdarların yeni emissiya edilən səhmlərin alınmasında üstün hüquqları yoxdur.

Maddə 8. İnvestisiya fondunun əmlakı

1. İnvestisiya fondu aşağıdakı əmlaka sahib ola bilər:

1.1. pul vəsaiti;

1.2. qiymətli kağızlar;

1.3. investisiya fondunun əmlakının dəyərinin 20 faizindən artıq olmamaq şərti ilə, investisiya fondunun fəaliyyəti üçün zəruri olan digər daşınar və daşınmaz əmlak.

2. İnvestisiya fondunun ala biləcəyi qiymətli kağızların növləri, habelə investisiya portfelinin likvidliyi üzrə tələblər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 9. İnvestisiya fondunun səhmləri

1. İnvestisiya fondunun səhmləri adi səhmlərdir. Hər bir səhm onun sahibinə investisiya fondunun səhmdarlarının bütün yığıncaqlarında bir səs hüququ verir. Səhmdarların onlara məxsus səhmlərin sayına mütənasib olaraq dividend, habelə investisiya fondu ləğv edildikdə onun əmlakının müvafiq hissəsini almaq hüququ var.

2. İnvestisiya fondunun səhmlərinin buraxılışı, qeydiyyatı və yerləşdirilməsi qaydaları qanunvericiliklə müəyyən edilir.

Maddə 10. İnvestisiya fondunun afilə edilmiş şəxsləri

İnvestisiya fondunun afilə edilmiş şəxsləri aşağıdakılardır:

onun müdiriyyəti (müdiri) və müdiriyyətin (müdirin) afilə edilmiş şəxsləri;

investisiya fondunun vəzifəli şəxsləri;

investisiya fondunun bütün səhmlərinin 5 faizindən artıq hissəsinə sahib olan fondun səhmdarları;

nizamnamə kapitalında investisiya fondunun payı 5 faizdən artıq olan səhmdar cəmiyyətləri.

Fondun müdiriyyətinin (müdirinin) afilə edilmiş şəxsləri onun müdiriyyətinin vəzifəli şəxsləri və iştirakçılarıdır, habelə qiymətli kağızların idarə edilməsi üzrə fəaliyyət göstərən digər subyektlərdir.

Maddə 11. İnvestisiya fondunun depozitarisi

1. İnvestisiya fondunun müşahidə şurası investisiya fondunun adından depozitarı ilə müqavilə bağlayır. Bu müqavilənin əsasında investisiya fondu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydaya uyğun olaraq investisiya fonduna məxsus olan qiymətli kağızları depozitariyə verir.

2. İnvestisiya fondunun yalnız bir depozitarisi ola bilər.

3. İnvestisiya fondunun afilə edilmiş şəxsi onun depozitarisi ola bilməz.

Maddə 12. İnvestisiya fondunun reyestr saxlayıcısı

1. İnvestisiya fondunun səhmdarlarının reyestrinin aparılması funksiyasını investisiya fondunun depozitarisi və ya reyestr saxlayıcısı həyata keçirir.

2. İnvestisiya fondunun afilə edilmiş şəxsi onun reyestr saxlayıcısı ola bilməz.

Maddə 13. Açıq investisiya fondunun buraxdığı səhmlərin geri satın alınması

1. Açıq investisiya fondunun buraxdığı səhmləri geri satın alması nizamnamə kapitalının elan olunmuş məbləği tam ödənildikdən sonra aparılır.

Bu qayda nizamnamə kapitalı artırıldığı hallarda açıq investisiya fondunun səhmlərinin əvvəlki emissiyalarına şamil edilmir.

2. Səhmlərin geri satın alınması açıq investisiya fondunun xalis aktivlərinin dəyərinin hesablanması əsasında müəyyən olunan qiymətlərlə aparılır. Açıq investisiya fondunun buraxdığı səhmlərin dəyərinin hesablanması açıq investisiya fondunun xalis aktivlərinin dəyərinin və həmin anda onun dövriyyədə olan səhmlərinin ümumi sayının nisbətinin müəyyən edilməsinə əsaslanır. Açıq investisiya fondunun xalis aktivlərinin dəyərinin hesablanması metodikası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

3. Açıq investisiya fondunun buraxdığı səhmləri geri satın alması həmin fondun səhmdarları tərəfindən səhmlərin geri satın alınmasına sifarişlərin verilməsi əsasında aparılır.

Açıq investisiya fondu öz səhmlərini geri satın alınmaya sifarişin verildiyi ana müəyyən olunan qiymət üzrə geri satın almalıdır. Açıq investisiya fondunun səhmdarı həmin fondun ona məxsus olan səhmlərinin geri satın alınmasına əvvəl verdiyi sifarişindən imtina edə bilməz.

4. Açıq investisiya fondunun buraxdığı səhmlərin geri satın alınması və satılması üçün müəyyən olunmuş qiymət bir gün ərzində dəyişdirilə bilməz.

5. Səhmlərin geri satın alınması yalnız açıq investisiya fondunun özünün pul vəsaiti hesabına, səhmlərin geri satın alınması üçün sifarişin verildiyi andan etibarən 10 gündən gec olmayaraq aparılmalıdır.

6. Geri satın alınan səhmlərin qiyməti müəyyən hesaba alma dövrü ərzində geri satın alınmaya bütün sifarişlər qəbul edildikdən sonra təyin edilə bilər. Bu hesaba alma dövrünün müddəti müşahidə şurasının təklifi ilə həmin açıq investisiya fondunun səhmdarlarının ümumi yığıncağı tərəfindən müəyyən olunur (interval geri satın almaları). Göstərilən hesaba alma dövrlərinin müddəti 60 gündən az ola bilməz.

7. Açıq investisiya fondunun buraxdığı səhmləri geri satın alması prosesində açıq investisiya fondunun xalis aktivlərinin məbləği onun nizamnamə kapitalının ilkin qeydə alınan həcmindən az ola bilməz.

8. Açıq investisiya fondunun səhmlərinin satılması zamanı onların qiyməti sərbəst müəyyən edilə bilər. Bu zaman müşahidə şurası fondun potensial investorlarına açıq investisiya fondunun səhmlərinin qiymətinin tərkib hissələri haqqında məlumat verməlidir.

Maddə 14. İnvestisiya fondunun qiymətli kağızlarının emissiya prospektinin məzmununa əlavə tələblər

Səhmdar cəmiyyətlərinin qiymətli kağızlarının emissiya prospektinin məzmununa Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan tələblərdən əlavə, investisiya fondu səhmlərinin emissiya prospektində aşağıdakılar göstərilməlidir:

investisiya fondunun investisiya bəyannaməsinin məzmunu;

investisiya fondunun müşahidə şurasının sədrinə və müdiriyyətinə (müdirinə) dair məlumat;

investisiya fondunun, fondun müdiriyyəti (müdiri), depozitarisi və reyestr saxlayıcısı ilə bağladığı müqavilələrin tərəflərin funksiyalarını, məsuliyyətlərini, qarşılıqlı hüquq və vəzifələrini, öhdəliklərini, müqavilələrin fəaliyyət müddətlərini, mükafatların və xidmətlərin haqqının ödənilməsinin həcmlərini və qaydalarını əhatə edən əsas şərtlər.

Maddə 15. İnvestisiya fondunun fəaliyyətinə məhdudiyyətlər

1. İnvestisiya fonduna aşağıdakılar qadağan edilir:

1.1. adi səhmlərdən başqa qiymətli kağızların digər növlərini buraxmaq;

1.2. altı aydan artıq müddətə, investisiya fondunun xalis aktivlərinin mütəmadi əsasda hesablanan dəyərinin 10 faizindən çox olan məbləğdə banklardan borc vəsaitini cəlb etmək;

1.3. açıq investisiya fondu üçün xalis aktivlərinin dəyərinin 15 faizindən, qapalı investisiya fondu üçün isə xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə bir emitentin qiymətli kağızları olan emissiya qiymətli kağızlarına investisiya qoyuluşunu həyata keçirmək. Dövlət, yaxud bələdiyyə orqanları tərəfindən buraxılan qiymətli kağızlara isə açıq investisiya fondu üçün xalis aktivlərinin 25 faizindən, qapalı investisiya fondu üçün isə xalis aktivlərinin 35 faizindən artıq məbləğdə investisiya qoyuluşu həyata keçirmək;

1.4. açıq investisiya fondu üçün bir emitentin qiymətli kağızlarının qanunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyata alınmış ümumi məbləğinin 15 faizindən, qapalı investisiya fondu üçün isə 25 faizindən çoxunu almaq;

1.5. afilə edilmiş şəxslərin qiymətli kağızlarını almaq;

1.6. investisiya fondunun müvafiq müqavilələr bağladığı depozitarinin və reyestr saxlayıcının qiymətli kağızlarını almaq;

1.7. hər hansı şəkildə borc vermək;

1.8. marja ilə istənilən qiymətli kağızları almaq;

1.9. investisiya fonduna məxsus olmayan qiymətli kağızların satılmasına, fyuçers və opsion istisna olmaqla qeyri-emissiya qiymətli kağızların alınmasına dair müqavilələr bağlamaq;

1.10. istənilən növ təminatlar vermək, özünün xalis aktivlərinin dəyərinin 10 faizindən artıq məbləğdə qiymətli kağızlarla girov əqdləri həyata keçirmək;

1.11. investisiya fondlarının qovuşması və (və ya) birləşməsi halları istisna olmaqla, başqa investisiya fondlarının səhmlərini almaq və öz aktivlərində saxlamaq;

1.12. investisiya fondunun əmlakı ilə bağlı, həmin fondun afilə edilmiş şəxsləri ilə əqdlər bağlamaq;

1.13. investisiya fondunun törəmə müəssisələrini, yaxud hər hansı xüsusi və ya ehtiyat fondlarını yaratmaq;

1.14. öz səhmlərinin satışı və alışının piramidal sxemlərindən istifadə etmək;

1.15. tərkibində investisiya fondunun səhmləri üzrə gəlirlərə dair təminatlar, yaxud vədlər olan məlumatlar yaymaq;

1.16. maddi istehsalla, habelə qiymətli kağızlar istisna olmaqla, digər əmlakın ticarəti ilə məşğul olmaq;

1.17. xarici emitentlərin qiymətli kağızlarını almaq.

Maddə 16. Səhmdarların mənafelərinin xeyrinə fəaliyyət göstərmək vəzifəsi

1. İnvestisiya fondu, onun müdiriyyəti (müdiri) və depozitarisi səhmdarların əmlak hüquqlarını və qanuni mənafelərini təmin etməlidirlər.

2. İnvestisiya fondu, onun müdiriyyəti (müdiri) və depozitarisi investisiya fonduna aid olan və ona, yaxud onun səhmdarlarının hüquqlarına və qanuni mənafelərinə zərər vuran əqdlər bağlamamalıdırlar. İnvestisiya fondunun investisiya portfelinə daxil olan səhmlərin bazar qiymətlərinin düşməsi nəticəsində investisiya fonduna dəyən zərərə görə onun vəzifəli şəxsləri, fondun müdiriyyəti (müdiri) və depozitarisi məsuliyyət daşımır.

3. Səhmdarların hüquq və qanuni mənafelərinin müdafiəsi sahəsində müvafiq icra hakimiyyəti orqanının səlahiyyətləri "Qiymətli kağızlar haqqında" Azərbaycan Respublikasının Qanunu ilə, bu qanunla və onlara müvafiq olaraq qəbul edilmiş digər normativ hüquqi aktlarla müəyyən edilir.

III fəsil
İnvestİsİya fondunun İdarəetmə orqanlarI

Maddə 17. İnvestisiya fondunun idarəetmə orqanları

İnvestisiya fondunun idarəetmə orqanlarının strukturu və səlahiyyəti bu Qanuna və "Səhmdar cəmiyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq özünün nizamnaməsi ilə müəyyən edilir.

Maddə 18. İnvestisiya fondu səhmdarlarının ümumi yığıncağı

1. "Səhmdar cəmiyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilənlərdən əlavə, investisiya fondu səhmdarlarının ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aşağıdakılar aiddir:

1.1. investisiya fondunun növünün dəyişdirilməsinə dair qərarın qəbul edilməsi;

1.2. investisiya bəyannaməsinə dəyişikliklərin və əlavələrin edilməsinə dair qərarın qəbul edilməsi;

1.3. qiymətli kağızlarının idarə edilməsi barədə investisiya fondunun müdiriyyəti (müdiri) ilə bağlanmış müqavilənin təsdiq edilməsi, həmin müqaviləyə dəyişikliklərin və əlavələrin edilməsinə, habelə onun vaxtından əvvəl ləğv edilməsinə dair qərarların qəbul edilməsi;

1.4. reyestr saxlayıcı və depozitarı ilə bağlanmış müqavilələrin təsdiq edilməsi və onlara dəyişikliklərin və əlavələrin edilməsinə dair qərarların qəbul edilməsi;

1.5. investisiya fondunun müdiriyyətinə ödənilən mükafatın məbləğinin son hədlərinin müəyyən edilməsi;

1.6. investisiya fondu müdiriyyətinin (müdirinin) fəaliyyətinin nəticələri haqqında hesabatların investisiya fonduna təqdim olunması qaydalarını müəyyən etmək və onları təsdiq etmək.

2. Açıq investisiya fondunun səhmdarlarının ümumi yığıncağı bu maddənin 1-ci hissəsində göstərilən səlahiyyətlərdən əlavə olaraq müşahidə şurasının təklifi ilə bu açıq investisiya fondunun səhmlərinin interval alışlarının aparılması zamanı sifarişlərin toplanması həyata keçirilən uçot dövrlərinin müddətini müəyyən edir.

3. İnvestisiya fondunun müdiriyyəti (müdiri) ümumi yığıncaqda həmin fondun səhmdarlarının nümayəndəsi ola bilməz.

Maddə 19. İnvestisiya fondunun müşahidə şurası

1. "Səhmdar cəmiyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilənlərdən əlavə, investisiya fondunun müşahidə şurasının səlahiyyətinə aşağıdakılar aiddir:

1.1. investisiya fondunun müdiriyyəti (müdiri) ilə qiymətli kağızların idarə edilməsinə dair müqavilə bağlamaq;

1.2. investisiya fondunun bütün başqa şəxslərlə münasibətlərini qurmaq, dəyişdirmək və dayandırmaq, habelə reyestr saxlayıcı və depozitarisi ilə müqavilə bağlamaq;

1.3. investisiya fondunun qiymətli kağızlarının idarə edilməsi ilə əlaqədar fəaliyyətin həyata keçirilməsinə dair istənilən məsələ haqqında investisiya fondunun müdiriyyətindən (müdirindən) məlumatlar tələb etmək və almaq;

1.4. investisiya fondu müdiriyyətinin (müdirinin) fəaliyyətinin nəticələri haqqında ümumi yığıncaq tərəfindən təsdiq edilmiş illik hesabatları, habelə investisiya fondunun fəaliyyətinə və maliyyə vəziyyətinə dair digər məlumatları mətbuatda dərc etmək, o cümlədən digər kütləvi informasiya vasitələrində vermək.

2. İnvestisiya fondunun müdiriyyəti (müdiri) müşahidə şurasının iclaslarında səsvermə hüququ olmadan iştirak edir.

3. İnvestisiya fondunun müşahidə şurasının tərkibi haqqında məlumat müşahidə şurası üzvlərinin seçildiyi, yaxud onun tərkibində hər hansı dəyişikliyin aparıldığı andan etibarən 14 gündən gec olmayan müddətdə müşahidə şurası tərəfindən mütləq müvafiq icra hakimiyyəti orqanına və investisiya fondunun müdiriyyətinə (müdirinə) təqdim olunur.

4. İnvestisiya fondunun müşahidə şurasının üzvləri broker funksiyalarını, habelə bu investisiya fondunun müdiriyyətinin (müdirinin), müdiriyyətin digər vəzifəli şəxslərinin və başqa işçilərinin funksiyalarını həyata keçirə bilməzlər.

5. İnvestisiya fondunun müşahidə şurası öz səlahiyyətlərinin bir hissəsini investisiya fondunun müdiriyyətinə (müdirinə) həvalə edə bilər.

Maddə 20. İnvestisiya fondunun müdiriyyəti (müdiri)

1. İnvestisiya fondunun müdiriyyətinin (müdirinin) fəaliyyəti qanunvericiliklə nəzərdə tutulan qaydada verilən xüsusi razılıq, habelə qiymətli kağızların idarə edilməsinə dair investisiya fondu ilə bağladığı müqavilə əsasında həyata keçirilir.

2. İnvestisiya fondunun müdiriyyəti istənilən təşkilati-hüquqi formada hüquqi şəxs kimi və ya fiziki şəxs (müdir) kimi fəaliyyət göstərə bilər.

Maddə 21. İnvestisiya fondu və onun müdiriyyətinin (müdirinin) qarşılıqlı münasibətləri

1. İnvestisiya fondunun qiymətli kağızlarının idarə edilməsi yalnız fondun müdiriyyəti (müdiri) tərəfindən həyata keçirilir.

2. İnvestisiya fondu müdiriyyətinə (müdirinə) idarə edilməyə verilmiş özünün bütün aktivlərinin (pul vəsaitinin və qiymətli kağızların) mülkiyyətçisidir və investisiya fondunun fəaliyyətinin təmin edilməsi və həyata keçirilməsi ilə əlaqədar bütün xərclər həmin fondun vəsaiti hesabına ödənilir.

3. Qiymətli kağızların idarə edilməsinə dair müqavilədə tərəflərin hüquqları, vəzifələri və məsuliyyəti; müqaviləyə dəyişikliklər və əlavələr edilməsi, müqaviləyə xitam verilməsi şərtləri; investisiya fondunun müdiriyyətinə (müdirinə) mükafatın ödənilməsinin qaydası, müddətləri və məbləği; qiymətli kağızlar bazarının peşəkar iştirakçıları ilə qarşılıqlı münasibətlərdə investisiya fondunun maraqlarının təmsil edilməsi şərtləri; qiymətli kağızların idarə edilməsi prosesində çəkilən xərclərin ödənilməsi üzrə vəzifələrin tərəflər arasında bölgüsü müəyyən edilir.

Müqavilədə Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan digər müddəalar da ola bilər.

Müqavilə tərəflərdən birinin tələbi ilə Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada ləğv edilə bilər.

4. İnvestisiya fondunun müşahidə şurası fondun müdiriyyətinə (müdirinə) investisiya fondunun fəaliyyətinə dair maliyyə və digər sənədləşməni tam həcmdə təqdim etməlidir.

5. İnvestisiya fondunun müdiriyyəti (müdiri) eyni zamanda bir neçə investisiya fondu ilə qiymətli kağızların idarə edilməsinə dair müqavilələr bağlaya bilər.

6. Müdiriyyət (müdir) qiymətli kağızların idarə edilməsi üzrə müqavilə bağladığı investisiya fondunun səhmlərinin sahibi ola bilməz.

Maddə 22. İnvestisiya fondunun müdiriyyətinin (müdirinin) funksiyaları və vəzifələri

1. İnvestisiya fondunun müdiriyyəti (müdiri) aşağıdakı funksiyaları həyata keçirir:

1.1. investisiya fondunun cəlb etdiyi pul vəsaitinin qiymətli kağızlara investisiya olunmasına dair qərarlar qəbul edir və bu qiymətli kağızlarla müxtəlif mülki-hüquqi əqdlər bağlayır;

1.2. qiymətli kağızların idarə edilməsinə dair müqavilə və idarə edilən fondun investisiya bəyannaməsi əsasında investisiya qərarlarının həyata keçirilməsi prosesində investisiya fondunun depozitarisi, reyestr saxlayıcısı, brokerləri və dilerləri ilə qarşılıqlı fəaliyyətini həyata keçirir;

1.3. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq qiymətli kağızların idarə edilməsinə dair müvafiq müqavilə ilə müəyyən edilən digər funksiyaları.

İnvestisiya fondunun müdiriyyəti (müdiri) öz funksiyalarını investisiya fondunun nizamnaməsi və investisiya bəyannaməsinə, habelə onunla investisiya fondu arasında bağlanmış müqaviləyə uyğun şəkildə həyata keçirir.

İnvestisiya fondunun müdiriyyəti (müdiri) investisiya fondu ilə qiymətli kağızların idarə edilməsinə dair müqavilə bağladıqdan sonra Azərbaycan Respublikasının qiymətli kağızlar bazarında peşəkar fəaliyyətin yalnız bu Qanunda göstərilən növlərini həyata keçirə bilər.

İnvestisiya fondunun müdiriyyətinin (müdirinin) qəbul etdiyi investisiya qərarlarının həyata keçirilməsinə dair tapşırıqları investisiya fondu, müvafiq müqavilələr əsasında həmin investisiya fonduna xidmətlər göstərən depozitari, reyestr saxlayıcısı, brokerlər və dilerlər tərəfindən mütləq icra edilməlidir.

2. İnvestisiya fondunun müdiriyyətinin (müdirinin) vəzifələrinə aşağıdakılar aiddir:

2.1. investisiya fondunun investisiya bəyannaməsi əsasında, həmin fondun adından və onun xeyrinə qiymətli kağızlarla müxtəlif əqdlərin bağlanması və həyata keçirilməsinə dair qərarların qəbul edilməsini nəzərdə tutan investisiya fondunun siyasətini yeritmək;

2.2. investisiya fondu və müvafiq icra hakimiyyəti orqanı qarşısında öz fəaliyyətinin nəticələrinə dair müntəzəm hesabat vermək;

2.3. investisiya fondu ilə bağladığı müqavilədə müəyyən edilmiş hüdudlarda bütün üçüncü şəxslərlə münasibətdə investisiya fondunun maraqlarını təmsil etmək;

2.4. Azərbaycan Respublikasının qanunvericiliyi, müvafiq icra hakimiyyəti orqanının normativ hüquqi aktları və qiymətli kağızların idarə edilməsinə dair müvafiq müqavilə ilə müəyyən edilmiş digər vəzifələr.

3. İnvestisiya fondu müdiriyyətinin (müdirinin) fəaliyyətinin nəticələri haqqında hesabatların müvafiq icra hakimiyyəti orqanına təqdim olunması, mətbuatda dərc edilməsi, habelə digər kütləvi informasiya vasitələrində verilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

4. Bu Qanunun 22-ci və 25-ci maddələrinə uyğun məlumatlar müəyyən olunmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanına verilmədikdə, fondun müdiriyyətinə (müdirinə) verilmiş xüsusi razılığın fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq dayandırıla bilər.

5. Müvafiq icra hakimiyyəti orqanının aşkar etdiyi çatışmamazlıqların müəyyən edilmiş müddətdə aradan qaldırılması üzrə tələbləri yerinə yetirilmədikdə, fondun müdiriyyətinə (müdirinə) verilmiş xüsusi razılıq geri alına bilər.

Maddə 23. İnvestisiya fondunun müdiriyyətinin (müdirinin) mükafatlandırılması

1. İnvestisiya fondunun müdiriyyətinin (müdirinin) mükafatının miqdarı tərəflərin razılığı ilə qiymətli kağızların idarə edilməsi haqqında müvafiq müqavilədə müəyyən edilir. İnvestisiya fondunun müdiriyyətinin (müdirinin) illik mükafatının maksimum miqdarı müvafiq investisiya fondunun xalis aktivlərinin orta illik dəyərinin 5 faizindən artıq ola bilməz.

Açıq investisiya fondunun müdiriyyətinin (müdirinin) mükafatının miqdarı idarə edilən investisiya fondunun xalis aktivlərinin dəyərinin artımına faiz nisbətində müəyyən edilir.

Qapalı investisiya fondunun müdiriyyətinin (müdirinin) mükafatının miqdarı qapalı investisiya fondunun müvafiq dövrdə əldə etdiyi mənfəətə faiz nisbətində müəyyən edilir.

2. Qiymətli kağızların idarə edilməsi haqqında müqavilədə investisiya fondunun xalis aktivlərinin artımından və əldə etdiyi mənfəətindən asılı olmayaraq fondun müdiriyyətinə (müdirinə) əvvəlcədən müəyyən edilən məbləğdə mükafatın ödənilməsinə təminat verildiyi göstərilə bilər. Bu mükafatın miqdarı həmin investisiya fondunun müəyyən edilmiş qaydada ödənilmiş nizamnamə kapitalının 5 faizindən artıq olmamalıdır.

3. İnvestisiya fondunun qiymətli kağızlarının idarə edilməsi ilə əlaqədar fondun müdiriyyətinin (müdirinin) xərcləri onun mükafatına daxil edilmir.

IV fəsil
İnvestİsİya fondunun və onun müdİrİyyətİnİn (müdİrİnİn) fəalİyyətİnİn dövlət tənzİmlənməsİ

Maddə 24. İnvestisiya fondunun fəaliyyətinə xüsusi razılıq verilməsi

1. İnvestisiya fondu qiymətli kağızlar bazarında fəaliyyət göstərmək üçün qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanından xüsusi razılıq almalıdır.

Azərbaycan Respublikasında fəaliyyət göstərən investisiya fondlarının vahid reyestrinin aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və həmin orqan tərəfindən aparılır.

2. İnvestisiya fondu xüsusi razılıq almaq üçün müvafiq icra hakimiyyəti orqanına təqdim olunan sənədlərdə edilən əlavə və dəyişikliklər barədə müvafiq icra hakimiyyəti orqanına bu qərarın qəbul edildiyi andan etibarən 10 gün müddətində məlumat verməlidir.

3. Müvafiq icra hakimiyyəti orqanından bu maddənin 1-ci və 2-ci bəndlərinə uyğun olaraq müvafiq xüsusi razılığı almamış investisiya fondu fəaliyyət göstərə bilməz.

Maddə 25. İnvestisiya fondunun fəaliyyətinə dair hesabat

1. İnvestisiya fondu öz fəaliyyətinin nəticələri haqqında məlumatı hər rüb müvafiq icra hakimiyyəti orqanına verməli, habelə səhmdarların və investorların bu məlumatlarla sərbəst tanış olmalarını təmin etməlidir. Bu məlumat müvafiq icra hakimiyyəti orqanına hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq təqdim olunmalıdır.

Göstərilən məlumatın məzmunu, təqdim olunması, mətbuatda dərc edilməsi, habelə digər kütləvi informasiya vasitələrində verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

2. İnvestisiya fondu öz fəaliyyətinə dair sənədlərin saxlanmasını Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirir.

3. İnvestisiya fondunun müdiriyyəti (müdiri), depozitarisi və reyestr saxlayıcısı ilə bağlanmış müqavilələrin məzmununda əhəmiyyətli dəyişikliklər edildikdə, habelə qiymətli kağızlar bazarının göstərilən peşəkar iştirakçıları dəyişdirildikdə investisiya fondu 30 gün ərzində müvafiq icra hakimiyyəti orqanını həmin dəyişikliklər haqqında rəsmi şəkildə xəbərdar etməlidir.

Maddə 26. İnvestisiya fondunun fəaliyyətinin stimullaşdırılması

İnvestisiya fondunun fəaliyyətinin stimullaşdırılması üçün vergi güzəştləri Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə müəyyən edilir.

Maddə 27. İnvestisiya fondunun fəaliyyətinə dövlət nəzarəti

1. Müvafiq icra hakimiyyəti orqanı investisiya fondunun maliyyə sənədlərinin və mühasibat hesabatının aparılmasının və məzmununun düzgünlüyünü, habelə investisiya fondunun və onun müdiriyyətinin (müdirinin) fəaliyyətlərinin, aldıqları xüsusi razılıqlara, investisiya fondunun nizamnaməsinə və investisiya bəyannaməsinə uyğunluğunu yoxlayır.

2. İnvestisiya fondunun fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən aşağıdakı hallarda dayandırıla bilər:

2.1. fondun müdiriyyətinə (müdirinə) verilmiş xüsusi razılığın fəaliyyəti dayandırıldıqda və ya o ləğv edildikdə;

2.2. açıq investisiya fondu buraxdığı səhmləri geri satın ala bilmədikdə;

2.3. Azərbaycan Respublikasının qanunvericiliyi pozulduğu halda.

Göstərilən hallar 6 ay müddətində aradan qaldırılmazsa, həmin investisiya fondu Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilən qaydada ləğv edilir, yaxud yenidən təşkil edilir.

3. Müvafiq icra hakimiyyəti orqanının investisiya fonduna, fondun müdiriyyətinə (müdirinə), depozitarisinə və reyestr saxlayıcısına və onların vəzifəli şəxslərinə qanunvericilikdə yol verdikləri pozuntuların aradan qaldırılmasına dair göstərişləri məcburidir.

V fəsil
Yekun müddəalarI

Maddə 28. İnvestisiya fondunun auditoru

1. İnvestisiya fondu özünün maliyyə sənədləşməsi və hesabatlarını yoxlamaq üçün ildə 2 dəfədən az olmayaraq auditor cəlb etməlidir.

2. İnvestisiya fondunun afilə edilmiş şəxsi onun auditoru təyin edilə bilməz.

Maddə 29. Kütləvi informasiya vasitələrində investisiya fonduna dair dəqiq olmayan məlumatın verilməsinə qadağan

1. İnvestisiya fondu yalnız müvafiq icra hakimiyyəti orqanından xüsusi razılıq aldıqdan sonra onun haqqında məlumat kütləvi informasiya vasitələrində verilə bilər.

2. İnvestisiya fondunun kütləvi informasiya vasitələrində öz səhmdarlarını, habelə potensial səhmdarları çaşdıra bilən məlumat verməsi qadağandır.

Maddə 30. İnvestisiya fondunun ləğvi və yenidən təşkili

1. İnvestisiya fondunun ləğvi, yaxud yenidən təşkili Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş əsaslarla və qaydada həyata keçirilir.

2. İnvestisiya fondunun ləğv olunmasının gedişi və müddətləri haqqında məlumat həmin investisiya fondunun hər bir səhmdarına, bilavasitə marağı olan üçüncü şəxslərə, habelə müvafiq icra hakimiyyəti orqanına onların tələbi ilə verilməlidir. Ləğv olunan investisiya fondunun əmlakı (qiymətli kağızlar və digər daşınar və daşınmaz əmlak) müvafiq olaraq fond birjası vasitəsi ilə və müsabiqə qaydasında (hərrac, auksion) satılmalıdır. Həmin əmlakın əvəzinə əldə edilən pul vəsaiti ləğv olunan investisiya fondunun digər pul vəsaiti ilə birlikdə fondun bütün öhdəlikləri ödənildikdən sonra səhmdarlar arasında onların səhmlərinin sayına mütənasib bölüşdürülür.

3. Qapalı investisiya fondu müvafiq icra hakimiyyəti orqanının razılığı ilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada açıq investisiya fonduna çevrilə bilər. Açıq investisiya fondu qapalı investisiya fonduna çevrilə bilməz.

4. İnvestisiya fondu bölündükdə onun hər bir səhmdarı yaranan hər bir yeni investisiya fondunda bölünən investisiya fondundakı paylarına uyğun səhmlərə malik olmalıdır.

Maddə 31. Məsuliyyət

İnvestisiya fondunun vəzifəli şəxsləri, onun müdiriyyətinin vəzifəli şəxsləri və ya müdiri, investisiya fonduna xidmət göstərən qiymətli kağızlar bazarının digər peşəkar iştirakçıları, habelə müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri bu Qanunun pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan qaydada məsuliyyət daşıyırlar.

Maddə 32. Mübahisələrin həlli qaydası

Müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanunsuz hərəkətlərindən və qərarlarından Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məhkəməyə şikayət verilə bilər.

 

Azərbaycan Respublikasının Prezidenti     Heydər Əlİyev

Bakı şəhəri, 30 noyabr 1999-cu il
№ 766-IQ